Bank kartlarının sayı artırsa...

Mütəxəssis
bildirir ki, kartla ödənişlərə keçidin faydaları
çoxdur, aparılan əməliyyatlar şəffaf olduqda, kölgə iqtisadiyyatı aradan
qalxdıqda dövlət büdcəsinin gəlirləri də artacaq
Bank sistemi üzrə sentyabr ayının sonunda
dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 173 min ədəd artaraq
10 milyon 429 min təşkil edib. Bu barədə Mərkəzi Bankın açıqladığı məlumatda
qeyd olunub. Bildirilir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu
göstərici 16.3 faiz artım deməkdir.
Ödəniş kartlarında artım debet kartları üzrə 15.4
faiz, kredit kartları üzrə 23.3 faiz təşkil edib. Ötən ilin müvafiq dövrünə
nəzərən əməkhaqqı kartlarının sayı 133 min, kredit kartları 246 min, digər
kartlar isə 1.1 mln. ədəd artıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin
həcminə də təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi
keçən ilin 9 ayı ilə müqayisədə 67 faiz artıb. Kart sayında və nağdsız
əməliyyatların həcmində artım var. Nağdsız əməliyyatlarının artmasının həm
dövlət büdcəsinə, həm banklara, həm də cəmiyyətə faydası olacağı bildirilir. Bu
faydalar nədən ibarətdir?
Bank məsələləri üzrə mütəxəssis Xəyal
Məmmədli deyir ki, ölkədəki bank kartlarının sayında artım
daha çox olmalıdır: "Hələ ki, artım gözlənilən səviyyədə deyil. Bu artım daha
çox olmalıdır. Çünki kartla aparılan əməliyyatların həcmi digər ölkələrlə
müqayisədə bizdə aşağıdır. Bu həcm də artmalıdır. Kartla ödənişlərə keçidin
faydaları çoxdur. Bundan sonrakı dövrdə daha çox artım olmasını gözləyirik”.
Bank kartlarının sayının artırılmasının ölkə
iqtisadiyyatına nə kimi təsirləri olması haqqında danışan X.Məmmədli bildirdi
ki, ödənişlərin nağdsız formada edilməsi dövlət büdcəsinin gəlirinə böyük təsir
edən faktordur: "Əməliyyatların plastik kartlar vasitəsilə, nağdsız qaydada
aparılması, birinci növbədə iqtisadiyyatın şəffaflaşmasına, kölgə
iqtisadiyyatının aradan qalxmasına təsir göstərir. Çünki kartla aparılan
əməliyyatlar rəsmi qaydada olur. Dövlət büdcəsinin gəlirlər hissəsinin
artmasına birmənalı şəkildə təsir göstərir. Eyni zamanda, ödənişlərin nağdsız
olması həmin əməliyyatlara nəzarət imkan verir. Ödənişlər nağd əməliyyatlardan
fərqli olaraq nağdsız qaydada aparıldıqda, prosesə Mərkəzi Bank, Maliyyə
Nazirliyi tərəfindən nəzarət etmək imkanları olur”.
Mütəxəssisin sözlərinə görə, bu artım, eyni zamanda
bankların gəlirinə təsir edən faktor olaraq çıxış edir: "Pul nağd formada vətəndaşda
olanda bank bu vəsaitlərdən istifadə edə bilmir. Kart sayı çoxaldıqca, insanlar
nağdsız ödənişlərə üstünlük verdikcə evlərdə nağd qaydada olan pullar bank
hesablarında saxlanılır. Bu da bankların likvidliyinə müsbət təsir göstərir.
Digər tərəfdən, müəyyən əməliyyatlar var ki, onlar aparılanda bank ödənişlərdən
əlavə komissiya tutur. Adi alış-verişlərdə komissiya tutulmasa da, müəyyən
ödənişlər var ki, orda komissiya tutulur. Bu komissiyalar da bankların
gəlirinin artmasına gətirib çıxarır”.

X.Məmmədli deyir ki, kartdan istifadənin,
ümumilikdə, cəmiyyətə də böyük təsiri olacaq: "İllərdir Mərkəzi Bank tərəfindən
maliyyə savadlılığı istiqamətində maarifləndirmə tədbirləri həyata keçirilir.
İnsanlar kartdan istifadə, bunun faydaları haqqında daha maarifli olmalıdırlar.
Bu halda nağdsız ödənişlərə daha çox üstünlük verərlər. Qeyd etdiyimiz kimi,
aparılan əməliyyatlar şəffaf olduqda, kölgə iqtisadiyyatı aradan qalxdıqda
dövlət büdcəsinin gəlirləri artacaq. Gəlirlər daha çox olacaq və bu da dövlətin
daha güclü olmasına gətirib çıxaran faktordur. İnsanlar da ondan
faydalanacaqlar. İstər infrastruktur layihələri olsun, istər aztəminatlı
ailələrə dövlət dəstəyi, istərsə də bütün digər güzəştlər. Dövlətin imkanları
daha da genişlənir və cəmiyyətə də təsirini göstərir”.
Asan maliyyə hesabatı
Mütəxəssis qeyd etdi ki, nağdsız ödənişlər zamanı
insanlar maliyyə hesablarını daha yaxşı apara bilirlər: "Nağd pul belədir ki,
insanlar xərcləyirlər, amma bir maliyyə hesabatı aparmaq istəyəndə bəzən
nələrsə yada düşmür, nəyə nə qədər xərclədiklərini unudurlar. Nağdsız qaydada
aparılan əməliyyatların siyahısını tutmaq isə asandır. Bank hesabından çıxarış
əldə etməklə nəyə, nə qədər, hansı tarixdə xərcləndiyini müəyyənləşdirmək mümkündür. Bunun üçün banka
getməyə də ehtiyac yoxdur, bankın mobil tətbiqi vasitəsilə bu çıxarışı əldə edə
bilərlər. İstənilən vaxt tətbiqə daxil olub, vaxt aralığını seçib hesabdan
çıxarış edə bilirlər”.
