• çərşənbə axşamı, 22 iyul, 10:31
  • Baku Bakı 27°C

Balıqçılıq yeni mərhələyə qədəm qoyur

01.07.14 10:20 4744
Balıqçılıq yeni mərhələyə qədəm qoyur
Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasında “Balıqçılıq haqqında” qanuna təklif edilən əlavə və dəyişikliklər qəbul edilib. Dəyişikliklərə əsasən, Azərbaycanda balıq və digər su bioresursları dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olacaq. Yeniliyə görə, dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində yaşayan balıq və digər su bioresursları Azərbaycan Respublikasına mənsubdur. Bələdiyyə mülkiyyətində olan balıqcılıq su obyektlərində yaşayan balıq və digər su bioresursları bələdiyyə mülkiyyətində olmalıdır. Akvakultura təsərrüfatının yerləşdiyi balıqçılıq su obyektlərində əldə olunan balıq və digər su bioresursları onun mülkiyyətçisinə və ya icarəçiyə məxsusdur.
Qanuna edilən dəyişikliyə əsasən, Azərbaycanda balıq və digər su bioresurslarının ovu, forması və verilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən balıq ovlama bileti əsasında həyata keçiriləcək. Qanun layihəsində həmçinin Azərbaycanda Su Bioresurslarının Artırılması, Bərpası və Mühafizəsi Fondunun yaradılması nəzərdə tutulur.
Fondun yaradılmasında məqsəd balıq və digər su bioresurslarının artırılmasını, bərpasını, mühafizəsini, balıqçılığın elmi təminatını və balıqçılıq sahəsində digər tədbirlərin, habelə balıqçılığın inkişafı proqramlarının maliyyələşdirilməsini təmin etməkdir. Layihəyə görə, fond müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılacaq və fəaliyyəti həmin orqan tərəfindən təsdiqlənən əsasnamə ilə tənzimlənəcək. Dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının süni artırılması, bərpası, mühafizəsi və balıqçılıq təsərrüfatı meliorasiya işləri fondun vəsaitləri və dövlət vəsaiti hesabına maliyyələşdiriləcək. Digər dəyişikliyə əsasən, Azərbaycan Respublikasının qanunvericliiyi ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən güzəştlər akvakultura (balıq və digər su bioresurslarının, o cümlədən nadir və nəsli kəsilməkdə olan növlərin bərpası və əmtəə məhsulu əldə edilməsi məqsədilə balıqçılıq su obyektlərində artırılması, yetişdirilməsi, saxlanması, bərpası və rekreasiya üzrə fəaliyyət) ilə məşğul olan fiziki və hüquqi şəxslərə də şamil ediləcək.
Parlamentin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli qəzetimizə açıqlamasında bildirdi ki, “Balıqçılıq haqqında” qanuna edilən dəyişikliklər dünya praktikasında dənizdə, okeanda xüsusi mütərəqqi üsullarla balıq yetişdirilməsi işinin Azərbaycanda da tətbiqinə yol açır: “Həmin qabaqcıl üsullardan Azərbaycanda da səmərəli istifadə edilsə, orta perspektivdə biz balıq idxal edən ölkədən balıq ixrac edən ölkəyə çevrilə bilərik. Amma bir şərtlə: həqiqətən bu üsullardan halallıqla və səmərəli istifadə etməklə mən dediyim yüksək nəticəyə nail olmaq olar”.
Balıqçılıq Azərbaycanda nə qədər perspektivli sahədir? Buradan əhəmiyyətli gəlir götürmək mümkündürmü? Əli bəyin sözlərinə görə, Azərbaycanda işlər düzgün, peşəkarcasına təşkil olunsa, balıqçılığı yüksək səviyyədə inkişaf etdirmək mümkündür: “Beynəlxalq praktikadan da məlumdur ki, balıqçılıq düzgün təşkil olunanda gəlirli sahədir”.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirdi ki, mövcud qanuna bir sıra əhəmiyyətli dəyişikliklər edilib. Onun sözlərinə görə, əvvəllər akvakultura adlandırılan göl balıqçılığı arxa planda idisə, artıq bütün dünyada da bu sahə inkişaf etdirilir: “Qanuna edilən əlavə və dəyişikliklərdə də akvakultura termini gündəmə gəlib. Məsələ ondadır ki, edilən dəyişikliklər arasında bizim də təklif etdiklərimiz var. Düzdür, bir sıra dəyişikliklər var ki, elə də böyük əhəmiyyət kəsb etmir, amma məsələn, akvakulturanın qanuna gətirilməsi yaxşı haldır. Mülkiyyət formalarının dəqiqləşməsi də müsbət haldır. Əlavə və dəyişikliklərə görə, balıq və digər su bioresursları dövlət, bələdiyyə və xüsusi mülkiyyətində olacaq”. V.Məhərrəmovun sözlərinə görə, əvvəllər balıqçılıqla məşğul olan sahibkarların bir sıra hüquqları tanınmırdı, amma yeni qanunda bu problem həllini tapıb: “Amma eyni zamanda Torpaq haqqında qanunvericiliyə də dəyişiklik etmək lazımdır. Digər bir məqam kənd təsərrüfatı məhsulu istehsalı üçün nəzərdə tutulmuş bir sıra güzəştlərin balıq istehsalı, akvakultura ilə məşğul olan sahibkarlara da şamil edilməsidir. Xüsusilə güzəştli kreditlərin alınmasıdır, subsidiyaların verilməsi və s. kimi güzəştlər akvakulturaya da şamil edilməlidir, çünki bu sahədə istehsal prosesi çox mürəkkəbdir, yardıma ehtiyacı var”.
Ekspert qeyd etdi ki, Azərbaycanda göl balıqçılığı bir o qədər inkişaf etməmişdi, zəif idi: “Daha çox dəniz balıqçılığına önəm verilirdi. Ancaq son zamanlar Xəzər dənizində balıqçılıqla bağlı problem yarandığı üçün akvakulturaya diqqət ayrılmağa başlanıb. Əvvəllər bu sahədə qanuni baza ümumiyyətlə yox idi, qeyri-qanuni yolla, müəyyən əlaqələr hesabına bu sahə ilə məşğul olanlar var idi. Bu halda təbii ki, yeni texnologiyanın tətbiqi də problemə çevrilmişdi. Bu isə öz növbəsində məhsuldarlığın həddən artıq az olmasına səbəb olurdu. Yeni dəyişikliklər işləsə, məhsuldarlığı ən azı 10 dəfə artırmaq imkanı var. Ümumiyyətlə, qanunvericiliyə edilən əlavə və dəyişikliklər bu sahənin inkişafı üçün böyük imkanlar yaradır”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər