AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bakıya “qaçaqmal” üçün gələn aktyor

Bakıya “qaçaqmal” üçün gələn aktyor

Mədəniyyət
13 Mart 2021, 11:30 1279
O, ömrünü səhnədə başa vurdu
 
Rusiyanın kino ictimaiyyəti Andrey Mironovun 80 illik yubileyini silsilə tədbirlərlə qeyd edir. Aktyor  martın 7-də doğulub. Amma anası, nədənsə onun doğum tarixini 8 mart kimi qeyd etdirib. Ona görə də, Mironov ömrü boyu ad günlərini Beynəlxalq Qadınlar Günündə qeyd edib. Ümumiyyətlə, o, həmişə anasının dediyi kimi hərəkət etməyi xoşlayırdı. Onun valideynləri də incəsənətlə sıx bağlı insanlar idi. Atası Aleksandr Menaker Moskva Estrada və Miniatür Teatrının aktyoru, sonralar isə həm də rejissoru kimi fəaliyyət göstərib. Anası Mariya Mironova da əri ilə eyni teatrda işləyib və bir çox yumoristik və satirik obrazların aktrisası kimi tanınıb. Onların tanışlığı da maraqlı olub: Moskva teatr truppasının Rostov-Don şəhərinə qastrolu zamanı ilk dəfə tanış olarkən Mironova və Menaker - hər ikisi artıq evli idi. Lakin ilk baxışda Mariya Mironovaya vurulan Menaker qastrolun davam etdiyi müddətdə xanımın qəlbini ovsunlaya bilir. Moskvaya döndükləri zaman artıq Mironova sənədli filmlərə rejissorluq edən əri Mixail Slutskidən, Aleksandr Menaker isə Tbilisi Opera Teatrında balerina olan xanımı İrina Lipskerovadan ayrılır. 1939-cu il sentyabrın 20-də Aleksandr Menaker ilə Mariya Mironova evlənirlər. Onlar 45 il birlikdə yaşayırlar. Hər evlilik ildönümündə Aleksandr "Əziz Maşa, səni günümüz münasibətilə təbrik edirəm. Saşa” - məzmunlu teleqramı Mariyaya yollayırdı. 

Mariya Vladimirovna Andreyi dünyaya gətirəndə 30 yaşı vardı. Əvvəlcə aktrisalıq karyerasının ailəsinə mane olmadığını düşünürdü. Bir gün uşaq xətrinə müvəqqəti olaraq səhnə ilə vidalaşmaq qərarına gəlir.  Andreyin dünyaya gəlişi ilə qadının həyatı başdan ayağa dəyişir. Marina artıq karyerasını ikinci plana keçirməyi qərara alır. "Mənim üçün ən vacib olanı - ailədir”- deyə bildirir. Andreyin xətrinə Marina qastrollardan imtina edir, yayda, ümumiyyətlə, bütün tamaşaları qrafikindən çıxarır. O vaxtının çoxunu oğluna həsr etmək istəyirdi. Andreyin atası milliyyətcə yəhudi idi. Övladlarının gələcəyini daha təhlükəsiz etmək üçün valideynləri onun soyadını "Mironov” kimi yazdırırlar. Andrey Mariya Vladimirovna üçün  kainatın mərkəzi idisə, onun üçün isə anası dünyanın ən sevimli insanı idi. Onların arasında gözəgörünməz bağlar vardı. Andreyin nənəsi məktəb müəllimi idi. Onun kimi qadınlar evdə də ciddi pedaqoqlar sayılırdı. Mariya özü də kifayət qədər ciddi idi, amma heç vaxt ədalətini itirmirdi. Çoxları qeyd edirdi ki, Andryuşa hələ uşaqlıqdan anasına hədsiz hörmət edir və ondan qorxurdu.
 
Teatr üçün xoşbəxt tapıntı
 
Müharibə illərində onlar Daşkənddə yaşayırdılar. Davadan sonra  Moskvaya geri qayıdırlar. Andrey Moskvada, əsasən şair, yazıçı və alimlərin oxuduğu 170  saylı məktəbdə təhsil alır. O, valideynlərinin təsiri ilə teatra maraq göstərir və məktəbdə öz fəallığı ilə seçilir. Bu fəallığına görə də "Sadko” filminə dəvət alır. Bu filmdə kasıb kəndli həyatını əks etdirməli olan bir neçə uşaq tələb olunurdu. Onlar filmin bir neçə epizodunda cırıq paltarda çəkilməli idilər. Lakin çəkiliş meydançasına təzə paltarda gələn Andrey Mironov rejissor Aleksandr Ptuşko tərəfindən qovulur. Ancaq ilk uğursuzluq onu həvəsdən salmır.

Anası onu diplomat görmək istəyirdi. Ancaq Andrey anasının arzularını doğrultmadı. O, artist olmaq, anasını rolları ilə ovsunlamaq istəyirdi. 1958-ci ildə orta məktəbi bitirdikdən sonra Mironov Boris Şukin adına Teatr İnstitutuna daxil olur.  Paralel olaraq aktyor, kino çəkilişlərində iştirak edir. Teatr məktəbini bitirəndən sonra sənədlərini Vaxtanqov adına teatrın truppasına verir. Andreyi truppaya qəbul etmirlər, əvəzində Satira Teatrı gəncdən imtina etmir. "Teatrda mənə yaxşı münasibət göstərirlər, amma buna çox inanmıram, elə bilirəm ki, onlar saxtakarlıq edirlər” - deyə əvvəlcə xeyli kədərlənir.

"Andryuşanın əvvəlcə niyə belə qərar verdiyini bilmirəm”- deyə Andrey Mironovun teatrdakı həmkarı Vera Vasilyeva danışır: "Mironov teatr üçün "xoşbəxt bir tapıntı” oldu. Teatra nə qədər gənc tamaşaçı - xüsusən gözəl gənc xanımlar cəlb etdiyini bilmirsiniz. Qızlar xidməti girişdə onu gözləyərək bilet növbəsində dayanır, ona davamlı aşiq olurdular. Ancaq məşqlərdə, tamaşalarda Andrey yalnız iş haqqında düşünür, həddindən artıq məsuliyyətli görünürdü. Andryuşa heç vaxt ulduz xəstəliyinə tutulmadı”- deyə Vera Vasilyeva davam edir: "O, inanılmaz dərəcədə tərbiyəli bir gənc idi. Mariya Mironova iradəli, sərt bir qadın idi. Evdə həm ərini, həm də oğlunu böyüdürdü. Və buna görə, ona hörmət və pərəstiş edirdilər. Yəqin qorxurdular. Mariya Vladimirovna tamaşaya gəlməyə hazırlaşanda Andryuşa yanımıza gəldi və sakitcə titrəyərək nəfəs aldı: "Bu gün anam tamaşaya baxacaq”. O, anasının fikirlərinə çox etibar edirdi. Onun fikirləri gənc üçün bir növ imtahan idi. O, hətta geyimlərini də anasının zövqünə görə seçirdi. Şəxsi ailəsi ilə də bağlı anası ilə məsləhətləşirdi”.

Andrey Mironov "3+2” çəkilişindən sonra həmkarı Natalya Fateevadan ötrü az qala başını itirdikdə, tərəddüd etmədən dərhal bu barədə məktubda anasına məlumat verir. Və hər sonrakı məktubunda anasına qara saçlı gözəllə romantik münasibəti haqqında yazır. Mariya Vladimirovna baş verənlər barədə çox  şərhlər verməsə də, sevgi macərası bitəndə sevinir. Ancaq Andrey vaxtaşırı ona Natalya Nikolayevna üçün darıxdığını söyləməyə davam edirdi.
 
"Gör necə şeytan təşrif buyurub”
 
1963-cü ildə "3+2” komediya filmi ekranlara çıxandan sonra Andre Roman Lyubeşkin obrazı ilə öz istedadını nümayiş etdirərək əsas ampluasını tapır. 1964-cü ildə isə "Avtomobildən qorun” filmində çəkilir. Rejissor Eldar Ryazanovun dəvəti ilə çəkilişlərə cəlb olunan Mironov, aztapılan məhsulların gizli satışı ilə məşğul olan mağazanın hiyləgər sahibi Dima Semitsvetov obrazını oynayır.

1966-cı ildə premyerası keçirilən film milyonlarla sovet tamaşaçısının rəğbətini qazanır. "Avtomobildən qorun” komediyası xarici kinofestivallarda da mükafatlara layiq görülür.

Nəhayət, 1968-ci ildə sovet kinoteatrlarında Leonid Qaydayın məşhur "Brilliant əl” filmi ekranlara çıxır. Macəra komediyası janrında çəkilən film, qızıl-zinət qaçaqmalçılığı ilə məşğul olan şəxslərin planından bəhs edirdi. İlk olaraq Leonid Qayday qaçaqmalçılardan biri - Qennadi Kozodoyev obrazını "Qafqaz əsiri”ndə də çəkdiyi Georgi Vitsinə vermək istəyirdi. Lakin Andey Mironovun "Avtomobildən qorun” filmini izlədikdən sonra rolu perspektivli aktyora vermək qərarına gəlir və seçimində yanılmır. Baş rol ifaçısı Yuri Nikulinin təkidi ilə filmdə "Uğursuzluq adası” mahnısını şəxsən ifa edən Andrey Mironov vokal göstəricilərinin də yüksək olduğunu nümayiş etdirir. Bundan sonra teatr tamaşalarında, xüsusən müzikllərdə Mironov solo ifalara geniş yer verir. Bu film Krımda, dəniz kənarında çəkilib. Xarici liman şəhəri səhnələri isə Bakıda lentə alınıb. Çəkiliş qrupu 1960-cı ilin isti yayında filmi çəkmək üçün Bakıya gəlir. Çəkilişlər Qalada, köhnə bakılılara yaxşı tanış olan əfsanəvi "Nərgiz” kafesində, Fəvvarələr meydanında, Mərdəkanda, Şıx yolunda, Bakının Dəniz limanında aparılır. Mironov tanınmış aktyorlar ailəsindən olması ilə heç vaxt öyünmür və bu barədə söhbət açmamağa çalışırdı. Yuri Nikulini isə belə gizlilik əyləndirirdi. Bir dəfə Mironov, Papanov və Nikulin Bakıda qastrolda olarkən şərəflərinə açılan süfrədə Nikulun badə qaldırır: "Əziz yoldaşlar, siz Mironov və Menaker kimi görkəmli aktyorlar haqqında eşitməyə bilməzsiniz. Həmçinin aktyor Papanov... İndi onlar sizin aranızdadır, gəlin onların sağlığına içək” - deyir.

Andrey özünün məşhur olmasını "Brilyant əl” filminin ekranlarda nümayişindən sonra Rusiya şəhərlərinə qastrolu zamanı başa düşür. Yerli hoteldən çıxan zaman yanından velosipedlə keçən oğlan dayanaraq ağzını az qala aktyorun üzünə yapışdırır: "Gör necə şeytan təşrif buyurub”. Mironov onda artıq məşhur olduğunu anlayır. Andrey Mironov bu filmlə öz populyarlığının zirvəsinə çatır. Yaratdığı Kozodoyev obrazı mənfi xarakterli olsa da, Mironovun şəxsi xarizması və pozitivliyi tamaşaçının simpatiyasını artırır.

76 milyon sovet vətəndaşının kinoekranlarda izlədiyi "Brilyant əl” bu gün də sovet kinokomediyalarının şedevrlərindən sayılır.

Bu filmdən sonra da bir çox ekran əsərlərində rol alan aktyor, 1973-cü ildə "İtalyanların Rusiyadakı qeyri-adi sərgüzəştləri” filmindəki polis zabiti Andrey Vasilyev obrazı ilə yenidən populyarlıq qazanır. 50 milyon sovet tamaşaçısı filmi izləyir. Filmin şöhrəti aktyora "Əməkdar artist” fəxri adını qazandırır.

1976-cı ildə isə aktyor Mark Zaxarovun "12 stul” bədii televiziya filmində məşhur avantürist (hoqqabaz) Ostap Bender obrazını canlandırır. 70-ci illərdə Mironovun populyarlığı zirvəyə qalxır. O, filmlərlə yanaşı, Satira Teatrında da fəaliyyətini davam etdirirdi.
 
Muzeyə bağışlanan əşyalar
 
Təəssüf ki, aktyorun səhhəti karyerasının xoşbəxt anlarını tam yaşamağa imkan vermir. Hələ uşaq vaxtı Daşkəndə evakuasiya olunan zaman Mironov dizenteriya xəstəliyinə yoluxmuş, lakin həkimlərin səyi ilə ölümdən xilas olmuşdu. Bundan sonra uzun illər ərzində sağlamlığında problem olmasa da, 1978-ci ildə aktyorun beyninə qan sızır. Həkimlərin təkidindən sonra o, əməliyyata razılıq verir. Həkimlər xroniki infeksiya daşıyıcısı olan bir neçə limfa vəzini onun bədənindən çıxarırlar. Lakin səhhətindəki problemlər sonrakı illərdə özünü tez-tez büruzə verməyə başlayır.

1980-ci il dekabrın 18-də Andrey Mironov Rusiya SSR xalq artisti fəxri adına layiq görülür. Ömrünün son illərində daha çox teatr qastrollarında çıxışlar edən Andrey Mironov ölümünü də səhnədə qarşılayır. 1987-ci il avqustuun 16-da Riqada qastrol səfərində olan teatr truppası səhnədə "Ağlasığmaz gün, yaxud Fiqaronun evliliyi” adlı tamaşanı təqdim edir. Sonuncu səhnəni oynayan zaman Andrey Mironov qəfildən huşunu itirir. Dərhal yerli xəstəxanalardan birinə çatdırılan aktyorun beyninə qan sızdığı məlum olur. Həkimlər iki gün onun ürək döyüntüsü funksiyalarını bərpa etməyə çalışsalar da, 47 yaşlı aktyoru xilas edə bilmirlər. "Andryuşa artıq çəkiyə meylli idi”- deyə Vera Vasilyeva xatırlayır: "O, artıq çəki ilə çox və inadla mübarizə aparırdı: tennis oynayır, üzür, davamlı hərəkət edirdi. Ömrünün son aylarını Latviyada dəniz sahilində keçirirdi. Hər gün üzürdü. Kim bilir, bəlkə də xəstəliyin belə birdən baş verməsinin səbəbi bu idi. Baxmayaraq ki, ümumiyyətlə, heç kim Andryuşanın özünü heç vaxt pis hiss etdiyini görməmişdi. O, heç vaxt heç nədən şikayət etmirdi”.

Mariya Mironova isə oğlundan sonra qlobal tənhalıq yaşadığını bildirir. O, evinin hər küncündə mümkün qədər Andreyin xatirəsini qorumağa çalışırdı. Onunla bağlı olan əşyaları isə muzeyə vəsiyyət edir...
 
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova