Bakıda Türk Şurası Gənclər Platformasının ilk Baş Assambleyası öz işinə başlayıb

Bakıda Türk Şurası Gənclər Platformasının ilk Baş Assambleyası öz işinə başlayıb

Cəmiyyət
13 Oktyabr 2019, 14:40 149
Bu gün Bakıda Türk Şurası Gənclər Platformasının ilk Baş Assambleyası öz işinə başlayıb.
 
Trend-in məlumatına görə, tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Türk Şurasının Baş katibi Bağdad Amriyev, Türkiyə Parlamentinin üzvü Ahmet Böyükgümüş, ICYF prezidenti Ayxan Taha iştirak edib.
 
Türk Şurasının Baş katibi Bağdad Amriyev çıxışında deyib ki, Baş Assambleya Türk Şurası Zirvə Toplantısı ərəfəsində keçirilir. Onun sözlərinə görə, zirvə öncəsi ilk dəfə olaraq gənclər bir araya gəlib fikir mübadiləsi aparıb və əməkdaşlıq üçün yeni yolları müzakirə edirlər: "Bir sözlə Bakıda gənclərin beynəlxalq əməkdaşlığı istiqamətində yeni ənənənin təməli qoyulur. Bu tarixi hadisə həm də ölkələr arasında mövcud olan əməkdaşlığa yeni səhifə açır".
 
O qeyd edib ki, Azərbaycan təşəbbüslə çıxış edərək Baş Assambleyanın Bakıda keçirilməsini təklif etmişdi: "Baş Assambleyada Türk Şurası Gənclər Platformasının idarə heyəti, sədr və sədr müavinlərinin seçilməsi, o cümlədən növbəti illər üçün fəaliyyət planının və Zirvə Görüşünə təqdim etmək üçün gənclərin tövsiyələrinin hazırlanması da nəzərdə tutulur".
 
Daha sonra çıxış edən gənclər və İdman naziri Azad Rəhimov bildirib ki, bugünkü tədbir tarixi əhəmiyyət daşıyır: "İnanıram ki, bu platforma birgə səylərimiz nəticəsində faydalı olacaq və gənclər arasında əlaqələrin inkişafa öz töhfəsini verəcək. Bizi birləşdirən bir çox dəyərlər var. Çünki bizim ümumi mədəniyyət və tariximiz var. Dünyada baş verən hadisələr onu göstərir ki, bu gün yeni mərhələ başlayır və hadisələrin gedişatı bizdən daha tez inteqrasiya olmağı tələb edir".

Nazir qeyd edib ki, nəticələri müzakirə edərkən aydın olur ki, türk ölkələri arasında qurulan əməkdaşlıq düzgün istiqamətdə qurulub və inkişaf edir.