• çərşənbə axşamı, 05 noyabr, 10:10
  • Baku Bakı 11°C

Bakı sənaye şəhəri statusunu itirir?

25.11.23 03:00 3054
Bakı sənaye şəhəri statusunu itirir?

Ölkədə sənaye istehsalının əksər hissəsinin Bakı və Abşeron iqtisadi zonasında cəmləşməsinə baxmayaraq, son illərdə bu göstəricinin tədricən azalması müşahidə edilir. Ekspertlər hesab edirlər ki, bu, daha çox sənaye istehsalının bölgələrə istiqamətlənməsi ilə bağlıdır. 

Rəsmi statistik məlumata görə, 2023-cü ilin yanvar-sentyabr aylarında Bakı şəhəri üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 45,2 mlrd. manat təşkil edib. Bu da əvvəlki illərlə müqayisədə 19,4 faiz azdır. Bəs Bakıda sənaye istehsalının zəifləməsinə səbəb nədir?

Bu prosesi təbii qarşılamalıyıq

İqtisadçı Fuad İbrahimov “Kaspi” qəzetinə açıqlamasında bildirib ki, statistik göstəricilərin əvvəl artıb, sonra azalması pandemiyadan sonrakı dövrlə əlaqədardır: “2023-cü ilin doqquz ayında rəqəmləri təhlil edərkən nəzərə almaq lazımdır ki, post-pandemiya dövründə ilk növbədə istənilən sahə üzrə statistik sıçrayışlar mümkün idi. Çünki uzun müddətli fasilədən, müəyyən məhdudiyyətlərdən sonra müəssisələrin fəaliyyətə başlaması nəticəsində sənayedə də sıçrayışlı artımlar müşahidə olunurdu. Əslində, bu əksər ölkələrdə, dünya iqtisadiyyatının bir çox sahələrində belədir. Bu baxımdan stabilləşməni təbii qarşılamaq lazımdır”.

Sənayenin şəhərətrafı halqaya keçməsi müşahidə olunur 

F.İbrahimov bildirdi ki, həqiqətən də sənaye sahələri yavaş-yavaş regionlara köçürülür: “Sənaye istehsalının azalması Bakı şəhərətrafı halqasına keçməsi ilə müşahidə olunur. Hesab edirəm ki, həm ətraf mühitin mühafizəsi, həm şəhər halqasındakı sıxlıq ilə bağlı istehsal müəssisələrinin şəhərdən kənara, regionlara köçürülməsi prioritet məsələlərdəndir. Bu prosesin bölgələrə köçürülməsi şəhərin yükdən azad olması, eyni zamanda, regionların inkişafında mühüm əhəmiyyət kəsb edəcək. Hazırda regionlarda infrastruktur, eyni zamanda işğaldan azad olunmuş torpaqların inteqrasiya prosesi ilə bağlı əhəmiyyətli işlər görülür”. 

İqtisadçı bildirib ki, bu proseslə bağlı rəqəmlər daha da azalacaq: “Çünki əhali artır, iqtisadiyyat inkişaf edir, bununla yanaşı, mövcud vəziyyətlə bağlı bölgələrimizə investisiya qoyuluşları da artır. Bu baxımdan təbii prosesdir. Proqnozlaşdırmaq olar ki, Bakı şəhərində sənaye istehsalı bu proseslər əsasında tədricən azalacaq”.

Rayonlarda sənaye sahələri barmaqla sayılacaq qədərdir

İqtisadçı Günay Hüseynovaya görə, hər bir ölkənin iqtisadi vəziyyəti sənayesinin inkişaf səviyyəsi ilə ölçülür: “Son illərin statistikasına nəzər yetirdikdə görürük ki, bizdə bu sahədən əldə edilən gəlirlər əvvəlki illərə müqayisədə azalır. Son 15 ilin statistikasına əsasən, bu illərdə ölkə iqtisadiyyatının, qeyri-neft sənayesinin inkişaf etdirilməsi istiqamətində bir sıra dövlət proqramları qəbul edilib, icra olunub. Habelə ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılıb. Bütün bunlara baxmayaraq, ölkənin sənaye sektoru ümumi inkişafdan geri qalır. Narahatedici məqam odur ki, ölkənin sənaye potensialının 90 faizi Bakı, Abşeron iqtisadi rayonunun payına düşür”.

 

Sənaye istehsalı çoxşaxəli olmalıdır

G.Hüseynovaya görə işlər elə qurulmalıdır ki, sənayedə istehsal olunan məhsullarımız dünya bazarında rəqabətə davamlı olsunlar: “Digər tərəfdən, ölkənin sənaye istehsalı çoxşaxəli olmalıdır. Bu, gələcək iqtisadi tənəzzülün qarşısını almaq deməkdir. Sənayenin sahə quruluşu elə olmalıdır ki, mövcud resurs imkanları çərçivəsində özünün və ölkənin ehtiyaclarını öz məhsulları ilə mümkün qədər təmin edə bilsin, daha çox ixraca hədəflənsin. Ölkədə sənaye sahəsində marketinq siyasəti də yox dərəcəsindədir. Xarici bazarlara çıxa, öz məhsulumuzu onlara tanıda bilmirik. Rəqabət qabiliyyətli məhsul istehsal edilərsə, yaxşı marketinq siyasəti qurularsa, məhsul ixrac edilər, ölkənin tədiyyə balansına müsbət təsir göstərilməklə milli sərvətin artırılmasına nail olarıq”.  

“Bu, dövlətin iqtisadi siyasətidir”

İqtisadçı ekspert Samir Heydərov isə açıqlanan statistika ilə razılaşmır: “Məncə, Bakıda sənaye istehsalında azalma olmayıb. İşğaldan azad olunmuş torpaqlarda zavodların açılması o demək deyil ki, Bakıda sənaye istehsalı azalır. Bu, dövlətin iqtisadi siyasətidir. Məsələn, Laçında beş istehsal müəssisəsi açılırsa, bu 430 iş yeri deməkdir. İşğaldan azad olunmuş torpaqlarda çoxlu bərpa və quruculuq işləri ilə yanaşı, zavod və fabriklər də açılır. Bu, dövlətin uğurlu iqtisadi siyasətinə dəlalət edir”.

Yeri gəlmişkən, iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda “Dayanıqlı maliyyə və investisiya” mövzusunda keçirilən II Bakı Forumunda bildirib ki, Azərbaycanın Milli Prioritetlərində və 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasında qeyri-neft-qaz iqtisadiyyatını daha da inkişaf etdirmək, insan kapitalının inkişafı nəticəsində dünya iqtisadiyyatında mövqeyi gücləndirmək, yüksək gəlirli ölkələr qrupuna daxil olmaq hədəflənir: “Strategiyanın icrası nəticəsində ölkə iqtisadiyyatının hər il orta hesabla 3-4%, qeyri-neft qaz ÜDM-in isə illik orta hesabla 5% artımı, habelə özəl sektorun iqtisadiyyatda payının 88%-ə çatdırılması, 2021-ci illə müqayisədə 2026-cı ildə qeyri-neft-qaz ixracının həcminin 85% artırılması hədəflənir”. 

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər