"Bakı dizayn sahəsi üzrə yaradıcı şəhər adına layiq olduğunu sübut etməlidir"

Mədəniyyət
09 Dekabr 2019, 13:21 147
"Dünya miqyasında yaradıcı sənaye anlayışı son 10 il müddətində çox böyük kütləni birləşdirir, insanları tamamilə yeni məkanlara, yeni düşüncələrə dəvət edir, cəmiyyətin inkişafına dəyərli töhfə verilməsinə şərait yaradır. Azərbaycanda da vəziyyət istisna deyil".

APA-nın məlumatına görə, bunu Bakı Konqres Mərkəzində "Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda keçirilən panel müzakirəsi zamanı Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, son illər Prezident İlham Əliyev və Vitse-prezident Mehriban Əliyeva tərəfindən aparılan siyasət nəticəsində respublikanın hər bir bölgəsində yenidənqurma işləri aparılır: "Təbii ki, bu prosesin arxasında xalqın yaradıcı potensialı,  xalqla dövlətin vəhdəti durur. Bütün bu amillər Azərbaycanda yaradıcı sənayenin inkişafının vacib olduğunu göstərir".

Ə.Qarayev deyib ki, Azərbaycanda yaradıcı sənayenin inkişafı üçün üç amil vacibdir: "Ölkədə yaradıcı sənayeyə yeni təfəkkür gətirmək, təkan vermək bugünkü tədbirin əsas məqsədlərindəndir. İkinci amil ondan ibarətdir ki, 2021-ci il Birləşmiş Millətlər Təşkilatı tərəfindən "Yaradıcı sənayelər davamlı inkişaf naminə" ili kimi qəbul olunub. Üçüncü amil ondan ibarətdir ki, bu il Bakı şəhəri UNESCO-nun "Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib. Bakı şəhəri dizayn sahəsi üzrə yaradıcı şəhər adını uzun müddət daşıyaraq öz fəaliyyəti ilə dünya ictimaiyyətinə bu yüksək ada layiq olduğunu sübut etməlidir. Biz hamımız bunun üçün bərabər çalışmalıyıq. Bu işdə həm dövlət orqanları, həm də vətəndaşlar fəal iştirak etməlidirlər".