• cümə, 19 Aprel, 21:42
  • Baku Bakı 24°C

Bakı Baş Plan əsasında inkişaf edəcək - Fotolar

09.01.20 19:52 10698
Bakı Baş Plan əsasında inkişaf edəcək - Fotolar
Prezident İlham Əliyevin şəhərsalma və arxitektura ilə bağlı tapşırıqları təqdir edilir

Prezident İlham Əliyev ötən gün Anar Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən Bakıda əvvəlki dövrlərdə şəhərsalma qaydalarının bəzi hallarda kobudcasına pozulduğunu xatırladıb. Qeyd edib ki, Bakının müxtəlif yerlərində tarixi keçmişimizə zidd olan, heç bir memarlıq standartına uyğun olmayan yöndəmsiz və eybəcər binalar tikilib. Prezidentin sözlərinə görə, o binalar elə tikilib ki, həm ümumi mənzərəyə ziyan vurub, həm də orada heç bir şəhərsalma əmsalı nəzərdə tutulmayıb. Ölkə rəhbəri deyib ki, son vaxtlar onun göstərişi ilə, xüsusilə Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyinin dəyişilməsi nəticəsində artıq bu qaydalara riayət edilməyə başlanıb. Prezident İlham Əliyev bunun iş adamları tərəfindən nəzərə alınmasını da vacib sayıb.

Komitənin razılığı olmadan tikintiyə icazə verilməyəcək
Dövlət başçısı Bakının tarixi sərvətimiz olduğunu diqqətə çatdıraraq, hansısa bir təmənnaya, hərisliyə görə şəhərimizin keçmişinin məhv edilməsinə, yaxud onun gələcəyinin şübhə altına qoyulmasına imkan verilməyəcəyini vurğulayıb: "Qətiyyən bu, olmayacaqdır. Bütün biznes dairələri, inşaatla məşğul olan bütün şirkətlər bilsinlər ki, bundan sonra harada gəldi bina, ev tikmək praktikasına artıq son qoyulubdur. Bütün evlər, binalar şəhərsalma qaydalarına, Bakının memarlıq obrazına uyğun şəkildə tikilməlidir. Ona görə bu məsələyə çox böyük diqqət yetirmək lazımdır. Bakı şəhəri bundan sonra ancaq Baş Plan əsasında inkişaf etməlidir. Baş Plana uyğun olmayan heç bir bina Bakıda tikilməməlidir. Komitəyə yeni funksiyalar verilib və Komitənin razılığı olmadan heç bir bina tikilə bilməz. Rayon icra hakimiyyəti orqanları Komitədən razılıq almadan heç bir binanın tikilməsinə icazə verə bilməzlər. Bütün yerli icra orqanlarına bir daha tapşırıq verirəm ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi olmadan qətiyyən bir dənə də bina tikilə bilməz. Biz buna son qoymalıyıq”.
Yerli icra orqanları tikinti işlərindən kənarlaşdırılır
Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə açıqlayan millət vəkili Nəsib Məhəməliyev deyib ki, Bakı şəhərinin keçmişi və perspektiv inkişafı ilə əlaqədar problemləri prezident İlham Əliyev tam dəqiqliklə və çılpaqlığı ilə ictimaiyyətin, komitənin yeni rəhbərliyinin nəzərinə çatdırıb. Onun sözlərinə görə, həqiqətən də, son illərin tikinti bumu çərçivəsində şəhərsalma normaları pozulub, tarixi memarlıq abidələri ya sökülüb, ya da ki, xaotik şəkildə ətrafda aparılan irimiqyaslı tikintilərin nəticəsində fiziki aşınmalara səbəb olub: "Bununla da Bakı şəhərinin tarixi keçmişinə, mədəniyyətinə sağalmaz yara vurulurdu. Cənab prezident haqlı olaraq şəhərsalmada neqativ proseslərin qarşısını almaq üçün digər sahələrdə olduğu kimi, bu sahədə də struktur islahatları apararaq yerli icra orqanlarını tikinti işlərindən kənarlaşdırdı. Bu siyasəti aparmaq üçün formalaşdırılmış mərkəzi icra hakimiyyəti orqanı olan, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə etdi. Hesab edirəm ki, komitə respublika rəhbərinin, onların qarşısında qoyduğu tapşırıqları layiqincə yerinə yetirəcək”.

Ölkə rəhbərindən kreativ ideya
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin xüsusi olaraq vurğuladığı ikinci məsələ - Bakı şəhərinin mərkəzi rayonunun yaradılması ideyası çox böyük maraq doğurub: "Hər zaman olduğu kimi, bu dəfə də cənab Prezident kreativ ideya irəli sürdü. Bakı şəhərinin mərkəzi rayonunun yaradılması ideyası olduqca əhəmiyyətli olmaqla bərabər, tarixi memarlıq abidələrinin, təhlükəsizliyin, ekologiyanın qorunması, gələcəyə hesablanmış ağıllı şəhər infrastrukturunun yaradılması istiqamətində atılan çox böyük addımdır. Uzun illər bu sahədə çalışmış bir şəxs kimi, təbii ki, mənim də müəyyən mülahizələrim var. Müsbət nəticələrini xalqımız çox yaxın zamanlarda görəcək və mən cənab Prezidentə təşəkkürlərimi bildirirəm”.

Məsuliyyəti aidiyyəti dövlət qurumları daşıyırlar
İqtisadçı ekspert Rəşad Həsənov bizimlə söhbətində bildirib ki, Bakıda hansısa biznes dairəsi özbaşına hər hansı tikintini apara bilməz. Onun fikrincə, vaxtilə paytaxt şəhərimizdə aidiyyəti dövlət qurumları Prezidentin nitqində qeyd etdiyi istiqamətlər üzrə öz öhdəliklərini yerinə yetirməyib, nəzarəti təmin etməyib, bir sıra hallarda korrupsiyaya yol veriblər: "Həmin qurumlar sahibkarlıq subyektlərindən qeyri-qanuni, qeyri-rəsmi ödənişlər qəbul ediblər. Bunun müqabilində harada gəldi, tikinti və şəhərsalma normalarına uyğun gəlməyəcək halda inşaat işləri aparıblar. Bu kimi problemlər rəsmi qurumlar tərəfindən zamanında aradan qaldırılmalı idi. Bu baş vermədiyi üçün biznes dairələri də bundan sui-istifadə edib, öz maraqları naminə müəyyən addımlar atıblar. Bir qədər açıq desək, əgər hansısa biznes qurumu tikinti işi aparmaq istəyirsə, ilk növbədə aidiyyəti qurumlara müraciət edir, təklifini səsləndirir. Bu təklif qanuna uyğun olmadığı təqdirdə tikintiyə icazə verilməməli idi. Hansı ki, Azərbaycanda tikintiyə icazənin verilməsi dünyanın ən mürəkkəb mexanizmlərindən biridir. Düzdür, bu istiqamətdə son dövrlər sadələşdirmə ilə bağlı müəyyən qərarlar qəbul edilib. Bununla belə, son vaxtlara qədər tikintiyə icazənin verilməsi, tikintiyə başlamaq o qədər də asan məsələ deyildi. Tikintiyə nəzarət edən, icazə və lisenziya tələb olunan sahədə böyük özbaşınalığın hökm sürməsi acı reallıq idi”.

Komitənin öz fəaliyyətini effektiv qurması üçün lazımi imkanlar var
R.Həsənov deyib ki, həmin qurumların məsul şəxsləri indiyə qədər yol verdikləri nöqsanlara görə cəzalandırılmalıdırlar. İqtisadçı ekspertin fikrincə, məhz onların məsuliyyətsizliyi səbəbi ilə bəzi hallarda strateji əhəmiyyət daşıyan ərazilərdə də bənzər tikinti işləri aparılıb: "Cəzalandırma nəticəsində əldə olunan vəsaitlərdən sözügedən ərazilərdəki tikintilərin köçürülməsi zamanı istifadə etmək olar. Çünki, bəzi hallarda sahibkarda günah axtarmaq düzgün deyil. Sahibkar aidiyyəti dövlət qurumuna müraciət edib, lisenziya alıb, işini görüb, əlində müvafiq sənəd var. Günah sözügedən tikintiyə icazəni verən, dövlət adından çıxış edən müvafiq qurumdadır. Problemin həllinə məhz buradan başlamaq gərəkdir. Belə olduğu təqdirdə nə isə müsbət nəticə əldə etmək olar. Ona görə də Prezident İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qarşısında konkret vəzifələr qoydu. Yeni strukturda formalaşan komitənin üzərinə bu baxımdan böyük iş düşür. Bu quruma inam, güvən daha çoxdur. Sözügedən quruma təyin olunan şəxslərin reputasiyası da nisbətən yüksəkdir. Bütün bunları nəzərə alaraq düşünürəm ki, komitənin öz fəaliyyətini effektiv qurması üçün lazımi imkanlar var. Xüsusən də ölkənin ali rəhbərliyi səviyyəsində ortada siyasi iradə mövcuddur. Bu amilləri nəzərə alan biznesin özü də buna uyğunlaşır. Gözləntilər bu istiqamətdədir”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər