AzerTelecom şirkətinin iştirakı ilə Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunan tədbir keçirilib
14.02.19 15:45
592
Azərbaycanı
beynəlxalq İnternet şəbəkəsinə bağlayan magistral (backbone) İnternet
provayderi AzerTelecom şirkətinin iştirakı ilə STEP Kompüter Akademiyasında "Beynəlxalq
Təhlükəsiz İnternet Günü”nə həsr olunan tədbir keçirilib.
Tədbir ölkəmizdə
İnternetin təqdimi və İnternet təhlükəsizliyində ixtisaslaşan bir neçə yerli və
beynəlxalq şirkətlərin nümayəndələrinin iştirakı ilə baş tutub, İnternet, onun
yaranması, qlobal şəbəkədə təhlükəsizlik, istifadəçilərin üzləşdikləri əsas təhdidlər
və s. kimi mövzularda faydalı müzakirələr aparılıb.
Tədbirdə
çıxış edən AzerTelecom şirkətinin Baş Kommersiya Direktoru Samir Nuriyev qlobal
İnternet şəbəkəsinin yaranması, mövcud texniki göstəricilər,
Azərbaycanın İnternet şəbəkəsinə qoşulması və bu prosesdə magistral provayder
AzerTelecom şirkətinin rolu, internetin gələcəyi kimi mövzulara toxunub.
Hazırda
qlobal internet istifadəçilərinin sayının ümumilikdə 4 milyardı ötdüyünü, Azərbaycanın
MDB məkanında İnternetin əhatə olunması, yayımına görə ilk yerdə (79%) olduğunu
qeyd edən Samir Nuriyev internetin gələcəyi
barədə danışaraq 2020-ci ildə 5 milyarddan çox insanın İnternetdən istifadə edəcəyini,
qlobal şəbəkədən istifadədə ən böyük artımın inkişaf etməkdə olan ölkələrdə olacağını,
Bulud texnologiyaların daha da inkişaf edəcəyini, Əşyaların İnternetinin (IoT) İnternet
haqqında təsəvvürü dəyişəcəyini və gələcəkdə İnternetin bir ekologiya dostu
olacağını bildirib.
Tədbirdə
çıxış edən digər məruzəçilər də öz növbələrində İnternetin distribusiyası,
simli və simsiz İnternet növləri, şəbəkələr, sistem inzibatçılığı, sosial mühəndislik
və fişinq hücumlarına qarşı təhlükəsizlik və s. barədə danışaraq öz təcrübələrini
bölüşüblər.
Beynəlxlaq
Təhlükəsiz İnternet Günü ("Safer Internet Day - SID”) hər ilin ikinci ayının
ikinci həftəsinin ikinci günü qeyd edilir. Bu əlamətdar hadisə 2004-cü ildə
Avropa Komissiyasının qərarı ilə təsis edilib. Məqsəd dünyada, xüsusən uşaq və
gənclər arasında onlayn texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli
istifadəni təbliğ etməkdir.
Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatoru
olan AzerTelecom 2008-ci ildə təsis
edilib və ölkənin ilk mobil operatoru - Bakcell şirkətinin törəmə şirkətidir. AzerTelecom
internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar
telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit,
SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VPN
(virtual şəxsi şəbəkə), DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.