AZE | RUS | ENG |

Azərbaycanla əməkdaşlıq etmək istəyənlərin sayı artır

Azərbaycanla əməkdaşlıq etmək istəyənlərin sayı artır
Dövlət başçısının Davosda keçirdiyi görüşlər qeyri-neft sektoruna, infrastruktur layihələrinə və rəqəmsal iqtisadiyyatın inkişafına xarici investisiyaların cəlbində yeni mərhələnin başlayacağından xəbər verir
 
Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan ötən 15 ildə böyük uğurlara imza atıb. Prezident İlham Əliyev on beş illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb, Azərbaycanın beynəlxalq arenadakı mövqeləri gücləndirilib. Ən başlıcası, ötən 15 il ərzində ölkəmiz müstəqilliyini daha da möhkəmləndirib, sosial-iqtisadi, siyasi-diplomatik və hərbi quruculuq sahələrində mühüm işlər görülüb.
 
 
 
Statistik rəqəmlərə nəzər salsaq görərik ki, on beş il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artıb, qeyri-neft ixracı 4,1 dəfə çoxalıb. Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan (2004) 46 milyard dollara (2018) çatdırılıb. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulub. Müstəqillik dövründə Azərbaycana yatırılan sərmayənin 93 faizini təşkil edən həmin investisiyanın təxminən yarısı daxili mənbələrin payına düşüb. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı 3 Dövlət Proqramı qəbul olunub və onların uğurlu icrası təmin edilib.
 
 

Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 15 ildə Azərbaycanda nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirilib. Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri istifadəyə verilib. 2014-cü il sentyabrın 20-də Avropanın enerji təhlükəsizliyinin, həmçinin Azərbaycanın perspektiv inkişafının və iqtisadi maraqlarının təmin edilməsində böyük rol oynayacaq Cənub Qaz Dəhlizinin təməli qoyulub. Uzunluğu 3500 kilometr, dəyəri 40 milyard dollardan çox olan bu qlobal layihənin icrası sürətlə gedib və 2018-ci il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, iyunun 12-də onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimi keçirilib. TAP layihəsinin icrası isə qrafik üzrə davam etdirilir.
 
 
 
1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış "Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri”, "Çıraq” yataqlarının və "Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in ("Əsrin müqaviləsi”) müddəti 2017-ci il sentyabrın 14-də 2050-ci ilə qədər uzadılıb. Yeni şərtlərə görə, SOCAR-ın payının 11 faizdən 25 faizə qaldırılması, mənfəət neftinin 75 faizinin Azərbaycana verilməsi nəzərdə tutulub. Bundan əlavə, 8 il ərzində xarici investorlar tərəfindən ölkəyə bərabər hissələrlə bonus kimi 3,6 milyard dollar ödəniləcəkdir. Müqavilənin müddətinin uzadılması Azərbaycanda uzun illər bundan sonra da neftin hasilat səviyyəsinin sabit qalmasına, neft sektoruna xarici investisiya qoyuluşunun təmin olunmasına imkan yaradıb. Eyni zamanda, dövlətimizin başçısının təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb, Bakı–Tbilisi–Qars dəmir yolu istifadəyə verilib. Azərbaycanın Rusiya, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları tikilib.
 
 

Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Artıq dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan ilə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı kifayət qədər çoxdur. Hazırda Azərbaycan müxtəlif dövlətlərlə, o cümlədən Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq əlaqələrinə malikdir. Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə müxtəlif formatlarda əlaqələr qurulur və inkişaf etdirilir. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2022-ci illər sədrlik etməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunun və qüdrətinin daha bir göstəricisidir.
 
 

Bütün bu uğurların, həyata keçirilən islahatların davamlı xarakter alması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə cari ildə də bir sıra mühüm addımlar atılıb. Buna nümunə kimi dövlət başçısının yanvar ayında imzaladığı fərmanlarla struktur dəyişikliklərin, idarəetmədə təkmilləşdirmənin həyata keçirilməsini göstərmək olar. İmzalanan fərmanlar nəticəsində bir sıra dövlət qurumları ləğv olunub, kadr islahatları həyata keçirilib. Eyni zamanda, cari il yanvarın 3-də Prezident İlham Əliyevin iştirakı ilə Əmlak Xidmətləri Məkanının istifadəyə verilməsini də qeyd etmək olar. Əmlak Xidmətləri Məkanının yaradılmasında əsas məqsəd Əmlak Məsələləri Dövlət Komitəsinin bütün fəaliyyət sahələri üzrə göstərdiyi xidmətlərin vahid məkanda həyata keçirilməsidir. Burada əmlakla bağlı bütün xidmətlər beynəlxalq standartlara uyğun qurulmaqla, şəffaflığın təmin olunması, vətəndaş məmnunluğunun artırılması, vətəndaş-məmur təmaslarının minimuma endirilməsi, xidmətlərin tam elektronlaşdırılması təmin edilib. Belə bir obyektin istifadəyə verilməsi dövlət başçısının müasir dövrün tələblərini nəzərə alaraq həyata keçirdiyi islahatlara daha bir əyani nümunədir.
 
 

Yanvarın 16-da isə ümumi dəyəri təxminən 800 milyon avro təşkil edən, ölkədə qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihə sayılan "SOCAR karbamid” zavodu istifadəyə verilib. Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş bu zavodun istehsala başlaması azot gübrəsi idxalına ehtiyacı aradan qaldırmaqla ölkənin xarici valyuta xərclərini azaldır. Zavod ildə 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulub ki, bu da ölkəyə hər il 160 milyon dollara qədər əlavə gəlirin daxil olmasına imkan verir. Bununla yanaşı, zavodun fəaliyyətə başlaması daha əvvəl idxal üçün sərf edilən illik 90 milyon dollara qədər valyuta vəsaitini ölkədə saxlayır, eyni zamanda, respublikamız üçün əlavə gəlir mənbəyinə çevrilir.
 
 

Cari ilin əvvəlində həyata keçirilən tədbirlərdən, qazanılan nailiyyətlərdən söhbət düşmüşkən, uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi, əlaqələrinin bir qədər də genişləndirilməsi məsələsi üzərində xüsusi dayanmaq istərdik. Yanvar ayının 21-dən etibarən Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb. Bu səfər çərçivəsində dövlət başçımızın keçirdiyi çoxsaylı görüşlər, xarici media qurumlarına verdiyi müsahibələr, ölkəmizin iqtisadi-siyasi reallıqları barədə səsləndirdiyi fikirlər Azərbaycanın tanıdılmasına, beynəlxalq nüfuzunun artırılmasına xidmət edir.
 
 
 
Eyni zamanda, bu görüşlər Azərbaycan iqtisadiyyatına, xüsusən də qeyri-neft sektoruna yeni investorların cəlb edilməsinə, xarici sərmayələrin yatırılmasına yönəlib. Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşü, Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlıq təməlinin qoyulması, əməkdaşlıq sazişinin imzalanması deyilənlərə əyani misaldır. Bundan başqa, Prezident İlham Əliyevin İsveçrəyə səfəri çərçivəsində "Visa”, "CISCO”, "SAP SE”, "LUKoil”, "Total”, "Microsoft”, "Signify”, "Procter and Gamble Europe”, "The Boston Consulting Group”, "Lazard Freres”, "Suez Group”, "Equinor” şirkətlərinin, BP qrupun, Dünya Bankı və "VTB-Bank”ın rəhbərləri ilə məhsuldar görüşləri də Azərbaycana xarici sərmayəçilərin cəlb edilməsi baxımından diqqət çəkir. Ümumən isə vurğulamaq olar ki, ötən il qeyri-neft sektorunda sənaye istehsalını 9,1 faiz artıran Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dördüncü sənaye inqilabına doğru qətiyyətlə addımlayır. Dövlət başçısının Davosda keçirdiyi ikitərəfli işgüzar görüşlər Azərbaycanın qeyri-neft sektoruna, infrastruktur layihələrinə və rəqəmsal iqtisadiyyatın inkişafına xarici investisiyaların cəlbində yeni, daha böyük mərhələnin başlayacağından xəbər verir.
 
Rufik İSMAYILOV


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.927
GEL 1 1 Gürcüstan larisi 0.6404
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2148
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1815
CHF 1 1 İsveçrə frankı 1.6979
KWD 1 1 Küveyt dinarı 5.6001
TRY 1 1 Türkiyə lirəsi 0.3195