Azərbaycanın texnologiyalar brendi

Azərbaycanda qeyri-neft sahəsinin
inkişafı strateji vəzifə kimi qarşıya qoyulmuşdur. Ölkə rəhbərliyi istehsal
sektorunu hər cəhətdən işə salmağa, biznesə innovasiyalar tətbiq etmək arzusunu
aşılamağa çalışır. İqtisadiyyatda həm birbaşa dövlət investisiyaları, həm də
sahibkarların fəal işə stimullaşdırılması yeni vüsət alır. Buna parlaq misal
kimi biznesin və dövlətin birgə səyi nəticəsində yaranmış unikal texnologiyalar
parkını göstərmək olar.
Dünya təcrübəsi göstərir
ki, texnoparkların və xüsusi iqtisadi zonaların yaradılması rəqabətqabiliyyətliliyi
və inkişafın gələcək perspektivlərini artırır. Çin, Türkiyə, BƏƏ, Cənubi
Koreya, Polşa və başqa ölkələr iqtisadi inkişaflarının müxtəlif dövrlərində
xüsusi iqtisadi zonalar və texnoparklar yaratmaqla sahibkarlığın fəallığı,
istehsal fəaliyyəti, elmi-texniki tədqiqatların səviyyəsini artırmağa nail
olmuşlar ki, bu da bütövlükdə ölkə iqtisadiyyatının inkişafının sürətləndirilməsinə
müsbət təsir göstərmişdir.
Azərbaycanda 2009-cu ilin
aprel ayında "Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması
haqqında” Qanun qəbul edilmişdir. Qanunun qəbul edilməsi və onun həyata
keçirilməsi ilə ölkəmizin müxtəlif regionlarında innovasiya fəaliyyəti genişlənir,
sosial-iqtisadi problemlərin həlli sürətlənir, regionlar və iqtisadiyyatın
geridə qalan sahələri inkişaf edir, qeyri-neft sektorunun ixrac potensialı
artır. Sənayenin inkişaf etdirilməsi məqsədilə hökumət sənaye şəhərcikləri
yaradır. Belə ki, 2011-ci ildə Prezident İlham Əliyev Sumqayıtda və Bakı şəhərinin
Balaxanı qəsəbəsində sənaye parklarının yaradılması haqqında iki sərəncam
vermişdir.
Bu gün Azərbaycanda və
regionda texnoparklara bariz nümunə Sumqayıt Texnologiyalar Parkıdır. Qeyd edək
ki, Sumqayıt Böyük Vətən müharibəsindən sonra kimya və alüminium sənayesi mərkəzi
kimi tikilirdi. Getdikcə bu şəhər respublikanın ikinci böyük şəhərinə çevrildi.
90-cı illərin əvvəllərində istehsalın tənəzzülü özünü Sumqayıt zavodlarında da
göstərdi. Köhnə avadanlıq, yüksək ixtisaslı kadrların getməsi istehsalın bəzi
sahələrini lazımsız etdi. Lakin son illər Sumqayıt sanki yenidən doğuldu.
Alüminium zavodu işə düşdü, onun ardınca digər istehsal sahələrində iş canlandı.
Çox qısa zaman kəsiyində regionda unikal istehsal kompleksi – Sumqayıt
Texnologiyalar Parkı tikildi.

XX əsrin 70-ci illərindən
etibarən ümummilli lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində
bugünkü uğurlu iqtisadiyyatımızın inkişafının bünövrəsi qoyulmuşdur. Həmin
siyasətin uğurlu davamçısı - Prezident İlham Əliyevin səy və bacarıqları nəticəsində
bir çox iqtisadı islahatlar həyata keçirilmişdir və nəticədə fərdi sahibkarlar
üçün çox əlverişli şərait yaradılmışdır ki, Sumqayıt Texnologiyalar Parkı (STP)
kimi nəhəng, çoxşaxəli və respublika sənayesini inkişaf etdirən müəssisə
formalaşmışdır.
STP 2009-cu ilin dekabrın
22-də dövlət başçısı cənab İlham Əliyev tərəfindən istismara verilmişdir. Bu
gün həmin tarixdən artıq 7 il müddət keçir. Bu vaxt ərzində istehsal gücünü
daha da artıran STP-nin 250 hektar ərazisində hazırda 17 zavod, 25 artıq
istehsal sahəsi fəaliyyət göstərir. Bu müəssisələrin işə salınması
istehlakçıların tələbatına uyğun yüksək keyfiyyətli müxtəlif tikinti
materialları istehsalına da imkan yaradıb. Müasir texnologiyaların tətbiqi,
eyni zamanda, tikinti sənayesində maya dəyərinin aşağı düşməsinə, yüksək
keyfiyyətə və idxalın əvəz edilməsinə səbəb olub.Ancaq bu, hələ son
deyil. Layihə üzrə sənaye tikililəri sahəsində yeni zavodların dizaynı və
tikintisi davam edir.
STP-də tikinti işlərinə
2006-cı ildən başlanılıb və hazırda bu işlər bir neçə istiqamətdə aparılır.
Bunlar içərisində tikintisi hazırda davam edən cərəyan, gərginlik, ölçü, quru və
yağ tipli transformatorların istehsal olunacağı Transformator zavodunu qeyd edə
bilərik. Burada gərginliyi 500 kV, gücü 400 MV-yə qədər olan transformatorların
ölkəmizdə istehsalının həyata keçirilməsi mümkün olacaqdır. Həmçinin Sumqayıt
Elektrik Stansiyasının yanında yerləşən STP 1-in ərazisində daha iki zavodun
tikintisi davam edir. Burada alüminium və plastik pəncərə profillərindən qapı və
pəncərələrin istehsalını həyata keçirəcək zavod olacaq. Bundan başqa, Texnopark ərazisində istehsal
etdiyimiz məhsulların sərgisi və satışını həyata keçirmək üçün böyük bir təqdimat
binası da inşa olunur.
Hazırda STP-də Kabel,
Polimer Məmulatları, Qaynaq Sinkləmə, Dəqiq Mexanika, Ağır Maşınqayırma,
Elektron Cihazları, Ventilyasiya Boruları və Günəş Kollektorları, Texniki
Qazlar, Maşınqayırma, Press, Aliminium və Mis Elektrotexniki Çubuqları,
Elektrik Avadanlıqları, Tikinti Məmulatları, Sendviç Panellər, Aliminium və Mis
Sənaye Profilləri zavodlarıdır. Həmçinin təməli cənab prezident tərəfindən
qoyulan yüksək gərginlikli kabel qülləsi də artıq istifadəyə verilib və elə bu
günlərdə Azərbaycan tarixində ilk dəfə olaraq 500 kV-lıq kabelin istehsalına
başlanılıb.

Ərazisi 250
hektar olan STP-nin qapalı istehsal sahəsi hazırda 500 min kvadrat metrdən
artıqdır. Fəaliyyət göstərən bütün zavodlar Avropa və Yaponiya istehsalı olan ən
yeni avadanlıqlarla təchiz olunub. Texnoparkın ərazisində fəaliyyət göstərən
zavodlarda ölkəmizdə istehsalı olmayan 40-dan çox məhsul tədarük olunur. Bu müəssisələr
içərisində Kabel Zavodunu xüsusi vurğulayardım. Burada 25 000 çeşiddə (500 kV-a
qədər) ifrat yüksək, yüksək, orta və alçaq gərginlikli güc kabelləri, stasionar
və qeyri-stasionar qoyuluşlu, idarəetmə, XLPE, koaksial, gəmi, neft quyularında
tətbiq olunan zirehli, müxtəlif növlü optik, telefon, LAN, yüksək temperatura
davamlı, qalayla örtülü damarlı torpaqlama kabelləri istehsal olunur və müştərilərə
təklif edilir. Bu istehsal sahəsi ölkəmizdə yeganə müəssisədir
ki, fiber optik kabellərin istehsalını həyata keçirir. Zavodun yüksək texnologiyalar əsasında istehsal etdiyi məhsullar rəqabətqabiliyyətli
olub, həm yerli, həm də xarici bazarlarda geniş yayılıb. Yuxarıda da qeyd
etdiyim kimi, Kabel Zavodu təməli cənab prezident İlham Əliyev tərəfindən
qoyulan ifrat yüksək gərginlikli kabel qülləsi sayəsində 500 kV-lıq
kabellərin də istehsalına başlayıb. Bu tip kabellərin istehsalı dünyada yalnız
4-5 ölkədə mövcud olan bu cür qüllələrdə istehsal olunur ki, onlardan biri də
STP-də fəaliyyət göstərir. İstehsal olunan bütün
kabellər sınaq labaratoriyalarında ən son beynəlxalq standartlara cavab verən
metodlarla yoxlanılır. Labaratoriya avadanlığı alçaq, yüksək və 500 kV-a qədər
ifrat yüksək gərginlikli kabellərin yoxlanılması üçün istifadə olunur. STP-nin
gələcəyin müəssisəsi adlandırılan Kabel zavodu steril təmizliyi ilə seçilir. Müəssisənin
istehsal xətləri və prosesləri müvafiq audit və keyfiyyət yoxlamalarından
keçmiş və ISO 9001:2008, OHSAS 18000:2007 sertifikatlarına layiq görülmüşdür. 2012-ci
ilin dekabr ayında Kabel zavodu "İnterkabel” Beynəlxalq Assosiasiyasına qəbul
edilmişdir.
Polimer Məmulatlar
Zavodu Sumqayıt Texnologiyalar Parkının ərazisinə görə ikinci zavodudur.
2009-cu ilin dekabr ayından fəaliyyət göstərən bu zavod müxtəlif polimer
boruların istehsalında ixtisaslaşıb. Burada müxtəlif növ, diametrləri 1000 – 1200 mm olan PE – 100 su
boruları, bununla belə 1600 mm-ə qədər, elektrodiffuzion qaynaq oluna bilən, üç
qatlı (üstü polietilen, ortası şüşə lifi dolqulu polietilen və iç qatı
polietilen) su boruları, həmçinin diametrləri 3500 mm-ə qədər basınca davamlı,
silos qurğularında, körpü tikintisində və s. istifadəsi mümkün olan polietilen
və polipropilen plastik borularla yanaşı, PP qurğular, polikarbonat lövhələr,
PVC profilləri də istehsal edilir. Müəssisədə 80-dən artıq müxtəlif istehsal xətləri
fəaliyyət göstərir. Zavodda bütün istehsal prosesi Almaniya, Avstriya və İtaliya
istehsalı olan ən müasir texnoloji avadanlıqların köməyi ilə həyata keçirilir.
Hazır məhsullar Danimarkadan gətirilmiş və yaxşı təchiz olunmuş
laboratoriyalarda sınaqdan keçirilir. Almaniya istehsalı olan texnoloji
avadanlıq və xammalın böyük hissəsi müasir beynəlxalq standartlara cavab verən
məhsulların istehsalına imkan verir. Zavodun ümumi istehsal qabiliyyəti illik
250 000 tondan çoxdur.
STP-nin
Elektrik Avadanlıqları Zavodu da ən müasir avadanlıqlarla təchiz edilmiş müəssisələrdən
biridir.
Ölkə
prezidenti cənab İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət yeni istehsal
sahələrinin yaranmasına səbəb olmuşdur. Belə istehsal sahələrindən biri də
STP-nin Maşınqayırma zavodudur. Zavodda tikinti və sənayenin müxtəlif sahələrində
istifadə olunan və təyinatına görə bir-birindən fərqlənən avtomobil qoşqu və
yarımqoşquları, habelə yük avtomobillərinin şassiləri üzərinə quraşdırılan
özüboşaldan və bortlu kuzovlar istehsal olunur.
2011-ci ildən
fəaliyyət göstərən Ağır Maşınqayırma Zavodunda da ən müasir avadanlıqlar və
mexanizmlər quraşdırılmışdır. Bu müəssisə daxili bazarda rəqabətliliyin
artırılması məqsədilə yaradılmışdır. Burada müxtəlif təyinatlı
metal-konstruksiyalar, 500 kV gərginlikli elektrik xəttləri üçün dəmir
dayaqlar, diametri 325 mm-dən 3000 mm-dək olan polad borular, yük avtomobilləri
üçün müxtəlif böyük ölçülü detallar, həmçinin istənilən ölçülü hidroturbinlər,
külək generatorları və onların müxtəlif hissələri istehsal olunur.
STP-nin Press
Zavodunun təməli 2010-cu il mayın 26-da qoyulmuş, 2011-ci ilin avqust ayında
istismara verilmişdir. Müəssisə müasir tələblərə uyğun yüksək texnologiyalı xətlər
və universal presləmə avadanlıqları ilə təchiz olunmuşdur. Press zavodunda müxtəlif
markalı hidravlik press xətləri yüksək gərginlikli elektrik dayaqlarının hissələrini
layihəyə uyğun olaraq dəqiqliklə emal edə bilir. Respublikamızda analoqu
olmayan hidravlik pressinin köməyi ilə avtomobilqayırma sahəsində avtomobillərin
müxtəlif ölçülü şassilərini və detallarını emal etmək mümkündür.
2012-ci ildən
Sumqayıt Texnologiyalar Parkının tərkibində fəaliyyət göstərən Dəqiq Mexanika
Zavodu mürəkkəb konstruksiyalı maşın-mexanizm elementlərinin istehsalı məqsədi
ilə yaradılmış yeni tipli müəssisədir.

Texniki
Qazlar İstehsalı Zavodu fəaliyyət göstərdiyi qısa müddət ərzində yüksək keyfiyyətli
maye və qaz halında oksigen, azot, arqon və karbon dioksid istehsal etməyə
başlamışdır.
Sendviç
Panelləri Zavodunun buraxdığı sendviç panelləri çox yüksək keyfiyyəti, əla
istilik izolyasiyası, asan quraşdırılma və sökülmə qabiliyyəti, uzunömürlülüyü,
suya yüksək müqaviməti, yanğına müqaviməti, səs izolyasiyası və korroziyaya
davamlılıq kimi xüsusiyyətləri ilə seçilir, demək olar ki, bütün
iqlim zonalarında xarici və arakəsmə divarlar, həmçinin dam örtüyü üçün istifadə
olunur.
Qərbi Avropa
ölkələrinin təcrübəsinin tətbiqi regionda ən qabaqcıl və ekoloji cəhətdən təmiz
Qaynar Sinkləmə Zavodunun yaradılmasına zəmin yaratmışdır. Zaqafqaziyanın ilk
Qaynar Sinkləmə Zavodu böyük həcmdə istehsal gücünə malikdir.
İstehsalatla yanaşı Sumqayıt Texnologiyalar Parkı beynəlxalq əlaqələrə
də çox böyük önəm verir. Müəssisə fəaliyyətə başladığı müddətdən indiyə qədər
100 nəfərdən çox əməkdaşının İngiltərədə, Almaniyada, Finlandiyada, Avstriyada,
Türkiyədə, Yaponiyada və digər ölkələrdə təcrübə qazanmalarına, ixtisaslarını
artırmağa imkan yaradıb. STP daxili bazarla yanaşı, xarici bazarda da məhsullarını
nümayiş etdirir, lazımı tələbatı təmin edir. Bu cür iqtisadi əlaqələri qurmaq
üçün Rusiyada, Ukraynada, Gürcüstanda, Türkiyədə rəsmi nümayəndəliklər fəaliyyət
göstərir. Dillerlər vasitəsilə xarici
şirkətlərlə danışıqlar aparılır, lazımı sifarişləri qəbul edilir və məhsullar
ölkə xaricinə ixrac edilir. Həmçinin həm ölkəmizdə, həm də xaricdə keçirilən
beynəlxalq sərgilərdə STP uğurla iştirak edir, istehsal olunan məhsulların
nümayiş etdirir, yeni bazarların axtarışını davam etdirir.
Cənab Prezident İlham Əliyevin "Made in Azerbaijan”
brendinin dünyada tanıdılması ilə bağlı verdiyi qərarda STP kimi iri
müəssisələrə dövlət dəstəyinin göstərilməsi, xarici bazarlarda ölkəmizi uğurla
təmsil etməyə çox böyük kömək edəcək. Artıq beynəlxalq aləmdə "Made in
Azerbaijan” brendi təkcə "Azeri Light” olmayacaq. Azərbaycan STP-nin məhsulları
olan ifrat yüksək gərginli kabelləri ilə, ağır maşınqayırma sənayesi ilə,
tikinti avadanlıqlarıyla xarici bazarlarda çıxış edə biləcək.
F.ABASOĞLU
