• cümə, 29 Mart, 03:25
  • Baku Bakı 7°C

Azərbaycanın təşəbbüsləri Qoşulmama Hərəkatının yüksəlişində mühüm rol oynayıb

01.03.23 09:00 1337
Azərbaycanın təşəbbüsləri Qoşulmama Hərəkatının yüksəlişində mühüm rol oynayıb

Trend BİA-nın BMT Baş Assambleyasının sədri Çaboy Kereşi ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun martın 2-də Bakı şəhərində keçiriləcək iclası öncəsi özəl müsahibəsi

- Son il ərzində dünya eyni anda bir neçə böhranla üzləşdiyindən dəyişib. Sizin BMT Baş Assambleyasının sədri olaraq “Həmrəylik, davamlılıq və elm yolu ilə həll axtarışı” şüarınız mövcud problemlərin həlli üzrə səylərlə yaxşı uzlaşır. BMT qlobal problemlərin həllində öz rolunu necə artıra bilər?

- Beynəlxalq ictimaiyyət çox mürəkkəb və bir-biri ilə əlaqəli böhranlarla üzləşməkdədir. Təsəvvür edin ki, qarlı dağın ətəyində dayanmısınız və üzərinizə iri qar topası gəlir. Biz çox çətin vəziyyətdəyik.

Dünyada onlarla münaqişə baş verir və Ukraynadakı müharibə onlardan yalnız biridir. Lakin bu müharibə ərzaq və enerji tədarükü üçün ciddi qlobal nəticələrə malikdir.

Post-pandemiya dövründə borc böhranı və iqtisadi enişin yaxın olduğu bir vaxtda qlobal inflyasiya artmaqdadır. Biz COVID-19-dan sonra hələ də özümüzə gələ bilməmişik, lakin alimlər bu dərəcədə ölümcül olacaq və 10 il ərzində davam edəcək yeni pandemiya və ya epidemiya ehtimalının təqribən 25 faiz olduğunu proqnozlaşdırırlar. Bu cür qeyri-müəyyən dünyada biz kütləvi yerdəyişmələr, insan haqlarına ciddi təsirlər müşahidə edirik. Çoxlu böhranlarla üzləşməyimiz heç də dünyanın dayandığı anlamına gəlmir. Türkiyədə və Suriyada bu yaxınlarda dəhşətli zəlzələlər oldu, 40 mindən çox insan həlak oldu, bir çoxu evsiz və işsiz qaldı.

Yaxşı, bəs nə etməliyik? Biz Birləşmiş Millətlər Təşkilatının lider mövqe tutduğundan və həllər təklif etdiyindən əmin olmalıyıq. BMT Baş Assambleyası bu həlləri hazırlayan əsas orqandır. Bu, BMT-nin hər bir üzv dövlətini platforma və səs hüququ ilə təmin edən platformadır. Azərbaycan Baş Assambleyanın fəal üzvüdür. Mən üzv dövlətləri həllər axtarmağa çağırıram və bununla real tədbirləri nəzərdə tuturam. Bizim bir çox müqavilələrimiz, sazişlərimiz, hədəflərimiz və planlarımız var. Bunları həyata keçirmək isə qat-qat çətindir. Artıq BMT-yə ümid bağlayan 8 milyard insanın həyatını yaxşılaşdıracaq transformativ tədbirlər görülməlidir.

Bu qərarların qəbulu həmrəylik hissindən irəli gəlməlidir. Üzv dövlətlər üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməli və öz aralarındakı, həmçinin icmaları aralarındakı qeyri-bərabərlikləri aradan qaldırmalıdırlar. Biz ya bir yerdə ayaq üstə durmalı, ya da birlikdə yıxılmalıyıq. Dayanlıqlı inkişaf çox mürəkkəb məsələlərə kompleks yanaşmanı əks etdirir. Hazırda iqlim dəyişikliyi, ciddi su böhranı və davam edən biomüxtəliflik itkisi ilə üzləşdiyimiz bir zamanda biz öz mövcudluğumuz uğrunda mübarizə aparmaqdayıq. Planet iqlim dəyişikliyinə davam gətirəcək, okeanlar qalacaq, bir sıra bitkilər və heyvanlar çox güman adaptasiya olacaq. Bu planet bizsiz də var olacaq. Lakin insanlar yaşayacaqmı? Sual bax budur.

Əsas həll yolu elmdir. Üzv dövlətlərin dəqiq qərarlar qəbul edə bilmələri üçün sınanmış elmi məlumatların Baş Assambleyanın bütün fəaliyyətinə tətbiq olunmasını istəyirəm. Elmi işçiləri və tədqiqatçıları üzv dövlətlərlə bir araya gətirirəm ki, müzakirələr apararaq və suallar verərək birlikdə həll etməli olduğumuz problemləri başa düşsünlər. Bu, istər Nyu-Yorkda, istərsə də səfərdə olduğum zaman mənim üçün prioritet təşkil edir. Mən Hindistanda, Çində və Yaponiyada elmi prioritet olaraq müəyyən etmişəm və hazırda Azərbaycanda da bunu edirəm, səfərimin sonuncu dayanacağı Qatarda da bunu edəcəyəm. Elmi işçilərdən öyrənmək və bu dərsləri BMT-yə çatdırmaq lazımdır.

- Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi müddətdə təşkilat həqiqətən də qlobal məsələlərin həlli ilə aktiv şəkildə məşğul olub və beynəlxalq arenada daha çoz nəzərə çarpıb. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində həmçinin COVID-19 ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının xüsusi sessiyasını keçirib. Azərbaycanın təşkilatın yüksəlişinə töhfəsini necə qiymətləndirirsiniz?

- Azərbaycan Qoşulmama Hərəkatının sədrliyini kritik bir zamanda qəbul etdi. Azərbaycanın sədrlik etdiyi birinci il, yəni 2020-ci il yeni tarixdə səhiyyə sahəsindəki ən böyük böhran olan COVID-19 pandemiyasının başlaması ilə üst-üstə düşdü. İlk olaraq, Azərbaycan hakimiyyətinin təşəbbüsü ilə 4 may 2020-ci ildə Qoşulmama Hərəkatının üzv dövlətlərinin növbədənkənar sammiti keçirildi. Bu, böyük həmrəylik və vəhdət yolu ilə COVID-19 virusuna qarşı mübarizə üzrə qlobal səylərin birləşməsinə səbəb olan son dərəcə mühüm hadisə oldu.

Sualınızda da qeyd etdiyiniz kimi, Azərbaycan daha sonra COVID-19-a qarşı cavab tədbiri olaraq BMT Baş Assambleyasının xüsusi sessiyasını keçirdi və nəticədə bütün ölkələrin vaksinlərə bərabər qaydada, uyğun qiymətə, vaxtında və universal çıxışının təmin edilməsi haqqında qətnamə qəbul olundu. Bu, vaksinlərin istehsalı, bölüşdürülməsi və ədalətli qiymət formalaşması ilə əlaqədar bütün məsələlərdə şəffaflığı artıran bir qərar oldu.

2022-ci ildə biz Qoşulmama Hərəkatında yeni institusional dəyişikliklərin şahidi olduq. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması da mühüm qərar idi. Parlament diplomatiyasının və parlamentlərarası əlaqələrin nə qədər mühüm olduğu mənə yaxşı məlumdur. Baş Assambleyanın bu yaxınlarda qəbul etdiyi qətnamədə Dayanıqlı inkişaf məqsədlərinin əldə edilməsində əsas tərəfdaş olaraq parlamentlərə xüsusi diqqət yetirilir. Parlamentlər Baş Assambleyanın müxtəlif ölkələrdən insanlarla qarşılıqlı fəaliyyət göstərdiyi və onların ideya və təkliflərinin beynəlxalq səviyyəyə çatdığı bir vasitədir. Bu səbəbdən bu yeni tərəfdaşlığı yüksək qiyimətləndirirəm.

Bu yaxınlarda yaradılmış Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi model simulyasiya çalışmalarının və mədəniyyətlərarası mübadilə tədbirlərinin köməyilə gənclərin inkişafı üçün lazımi platformanı təmin edir. Baş Assambleyanın sədri olaraq gənclərlə bütün mövzular üzrə çoxtərəfli səviyyədə müzakirə aparmaq imkanım olub. Mən bir çox şey öyrəndim, lakin çıxardığım əsas nəticə ondan ibarətdir ki, gənclər bu prosesin bir hissəsi olmaq istəyirlər.

Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi müddətdə üzv dövlətlər arasında koordinasiya məsələləri, çoxtərəflilik dəyərlərinin möhkəmlənməsi və beynəlxalq əməkdaşlığın genişlənməsi üzrə bir sıra konkret təşəbbüslər irəli sürüb. Bu konkret təşəbbüslər Hərəkatın yüksəlişində mühüm rol oynayıb.

Qoşulmama Hərəkatının COVID-19-dan sonrakı bərpa məsələlərinə həsr olunmuş qarşıdakı sammiti də eyni dərəcədə əhəmiyyət daşıyır. Dünya bir-biri ilə əalqəli böhranlarla mübarizə aparmaqdadır və həmrəyliyə, davamlılığa və elmə əsaslanmış əməkdaşlıq heç vaxt bu qədər vaxtında baş verməmişdi. Qoşulmama Hərəkatının bütün üzv dövlətləri ilə fəaliyyətin davamını səbirsizliklə gözləyirəm.

-Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə sammit 18-19 sentyabr tarixlərində, BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində keçiriləcək. Hazırda DİM-in reallaşmasında irəliləyiş nə yerdədir? Azərbaycanda DİM-in əldə olunma səviyyəsini necə qiymətləndirirsiniz?

- Dünya Dayanıqlı İnkişaf Məqsədlərinin əldə edilməsinin öhdəsindən yaxşı gəlir? Qısa olaraq cavab belədir – xeyr.

Ayın əvvəlində mən Baş Assambleyanın üzvləri ilə elmi işçilər və tədqiqatçılar arasında müzakirə təşkil etdim. Panel müzakirələrindən biri Dayanıqlı İnkişaf Məqsədlərinə həsr edilmişdi. Müstəqil elmi işçilər qrupunun üzvləri bizi 2023-cü il üzrə Dayanıqlı İnkişaf Hesabatı ilə tanış etdi. Hesabat DİM üzrə qeyd etdiyiniz sammitdə təqdim ediləcək. Hesabatda vəziyyətin çox acınacaqlı olduğu qeyd olunur.

Biz antropogen dövrünü yaşayırıq, insanlar dünyaya daha çox təsir edir. Buraya istixana qazlarının yığılması, biomüxtəlifliyin itməsi və təbii resursların həddindən artıq istehlakı daxildir.

Bütün dünyada insanlar hansı gələcəyi istədiyimizlə bağlı seçim etməlidirlər. Biz yol ayrıcında qalmışıq: işimizə həmişəki kimi davam edə bilərik, yaxud dünyanı on il bundan əvvəl Dayanıqlı İnkişaf Məqsədlərini yaradanda təsəvvür etdiyimiz formaya sala bilərik.

Bu 17 məqsəd bir-biri ilə qarşılıqlı əlaqədədir. Bu səbəbdən bütün Məqsədlər üzrə tərəqqi əldə etməməyimiz heç də təəccüblü deyil, çünki bu məqsədlər bir-birini dəstəkləyir. Məsələn, qız və oğlan uşaqlarını təhsillə təmin etməsək, ailələri qida və kifayət qədər təmiz su ilə təmin etməsək, yoxsulluqla mübarizə apara bilmərik.

Bütün planetdə DİM, sülh və tərəqqiyə nail olmaq üçün bizə əsl transformasiya lazımdır. Lakin icazənizlə qeyd edim ki, bu məqsədlərə nail olmasaq, bəşəriyyətin sağ qalacağından əmin ola bilmərik.

Mən vəzifəyə başladığım gündən etibarən üzv dövlətlərdən fəaliyyətimizə böhran idarəetmə prizmasından yanaşmalarını – indi fəaliyyətə başlamalarını, daha sonra isə transformasiya prizmasından yanaşaraq indikindən daha yüksək səviyyədə real dəyişikliklərin baş verməsi üçün tədbir görmələrini xahiş etmişəm.

Transformasiya mürəkkəb prosesdir və xeyli vaxt, planlaşdırma və resurslar tələb edir.

Azərbaycana gəlincə, son 30 ildə ölkə əhəmiyyətli dərəcədə iqtisadi artıma və rifahın yüksəlməsinə nail olaraq aşağı gəlir səviyyəsinə malik ölkədən orta səviyyədən yuxarı gəlir səviyyəsinə malik ölkəyə və inkişaf etməkdə olan donora çevrilib.

Azərbaycan MAPS missiyasını (2030-cu ilədək inteqrasiya, sürətləndirmə və Gündəmə siyasi dəstək) həyata keçirən ilk ölkələrdən olub. Burada milli səviyyədə məqsədlərin əldə edilməsini sürətləndirmək üçün görülə biləcək konkret siyasi və proqram addımları əks olunmuşdu. DİM-in reallaşmasına dəstək məqsədilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradıldı.

Azərbaycan hökumətinin güclü, daha dayanıqlı və ekoloji təmiz iqtisadiyyat modelinin yaradılması istiqamətində apardığı transformasiya dəyişikliklərini yüksək qiymətləndirirəm. “Yaşıl” gündəmin reallaşdırılması ölkənizin Paris sazişi üzrə öz beynəlxalq öhdəliklərini və istixana tullantılarının azaldılması üzrə öhdəliyini yerinə yetirməsinə imkan yaradacaq.

Milli səviyyədə Dayanıqlı inkişaf məqsədlərini irəli sürərkən biz hamımız DİM-in əldə olunması üzrə bu qədər mühüm qlobal proqresə öz töhfəmizi verməliyik, belə ki, dünya 2030-cu ilə yaxınlaşmaq üzrədir.

Bu cür səylər böyük əhəmiyyət kəsb edir. Belə ki, yalnız transformasiya qərarları dünyamızı daha təhlükəsiz, bərabərhüquqlu və dayanıqlı edəcək. Beynəlxalq ticarət-maliyyə sistemi bu həlləri dəstəkləməli və inkişaf etməkdə olan ölkələrdə fəaliyyət göstərməlidir.

- Münaqişələr, iqlim böhranı və digər qlobal problemlər çoxtərəflilik və dünya təhlükəsizlik arxitekturası üçün çağırışdır. Kollektiv təhlükəsizlik bölündükdə qeyri-müəyyənlik üstünlük təşkil edir. BMT-nin qlobal əməkdaşlığı gücləndirmək və çoxtərəfliliyi aktivləşdirmək üçün yol xəritəsi mövcuddurmu?

- Şübhə yoxdur ki, geosiyasi gərginlik və çoxsaylı böhranlar hazırda dəbdə olan “çoxtərəflilik böhranı” frazasının yaranmasına səbəb olub. Bu, BMT-nin öz aktuallığını itirəcəyi və nizamnaməsində qeyd olunan ideallara və prinsiplərə riayət etmədiyi ilə bağlı narahatlıq yaradır. Bu, qismən də Təhlükəsizlik Şurasının geosiyasi gərginlik fonunda çox vaxt iflic vəziyyətində qalması və 21-ci əsrdə dünyanı təmsil etmədiyi nə dair tənqidlə üzləşməsi ilə bağlıdır.

Lakin gəlin unutmayaq ki, BMT Təhlükəsizlik Şurasından xeyli böyükdür. Bu, ilk öncə Baş Assambleyası və insan hüquqları, iqtisadi inkişaf, sülhün dəstəklənməsi, tərksilah, əhalinin inkişafı və bir çox digər məsələlərlə məşğul olan çoxsaylı köməkçi orqanları vasitəsilə normalar formalaşdıran təşkilatdır

BMT bütün dünyada adətən beynəlxalq kütləvi informasiya vasitələrinin diqqət mərkəzindən kənarda qalan yerli icmalara köməklik və dəstək göstərir. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi və Ümumdünya Ərzaq Proqramı BMT-nin hər gün insanların həyatını xilas edən təşkilatlar sisteminin yalnız bəziləridir. Birləşmiş Millətlər Təşkilatı mükəmməllikdən uzaq olsa da, hələ də insanlar üçün aktual olaraq qalır. BMT hökumətlər üçün də aktualdır, çünki onların hamısı təşkilatın gündəlik fəaliyyətində iştirak edir.

BMT hər gün mühüm qərarlar qəbul edir: sülhməramlı missiyalara səlahiyyət verir, insan hüquqlarının və beynəlxalq hüququn pozulmasını pisləyir. Elə ötən həftə Baş Assambleya üzvlərinin böyük əksəriyyəti Ukraynada hərtərəfli, ədalətli və davamlı sülh prinsiplərinin lehinə səs verdi. Mesaj çoxtərəfliliyin və beynəlxalq hüquqa əsaslanan beynəlxalq sistemimizin təməlini təşkil edən BMT Nizamnaməsinə tam uyğundur.

Mənim fikrimcə, BMT bizim təkcə A planımız deyil, əhəmiyyət kəsb edən yeganə plandır. Biz onun institutlarını gücləndirmək, üzv dövlətlər arasında anlaşmanı bərpa etmək, əməkdaşlığı yoluna qoymaq və transformativ həllər hazırlamaq üçün əlimizdən gələni etməliyik. 8 milyard insan bizə etibar edib və biz onlar üçün mümkün olan hər şeyi etməliyik.

banner

Oxşar Xəbərlər