Azərbaycanın siyasi sistemi xaricdən gələn dağıdıcı impulsları rədd etmək potensialındadır

Hikmət Babaoğlu: "Siyasi radikallar və dini ekstremistlər arasında daha çox maliyyə qopartma yarışı gedir”
Elçin Mirzəbəyli: "Ölkənin Konstitusion quruluşuna qarşı çıxan istənilən adam faktiki olaraq, cinayət əməli törədir”
Referendum öncəsi xarici səfirliklərdən
aldıqları təlimat üzrə hərəkət edən radikal müxalifət təmsilçiləri Azərbaycanın
imicini ləkələmək, ölkədə gərginlik, qarşıdurma yaratmaq üçün dindarlardan istifadə
etməyi də qarşılarına məqsəd qoyublar. AXCP və Milli Şura rəhbərliyi bu məqsədlə
radikal çağırışları ilə tanınan dindarlarla əlaqələr qurur, onlardan istifadə
etməklə məkrli planlarını həyata keçirməyə çalışırlar. Ə.Kərimli və dəstəsi
İslam pərdəsinə bürünərək mütəşəkkil silahlı dəstə və cinayətkar birlik
yaradan, hakimiyyəti zorla ələ keçirməyə və ya devirməyə çalışan radikal
dindarlara geniş qucaq açırlar. Milli Şuranın sentyabrın 11-də keçirdiyi
mitinqdə hazırda həbsdə olan radikal dindarlar Mövsüm Səmədov və Taleh Bağırzadənin
tərəfdarlarının iştirakı buna əyani sübutdur. Lakin mitinqdən ötən günlər ərzində
radikal mövqeyi ilə seçilən dindarların sosial şəbəkələrdə apardıqları müzakirələr
onu deməyə əsas verir ki, artıq onlar hadisələrin mahiyyətini dərk edərək,
xarici qüvvələrin yedəyində gedənlərin alətinə çevrilmək istəmir, Azərbaycana və
onun dövlətçiliyinə qarşı xəyanətkar mövqe tutan Ə.Kərimli və tərəfdarlarının əməllərinə
şərik olmaqdan qaçırlar. Bakı şəhərində fəaliyyət göstərən 41 dini icma adından
ötən gün yayılan bəyanat da onu deməyə imkan verir ki, ölkəmizin dini inanclı kəsimi
müstəqil Azərbaycanın uğurlarından narahatlıq keçirən, müxtəlif vasitələrlə bu
inkişafın qarşısını almağa çalışan radikal siyasi qrupların mövqeyini bölüşmürlər.
Qətiyyətlə bildirirlər ki, dinin siyasiləşməsi, yaxud siyasi məsələlərə dini
don geyindirilməsi və dindarların bu prosesə cəlb olunması yolverilməzdir və
bu, dövlətçilik maraqlarımıza, milli-mənəvi dəyərlərimizə ziddir. Ona görə də
dini inanclı kəsim belə cəhdləri və onun arxasında duran bütün şəxsləri şiddətlə
qınayırlar.

Mövzu ilə bağlı fikirlərini "Kaspi”yə
bölüşən Mili Məclisin Müdafiə, Təhlükəsizlik
və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü, politoloq Hikmət Babaoğlu Azərbaycanda
dinin dövlətdən ayrı olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, dindarların
siyasi fəaliyyətlərinin açıq olması Azərbaycanın hüquq sistemində nəzərdə
tutulmur. O, hər bir mömin Azərbaycan vətəndaşının bütün hüquq və azadlıqlardan
istifadə etmə hüququnun olmasını da xatırladıb. Bununla yanaşı bildirib ki, müəyyən
dini ideoloji cərəyan ətrafında birləşmək və bunu siyasi vasitəyə çevirmək Azərbaycanda
hüquq sistemi tərəfindən məqbul hesab edilmir. Deputatın sözlərinə görə, radikal
qruplaşmaları dini-ekstremist qruplaşmalarla birləşdirmək yenə də ölkədən kənarda
olan anti-Azərbaycan mərkəzlərinin bir layihəsidir: "Avqust ayının 15-dən 30-na
kimi radikal cərəyanların nümayəndələrinin birləşdirilməsi ilə bağlı Azərbaycanda
olan bəzi xarici qüvvələrin hərəkətə keçdiyinin şahidi olduq. Nəticədə bu layihənin
icrası üçün start verilmiş oldu. Məsələ ondadır ki, Azərbaycanın siyasi sistemi
intellektual əsaslarla formalaşıb və xaricdən gələn dağıdıcı impulsları rədd
etmək potensialına sahibdir. Düşünürəm ki, məhz bu səbəbdən sözügedən birləşmələr
tezliklə dağılacaq. Bu qruplaşmaların hər ikisi xaricdən idarə olunur. Məqsəd
Azərbaycanda müxtəlif radikal dini ekstremist qruplaşmalar yaratmaqla ölkənin
vahid siyasi sisteminə mənfi təsir etmək, xaos və qeyri-sabitlik yaratmaqdır.
Bu, imperialist mərkəzlərin uzun müddətdir müsəlman şərqində həyata keçirdiyi
layihədir. Ona görə də radikallarla dini ekstremistlərin birləşməsi bu kontekstdə
nəzərdə tutulub. Dünya görüşləri və yanaşmaları tamamilə fərqli olduğu üçün
onlar da öz daxillərində bir-birlərini qısqanırlar. Əslində burada hər iki
qrupun - siyasi radikalların və dini ekstremistlərin daha çox maliyyə qopartma
yarışı gedir. Bu səbəbdən oyun iştirakçılarının hər biri bu cür "mitinq”lərdə
özlərini göstərməyə çalışırlar ki, aparıcı qüvvə bunlardır. Daxildəki rəqabət də
onlara ayrılan xüsusi vəsait uğrunda mübarizənin nəticəsi kimi ortaya çıxır”.

Bütöv
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəyli isə qəzetimizə açıqlamasında bildirib
ki, nə Əli Kərimlinin, nə də radikal islamın İslam dininin mahiyyətinə heç bir
aidiyyəti yoxdur. Onun sözlərinə görə, İslam radikalizmi inkar edən, insanları
mərhəmətə, humanizmə səsləyən bir dindir: "Bu baxımdan da radikal düşüncə
psixoloji baxımdan ciddi problemləri olan insanlara xas xüsusiyyətdir. O
insanlar ki, cəmiyyətin inkişafını təkamül yolu ilə yürüdülən siyasətdə deyil,
aqressivlikdə, kində, dağıdıcılıqda görürlər, belələri sağlam düşüncəli
insanlar hesab oluna bilməzlər. Təbii ki, belə halda onların gerçəkdən İslam
dininə heç bir aidiyyəti ola bilməz. O ki, qaldı Əli Kərimlinin radikal
dindarlarla münasibətlərinə, bu, uzun illərdir davam edir. Vaxtilə demokratiya
və Qərb dəyərlərindən danışan bir insanın birdən-birə tamamilə fərqli istiqamətdə
siyasət yürütməsi, şüarlar səsləndirməsi təsadüfi deyil. Diqqət yetirsək görərik
ki, onu idarə edən dairələrin Aralıq dənizi hövzəsində yürütdüyü siyasətdə
hansı metodlar istifadə olunmuşdusa, hansı dağıdıcı hərəkətlər törədilmişdisə,
bu gün bunlar həmin şəxs tərəfindən istifadə olunmaqdadır. Faktiki olaraq, əməllərində
terrorçuluq amilləri sübuta yetirilmiş, Azərbaycan polisinə və vətəndaşına
silah qaldırmış, hakimiyyəti, dövlətin konstitusion quruluşunu güc yolu ilə
devirmək istəyən şəxslərin Əli Kərimli və Milli Şura adlanan antimilli qurum tərəfindən
müdafiə olunması da bu "proyekt”in ortaq bir məxrəcdən idarə olunduğunu sübuta
yetirir. Əli Kərimli üçün dəyərlərin heç bir fərqi yoxdur. Onun üçün ölçü,
standart, ideoloji amillər yad məfhumdur. Nəticə etibarilə bu adamın yürütdüyü
siyasətin də siyasi proseslərin mahiyyətinə heç bir dəxli yoxdur. Ölkənin
Konstitusion quruluşuna qarşı çıxan istənilən adam faktiki olaraq, cinayət əməli
törədir, zorakılığa çağırışlar edir. Belələrini dəstəkləyən şəxs və ya şəxslər
də onların cinayət əməlinə şərik olur. Nəzərə alsaq ki, Konstitusiyanı ümumxalq
səsverməsi yolu ilə qəbul edən Azərbaycan xalqıdır, deməli, Əli Kərimli və dəstəklədiyi
"dindarlar” elə Azərbaycan xalqının əleyhinə olan insanlardır”.
Rufik
İSMAYILOV
