AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanın ilk maarifçilərindən biri – Musa bəy Quliyev

Azərbaycanın ilk maarifçilərindən biri – Musa bəy Quliyev

Cəmiyyət
11 Avqust 2020, 10:45 289
Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin ölkəmizdə xalq məktəbinin yaranması və maarifçiliyin inkişafında müstəsna xidmətləri olub. Bu seminariyanı bitirmiş məzunların böyük əksəriyyəti Azərbaycanın ucqar qəza və kəndlərində pedaqoji fəaliyyət göstərib, xalqın savadlanmasına, əhalini cəhalətin, geriliyin əsarətindən qurtarmağa çalışıb. Seminariyanın xalqımıza bəxş etdiyi görkəmli simalardan biri də Musa bəy Quliyev olub.

AZƏRTAC görkəmli müəllim, böyük maarifpərvər insan Musa bəy Quliyev haqqında Ukrayna Ali Təhsil Milli Elmlər Akademiyasının akademiki Arif Quliyevin qeydlərini təqdim edir.

Musa bəy Babaş oğlu Quliyev 1872-ci il martın 30-da Tərtərin Mamırlı kəndində dünyaya göz açıb. Uşaqlıq və yeniyetməlik dövrü XIX əsrin 70-80-ci illərinə təsadüf edib. Bu, elə dövr idi ki, çar Rusiyasının müstəmləkəsi olan uzaq əyalətlərdə, o cümlədən Azərbaycanda maarifçilik hərəkatı yavaş-yavaş inkişaf etməkdə idi. Xalqımızın vətənpərvər oğlu, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin cəmiyyətdə maarifçilik toxumu səpməsi, dövrün görkəmli ziyalılarından Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani və başqalarının onu dəstəkləməsi nəticəsində Azərbaycanda təhsilə, dünyəvi elmlərin öyrənilməsinə maraq artmaqda idi. 1879-cu il sentyabrın 23-də Qori Müəllimlər Seminariyasının nəzdində Azərbaycan şöbəsi açıldı. Azərbaycanlılardan müəllim kadrları hazırlamaq kimi tarixi missiya həmin şöbənin öhdəsinə düşürdü. Elə həmin dövrdə bu şöbəyə görkəmli rus maarifçisi Aleksey Osipoviç Çernyayevski tərəfindən azərbaycanlı balalarının cəlb edilməsi respublikamızda dünyəvi təhsilin, ana dili təliminin, bütövlükdə maarifçiliyin inkişafı yolunda irəli atılmış praktik bir addım oldu. Maarif, ədəbiyyat, mədəniyyət və incəsənətin bir çox görkəmli nümayəndələri məhz həmin seminariyada təhsil almışdılar.

M.Quliyev seminariyanı bitirdikdən sonra təhsilini Rusiyanın Sankt-Peterburq İnstitutunda Rus dili və ədəbiyyatı fakültəsində davam etdirib. Buranı bitirdikdən sonra Şuşa şəhərində bir müddət "Realnı uçiliş”də dərs deyib. Sonralar bu məktəb 1 nömrəli Şuşa şəhər orta məktəbi olub.

Həmin dövrdə M.Quliyev Tərtərdə və Bərdədə bir neçə məktəbin açılmasına nail olub və gənclərin savadlanması üçün Azərbaycan və rus dillərində dərs deyib. O, elmi-pedaqoji fəaliyyətinə görə, "Qızıl xaç” nişanı ilə təltif edilib. 1916-cı ildə M.Quliyev Arazkənarı rayonlarda müəllimə ehtiyac olduğundan və gəncləri məktəblərə cəlb etmək məqsədilə Qaryagin uyezdində (indiki Fizuli rayonu) maarif şöbəsinə müdir təyin edilib. Bu vəzifədə işlədiyi müddətdə Qaryagin, Cəbrayıl və Zəngəzur, Zəngilan, Qubadlı, Laçın rayonlarında məktəblərin açılmasında əzmkarlıq göstərib və gəncləri təhsilə yönləndirib.

Bütün həyatını azərbaycanlı balalarının maariflənməsinə, təhsil almasına həsr etmiş M.Quliyev Azərbaycanın ilk maarifçilərindən biri kimi 1920-ci ilə qədər Tərtər, Bərdə və Şuşa məktəblərində müəllimlik edib. O, Azərbaycan və rus dillərindən əlavə, fransız və alman dillərini mükəmməl bilirdi. Azərbaycanda maarifçiliyin inkişaf tarixi ilə bağlı elmi araşdırmaları Fransa mətbuatında dərc olunmuşdu və orada "Qızıl qələm” mükafatına layiq görülmüşdü.

1906-cı ildə Bakıda keçirilmiş Azərbaycan müəllimlərinin I qurultayında Həsən bəy Zərdabi, Nəriman Nərimanov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Firudin bəy Köçərli, Üzeyir Hacıbəyli, Teymur Quliyev, Süleyman Sani Axundov kimi tanınmış maarifçi ziyalılarla yanaşı, M.Quliyev də iştirak edib. XX əsrin əvvəllərində maarifçilik ideyaları ətrafında birləşən bu böyük ziyalıların istiqlal mübarizəsi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə nəticələnmişdi. Ümumiyyətlə, Azərbaycanda pedaqogika elminin inkişaf etdirilməsi, yeni məktəblərin, xalq maarifinin, ali pedaqoji institutun müəllim kadrlarının hazırlığının bütöv bir dövrü məhz Qori Müəllimlər Seminariyası məzunlarının fəaliyyəti ilə bağlı olub. M.Quliyev də yenicə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətində maarifçiliyin inkişaf etdirilməsi istiqamətində bir sıra işlər görüb, əlindən gələni edib.

Görkəmli maarifçi M.Quliyev 1922-ci ildə vəfat edib. Onun böyük oğlu Hətəm Quliyev atası kimi Azərbaycanın ictimai, siyasi, iqtisadi həyatında mühüm rolu olan şəxslərdən biri olub. Azərbaycanın bölgələrindən gələn gənclərin savadlanmasına, işlə və evlə təmin olunmasına, ailə qurmasına kömək edib.

Babasının və atasının yolunu ləyaqətlə davam etdirən Rasim Quliyev Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər kafedrasında çalışır. Onun qızı Lamiyə Quliyeva da həmin kafedrada işləyir. Əhatəsində olan insanların, həmkarlarının və tələbələrinin rəğbətini qazanan Lamiyə xanım ömrünün müdrik çağında xalqın inanıb-etibar etdiyi həkim adını şərəflə və məsuliyyətlə daşıyır.

Azərbaycan xalqı Musa bəy Quliyev kimi tarixi şəxsiyyətlərini qürurla xatırlayır və onların bizə əmanət etdiyi zəngin irsi şərəflə gələcək nəsillərə ötürür.