Azərbaycanın ilk ədəbiyyat tarixçisi

"Bütün Azərbaycan ədəbiyyatını təsdiq edən təkcə
bir ad varsa, o da Firidun bəy Köçərlidir ki, üç cildlik "Azərbaycan ədəbiyyatı
tarixi”ni meydana gətirib”. Y.V.Çəmənzəminlinin
həmkarı haqqında yazdığı bu fikirlər görkəmli ədəbiyyatşünas və maarif
xadiminin ədəbiyyat, mədəniyyət və incəsənət tariximizdə tutduğu yeri
səciyyələndirir. Təsadüfi deyil ki, Firidun bəy Köçərlinin adı ədəbiyyat tarixçisi,
nəzəriyyəçisi, tənqidçisi, tərcüməçisi, mətbuat və teatr qurucusu, pedaqoq,
maarifçi və böyük vətəndaş kimi tariximizdə əbədiləşib.155 illik
yubileyi qeyd ediləcək Firidun bəy Köçərlinin, qırx ilə yaxın bir dövrü əhatə
edən elmi yaradıcılığı, ədəbiyyatşünaslığın hansı qüvvətli və zəif cəhətlərə
malik olduğunu aydınlaşdırmaq üçün qiymətlidir. "Bir millətin ədəbiyyatı, demək
olar ki, onun məişətinin ayinəsidir. Hər bir millətin dolanacağını ,
övzai-məişətini, dərəcəyi-tərəqqisini, mərtəbəyi-kəmalını, qüdrət və cəlalını
onun ədəbiyyatından bilmək olar” yazırdı görkəmli ədəbiyyatşünas.
Şuşadan başlayan yol
Maarifçi alim 1863-cü il yanvarın
26-daŞuşada doğulub.İbtidai təhsilini Mirzə Kərim Münşizadənin
məktəbində alıb. Atası Əhməd bəyin elmə, maarifə, böyük marağı və həvəsi olub.
Bu səbəbdən də oğlunu dövrünün ən yaxşı məktəblərində oxutmağa çalışıb.
Atasının arzularına rəğmən, Firidun bəy Köçərli doğma şəhərdə fəaliyyət
göstərən Rus Məktəbinə daxil olub.XIX əsrin ortalarında Azərbaycanın, o cümlədən Şuşanın mədəni
həyatında böyük yüksəliş var idi. Yerli camaatın teatr tamaşalarına meyli artırdı.
Qafqazda ilk teatr 1845-ci ildə Tiflis şəhərində tamaşaya qoyulur. O vaxtlar
Şuşa ilə Tiflis şəhərləri arasında çox güclü ticarət və mədəni əlaqələr var
idi. Şuşada isə ilk tamaşa 1848-ci ildə səhnələşdirilir. Dramaturgiyamızın banisi M.F.Axundzadənin Azərbaycan dilində
yazdığı ilk pyeslər bundan sonra mütəmadi olaraq Tiflisdə, Bakıda və Şuşada səhnələşdirilir.
1870-ci ildə ilk dəfə olaraq Şuşada Azərbaycan teatr sənətinin yaradıcısı Mirzə
Muxtar tərəfindən Azərbaycan dilində tamaşa qoyulur. O dövrdə gənc
müəllimlərdən Firidun bəy Köçərli, Bədəlbəy Bədəlbəyov, Əbdürrəhim bəy
Haqverdiyev, Həsən bəy Vəzirov və məşhur xanəndə Cabbar Qaryağdıoğlu bu
tamaşada iştirak edirlər.
O dövrdə
məşhur rus pedaqoqu A.Çernyayevski Qafqazı dolaşaraq Qori Müəllimlər
Seminariyası üçün ümidverən gənclər toplayırdı. Firidun bəy Köçərli onun
diqqətini çəkir və gəncə 1879-1885-ci illər ərzində bu məşhur təhsil ocağında
oxumaq nəsib olur.Firidun bəy seminariyanı
bitirəndən sonra bir müddət İrəvan Gimnaziyasında dərs deyir. Köcərlini
İrəvanda təkcə pedaqoq kimi tanımırdılar. O, 23 yaşında olarkən İrəvanda teatr
tamaşası təşkil edir. Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli
şah” komediyasının tamaşası İrəvan əhalisinin həyatında böyük mədəni hadisəyə
çevrilir.1885-ci ildə qısa müddətə Firidun bəy İrəvan gimnaziyasına Azərbaycan
dili və şəriət müəllimi təyin olunur. Gimnaziyada çalışdığı illərdə F.Köçərli
maarif məsələlərinə dair məqalələr yazır, Zöhrabzadə ilə birlikdə
"Təlimi-lisani-türki” adlı dərslik tərtib edir, "Təlimati-sokrat” (1891) adlı
fəlsəfi əsərin nəşrinə nail olur, həm də ədəbiyyata ciddi maraq göstərir, bədii
tərcümə ilə məşğul olub tərcümələr edir. Bu illərdə Köçərli fəal tənqidçi və
ədəbiyyatşünas kimi tanınır. O, zamanın irəli sürdüyü bir sıra ictimai
vəzifələrin yerinə yetirilməsi sahəsində mətbuatın böyük əhəmiyyətə malik
olduğunu qeyd edir, "Kavkaz”,
"Zakafqaziya”, "Kaspi” qəzetlərində təhsil, təlim-tərbiyə, əlifba və dərsliklər
haqqında məqalələr çap etdirir. 1902-ci ildə Köçərli M. Şahtaxtlının yeni
əlifba layihəsi haqqında öz tənqidi mülahizələrini qeydə alır. Firidun bəy
1910-cu ildə Qori seminariyasında Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı
təyin olunur. 1918-1920-ci illərdə onun təşəbbüsü ilə həmin seminariyanın
əsasında açılmış Qazax müəllimlər seminariyasının müdiri işləyir. O, bu
vəzifədə ömrünün axırına qədər çalışır.
Ədəbiyyata,
dilə və uşaqlara məhəbbət
Görkəmli ədəbiyyatşünas 300-dən artıq dərsliyə düzəliş edib, nəzəri
materialı, hekayələri artırıb, metodika və stilistikasını dəyişdirərək
zənginləşdirib. Firudin bəy Köçərli milli ədəbiyyat tarixi ilə bağlı ilk
tədqiqatlarına M.F.Axundovla başlayıb. "İlk ədəbiyyat tarixçimizin
tədqiqatçılıq fəaliyyətinə XIX əsr Azərbaycan ədəbiyyatından, həmin dövrün
ayrı-ayrı ədəbi şəxsiyyətlərinin həyat və yaradıcılığından, o cümlədən də
M.F.Axundovun irsindən başlaması obyektiv-tarixi faktorlarla, ədəbi-ictimai
zəminlə bağlı idi. Köçərlinin ədəbiyyatımızın Füzuli, Vaqif, M.F.Axundov,
Zakir, S.Ə.Şirvani kimi görkəmli simalarının yaradıcılığına həsr edilmiş
tədqiqatı onun Azərbaycan ədəbiyyatına çox gözəl bələd olduğunu göstərir”- deyə
tədqiqatçılar Köçərlinin irsini araşdıraraq yazırlar: "Vaqif, Vidadi, Nəbati,
Zakir və bir sıra başqa Azərbaycan şairlərinin tərcümeyi-hallarına dair ilk
geniş məlumat, ədəbiyyatımızın və mədəniyyətimizin fəxri olan böyük M.F.Axundov
haqqında birinci kitab Köçərli qələminə məxsusdur”. Firidun bəy Köçərli
xalqının tarixinə bələd olmaqla, onun həyat tərzinin bədii ədəbiyyatda əksinin
hansı səviyyədə aparılmasını öyrənməklə və bunu sistemləşdirməklə özünə məşhur
bir tənqidçi adını qazandırmağa nail olur.
"O, yalnız hadisələri, ədəbi əsərləri saymır, "sənət dilindən elm dilinə
köçürməyə çalışır”- deyə ədəbiyyatşünas alim Mir Cəlal Paşayev onun haqqında
yazırdı.
Firidun bəy ədəbiyyatda realist sənət tipinə üstünlük verirdi. "Vətən
dilinin” I hissəsinin (VII nəşr) yenidən işlənilməsində Firidun bəy Köçərlinin
xidmətləri böyükdür. Firidun bəy Köçərli tükənməz məhəbbətlə sevdiyi milli
ədəbiyyatı bütün həyatı boyu təbliğ və tətbiq etməklə məşğul olmuş, onun həm
keçmişini, həm də müasir nailiyyətlərini qiymətləndirməyin gözəl nümunəsini
göstərmişdir.Firidun bəy Köçərli həm də gözəl bir tərcüməçi idi. "Bizim üçün çox
əhəmiyyətlidir ki, Lermontovun, Koltsovun, digər görkəmli rus şairlərinin
əsərlərinin ilk dəfə Azərbaycan dilinə tərcümə olunmuş nümunələri arasında
Firidun bəy Köçərlinin də qələminə məxsus əsərlər vardır”- deyə akademik Bəkir
Nəbiyev yazırdı.Firidun bəy Köçərli maarifçi dünyagörüşünə malik realist yazıçı
olduğundan, onun orijinal mövzu seçmək, sosial problemləri qaldırmaq və onları
həll etmək yolları haqqında özünəməxsus prinsipləri olub, əsrin görkəmli
publisistləri arasında xüsusi mövqeyi vardır. Vətəni müstəmləkə əsarətindən
qurtarmaq, xalqın milli müstəqilliyini təmin etmək, milləti oyatmaq, geniş
əhali kütləsini istibdad boyunduruğundan, ruhani əsarətindən xilas etmək,
cəhalət və nadanlıq girdabından qurtarmaq, əsrin siyasi, iqtisadi və mədəni
inkişaf gedişatına qoşmaq və s. onun publisistikasının əsaslarını təşkil edir.
Köçərli uşaqları tərbiyə etməyi xalq qarşısında xidmət hesab edirdi.
Folklor nümunələrini ilk dəfə Azərbaycanın maarif xadimlərindən olan Firidun
bəy Köçərli toplayıb, uşaqları nəzərə alaraq 1912-ci ildə "Balalara hədiyyə”
adı altında çap etdirib. O, zaman keçdikcə unudulan xalq bayatılarını,
nağıllar, tapmacalar atalar sözlərini ən zəngin xəzinə hesab edir. Uşaqların
tərbiyəsində folklorun müstəsna xeyri olduğunu göstərir.Firudin bəy ana dilinin inkişafına, bu dildə ədəbi və elmi əsərlərin
yayılmasına böyük əhəmiyyət verirdi. Azərbaycan dilinin tarixi və inkişafı
haqqında, habelə bədii dil məsələsinə dair bir sıra maraqlı və orijinal
fikirlər söyləyən Köçərli yazırdı: "Ana dili millətin mənəvi diriliyidir,
həyatının mayəsi mənziləsindədir. Ananın südü bədənin mayəsi olduğu kimi, ana
dili də ruhun qidasıdır. Hər kəs öz anasını və vətənini sevdiyi kimi, ana
dilini də sevir”. Firudin bəy əlinə qələm alanlara "Millətini sevən, onun
mənəvi diriliyinə çalışan, tərəqqisi yolunda əmək sərf edən yazıçılarımızdan,
ədiblərimizdən və şairlərimizdən çox-çox təvəqqe edirik ki, dillərini
asanlaşdırsınlar, ana dilindən uzaq düşməsinlər, meymunluqdan əl çəksinlər,
fikirlərini açıq və sadə dildə yazsınlar, - ta ki, onların yazdıqlarını oxuyan
anlasın, düşünsün və ayılsın. Ancaq bu yolla yazan və oxuyanın arasında
dostluq, ittifaq və birlik əmələ gələ bilər” deyərək səslənirdi. "Bir millətin
malını, dövlətini və hətta vətənini əlindən alsan da ölüb getməz, amma dilini
alsan, ondan bir nişan qalmaz” yazırdı görkəmli ədəbiyyatşünas yazırdı.
«Azərbaycan
tatarlarının ədəbiyyatı» F.Köçərlinin nəinki Azərbaycandakı, hətta Avropadakı,
Rusiyadakı və eləcə də dünyanın çeşidli bölgələrindəki türk ədibləri, yazarları
ilə əlaqələrini genişləndirdi. Dünyanın müxtəlif regionlarından onunla əlaqə
saxlayan ədəbiyyat həvəskarları, folklor toplayıcıları müəllifə yeni
materiallar göndərir və xahiş edirdilər ki, başladığı böyük elmi-fundamental, filoloji
araşdırmalarını davam etdirsin.Azərbaycan
mətbuatı F.Köçərlinin ədəbiyyat tarixi ilə bağlı müxtəlif səpgili məqalələrini
dərc edirdi. Dövrün görkəmli ziyalılarından olan Ə.Topçubaşov ilk ədəbiyyat
tarixçimizin gördüyü işə yüksək qiymət verir və yazırdı: "...Ədəbiyyatımızın
tam icmalnı indiki şəraitdə tərtib etmək - son dərəcə çətin vəzifədir və bir
adamın işi deyil”.
Güllələnmə
qərarı
Firidun bəy
Köçərli 1920-ci ilin mayında Gəncədə baş verən antisovet üsyanı zamanı XI Qızıl
ordunun 20-ci diviziyasının hökmü əsasında həbs edilir. Erməni Sarkis
Danilyanın diktəsi ilə Firidun bəy Köçərli haqqında güllələnmə qərarı
çıxarılır. Qərarı fövqəladə komissar Həmid Sultanov təsdiq edir. Görkəmli
ədəbiyyatşünas haqqında çıxarılanittihamda
qeyd olunurdu: "Firidun bəy Köçərlinskinin əks-inqilabçı kimi ittihamnaməsi üzrə
işinə baxaraq və Qazax İnqilab Komitəsinin ona verdiyi xasiyyətnaməni nəzərə
alaraq bildirirəm ki, müttəhim Köçərlinski özünün hakimiyyətindən və böyük
səlahiyyətindən istifadə edərək, zəhmətkeş xalqa zorakılıq göstərmişdir.
Köçərlinski Qazaxda "Müsavat” partiyasının sədri olarkən millətçilik
ehtiraslarını qızışdırmışdır. Nəticədə qonşu millətlər arasında toqquşmalar baş
vermişdir. Onun verdiyi izahat heç də inandırıcı deyil... Müttəhim Köçərlinskinin
şahidlərin dindirilməsi haqqındakı ərizəsini nəticəsiz qoymaq (rədd etmək)
lazımdır. Onun gələcəkdə azadlıqda qalması Qazax qəzasında əks-inqilabi
hərəkatın baş verməsinə, fəhlə və kəndlilərin günahsız olaraq qanlarının
tökülməsinə səbəb ola bilər. Qərara alınır: müttəhim Köçərlinski güllələnsin”.
Firidun bəy Köçərlinin həbs edilməsi haqqında xəbər o zaman
Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri olan Nəriman Nərimanova
çatdırılır. O, Firidun bəyin azad olunması barədə Gəncəyə teleqram göndərsə də,
artıq gec idi... Firidun bəy Köçərli XI Ordunun xüsusi şöbəsi tərəfindən
1920-ci ildə, 58 yaşında güllələnir. Uzun illər bu məsələ gizli saxlanılır və
maarif xadiminin bir təsadüf nəticəsində güllələndiyi bildirilir.Beləcə, maarifçilik, işıqlı gələcək üçün döyünən bir ürəyi
susdurdular. Ancaq görkəmli xadimin millətinə miras qoyduğu cild-cild əsərlər, mənəvi sərvət yadigar
qaldı.
Təranə
Məhərrəmova
