Azərbaycanın ərazi bütövlüyü mütləq bərpa olunacaq
Millət vəkilləri hesab edirlər ki, qonşularına
qarşı əsassız ərazi iddiaları irəli sürən, müxtəlif təxribatlar törətməklə Cənubi Qafqazda təhlükəsizliyə zərbə vuran Ermənistan uçuruma yuvarlanmaqdadır
İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri
növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz
istiqamətində mövqelərimizi ələ keçirtməyə çalışıb, artilleriya atəşindən
istifadə edərək hücuma cəhd edib. Azərbaycan Ordusunun ayıq-sayıqlığı, həyata
keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə
və hərbi texnikasına ciddi zərər yetirilib. Beləliklə də adekvat xarakter
daşıyan əks-tədbirlər nəticəsində Azərbaycan Ordusu Ermənistanın təxribatna qətiyyətli
cavab verib. Bununla əlaqədar Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
İclasda çıxış edən dövlət başçısı Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin
Tovuz istiqamətindəki hərbi təxribatının ilk hadisə olmadığını diqqətə
çatdırıb. Qeyd edib ki, son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində
Azərbaycan hərbçiləri, mülki şəxslər həlak olub. İyulun 12-də də qəflətən Azərbaycan
hərbi bölmələrinin postuna artilleriya atəşinin açılması nəticəsində hərbçilərimiz
həlak olub və yaralanıb. O, Ermənistanın növbəti təxribatının qarşısının qətiyyətlə
alındığını, adekvat cavab verildiyini dilə gətirib. Bildirib ki, Ermənistan tərəfinin
bütün cəhdləri iflasa uğrayıb, Silahlı Qüvvələrimiz dövlət sərhədini qoruyub və
Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyiblər.
Ölkə başçısı baş verənlərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin
üzərinə düşdüyünü bəyan edib. Prezidentin fikrincə, məhz Ermənistan rəhbərliyinin
ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir.
Milli Məclisin
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Azərbaycan Demokratik
Maarifçilik Partiyasının (ADMP) sədri Elşən Musayev Ermənistan silahlı qüvvələrinin iyulun 12-də törətdiyi
təxribatın bir neçə səbəblə bağlı olduğunu söyləyib: "Azərbaycanın regionda və
dünyada artan nüfuzu, bu nüfuzun fonunda beynəlxalq təşkilatların daha da təkidlə
və aydın şəkildə Ermənistanı işğalçı adlandırması vandal təxəyyüllü düşmənlərimizdə
yeni qıcıq yaradıb. Bununla yanaşı, pandemiya dövründə Paşinyan və onun
hakimiyyətinin böhran vəziyyətində olması da təxribatın törədilməsi səbəblərindəndir.
Ermənistanda iqtidar əməlli-başlı çöküb, həm siyasi, həm də iqtisadi sahədə.
Belə olan halda Paşinyan düşünüb ki, cəbhə bölgəsində təxribat törətməklə
ictimai fikri yayındırmaq olar. Amma yenə yanılıb. Növbəti dəfə Azərbaycan
Ordusunun gücünü hesablaya, proqnozlaşdıra bilməyib. İyulun 12-də gün ərzində
baş verən proseslər bir daha göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri istənilən
təxribatın qarşısını almağa qadirdir. Qısamüddətli döyüşdə erməni hücumu nəinki
dəf edildi, hətta yağı düşmənin yetərincə hərbi texnikası və canlı qüvvəsi məhv
edildi. Düzdür, hələ ermənilər itkilərini etiraf etmirlər. Daha dəqiqi, bu
etirafı 5-ci, 6-cı dərəcəli məmurların vasitəsilə "Facebook” üzərindən edirlər.
Amma fakt budur ki, iyulun 12-dən etibarən erməni qüvvələri yetərincə itki
verib. Qeyri-rəsmi məlumatlara görə, erməni ordusunun 30-dan çox əsgəri məhv
edilib. Bu, onların növbəti fiaskolarıdır”.
Təhlükəsizlik Şurasının iyulun 13-də keçirilən iclasında
Prezident İlham Əliyevin işğalçı Ermənistanın çirkin, məkrli siyasəti barədə
söylədiyi həqiqətlərə diqqət çəkən millət vəkili deyib ki, öz qonşularına qarşı
əsassız ərazi iddiaları irəli sürən, onlarla münaqişə və müharibə şəraitində
yaşayan, ən müxtəlif təxribatlar törətməklə Cənubu Qafqazda təhlükəsizliyə zərbə
vuran Ermənistanı belə siyasət uçuruma aparacaq: "Azərbaycanın şanlı Ordusu peşəkardır,
qüdrətlidir. Cənab Prezidentin vurğuladığı kimi, düşmən təxribatının qarşısını
bu dəfə də qətiyyətlə alan əsgərlərimiz dövlət sərhəddini qorumaqla bərabər, həlak
olan hərbçilərimizin qisası alıb, şəhidlərimizin qanını yerdə qoymayıb. Bundan
sonra da belə olacaq. Bizim əzəli torpaqlarımız geri qaytarılacaq, Azərbaycanın
ərazi bütövlüyü mütləq bərpa olunacaq. Sadəcə, Ermənistan indi saman çöpü
axtarışındadır. Təcavüzkar ölkə anlayır ki, işğal etdiyi torpaqları geri
qaytarmağa məhkumdur. Ona görə də belə mənasız provokasiyalara əl atır və suyu
növbəti dəfə bulandırmağa çalışır. Amma istəyinə nail ola bilməyəcək. Hesab
edirəm ki, beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı təxribat əməllərini
kəskin şəkildə pisləməlidir”.
Milli Məclisin
insan hüquqları komitəsinin üzvü, Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının
sədri Naqif Həmzəyevbildirib ki, bəşəriyyətin
koronavirus pandemiyası ilə mabarizə apardığı bu çətin dövrdə mənfur qonşuların
sərhədlərimizi kobudcasına pozması işğalçı Ermənistanın avantürist hakimiyyətinin
yarıtmaz siyasətini, faşizm ənənələrinə sadiqliklərini bir daha nümayiş
etdirir. Deputatın sözlərinə görə, rəsmi Bakının təcavüzkar Ermənistanı
işğalçılıq hərəkətlərinə son qoymağa və münaqişəni dinc yolla həll etməyə dəvət
etməsinə məhəl qoymayan təcavüzkar Ermənistan beynəlxalq səviyyədə götürdüyü
öhdəliklərini kobud şəkildə pozaraq işğalçı siyasətini davam etdirir: "Azərbaycanın
dünyada müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq
münasibətlər sisteminə öz baxışı olan bir dövlət kimi tanınması sözsüz ki, düşmənlərin
yuxusunu qaçırıb. Məkrli siyasətindən, xudbin niyyətindən əl çəkməyən Ermənistan
2016-cı ilin Aprel, 2018-ci ilin may-iyun aylarında Naxçıvan döyüşlərində Azərbaycan
xalqının öz torpaqlarının azad olunması uğrunda əzmini, ordumuzun gücünü nə tez
unutdu? Gələcəyi Azərbaycanın ərazi bütövlüyünün bərpasından asılı olan Ermənistanın
rəhbərliyi niyə Azərbaycanın müasir silahlara, yüksək texnologiyalara, ən
qabaqcıl hərbi-texniki vasitələrə, güclü sosial bazaya, ruh yüksəkliyinə malik
ordusunun olduğunu yaddan çıxarır? Gözü qonşusunun torpağında olan düşmənlərə
bir daha xatırlatmaq lazımdır ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etmək, əzəli,
əbədi torpaqlarına sahib çıxmaq fikrindən dönməyəcək. Tezliklə Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımız azad ediləcək, üçrəngli
bayrağımız Şuşada, Xankəndində, bütövlükdə Qarabağda, Azərbaycanın işğaldan
azad olunmuş torpaqlarında dalğalanacaq. Düşmənin Azərbaycan-Ermənistan dövlət
sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtmək cəhdinin qarşısının
qətiyyətlə alınması, Prezident İlham Əliyevin Təhülkəsizlik Şurasının iclasında
səsləndirdiyi fikirlər buna tam əminlik yaradır”.
Rufik
İSMAYILOV