Azərbaycan xalqının parlament idarəçiliyi səviyyəsinə yüksəldiyini dünyaya sübut edən Məclisi-Məbusan

Cümhuriyyət parlamentinin iclaslarında təhsil işinin təşkili və inkişafına dair müzakirəyə çıxarılmış və qəbul edilmiş qanunlara baxış
Azərbaycan Xalq
Cümhuriyyəti - Müsəlman
Şərqində yeganə parlamentli
respublika kimi tarixə
daxil olmuşdur. Azərbaycan Xalq
Cümhuriyyəti Parlamenti ( Məclisi-
Məbusan) 7 dekabr 1918 ci ildən - 27 aprel 1920-ci ilədək
olan müddətdə, cəmi on
yeddi ay fəaliyyət göstərmiş
və fəaliyyətdə olduğu müddət
ərzində özünün işgüzarlıq
qabiliyyətini nümayiş etdirərək
Azərbaycan xalqının parlament
idarəçiliyi səviyyəsinə yüksəldiyini dünyaya
sübut etmişdir.
Müttəfiq Dövlətlərin Ali
Şurası 1920-ci il yanvarın
11-də Azərbaycanın və
Gürcüstanın müstəqilliyini de-fakto
tanımışdır . Parlamentin bu tarixi
hadisəyə həsr edilmiş
14 yanvar 1920-ci
il tarixli iclasında
Xarici İşlər Naziri
F.X.Xoyski çıxış edərək
qeyd etmişdir: "Möhtərəm məbuslar! 1918-ci il
mayın 28-də Azərbaycan
xalqı öz istiqlaliyyətini elan
etdi. Lakin müstəqilliyini
elan etmək az
idi. Bizim sərbəst həyata
layiq olduğumuzu bütün
dünyaya sübut etmək
lazım idi. Budur, azərbaycan xalqı
il yarım ərzində
Avropaya sübut etdi
ki, o, sərbəst yaşamağa və
sərbəst surətdə özünü
idarə etməyi bacarır. Azərbaycan xalqının
həyat qabiliyyətli olduğuna
inanan Avropa, bizim
müstəqilliyimizi tanımağı lazım bildi. Azərbaycanın ilk
hökuməti yaradılanda mən
ona başçılıq edirdim
və indi bizim
müstəqilliyimizin tanınması haqqında
xəbəri sizə çatdırmağı
mən özümə böyük
xoşbəxtlik sayıram”.
Xalqımızın Zaqafqaziya
Seymindən Azərbaycan Xalq
Cümhuriyyəti Parlamentinin yaranmasına
qədər keçdiyi olduqca
gərgin , məsuliyyətli və şərəfli
tarixi yol, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi, tarix
elmləri doktoru, professor Ataxan
Paşayevin rəhbərliyi altında
hazırlanmış və 2006-cı
ildə çapdan çıxmış "Zaqafqaziya Seyminin
Müsəlman fraksiyası və
Azərbaycan Milli Şurası
iclaslarının protokolları”
sənədlər toplusunda ətraflı
əks edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti
Parlamentinin açılışı 1918-ci
il dekabrın 7-də
Bakı şəhərində, Nikolayev (
indiki İstiqlaliyyət) küçəsində yerləşən
H.Z.Tağıyevin qızlar məktəbinin
binasında (indiki Əlyazmalar İnstitutunun
binası) həyata keçirildi. Azərbaycan Parlamenti bütün müsəlman
şərqində o dövrün ən demokratik prinsipləri əsasında
formalaşdırılmış ilk Parlament kimi
tarixdə iz qoydu . "Musavat”
fraksiyasının təklifi ilə
Ə.Topçubaşov Parlamentin sədri, H.Ağayev isə onun
birinci müavini seçilmişdi. Lakin Ə.b.Topçubaşov Paris
sülh konfransına yola
düşdüyü üçün Parlamentin
fəaliyyətinə H. Ağayev rəhbərlik
edirdi. Azərbaycan Xalq Cümhuriyyəti
Parlamenti 17 ay fəaliyyət
göstərmiş və bu
müddət ərzində onun 145
iclası - ilk iclas 1918-ci il dekabrın 7-də, son iclas isə 1920-ci il aprelin 27-də keçirilmişdir. Cəmi 17
ay fəaliyyət göstərməsinə
baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti
yüksək işgüzarlıq qabiliyyətini nümayiş
etdirə bilmişdir. Azərbaycan
Parlamentinin qəbul etdiyi qanun və
qərarların hamısı müstəqil ölkənin
ilk qanun və qərarları
kimi çox əhəmiyyətli olmuşdur. Qeyd edirik
ki, fəaliyyətdə olduğu müddət
ərzində Azərbaycan
Parlamentinin müzakirəsinə 270-dən yuxarı qanun
layihəsi çıxarılmışdır ki, onlardan da 230-a yaxını təsdiq
olunmuşdur. Parlamentdə
müxtəlif komissiyalar:
maliyyə-büdcə, qanunvericilik təklifləri, Müəssislər Məclisinə seçkilərin keçirilməsi
üzrə mərkəzi komissiya, mandat, hərbi, aqrar məsələlər:
sorğular üzrə, təsərrüfat-sərəncamverici, ölkənin istehsal qüvvələrindən istifadə üzərində nəzarət, redaksiya və
fəhlə məsələləri üzrə
komissiyalar fəaliyyət göstərirdi.

Azərbaycan Respublikasının Dövlət
Arxivlərində saxlanan tarixi
sənədlər təsdiq edir
ki, Azərbaycan Hökuməti ilə
yanaşı Azərbaycan Parlamenti də
öz fəaliyyətində ölkədə təhsilin, maarifin inkişaf etdirilməsi məsələlərinə mühüm yer
ayırmışdır. Respublikada xalq maarifi və
təhsilin inkişafı, savadsızlığın və
geriliyin aradan qaldırılmasına, eləcə də məktəb-təhsil işinin geniş
surətdə yayılmasına nail olunması Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti və
Hökumətinin qarşısında duran vacib məsələlərdən biri idi. Xalq Maarif Naziri Nəsib bəy Yusifbəylinin 1918-ci ilin dekabrında
Bakı Qubernatoruna göndərdiyi
məktubda qeyd edilirdi:
"..1917-ci il çevrilişinədək Rusiya hökuməti özünün xüsusi siyasi
niyyətlərini əldə rəhbər tutaraq, xalqın maariflənməsi işinə çox az qayğı
göstərmişdi... Xalq maarifinin daşıyıcıları
olan xalq müəllimləri
çar hökuməti tərəfindən
müxtəlif təhqir və
təqiblərə məruz qalırdılar... Həmin hökumətin
ucbatından hazırda
Azərbaycanın bütün ərazisi boyu
məktəblərə böyük ehtiyac
duyulur və indi Nazirlik
bütün qüvvəsini yeni məktəblərin, müəllim kurslarının
və s. açılmasına yönəldərək
mümkün qədər qısa müddətdə
ölkədə maarif və
təhsil işini lazımi
səviyyədə qurmağa çalışır. Çünki, indiki zamanda yalnız
savadlı xalqın sərbəst
yaşamağa hüququ və
imkanı vardır. Ölkənin gələcək
taleyi bu işlərin müvəffəqiyyətindən çox
asılıdır”.
Ölkədə təhsil
və maarifə olan
ehtiyacların ödənilməsi üçün
bu sahəyə xüsusi
diqqətin yetirilməsinin,
zamanın tələbi olduğu həmin
məktubda öz əksini
tapmışdır. Qeyd edirik ki, Parlamentin müzakirəsinə çıxarılmış
bir sıra qanun
layihələri məhz təhsil və maarif quruculuğu işləri ilə bağlı idi. Ölkədə
təhsil sisteminin inkişaf etdirilməsinə
yönəlmiş qanun və qərarların qəbul
edilməsi böyük əhəmiyyət
kəsb etmişdir. Təhsil sisteminin
dağılmasının qarşısının alınmasına, onun dəyişdirilərək milli
mənafelərə uyğun yenidən
qurulmasına, məktəb
islahatlarının aparılmasına və
tədris-tərbiyə işlərinin milli
köklər üzərində yenidən
qurulmasına yönəldilmiş tədbirlərin həyata
keçirilməsi üçün Parlament
və Hökumət tərəfindən
qəbul edilmiş qanun
və qərarların tarixi
əhəmiyyəti danılmazdır.
Azərbaycan Parlamentinin 1918-ci
il dekabrın 26-da
keçirilmiş 5-ci iclasında
F.X.Xoyskinin sədrliyi ilə
yeni təşkil olunmuş
Hökumətin bəyannaməsi elan
edildi. Həmin bəyannamədə təhsil-maarif
məsələlərinə xüsusi yer
ayrılmışdır. Parlamentə daxil olmuş müxtəlif partiya və fraksiyaların
bəyannamələrində də təhsil
məsələlərinə xüsusi diqqət yetirilmişdir. Məsələn, Azərbaycan Parlamentinin
8 yanvar 1919-cu il tarixli
7-ci iclasında dövrünün
tanınmış müəllim və pedaqoqu -
Rəşid bəy Əfəndiyevin qardaşı,
pedaqoji təhsilli Abdulla bəy Əfəndiyev "Əhrar”
fraksiyasının bəyannaməsini səsləndirərkən, ölkədə
təhsil-maarif işinin əhəmiyyətinə
toxunaraq qeyd edirdi: "...Azərbaycan Cümhuriyyətinin maarifə
olan ehtiyacı başqa
ehtiyacının fövqündədir. Ümumfəlakətlərin birinci
səbəbi maarif yoxluğudur, xalq təhsili
işində icbari ümumi
təhsil tətbiq edilməlidir. Məktəb seminariyaları, peşə və
kommersiya məktəblərinin şəbəkəsi
genişləndirilməlidir. Bu il Universitet
də açılmalıdır. Məktəblər kifayət
qədər müəllimlərlə təmin olunmalıdır. Məktəblər
milliləşdirilməlidir. Geniş yayılmış bir sıra kitabçaların, jurnal,
dərslik və təlimatların
ucuz qiymətə nəşr
edilməsi üçün tədbirlər
görülməlidir. Dövlət
təşkilatlarında bütün kargüzarlığın
milli türk (Azərbaycan-R.S.)
dilində aparılması üçün
tədbirlər görülməlidir. Hökumət məmurlarının
hazırlanması üzrə xüsusi
məktəblər açılmalıdır”.
Parlamentin 14 aprel
1919-cu il tarixli
29-cu iclasında N.Yusifbəylinin sədrliyi
ilə təşkil edilmiş
yeni Hökumətin bəyannaməsində də
xalq təhsili məsələlərinə
xüsusi yer ayrılmışdır. Hökumətin bəyannaməsində qeyd edilirdi: "…Müstəqilliyimizin həyata
keçirilməsi və möhkəmləndirilməsi işində
xalq təhsilinin hansı
rol oynadığı hamınıza bəllidir. Hökumət bunu nəzərə alaraq təcili surətdə icbari ümumi təhsil
haqqında qanun layihəsinin
hazırlanmasını və bizim sənaye ölkəmizdə peşə təhsilinə xüsusi
diqqət yetirilməsini vacib hesab edir.

Həmin qanun layihəsinə uyğun olaraq, payıza qədər ölkəmizdə ibtidai
məktəb şəbəkəsinin yaradılmasına
ümid edir. Hökumət mövcud ibtidai və
orta məktəblərin bir hissəsinin
milliləşdirilməsi yolu ilə ölkəmizin sayca çoxluq təşkil
edən türk (azərbaycanlı-R.S.) əhalisi
üçün məktəblər yaratmaqla
yanaşı, sayca azlıq
təşkil edən millətlərin uşaqlarının da orta təhsil
almasının qayğısına qalmasını vacib hesab
edərək, onların ana dilində olan
məktəblərin saxlanmasını, lazımi
hallarda isə dövlət vəsaiti hesabına yeni məktəblərin açılmasını vacib sayır. Hökumət məktəblərin milliləşdirilməsi
üçün müəllim və dərsliklərin
çatışmadığını etiraf edərək, yeni açılan
müəllim seminariyalarında müəllimlərin hazırlanmasına və yaxud xaricdən dəvət olunmasına, həmçinin xüsusi
komissiyalar yaratmaqla yeni dərsliklərin tərtib edilməsinə və onların xarici dildən
tərcümə edilməsinə qüvvəsini sərf
edəcəkdir. Ümid edirik ki, bütün
bu tədbirlərin həyata
keçirilməsi sayəsində yeni tədris
ilinin əvvəllərindən etibarən
kifayət qədər yaxşı avadanlıqla təchiz
edilmiş və tədrisi türk
(Azərbaycan-R.S.) dilində aparılan məktəblərə malik olmağa imkan verəcəkdir.
O ki, qaldı ölkədəki
ali-təhsil müəssisəsinə,
məlumdur ki, Bakıda Kənd
Təsərrüfatı İnstitutunun açılması barədə qanun layihəsi baxılmaq üçün
Parlamentə təqdim edilmiş və gələn tədris ilinin əvvəllərindən etibarən
isə Zaqafqaziya Universitetinin Bakıya
köçürülməsi haqqında danışıqlara başlanılmışdır. Hökumət bu məsələlərin
ölkəmiz üçün faydalı həll edilməsinə dair tədbirlər görəcəkdir.
Aydındır ki, bizim Universitetdə dilimizi, ədəbiyyatımızı və
tariximizi öyrənmək üçün
kafedralar açılacaqdır”.
Azərbaycan Parlamenti tərəfindən 1919-cu ilin martından 1920-ci ilin aprelinədək
olan müddətdə qəbul edilmiş qanun və qərarların bir çoxunu qeyd edək:
- Bolşeviklər tərəfindən müsadirə
edilmiş, sonralar isə hökumət mətbəəsinin mülkiyyətinə verilmiş mətbəə əmlakının
sahibi Abuzər Orucova 468.380
rubl pul vəsaitinin verilməsi. /20 mart 1919/; Hərbi mükəlləfiyyətlər
haqqında Nizamnamənin maddələrinə
əlavələrin edilməsi. /17 aprel 1919/.
Qəbul edilmiş həmin qanuna görə, dəmiryolu məktəblərində
təhsil alan və çağırış yaşına çatmış
müsəlman gənclərin hərbi qulluğa çağırılması təxirə salınır,
təhsillərini başa vurduqdan sonra isə
dəmiryolu alaylarına həqiqi hərbi
xidmətə çağırılırdılar.
- Aşağı ibtidai məktəblərin müəllim və qulluqçularının, onların nəzdindəki
sənət və kənd
təsərrüfatı şöbələrinin, əl işləri
siniflərinin saxlanılması
üzrə qulluqçuların məvacibləri haqqında müvəqqəti qanun /12 may 1919/;
- Qadın orta təhsil müəssisələrinin əsasnamələrinə əlavə və
düzəlişlərin edilməsi /02 iyun 1919/;
Qazax, Nuxa, Şuşa, Quba, Zaqatala, Salyan, Bakı və Gəncədə qısamüddətli
(iki aylıq) pedaqoji kursların açılması /17 iyul 1919/;
Həmin qanuna əsasən qısamüddətli kursların saxlanılması üzrə xərclərin
ödənilməsi üçün dövlət
xəzinəsindən Xalq Maarif Nazirliyinin sərəncamına iki milyon 390 min rubl vəsait ayrılmışdır.
- Bakı Dövlət Universitetinin
təsis edilməsi /01.sentyabr 1919/; Təhsil almaq məqsədi ilə xaricə
göndərilmiş tələbələrə yol xərci və təqaüdlərin verilməsi üçün Xalq Maarif
Nazirliyinin sərəncamına 7 milyon rubl məbləğində pul vəsaitinin ayrılması
/01.09.1919/; Xalq məktəblərinin kitabxanalarına ana dilində yeni kitabların
alınması üçün Xalq Təhsil Nazirliyinin sərəncamına 1 milyon rubl məbləğində pul
vəsaitinin ayrılması /18.09.19/;
Azərbaycan Respublikasında Dövlət
qulluqçularının və mülki
idarələrdə çalışan əməkdaşların
əmək haqqları barədə /27.09.19/; Göyçayda realnı məktəbin
açılması /03.11.19/;
- Kişi orta təhsil müəssisələrində olduğu kimi, qadın orta təhsil
müəssisələrində də sinif rəhbərinin
köməkçisinin vəzifəsinin təsis edilməsi /17.11.19/; Bakı sərbəst feldşer
məktəbinin Xalq Səhiyyə Nazirliyinin tabeçiliyinə verilməsi / 11.12.19/; Xalq Maarif Nazirliyi nəzdində 1 yanvar
1920-ci ildən etibarən yeni beş xalq məktəbləri müfəttişləri vəzifələrinin
təsis edilməsi /01.03.20/;
- Azərbaycan Milli Gimnaziyası nəzdində Uşaq bağçasının açılması
/01.03.20/;
Ali-ibtidai və orta məktəblərdə müəllimlərin əvəz olunmasına görə əməyinin ödənilməsi /4 mart
1920/; Quba qəzasının Xuluq kəndində 01.10.1919-cu ildən etibarən ali-ibtidai
məktəbin açılması /12.04.20/; Şuşa qəzasının Ağdam kəndində 01.10.1919-cu il
tarixdən etibarən ali-ibtidai məktəbin açılması /12.04.20/ və b.
Beləliklə, Azərbaycan
Xalq Cümhuriyyəti Hökuməti
və Parlamentinin son
dərəcə mürəkkəb ictimai-siyasi şəraitdə
fəaliyyət göstərməsinə baxmayaraq,
ölkədə təhsil və
maarifin, bütövlükdə milli mədəniyyətin
inkişaf etdirilməsi həmin
qurumların daima diqqət
mərkəzində olmuş, bu sahələrin inkişaf etdirilməsi üzrə son dərəcə
mühüm əhəmiyyətli qanun və
qərarlar qəbul edilmişdir.
Xalqımız yüzilliklər boyu arzusunda olduğu istiqlal nemətinə 1918-ci
il mayın 28-də qovuşduqdan sonra ölkədə ümumtəhsil hərəkatı keyfiyyətcə
yeni mərhələyə qədəm qoymuş, milli
hökumət və Parlament səviyyəsində savadsızlığın ləğvi istiqamətində mühüm qanun
və qərarlar qəbul edilmiş, sistemli tədbirlər görülmüşdür. Məhz bu dövrdə
Azərbaycan dilinin dövlət dili qəbul edilməsi, məktəblərin milli
köklər üzrə yenidən qurulması, Azərbaycan dilinin təhsil-tədris və
təlim-tərbiyə dilinə çevrilməsi, ana
dilli məktəblər şəbəkəsinin yaradılması, ümumi icbarı ibtidai təhsilə keçid, çoxsaylı pedaqoji
kursların və müəllim seminariyalarının
açılması, Azərbaycanda ilk müasir
ali təhsil və
elm ocağı olan
Universitetin təsis edilməsi,
dövlətin himayəsi altında
ilk məktəbəqədər tərbiyə müəssisələrinin əsasının
qoyulması, milli hərbi məktəblərin
yaradılması, dövlət səviyyəsində azərbaycanlıların xaricdə təhsil
almağa göndərilməsi, əlifba islahatı, ana dilində yeni dərslik və
proqramların hazırlanması və digər
istiqamətlərdə mühüm
addımlar atılmışdır.
Azərbaycanda ali təhsilin
təşkili və inkişafı
tarixi bilavasitə universitetin
təşkili tarixi ilə
başlanır. Lakin bununla yanaşı
qeyd edirik ki, Cümhuriyyət dövründə
respublikamızda ali təhsilin
təşkili üzrə bir
sıra əhəmiyyətli işlər görülmüşdür. Kənd Təsərrüfatı
İnstitutu, Pedaqoji İnstitut,
Dövlət Konservatoriyasının təşkili
üzrə layihələr işlənib
hazırlanmış, Dövlət İncəsənət İnstitutunun
yaradılması üzrə layihənin
işlənib hazırlanmasına dair
müəyyən işlərin aparıldığı
barədə məlumatlar arxiv
sənədlərində öz əksini tapmışdır. Lakin məlum səbəblər ucbatından həmin
dövrdə yuxarıda adları
çəkilən ali məktəblərin
təşkili üzrə başlanan işləri sona çatdırmaq
mümkün olmamışdır.
Azərbaycanda ali təhsilin
təşkili və inkişafı
tarixi bilavasitə universitetin
təşkili tarixi ilə
bağlıdır. Azərbaycanda ilk ali
təhsil ocağı kimi Bakı Dövlət Universitetini təsis etmək mümkün olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti
tərəfindən 1919-cu il
sentyabrın 1-də "Bakı Dövlət Darülfünunu haqqında” qanun qəbul
edilmiş, "Bakı Dövlət Darülfünunun Nizamnaməsi” isə sentyabrın
29-da təsdiq edilmişdir. Qanun qəbul edildikdən sonra Universitetin əməli
olaraq yaradılmasının sürətləndirilməsində
Zaqafqaziya Universitetinin Bakıya
köçmüş tanınmış rus alimləri,
professorları və müəllimləri - V.İ. Razumovski, N.A.Dubrovski, N.A.İşkov,
A.A.Oşman başqalarının böyük
xidmətləri olmuşdur.
Universitetin ilk rektoru, professor V.İ.Razumovskinin Parlamentdəki
çıxışından: " Parlamanın hörmətə layıq
üzvləri! Siz böyük və
tarixi iş gördünüz. Mən
çox şadam ki, Darülfünunun təsisinə
bütün partiyaların vicdanlı
münasibət bəslədiyinin şahidi
oldum. Azərbaycanda, hətta
müsəlman dünyasında bu
böyük hadisə - Darülfünun təsisi
mərasimi təntənəsini qeyd
etməyə, nəinki Parlamanı,
buraya toplaşan kütlələrin
şəxsində ictimai fikri
də gördüyümə hədsiz
xoşbəxtəm...”
Parlamentin sentyabrın 1-də qəbul
etdiyi 10 maddədən
ibarət həmin qanunda üniversitetin 4 fakültəsi
nəzərdə tutulurdu: Şərq şöbəsi
olan tarix-filologiya,
fizika-riyaziyyat, hüquq və tibb. Bakı
Dövlət Universitetinin yaradılmasında M.Ə.Rəsulzadə, F.X.Xoyski, N.Yusifbəyli,
R.Kaplanov, S.M.Qənizadə, H.Ağayev, H.Şahtaxtinski və
onlarca digər tanınmış
şəxslərin böyük rolu
olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil, maarif və mədəni
quruculuq sahələrində həyata keçirilmiş
tədbirlər sonrakı dövrlərdə də
respublikamızda təhsilin və xalq
maarifinin inkişafında mühüm rol oynamışdır.
Azərbaycan Respublikasının Prezidenti, ümummilli lider H.Əliyevin 1998-ci il yanvarın
30-da imzaladığı "Azərbaycan
Xalq Cümhuriyyətinin 80
illiyinin keçirilməsi haqqında”
sərəncamda qeyd edilirdi: "Bu
dövlətin qısa bir
müddətdə həyata keçirdiyi
tədbirlər xalqımızın tarixində
böyük iz buraxmışdır. Milliyyətindən, siyasi və
dini mənsubiyyətindən, cinsindən asılı
olmayaraq, bütün vətəndaşlara
bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin
müəyyən olunması, Azərbaycan dövlətçiliyi
atributlarının qəbul edilməsi, ana
dilinin dövlət dili
elan olunması Azərbaycanın
gələcək müstəqilliyi üçün
möhkəm zəmin yaratmışdır. Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət,
təhsil, hərbi quruculuq sahələrində
atılmış addımlar Azərbaycan
Xalq Cümhuriyyətinin 23
aylıq fəaliyyətini əks etdirən
əsas istiqamətlərdir”.
Azərbaycan Xalq Cümhuriyyəti
dövründə təhsil, maarif və mədəni quruculuq sahələrində həyata keçirilmiş
tədbirlər sonrakı dövrlərdə də respublikamızda təhsilin və xalq maarifinin inkişafında
mühüm rol oynamışdır.
Qeyd:Fotolar Azərbaycan Respublikası
Kino-Foto Sənədlər Arxivindəndir.
Rafiq Səfərov,
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin sənədlərin nəşri
şöbəsinin baş məsləhətçisi
.
.
.
.
