Azərbaycan və Türkmənistan yeni nəqliyyat dəhlizi yaradacaq
Uzunluğu min kilometrlərlə
ölçülən yeni nəqliyyat dəhlizi ölkələrimizin daha da inkişaf etməsi üçün
əlverişli şərait yaradacaq, regional əməkdaşlığı möhkəmləndirəcək
Azərbaycan-Türkmənistan
münasibətlərinin qədim tarixi var. Eyni kökə, mədəniyyətə, qədim tarixi
münasibətlərə, ənənələrə malik olan azərbaycanlılar və türkmənləri dil, din
eyniliyi də birləşdirir. Orta Asiya xalqları içərisində milli mənsubiyyəti
baxımından Azərbaycan xalqına ən yaxın olan məhz türkmənlər hesab olunur.
Çünki, hər iki xalq türklərin oğuz boyundandır. Hər iki ölkəSSRİ-nin
tərkibində müttəfiq respublika olub. Elə həmin dövrdə bu ölkələr arasında
iqtisadi və mədəni əlaqələr formalaşıb. SSRİ dağıldıqdan, postsovet məkanında
müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə
başlayıb və 1992-ci il iyun ayının 9-da diplomatik əlaqələrqurulub.
1993-cü ili dekabrın 23-24-də Aşqabadda keçirilən MDB-yə üzv ölkələrin
başçılarının Zirvə toplantısında iştirak edən Azərbaycan Prezidenti, ulu öndər
Heydər Əliyevlə Türkmənistan dövlət başçısı Saparmurad Niyazov arasında
keçirilmiş görüş iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, maraq
doğuran regional və beynəlxalq məsələlər barəsində fikir mübadiləsi aparılması
baxımından mühüm əhəmiyyət kəsb edir. Məhz bu tarixi görüşdən sonra ölkələrimiz
arasında münasibətlər yaxşılaşıb. 1999-cu il iyunun 8-də Türkmənistanın
Azərbaycanda, 2002-ci ilin avqust ayında Azərbaycanın Aşqabadda səfirliyi
fəaliyyətə başlayıb. Bununla da qarşılıqlı əlaqələr bir qədər də inkişaf
etdirilib.
Operativ
əlaqələndirmə mexanizmlərinin yaradılması
Hazırda Azərbaycan və
Türkmənistan arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır.
Azərbaycanla Türkmənistan arasında quru, dəniz və dəmir-yol nəqliyyat
daşımaları sahəsində əlaqələrin inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır. Bu
əlaqələr iki ölkənin maraqlarına, regionda və bütöv Avrasiya qitəsi boyunca
Şərq-Qərb nəqliyyat dəhlizinin hərtərəfli inkişafına xidmət edir. Azərbaycanda
və Türkmənistanda paralel surətdə multi-modal nəqliyyat sistemləri, dəniz
limanları, yol-nəqliyyat infrastrukturu yaradılıb. İndiyə qədər Türkmənistan və
Azərbaycan dövlət başçılarının, hökumət üzvlərinin çoxsaylı qarşılıqlı
səfərləri reallaşıb. 2018-ci ilin 21-22 noyabr tarixində Prezident İlham Əliyev
Türkmənistanda növbəti dəfə səfərdə olub. Səfər çərçivəsində dövlət başçısının
Türkmənistan prezidenti ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə
geniştərkibli görüşü olub. Keçirilən görüşlərdə Azərbaycan və Türkmənistan
arasında siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat-logistika və
mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri
ətrafında geniş fikir mübadiləsi aparılıb. Həmin səfər zamanı müxtəlif
sahələrdə əməkdaşlığa dair 20 müqavilə imzalanıb. Bu səfər iki ölkənin
nəqliyyat sistemlərinin inteqrasiyası və harmonizasiya edilməsi, nəqliyyat və
digər sahələrdə əməkdaşlığın müqavilə-hüquq bazasının və hökumət səviyyəsində
operativ əlaqələndirmə mexanizmlərinin yaradılmasına əsaslı təkan verib.
Qarşılıqlı
səfərlər mütəmadi xarakter alıb
Cari il martın 11-də
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri
reallaşıb. Qarşılanma mərasimindən sonra Azərbaycan dövlət başçısı İlham Əliyev
ilə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun təkbətək və nümayəndə
heyətinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Görüşlərdə Azərbaycan ilə
Türkmənistan arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığı,
Azərbaycan və Türkmənistan prezidentlərinin qarşılıqlı səfərlərinin mütəmadi
xarakter aldığı vurğulanıb. Enerji, kənd təsərrüfatı, elm-təhsil, turizm,
mədəniyyət, idman və digər sahələrdə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi
aparılıb. Prezident İlham Əliyev dünyada iqtisadi-maliyyə sahəsində boşluqların
olduğu bir dövrdə hər iki ölkə arasında iqtisadi-ticari münasibətlərin inkişaf
etdiyini, əmtəə dövriyyəsinin artdığını diqqətə çatdırıb. Bildirib ki,
Azərbaycan və Türkmənistan Xəzər, Mərkəzi Asiya və Qafqaz regionunda çox mühüm
məsələləri həll edir.
Tranzit-nəqliyyat
potensialının gücləndirilməsi
Elə həmin gün Prezidentlər
İlham Əliyevin və Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə
Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimi olub və ümumilikdə
20-yə yaxın sənəd imzalanıb. Bunun ardınca mətbuata bəyanatla çıxış edən Prezident
İlham Əliyev imzalanmış sənədlərin ölkələrimiz arasında çox geniş olan
müqavilə-hüquq bazasını tamamladığını dilə gətirib. Qeyd edib ki, bununla
əməkdaşlığımızın strateji inkişafına sadiq qaldığımız bir daha təsdiq olunub. Ölkə
rəhbəri deyib ki, keçirilən görüşlərdə nəqliyyat-logistika sahəsi haqqında
ətraflı söhbət edilib, müvafiq dövlət strukturlarına bu istiqamətdə işin
intensivləşdirilməsinə, ölkələrimizin tranzit-nəqliyyat potensialının möhkəmləndirilməsinə
dair səylərin əlaqələndirilməsi barədə tapşırıqlar verilib. Prezident İlham
Əliyev bildirib ki, həm Türkmənistanda, həm də Azərbaycanda nəqliyyat
infrastrukturuna çox böyük diqqət yetirilir, qonşularla sıx qarşılıqlı əlaqə və
xoş münasibətlər qorunub saxlanılır. Həmin dövlətlərdən daha çox
yükgöndərənlərin cəlb olunması və digər işlər sayəsində Azərbaycan və
Türkmənistan uzunluğu min kilometrlərlə ölçülən yeni nəqliyyat dəhlizi
yaradacaq. Beləliklə, ölkələrimizin daha da inkişaf etməsi üçün əlverişli
şərait yaranacaq, regional əməkdaşlıq möhkəmləndiriləcək. Türkmənistan
Prezidenti Qurbanqulu Berdiməhəmmədov da bəyanatla çıxış edərək, tranzit-nəqliyyat
dəhlizinin inkişafına xüsusi önəm verildiyini, "Lyapis Lazuli” adlanan layihə
barədə saziş qəbul edildiyini söyləyib. Deyib ki, bu dəhliz Əfqanıstandan
başlanır, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək
Avropaya çıxır. Bununla da Azərbaycan və Türkmənistan Asiya ilə Avropanın
birləşdirilməsində mühüm rol oynayır.
Azərbaycanın
müstəqilliyinin qarantı
Milli
Məclisin Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun
üzvü, iqtisadçı Vahid Əhmədov bildirib ki, Azərbaycan-Türkmənistan
münasibətləri yüksək səviyyədədir. Deputatın fikrincə, Azərbaycan regionda əsas
dövlətlərdən birinə çevrildikdən sonra Türkmənistan ölkəmizlə münasibətləri
daha da inkişaf etdirməyə çalışıb: "Azərbaycanın regiondakı nüfuzu, ölkəmizin
xaricə çıxış imkanlarının genişlənməsi, uğurla həyata keçirilən neft-qaz,
nəqliyyat dəhlizi layihələri qonşu dövlətlərə də sirayət edir, onlar qarşılıqlı
münasibətlərin inkişafına maraq göstərirlər. Azərbaycan öz sərvətlərini –
neftini və qazını sərbəst şəkildə Avropaya ixrac edir. Cənub Qaz Dəhlizi
layihəsinin son hissəsinin – Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin
istifadəyə verilməsindən sonra il ərzində 31 milyard kubmetr qaz ixrac
ediləcək. Bunun təxminən 10 milyard kubmetri Azərbaycan tərəfindən ixrac
olunacaq. Bu kəmər vasitəsilə Avropa bazarına qaz ixrac etmək üçün digər
dövlətlər maraq göstərirlər. Bu kontekstdə Türkmənistan dövləti də maraqlı
tərəf kimi çıxış edir. Uzun müddət idi dövlət başçıları, şirkət rəhbərləri
səviyyəsində danışıqlar gedirdi. Böyük ehtimalla müsbət qərar qəbul ediləcək və
Türkmənistan da öz qazını perspektivdə bu kəmər vasitəsilə ixrac edəcək. Necə
ki, 1994-cü ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə "Əsrin müqaviləsi”
imzalandı, məhz onun təşəbbüsü və siyasi iradəsi sayəsində Bakı-Tbilisi-Ceyhan
neft kəmərinin əsası qoyuldu, layihə uğurla həyata keçirildi, eləcə də Cənub
Qaz Dəhlizi Prezident İlham Əliyevin siyasi iradəsi, təşəbbüsü sayəsində
reallaşmaqdadır. Bu layihə də XXI əsrin layihəsidir. Bu layihənin həyata
keçirilməsi Azərbaycanın müstəqilliyinin qarantıdır, böyük dövlətlər bu
layihənin iştirakçısıdır. Azərbaycan dünyada siyasi və iqtisadi cəhətdən öz
sözünü deyən dövlətdir. Ona görə də ölkəmizə maraq həddən artıq böyükdür. Bunun
da başında Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən
siyasi kurs dayanır”.
İkitərəfli
əməkdaşlıq daha da genişlənəcək
Milli
Məclisin Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun
üzvü Ramin Məmmədovda hesab edir ki, Türkmənistan Prezidentinin
Azərbaycana rəsmi səfəri və imzalanan sənədlər iki ölkə arasında əlaqələrin
daha da möhkəmlənməsinə mühüm töhfə verəcək. Deputat vurğulayıb ki, səfər
zamanı dövlət başçıları təkbətək görüşlər keçirib, bir sıra mühüm sənədlər, o
cümlədən hava yolları, media, miqrasiya, elm və təhsil, rabitə,
informasiya-kommunikasiya texnologiyaları, investisiyaların təşviqi və digər
sahələrdə əməkdaşlığın inkişafı istiqamətində anlaşma memorandumları
imzalanıb:"Göründüyü kimi bu sənədlər iki ölkə arasında əlaqələrin daha
da yüksəldilməsinə, siyasi, iqtisadi, mədəni sahələrdəki əlaqələrimizin yeni
mərhələyə qədəm qoymasına böyük təkan verəcək. Azərbaycanla Türkmənistan
arasında əlaqələrin dərin kökləri var. Hər iki ölkə xalqlarının eyni etnik
kökə, mədəniyyətə və dinə mənsub olmaları, eyni zamanda əsrlər boyu dostluq və
mehriban qonşuluq şəraitində yaşamaları əlaqələrin inkişafı üçün möhkəm zəmin
yaradıb. Hesab edirəm ki, Türkmənistan dövlət başçısının ölkəmizə səfəri zamanı
aparılmış müzakirələr və imzalanmış sənədlər ikitərəfli əməkdaşlığın daha da
genişlənəcəyinə mühüm töhfə verəcək”.
Rufik
İSMAYILOV