“Azərbaycan tərcümə ensiklopediyası” kitabı təqdim olunub
05.07.18 16:00
3087
Azərbaycan Dillər
Universitetinin (ADU) Elmi Şurasının qərarı ilə nəşr olunan "Azərbaycan tərcümə
ensiklopediyası” kitabının universitetin Tərcümə və mədəniyyətşünaslıq fakültəsində
təqdimatı keçirilib.
Tədbirdə çıxış
edən fakultənin dekanı, filologiya üzrə fəlsəfə doktoru Bənövşə Məmmədova kitab
haqqında məlumat verib. O, deyib ki, ölkəmizdə ilk dəfə oxuculara təqdim olunan
"Azərbaycan tərcümə ensiklopediyası”nda tərcümənin fəlsəfi əsasları, predmet və
problemləri, Azərbaycanda tərcümə tarixinin mühüm məqamları, nəzəri-praktik məsələləri,
həmçinin personaliyalar əhatə olunub: "Məlum olduğu kimi bütün dünyada
ensiklopediya işi ciddi və çox mürəkkəb intellektual fəaliyyət növü sayılır. Bu
mənada "Azərbaycan tərcümə ensiklopediyası” kitabı öz sambalı ilə seçilir. Ensiklopediya
həm Azərbaycan dilinə, həm də Azərbaycan dilindən digər dillərə tərcümələrin müəlliflərindən
bəhs edir. Nəşrdə tərcüməçilər və bu sahə ilə maraqlananlar, eyni zamanda
yazarlar, filoloqlar, gənc ədəbiyyatşünaslar üçün faydalı məlumatlar yer
alıb. Kitabın nəzəri və praktik hissələri,
personarilər elmi işlər üçün son dərəcə ciddi və möhkəm həm faktoloji, həm də nəzəri
bünövrə rolunu oynayır”.
Azərbaycan Dillər
Universitetinin Elmi Şurasının qərarı ilə nəşr olunan "Azərbaycan tərcümə
ensiklopediyası” tərcümə işimizə və tərcüməşünaslıq üçün tamamilə yeni bir
layihədir. Ensiklopediyanın ideya müəllifi və baş redaktoru akademik Kamal
Abdullanın on illik zəhməti hesabına başa gələn bu kitab tərcümə işinin bütün
sahələrini özündə ehtiva edir.
Məsələn,
ensiklopediya tərcümə işi ilə məşğul olan yazıçı və tərcüməçilərinin adları, fəaliyyət
istiqamətləri aydın şəkildə verilib.
Heç şübhəsiz bu
vəsait tərcümə sahəsində böyük yenilikdir. Tərcümə işinə aidiyyatı olan bütün şəxslər
üçün – tələbə, müəllim, elmi işçi, alim kontingenti üçün əvəzsizdir. Bu vəsait onların
işini asanlaşdırmaqla bərabər həm də fəaliyyətləri üçün böyük imkanlar
yaradacaq. Çünki tərcümə ilə bağlı nə varsa hamısı bir vəsaitdə toplanaraq
praktik şəkildə təqdim olunur. Bu sahənin adamları üçün nəinki stolüstü kitaba
çevriləcək, hətta bu sahə üçün çox maraqlı hadisə kimi hələ neçə illər müzakirə
mövzusu olacaq.
Düşünürəm ki, ölkəmizdə
özünəməxsus həyat tərzinə çevrilən multikulturalizmlə bağlı vəsaitlər
hazırlanması Kamal Abdullanın adıyla
bağlıydısa, indi bu sıraya tərcümə işi də əlavə olundu”.
Tərcüməçi Yusif
Savalan kitabın üzərində 10 ildən artıqdır iş getdiyini və bunun postsovet məkanında
bir ilk olduğunu vurğulayıb: "Kitabla ilk tanış olan hər kəs onun böyük əhəmiyyətə
malik olduğunu və unikallığını görə bilər. Məncə, çəkilən əziyyətə dəyərmiş”.
ADU-nun İngilis
dilinin üslubiyyatı kafedrasının dosenti Vahid Ərəbov da kitabın ərsəyə gəlməsini
böyük uğur adlandırıb: "Kitabda böyük bir zəhmətin bəhrəsi var. Tərcümə özü də
bir yaradıcılıqdır və çox vaxt tərcüməçilərə tərcümə etdikləri əsərin ikinci müəllifi
kimi baxırlar. Onların kimliyini ictimaiyyətə təqdim etmək çox dəyərli işdir”.
ADU-nun rektorun
elm və təhsil məsələləri üzrə müşaviri Seyfəl Həsənov kitabı Azərbaycan tərcümə
işi sahəsində vacib və tarixə yazılası hadisə adlanıdırıb: "Nədənsə bizə elə gəlir
ki, Azərbaycanda tərcümə işi müasir dövrə aiddir. Amma qətiyyən belə deyil və
bu kitabdan da məlum olur ki, Azərbaycan tərcümə tarixi 14-cü əsrə dayanır. Nəşrin
üzərində on ildən artıq yüzlərlə insan çalışıb. Kamal Abdulla özü titanik zəhmətkeşdir.
Bu qədər insanı bir araya toplmaq və onların əməyini bir yerə yığmaq asan məsələ
deyil. Ensiklopediya akademik nəşrdir və buna görə
universitet heyətini alqışlamaq olar”.
Universitetin əməkdaşı
Fiyalə Abdullayeva, xarici dillər kafedrasının müdiri Salman Nuriyev və digərləri
kitabın əhəmiyyətindən danışıblar.
Qeyd edək ki,
kitabın redaksiya heyətində Kamal Abdulla (baş redaktor), Anar, Leyla Əliyeva
(məsul katib), Rövşən Əliyev, Rüstəm Hacıyev, İsa Həbibbəyli, Muxtar İmanov,
Teymur Kərimli, Afaq Məsud, Azər Mustafazadə, Möhsün Nağısoylu, Tofiq Nağıyev təmsil
olunur. Rəyçilər isə filologiya üzrə elmlər doktoru, professor Cəlil Nağıyev,
filologiya üzrə elmlər doktoru, professor Aydın Ələkbərov, filologiya üzrə elmlər
doktoru, professor Lidiya Qranovskaya və filologiya üzrə fəlsəfə doktoru Etibar
Əliyevdir.
Digər elm və təhsil
ocaqlarında, kitabxanalarda "Azərbaycan tərcümə ensiklopediyası” kitabnın təqdimat
mərasiminin keçirilməsi nəzərdə tutulur.