Azərbaycan tarixinin şanlı səhifəsi
Ötən əsrin 90-cı illərində müstəqilliyinə ikinci dəfə qovuşan
Azərbaycan daxili və xarici səbəblər ucbatından yenidən təhlükə ilə
qarşı-qarşıya qaldı. Bütün bunlara səbəb isə həmin vaxt hakimiyyətdə olanların yürütdüyü
yarıtmaz və səbatsız siyasətlə bağlı idi. Onların idarəetmə qabiliyyətinin
aşağı olması, eləcə də siyasi ambisiyalarının nəticəsi olaraq, Ermənistan
Qarabağ torpaqlarının işğalını davam etdirirdi. Ölkənin bu durumunda isə
paytaxt Bakıda hakimiyyət uğrunda mübarizə aparanlar, silahlı dəstələr yaradıb,
öz çirkin niyyətlərini həyata keçirirdilər. Məsələ ondadır ki, həmin dövrdə Azərbaycan
həm cənubdan, həm şimaldan parçalanma təhlükəsi ilə üz-üzə qalmışdı. Bütün
bunların fonunda xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin ikinci
dəfə hakimiyyətə qayıdışı Azərbaycan tarixinə şanlı səhifələrdən biri kimi yazıldı. Çünki məhz ümummilli lider təkcə rəhbər olaraq
deyil, həm də böyük azərbaycanlı kimi ölkəni parçalanmaqdan, vətəndaş
müharibəsindən xilas etdi.Məhz həmin şanlı tarixin davamı olaraq, bu gün hər
bir azərbaycanlı fəxrlə "var millətimin imzası, imzalar içində” deyə bilər.
15
İyun Qurtuluş Gününün Azərbaycanın dövlətçilik tarixindəki yeri ilə bağlı
danışan Milli Məclisin deputatı Sahibə
Qafarova "Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, 1993-cü ilin 15 iyun
tarixi təkcə dövlətçiliyimizin xilası deyildi, bu tarix həm də Azərbaycanın
gələcəyini müəyyənləşdirdi: "Azərbaycan xalqının taleyində böyük əhəmiyyət
daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən
böyük başlanğıcların əsası qoyulub. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan
belə günlərdən ən önəmlisi 1993-cü ilin 15 iyun günüdür. Tariximizə Milli
Qurtuluş Günü kimi daxil olmuş bu gün, onun tariximizdəki mahiyyətini
qiymətləndirənlər, dərk edənlər üçün çox dəyərlidir. Milli Qurtuluş Günü sadəcə,
təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir
gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini
yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 İyun əsl qurtuluş
tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan
isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol
oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər
Əlirza oğlu Əliyevdir. Əgər o dövrdə ulu öndər Heydər Əliyev bu ağır
məsuliyyəti öz üzərinə götürüb ölkəmizdə siyasi hakimiyyətə qayıtmasaydı, bu
gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, xalqımızın azadlıq
arzularının reallaşması mümkün olmazdı. Həmin dövrdə ölkəmizdə mövcud olan
siyasi böhran, hakimiyyətin səriştəsizliyi kövrək olan müstəqillik sütunlarını
tamamilə sarsıtmışdı. AXC-Müsavat hakimiyyətinin yarıtmaz fəaliyyəti, dövlət
idarəçiliyi sisteminin olmaması, 1993-cü ilin əvvəllərindən ölkədə fəaliyyət
göstərən silahlı dəstələrin yaratdığı xaos, Azərbaycanın daxilində qardaş
qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə
separatçılıq və parçalanma meyllərinin baş qaldırması, Azərbaycanın bir dövlət
kimi müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi ilə üz-üzə qalmasını
şərtləndirmişdi. Həmçinin köhnə iqtisadi münasibətlər sisteminin çökməsi, yeni
dövrdə isə iqtisadiyyatı bərpa etmək istiqamətində heç bir addım atılmaması,
inflyasiyanın min faizlə ifadə olunması, sosial böhran, yoxsulluq və işsizliyin
pik həddə çatması insanların sabaha olan inamlarını da tamamilə yox etmişdi.
Digər yandan da, ölkədəki bu ağır vəziyyətdən istifadə edən Ermənistanın,
himayədarlarının köməyi ilə torpaqlarımızı işğal etməsi, prosesləri idarə
olunmaz həddə gətirib çatdırmışdı”.
S.Qafarova qeyd etdi ki, məhz belə bir ağır şəraitdə xalqımız yeganə
ümid yeri kimi ulu öndər Heydər Əliyevi görürdü: "Ona görə də, Azərbaycan xalqı
israrla ümummilli liderimizi Bakıya dəvət etdi. Heydər Əliyev qarşıya çıxan
bütün çətinliklərə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb və burulğanlı
proseslərin içərisindən uğurla çıxararaq müstəqil respublikamıza həm bölgədə,
həm də dünyada layiqli yer və böyük nüfuz qazandırdı. Bütün ömrünü Azərbaycan
xalqının firavan həyatına, dövlətimizin möhkəmlənməsinə həsr edən ulu öndər
Heydər Əliyev öz əməli, atdığı addımları, fəaliyyəti, tariximiz və
dövlətçiliyimiz qarşısındakı titanik xidmətləri ilə əsil dövlət xadimi, dahi
şəxsiyyət, vətənini, xalqını sevən əsil vətəndaş olduğunu sübuta yetirdi.
Xalqımızın ən çətin günlərində, tariximizin ən mürəkkəb dövrlərində məhz ulu
öndər Heydər Əliyev məsuliyyəti öz üzərinə götürərək süqutun astanasında olan
bir dövləti yenidən inkişaf yoluna çıxardı. Dahi lider millətini bütün
bəlalardan hifz edib qorudu, respublikada ictimai-siyasi sabitliyi təmin etdi,
vətəndaş qarşıdurmasını aradan qaldırdı, ölkənin parçalanmasının qarşısını
almaqla milli qurtuluşu təmin etdi.
Ulu öndər Heydər Əliyevin tarixi qayıdışı ilə əsası qoyulan
Azərbaycanın müstəqil inkişaf yolu, bu gün Prezident İlham Əliyevin rəhbərliyi
ilə daha böyük nailiyyətlərlə müşayiət olunur. Bu gün Azərbaycanın müstəqil
dövlət kimi mövcudluğu, stabil və inamlı inkişafı Heydər Əliyev ideyaları və bu
ideyaların uğurla və dönmədən həyata keçirilməsi ilə birbaşa bağlıdır. Ulu
öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident
İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi ötən illər Azərbaycan tarixinə sabitlik
və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Şübhə yoxdur ki, qarşıdakı illərdə
Heydər Əliyev yolu və siyasəti Azərbaycanı daha böyük zirvələrə qaldıracaq,
müstəqil respublikamız daha böyük zəfərlərə imza atacaq”.
Bakı Politoloqlar Klubunun
sədri Zaur Məmmədov bildirdi ki, hər bir ölkənin tarixində onun
liderlərinin, ölkə başçılarının tutduğu mövqe və apardıqları siyasət əsas önəm
daşıyan faktorlardan birincisidir: "Çünki həm dövlətin yüksəlişi, həm də mövcud
olan problemlərin aradan qaldırılması, eyni zamanda hər bir dövlət qarşısında
çağırışlara cavab vermək üçün liderin apardığı rol və onun dünya siyasətində
tutduğu mövqe çox vacibdir. Bu kontekstdən məsələləri təhlil edərkən, doğrudan
da, ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində misilsiz rol oynadığını
əminliklə bildirmək olar.
Azərbaycan dövlətçiliyi hər zaman tarixdə çətin sınaqlar qarşısında
qalıb. 1990-cı ilin əvvəllərində Ermənistan-Azərbaycan münaqişəsinin başlanması
ilə ölkəmiz çox çətin bir vəziyyətdə idi. Bu dövrdə həm də Azərbaycan parçalanmaq
təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir dövrdə xalqın təkidi ilə hakimiyyətə
gələn Heydər Əliyev, Azərbaycan üçün xilaskarlıq rolunu oynadı və nəticəsi də,
bu gün göz qabağındadır. Heydər Əliyevdən sonra artıq yeni Azərbaycanın təməli
qoyuldu. Bu gün, onun qurduğu dövlətin apardığı balanslı və rasional xarici
siyasət, çox çətin geostrateji mövqedə yerləşməyimizə baxmayaraq, Azərbaycanın
bütün çağırışlardan və təhdidlərdən üzüağ çıxmasını təmin edir. Z.Məmmədov vurğuladı ki, ümumilikdə, o illərdə Azərbaycan Rusiya,
Ermənistan, İran tərəfindən çox böyük təhdidlərlə qarşılaşırdı: "Həmin ərəfədə
rasional siyasətə ehtiyac var idi ki, bunun da öhdəsindən Heydər Əliyev gəldi. Ulu
öndərin Azərbaycan xalqı, dövləti qarşısındakı xidmətlərini sözsüz ki, bir yazı
çərçivəsində əhatə etmək qeyri-mümkündür. Ümummilli liderin xidmətləri ilə
bağlı çoxlu sayda kitablar yazılıb və yazılmaqdadır. Ərsəyə gələn hər bir nəşr,
eyni zamanda məqalə, bu xidmətlərə müxtəlif yanaşmaları ortaya qoysa da, ümumi
fikir budur ki, Azərbaycanın hər bir uğuru ulu öndər Heydər Əliyevin adı ilə
bağlıdır.
Azərbaycan xalqı, ulu öndərin siyasi kursunu davam etdirməklə,
möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz
tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcək”. BƏXTİYAR