• cümə axşamı, 25 aprel, 07:41
  • Baku Bakı 14°C

Azərbaycan Qoşulmama Hərəkatının nüfuzunu artıran mühüm beynəlxalq təşəbbüslərlə çıxış edib

17.07.21 16:45 295
Azərbaycan Qoşulmama Hərəkatının nüfuzunu artıran mühüm beynəlxalq təşəbbüslərlə çıxış edib
2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik Azərbaycana həvalə olunduqdan sonra ölkəmiz ötən dövrdə bir sıra mühüm təşəbbüslərlə çıxış edib və mühüm nəticələr qazanılıb. Belə ki, 2019-cu ilin oktyabrında Azərbaycan Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünü uğurla təşkil edib. Ötən müddət ərzində ölkəmiz beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atıb. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib. Bu məqsədlə Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin Zirvə görüşünün keçirilməsi təşəbbüsü irəli sürülüb və 2020-ci il mayın 4-də həmin tədbir baş tutub.
Bunu AZƏTAC-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova bildirib.
Deputat qeyd edib ki, Zirvə görüşü zamanı Azərbaycan Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsini təklif edib. Ümumilikdə həmin təşəbbüs BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəklənib və 2020-ci il dekabrın 3-4-də Xüsusi Sessiya keçirilib.
"Bu gün qürurla deyə bilərik ki, Azərbaycan öz humanitar missiyasını məsuliyyətlə icra edir. Ölkəmiz pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib. Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki, bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub”, - deyən J.Əhmədova vurğulayıb ki, Azərbaycan qlobal səhiyyə böhranı fonunda "peyvənd millətçiliyi”nə qarşı çıxış edir. Ölkəmiz ehtiyaclarından qat-qat artıq peyvənd tədarük edən bəzi ölkələrin davranışını ictimai şəkildə qınayıb.
Qoşulmama Hərəkatının Bakı Zirvə görüşündə aldığı mandata əsasən, Azərbaycan sədr qismində təşkilat üzrə gənclərin institusional şəbəkəsinin yaradılmasının mümkünlüyünü nəzərdən keçirir. Eyni zamanda, Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin əməkdaşlığının parlamentlərarası istiqamətini də inkişaf etdirmək niyyətindədir.
Qeyd etmək yerinə düşər ki, Azərbaycanın sədrliyi dövründə tarixdə ilk dəfə Avropa İttifaqının rəhbərləri Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə iştirak ediblər. Avropa İttifaqına üzv dövlətlər Qoşulmama Hərəkatının BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləyib. Qoşulmama Hərəkatı və Avropa İttifaqı BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində bir sıra məsələlərlə bağlı əməkdaşlıq edirlər.
Azərbaycan üçün əlamətdar il olan 2020-ci ildə Hərəkatın gündəliyində dayanan vacib məsələlərdən biri uğurla həll edilib. Azərbaycan Ermənistanla 30 illik münaqişəyə son qoyub və hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib.
Bu münaqişənin həllində Qoşulmama Hərəkatı ölkələrinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstəyi çox qiymətlidir. Belə ki, Bakı Zirvə görüşünün Yekun Sənədində Qoşulmama Hərəkatı ölkələri ərazilərin güc yolu ilə zəbt olunmasının yolverilməzliyini vurğuladılar və təsdiq etdilər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq.
BMT Təhlükəsizlik Şurasının bəzi üzvləri 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qətnamələrini nəzərə almadan, qərəzli bəyanat qəbul etdirmək cəhdləri göstərdilər. Lakin Təhlükəsizlik Şurasındakı müzakirələr zamanı Azərbaycanın mövqeyini dəstəkləyən Qoşulmama Hərəkatının yeddi üzvü təkid etdi ki, müzakirə edilən mətnə Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə istinad əlavə edilsin. Qoşulmama Hərəkatı ölkələrinin belə qətiyyətli mövqeyi onların "Bandunq prinsipləri”nə və Hərəkatın dəyərlərinə sadiqliyini nümayiş etdirdi. Azərbaycan onların bu mövqeyini ikitərəfli münasibətlərimizdə tarixi dostluq jesti kimi qəbul edir və alqışlayır.
"Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi uğurla davam edir. Əminik ki, ölkəmizin sədrliyi ilə Qoşulmama Hərəkatı bundan sonra da yeni-yeni uğurlara imza atacaqdır”, - deyə o qeyd edib.
banner

Oxşar Xəbərlər