AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan Prezidenti: Borcgötürmə ilə bağlı strategiyamız çox mühafizəkardır

Azərbaycan Prezidenti: Borcgötürmə ilə bağlı strategiyamız çox mühafizəkardır

Siyasət
02 İyun 2020, 09:37 204
Bizim borcgötürmə ilə bağlı strategiyamız çox mühafizəkardır və bu, bizə öz milli valyutamızda borc götürməyə imkan verəcəkdir.

Bunu Prezident İlham Əliyev Asiya İnkişaf Bankının təşəbbüsü ilə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda deyib.

Dövlət başçısı bildirib:

"Burada qaldırılmış bütün məsələlər böyük əhəmiyyətə malikdir və mən onların bəziləri ilə bağlı şərhlərimi bildirəcəyəm. Peşə təlimi ilə bağlı məsələlər üzərində uğurla irəlilədiyimizdən məmnunam. Bu, bizim üçün prioritet məsələlərdən biridir. Biz artıq bəzi ölkələrlə təmaslar yaratmışıq və bəzi layihələri icra etmişik. Biz Azərbaycanda binalar inşa etməklə, avadanlıq almaqla bütün infrastruktura sərmayə yatırmışıq və onlar da öz texnologiyalarını gətiriblər. Buna görə də xüsusilə indi, fəal sənaye inkişafını yaşadığımız bir dönəmdə yaxşı mütəxəssislərin hazırlanması böyük əhəmiyyətə malikdir. Bu ilin bir göstəricisini sizə deyə bilərəm. İlk dörd ay ərzində ümumi daxili məsul artımının çox az – 0,2 faiz olmasına baxmayaraq, həmin dörd ay ərzində bizdə qeyri-neft sənayesində 16 faizdən çox artım müşahidə olunmuşdur. Bu, həqiqətən onu göstərir ki, bizim sənayeləşmə, şaxələnmə və sənaye inkişafına təkan verən infrastruktura sərmayə üzrə səylərimiz həqiqətən yaxşı nəticələr verir. Buna görə də qeyri-enerji sektorunun sürətli artımı əminəm ki, davam edəcəkdir və bunun üçün də bizə bu biznesi apara bilən yaxşı mütəxəssislər lazım olacaqdır. Odur ki, mən peşə təlimi ilə məşğul olmağımızı çox dəstəkləyirəm və həmçinin kiçik və orta müəssisələrə yerli valyuta ilə dəstəyin göstərilməsi vasitəsilə özəl sektora dəstəyiniz də çox faydalıdır. Bildiyiniz kimi, bizim borcgötürmə ilə bağlı strategiyamız çox mühafizəkardır və bu, bizə öz milli valyutamızda borc götürməyə imkan verəcəkdir.

Suvarma ilə bağlı məsələlərə gəldikdə, sizin mənim müraciətimə cavabınız üçün minnətdaram. Mənə verilən məlumata görə, Naxçıvandakı suvarma layihəsi indi artıq razılaşdırılmağa çox yaxındır. Mənə məlumat verildi ki, kreditin ümumi məbləği təqribən 100 milyon ABŞ dolları olacaqdır. Hesab edirəm ki, bu, Naxçıvanda kənd təsərrüfatının inkişafı üçün çox faydalı olacaqdır. Biz dövlət investisiya proqramı vasitəsilə Naxçıvanın irriqasiya sahəsində inkişafına hər il sərmayə yatırırıq. Lakin əlbəttə ki, əlavə vəsait, üstəgəl, sizin mütəxəssis təcrübəniz çox faydalı olacaqdır. Bundan əlavə, sizin bütün ölkə ərazisində suvarma ilə bağlı planlarımızı nəzərdən keçirməyinizi istərdim. Biz hazırda vəziyyəti qiymətləndiririk və çox böyük su itkiləri ilə üzləşdiyimizi görürük. Bəzi hallarda köhnəlmiş infrastruktura və səmərəli olmayan su idarəetmə sisteminə görə biz suyun 40-50 faizini itiririk. Buna görə də müxtəlif nazirlərin təmsil olunduğu və Baş Nazirin müavininin rəhbərlik etdiyi, digər nümayəndələrin iştirak edəcəyi xüsusi hökumət komissiyası yaradılmışdır. Onlar bizim bütöv su potensialımızı qiymətləndirəcək və prioritetləri, hansı işləri görməli və hansı investisiyaları yatırmalı olduğumuzu müəyyən edəcəklər. Buna görə sizdən bu layihəni nəzərdən keçirməyi xahiş etmək istərdim. Ümidvaram ki, bir neçə aydan sonra bu komissiyanın fəaliyyətinin ilk nəticələri bizdə olacaq. Biz suvarmanın inkişafı üzrə dövlət proqramının qəbul edilməsi və suvarmanın daha da səmərəli olması ilə nəticələnəcək addımları müəyyən etməyə başlaya bilərik. Buna görə də texniki dəstək və maliyyə dəstəyi baxımından biz bu məsələ üzərində sizinlə çalışmağa məmnun olarıq.

Bu gün toxunmaq istədiyim digər bir məsələ, - siz artıq onu qeyd etdiniz, - enerji səmərəliliyi məsələsidir. Biz indi iki şirkətdə Azərenerji və Azərişıqda bu işləri aparırıq. Bu il və ötən il yatırılmış müəyyən investisiyalara görə Azərenerji minimum 600 meqavat səviyyəsində mövcud elektrik enerjisi stansiyalarının məhsuldarlığını artıra bilmişdir və bu proses davam edir. Bizim ən böyük və Qafqazda ən böyük olan Mingəçevir elektrik stansiyamız tamamilə bərpa edilmişdir və ola bilsin ki, 1 və ya 2 ay müddətində bərpa işlərindən sonra açılacaqdır. Bundan əlavə, biz hazırda bərpa olunan enerji mənbələri üzərində fəal şəkildə işləyirik və bu sahədə fəaliyyət göstərən iki böyük şirkətlə bu ilin yanvar ayında artıq iki ilkin müqavilə imzalanmışdır. Ümumi enerji hasilatının həcmi 400 meqavat olacaqdır. İnvestisiya tamamilə xaricdən gələcəkdir və Günəş və küləklə işləyən iki elektrik stansiyası olacaqdır. Buna görə də kifayət qədər Günəş və külək mənbəyinə malik olduğumuzu nəzərə alaraq enerjinin bu sektorunu inkişaf etdirmək üçün bizim planlarımız var. Ona görə də sizdən bu variantı da nəzərdən keçirməyi xahiş edərdim.

Həmçinin sizin də düzgün qeyd etdiyiniz kimi, Davos Dünya İqtisadi Forumu ilə bizim münasibətlərimiz indi yeni mərhələyə qədəm qoyub. Yanvar ayında cənab Börge Brende və mən Davosda Azərbaycanda region üzrə Dördüncü Sənaye İnqilabının regional habının yaradılması üzrə sənədi imzaladıq. Hesab edirəm ki, bu, bizim sənaye inkişafında gördüyümüz səylərin yaxşı qiymətləndirilməsinin bir nümunəsidir. Biz nəinki təkcə Azərbaycan üçün, eyni zamanda, region üçün çox güclü platformanın necə inkişaf etdirilməsi ilə bağlı sizinlə işləməyə hazırıq ki, çox imkanlar yaratmaq məqsədilə mövcud infrastrukturumuzdan, bağlılıqdan və Azərbaycanın coğrafi mövqeyindən istifadə etmək mümkün olsun.

Toxunmaq istədiyim digər bir məsələ budur ki, biz dəmir yolu layihəsi ilə bağlı artıq birlikdə işləmişik. Lakin biz indi Şimal-Cənub istiqamətində dəmir yolumuzun bərpa edilməsi prosesindəyik. Azərbaycan artıq bu dəhlizə böyük həcmdə sərmayə yatırmışdır. Onun çox böyük potensialı var. Biz artıq şimaldan - Rusiyadan daxil olan, Azərbaycan ərazisindən qərb və cənub istiqamətində yükləri qəbul edirik. Lakin İranla sərhəddən başlayaraq Rusiya ilə sərhədə qədər dəmir yolumuzun keyfiyyəti yaxşı deyil. Buna görə də biz qatarların sürətini artırmaq üçün indi artıq bəzi vəsaiti sərmayə olaraq yatırmışıq və biz bunu etməyi planlaşdırırıq. Çünki belə ola bilər ki, bütün yüklərin öhdəsindən gəlmək üçün bizim mövcud infrastrukturumuz kifayət etməyə bilər. Bu gün artıq bizim Rusiya ilə sərhədimizdə tıxaclar var. Çünki Azərbaycandan, həm də İrandan artan ixrac malların artıq yük maşınları ilə gətirilməsini mümkünsüz edir. Buna görə də bizə Şimal-Cənub dəhlizinin bir hissəsi olacaq müasir dəmir yolu sistemi lazımdır. Mən sizdən bu layihəni də nəzərdən keçirməyi xahiş etmək istərdim. Gələcək kommunikasiya prosesində ola bilsin sizə hansı işlərin görüldüyü və bizim planlarımız ilə bağlı daha ətraflı məlumat veriləcəkdir".