Azərbaycan informasiya müharibəsinin hədəfində dayanan ölkədir - Fotolar
Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı
çıxışında Prezident İlham Əliyev Azərbaycan uzun illərdir informasiya müharibəsinin
hədəfində dayanan ölkə olduğunu vurğulayıb. O, ölkəmiz haqqında təhrif edilmiş,
yalan məlumatların, uydurma faktların, saxta xəbərlərin geniş vüsət aldığını
dilə gətirib.Prezident İlham Əliyev bildirib ki, biz buna
adekvat cavab verməli, öz həqiqətlərimizi dünyaya çatdırmalıyıq. Dövlət
başçısının sözlərinə görə, bizə qarşı hücumların əksəriyyətinin arxasında erməni
lobbisi və onlarla müttəfiq olan bəzi yerli, özünü müxalifət adlandıran
qruplaşmalar durur: "Onların hədəfi Azərbaycanı ləkələməkdir, Azərbaycan
haqqında təhrif edilmiş yalan məlumatlar yaymaqdır. Bu, informasiya müharibəsinin
bir növüdür. Biz öz siyasətimizlə bütün bu yalanları, bütün bu böhranları
darmadağın edirik və etməliyik. Çünki bu gün Azərbaycan reallıqları onu göstərir
ki, ölkə inamla, sürətlə inkişaf edir. Mənim Prezident kimi təcrübəmdə bir çox
hallarda xarici qonaqlarla təmaslar, Azərbaycana ilk dəfə gəlmiş qonaqlarla
görüşlər əsnasında onlar tərəfindən bir təəccüb hissi duyulurdu: yəni, biz
bilmirdik ki, Azərbaycan bu qədər inkişaf etmiş ölkədir. Biz bilmirdik ki, Azərbaycanda
vəziyyət bu qədər yaxşıdır, şəhərlər bu qədər təmizdir, səliqəlidir, gözəldir.
İctimai ovqat müsbətdir. Xalq iqtidarı dəstəkləyir. Yəni, nəyə görə bu təəccüb
hissləri oyanırdı? Ona görə ki, bizə qarşı çoxşaxəli, məqsədyönlü və davamlı
informasiya müharibəsi aparılırdı. Məqsəd Azərbaycanı ləkələmək, inkişafımıza zərbə
vurmaq, cəmiyyətimizin ənənəvi dayaqlarını sarsıtmaqdır. Biz buna heç cür imkan
verə bilmərik və imkan vermirik. Çünki biz müstəqillik yolu ilə gedirik. Bizim
öz seçimimiz var. Biz güclü dövlət qururuq. O dövlət ki, milli-mənəvi dəyərlər
üzərində qurulub. Ona görə hədəflərin biri də məhz bizim milli dəyərlərimizdir,
ənənələrimizdir. Çalışırlar ki, onları sarsıdaraq ölkəmizin inkişafına zərbə
vursunlar. Azərbaycan xalqı hər şeyi yaxşı bilir və bilməlidir ki, biz
informasiya müharibəsi şəraitində yaşayırıq və buna hazır olmalıyıq. Biz bu
müharibədə ancaq öz işimizlə, öz qətiyyətimizlə qalib gələ bilərik”.
Mövzu ilə bağlı fikirlərini "Kaspi”yə bölüşən Mətbuat Şurasının sədri, millət vəkili
Əflatun Amaşov bildirib ki, Azərbaycana qarşı kifayət qədər sistemli
informasiya müharibəsi aparılır. Bunun ən müxtəlif təzahürləri ilə rastlaşırıq:
"Bəzən ölkəmizlə bağlı çox xırda məsələ şişirdilir. Beynəlxalq ictimaiyyətdə qəsdən
yanlış təsəvvür formalaşdırılır. Belə hallara qarşı psixoloji anlamda bir növ,
öyrəşmişik. Amma mübarizə də aparmalıyıq. Cənab İlham Əliyev Respublika günü ilə
bağlı keçirilmiş rəsmi qəbuldakı çıxışında özünün müxtəlif şəxslərlə təmaslarından
söz açdı. Həmin şəxslərdəki Azərbaycan barədə olan yanlış təəssüratın bəzi
detallarını açıqladı. Bu kimi vəziyyətlərlə biz də üzləşirik. İstər xaricdə,
istərsə də ölkə daxilində. İnsanlarla ünsiyyət önəmlidir. Onlara obyektiv həqiqətləri
çatdıranda, söhbətlər aparanda anlayırlar. Hətta etiraf da edirlər ki, indiyədək
Azərbaycanla bağlı bilgiləri olmayıb, yaxud doğru məlumatlandırılmayıblar”.
Millət vəkili bildirib ki, informasiya müharibəsinə
sistemli şəkildə hazırlıq aparmalıyıq: "Burada medianın üzərinə daha böyük məsuliyyət
düşür. Cənab Prezident əvvəlki çıxışlarında bu barədə geniş söhbət açıb.
Jurnalistlərimiz xarici dil biliklərinə malik olmalıdırlar. Nəinki xarici dildə
danışmaq, eyni zamanda belə demək mümkünsə, xaricilərin başı ilə düşünərək hərəkət
etmək lazımdır. Belə yanaşsaq və iş aparsaq, şübhəsiz, xeyli təhlükələrin
qarşısını almış olacağıq. Əlbəttə, yenə də deyirəm ki, Azərbaycanla bağlı sırf
inkarçılığa köklənmiş qüvvələr var. Bu qüvvələr bir qayda olaraq erməni lobbisi
tərəfindən idarə olunurlar. Onların əməllərini ifşa etmək üçün real faktları
qabartmalıyıq. Bu adamların nə məqsədlə meydana atıldıqlarını göstərməliyik.
Beynəlxalq ictimaiyyəti reallıqlarla daha müntəzəm şəkildə tanış etməliyik. Əlbəttə,
bu istiqamətdəki işləri daha da intensivləşdirməyə ehtiyac var. Çünki dünya
daim dəyişir, yeni maraq və mənafelər yaranır. Bu kimi tendensiyalar diqqətdə
saxlanılmalı, adekvat fəaliyyət aparılmalıdır”.
Millət vəkili,
politoloq Hiukmət Babaoğludövlət başçısının çıxışında hazırda qlobal informasiya məkanında mövcud olan
informasiya müharibələrinə də diqqət çəkməsinə toxunub: "Bu da "yumşaq güc”
vasitəsilə aparılan müharibələr içərisində informasiya müharibəsinin hazırkı vəziyyətdə
təsviri və təsbiti idi. Prezident qeyd etdi ki, Azərbaycan informasiya müharibəsinə
cəlb edilib. Bu, doğrudan da hazırda qlobal müstəvidə beynəlxalq münasibətlərin
iştirakçısı olan aktorlar arasında gedən müharibədir. Şübhəsiz ki, milli maraqlar
hazırkı mərhələdə hər nə qədər "qaba güc” adlandırdığımız hərbi, iqtisadi və
digər güc vasitələri ilə qorunursa, bir o qədər də "yumşaq güc" vasitələri
ilə qorunur. Azərbaycanın milli informasiya məkanı bu mənada bir daha öz fəaliyyətində
cazibə mərkəzi kimi dövlətçilik maraqlarını müəyyənləşdirməklə, informasiya
müharibəsində də milli maraqlarımızı qorumalıdır. Düşünürəm ki, bu, ölkə
daxilindəki informasiya resurslarının daşıyıcıları olan ictimai fəal fərdlərimizə
verilən bir istiqamət, eyni zamanda bir çağırış idi. Azərbaycanın ictimai fəal
fərdləri, informasiya resursları daim bu çağırışı öz fəaliyyətinin baş istiqaməti
kimi müəyyənləşdirməklə, bütün imkanları milli maraqlarımız ətrafında səfərbər
etməlidir”.
Bakı Dövlət
Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu da deyib ki, tutduğu vəzifədən asılı olmayaraq, hər
bir vətəndaş ölkəmizə qarşı aparılan informasiya müharibəsinə, milli-mənəvi dəyərlər
üzərindən Azərbaycana edilən hücumlara son dərəcə həssas yanaşmalıdır. Onun sözlərinə
görə, XXI əsr dəyərlərin savaşdığı bir dövrdür: "Milli-mənəvi dəyərlər hər bir
millətin xarakterik xüsusiyyətini, cizgilərini, kimliyini ortaya qoyan başlıca
komponentlərdir. Əgər bu dəyərlər hədəfə alınırsa, onlara hücum edilirsə,
sıradan çıxarılırsa, o zaman millət öz milli kimliyindən uzaqlaşır, simasını
itirir. XXI əsrdə bir çox xarici dövlətlərin, o cümlədən Qərb ölkələrinin məhz
mədəni ekspansiya ilə başqa xalqları öz nəzarətləri altına almalarında istifadə
etdikləri ən başlıca silah budur – milli-mənəvi dəyərləri hədəfə almaq, onları
silmək, bir milləti öz dəyərlərindən uzaqlaşdırmaq. İnformasiya müharibəsində
bu, son dərəcə ciddi əhəmiyyət daşıyır”.
V.Zifəroğlu Azərbaycanın çox ciddi geosiyasi,
geoiqtisadi əhəmiyyət kəsb edən coğrafi ərazidə yerləşdiyini diqqətə çatdırıb.
Bildirib ki, yerləşdiyi coğrafi ərazi, həyata keçirdiyi müstəqil xarici siyasət
baxımından Azərbaycanın beynəlxalq aləmdə ciddi siyasi əhəmiyyəti və rolu var.
Onun sözlərinə görə, Azərbaycanın bu rolundan, əhəmiyyətindən, müstəqil siyasətindən
narazı və narahat olan kifayət qədər ciddi qüvvələr, xüsusən də ölkəmizə düşmən
mövqeyi sərgiləyən işğalçı Ermənistan, dünyadakı erməni lobbisi var: "Bu qüvvələr
Azərbaycana qarşı apardıqları informasiya müharibəsi vasitəsilə həqiqətlərimizi
təhrif etməyə, mənəvi dəyərlərimizi hədəfə almağa, daxildə müəyyən
çaşqınlıqlara rəvac verməyə çalışırlar. Bu zaman onlar müxtəlif alətlərdən, o
cümlədən sosial şəbəkələrdən, müxtəlif media quruluşlarından istifadə etməyə
çalışırlar. Bütün bunları nəzərə alaraq, biz, son dərəcə ayıq olmalı, həqiqətlərimizin
təhrif edilməsinə qarşı mövqe ortaya qoymalıyıq. Öz həqiqətlərimizi yaymaqdan,
doğrularımızı dünyaya çatdırmaqdan çəkinməməli, qorxmamalıyıq. Kimliyindən və
tutduğu vəzifəsindən asılı olmayaraq, hər bir insanımız bu məsələdə həssas
davranmalı, əsl vətəndaşlıq mövqeyi ortaya qoymalıdırlar”.
Rufik
İSMAYILOV