Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır - Fotolar
Prezident İlham Əliyev: "Biz
evsiz-eşiksiz qalmış insanların problemlərini həll etməli idik, bu, bizim
borcumuzdur”
Təbii fəlakətlər, o
cümlədən zəlzələ, çayların daşması, yanğınlar dünyanın istənilən ölkəsində baş
verir. Bu fəlakətlər nəticəsində dövlətə, vətəndaşlara maddi ziyan dəyməklə
bərabər, bəzi hallarda insanlar da həyatlarını itirirlər. Azərbaycan da
dünyanın bir parçası olduğu üçün belə təbii fəlakətlərdən sığortalanmayıb.
Müxtəlif illərdə ölkəmizdə daşqınlar, yanğınlar, zəlzələlər olub, dövlət və
özəl təsərrüfatlara maddi ziyan dəyib. Bəzi hallarda bu fəlakətlər can da alıb.
Bütün bu hadisələr zamanı dövlət, onun rəhbəri daim vətəndaşların yanında olub,
fəlakətdən zərər çəkmiş sakinlərin qayğıları ilə maraqlanıb, dəymiş ziyanın
dövlət hesabına ödənməsi istiqamətində lazımi tədbirlər görülüb.
Buna misal olaraq, 2010-cu
ilin may ayında Kür çayının daşması nəticəsində ətraf kəndlərə ciddi ziyan
dəyməsini, daşqından dərhal sonra Prezident İlham Əliyevin sədrliyi ilə mayın
7-də müşavirə keçirilməsini, fəlakətin nəticələrinin aradan qaldırılması ilə
bağlı müvafiq orqanlara tapşırıqların verilməsini göstərmək olar. Mayın 11-də
təbii fəlakət bölgəsinə gedən və burada sakinlərlə görüşərək onların problemləri
ilə maraqlanan Prezident İlham Əliyev artıq sentyabrın 7-də Hacıqabul rayonunun
Meyniman kəndi ərazisində evləri dağılan vətəndaşlar üçün tikilmiş yeni
mənzillərin istifadəyə verilməsi mərasiminə qatılıb. Eyni mənzərə 2012-ci il mayın
əvvəlində ölkəmizin şimal-qərb bölgəsində baş vermiş zəlzələdən sonra da
müşahidə edilib. O vaxt Qax rayonunun Güllük, Qapıçay, Ləkit, Ləkit-Kötüklü,
Zərnə və Fıstıqlı kəndlərində çoxsaylı evlər qəzalı vəziyyətə düşmüşdü. Həmin
il mayın 9-da Prezident İlham Əliyev zəlzələnin nəticələrinin aradan
qaldırılması ilə bağlı görülən işlərlə yerində tanış olmaq üçün fəlakət
bölgəsinə səfər edib, zərərçəkən sakinlərlə görüşüb. 2012-ci il sentyabrın 9-da
bölgəyə səfərə gələn dövlət başçısı zəlzələdən sonra evi qəzalı vəziyyətə düşən
sakinlər üçün tikilən mənzillərlə tanış olub.
Bu kimi nümunələrin sayı
çoxdur. Sonuncu dəfə cari il fevralın 5-də Şamaxı, Ağsu, İsmayıllı ərazisində
güclü zəlzələ olub və təbii fəlakət nəticəsində onlarla kənd sakininin evi
dağılıb, qəzalı vəziyyətə düşüb. Dərhal komissiya yaradılaraq əhaliyə dəyən
ziyanın araşdırılmasına başlanılıb. Yerli icra qurumları ilə yanaşı, Heydər
Əliyev Fondunun əməkdaşları da zəlzələ zonasına ezam olunub, dağıntı olan
kəndlərə baxış keçiriblər. Ardınca Prezident İlham Əliyev baş vermiş təbii
fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında sərəncam imzalayıb.
Bununla da Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva
səviyyəsində ölkə vətəndaşlarına, onların üzləşdiyi problemlərə həssaslıq nümayiş
etdirilib. Hər iki şəxs sözügedən rayonlara səfər edərək zəlzələnin törətdiyi
fəsadlarla yerindəcə tanış olub, şəxsən vətəndaşlarla görüşüb, onlarla
söhbətləşib, fikirlərini dinləyiblər. Azərbaycan Prezidenti vətəndaşlara söz
verib ki, zəlzələ nəticəsində ziyan dəyən evlərdən hansılar bərpa olunmalıdırsa
bərpa olunacaq, təmir ediləcək, bərpası mümkün olmayan evlərin yerində isə
yenisi tikiləcək. Sonrakı aylarda yenidən həmin rayonlara səfər edən Prezident
və Birinci vitse-prezident görülən işlərlə, yaradılan şəraitlə yerindəcə tanış
olub, vətəndaşlarla görüşərək onların fikirlərini dinləyiblər.
Dekabrın 5-də Şamaxıya
səfəri zamanı Prezident İlham Əliyev zəlzələ nəticəsində ziyan çəkmiş ailələr
üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə tanış
olub. Fərdar Həsənovun mənzilində olan dövlət başçısı çay süfrəsi arxasında F.Həsənov
və anası Xuraman Həsənova ilə səmimi söhbət edib.Prezident qeyd edib ki, fevral
ayında baş verən zəlzələdən sonra ötən 10 ay ərzində dövlət hesabına bütün
fərdi evlər tikilib, təmir olunub, vətəndaşların ixtiyarına verilib. O, Azərbaycan
dövlətinin hər zaman öz vətəndaşının yanında olduğunu bəyan edib: "Biz
evsiz-eşiksiz qalmış insanların problemlərini həll etməli idik, bu, bizim
borcumuzdur. Amma onu da bildirməliyəm ki, inkişaf etmiş ölkələrdə belə deyil. Orada
əgər zəlzələ, daşqın baş verirsə, evlər uçursa, vətəndaş getməlidir sığorta
şirkətinə, əgər evi sığortalayıbsa. Onda sığorta şirkəti baxır, ölçüb-biçir,
vaxt gedir, vətəndaş isə haradasa yaşamalıdır. Bəzilərinin məsələsi heç həll
olunmur. Amma bizdə belə deyil. Əvvəlki dövrdə də zəlzələ baş verən zaman eyni
yanaşma olub, bu gün də belədir. Bu, dövlətimizin niyyətini, gücünü göstərir.
Bir də onu göstərir ki, vətəndaşların problemləri diqqət mərkəzindədir”.
Mövzu ilə bağlı fikirlərini
"Kaspi” qəzetinə bölüşən Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynovbildirib ki, dövlət başçısı İlham Əliyev hər bir azərbaycanlının Prezidenti
olmaq barədə verdiyi vədə daim sadiqdir. Onun sözlərinə görə, cari ilin
əvvəlində baş verən zəlzələdən sonra ölkə başçısının hadisə yerinə ayrı-ayrı
vaxtlarda 3 dəfə səfər etməsi, dəymiş ziyanla, görülən işlərlə yerindəcə tanış
olması, sakinlərlə görüşməsi qeyd olunan həqiqəti növbəti dəfə nümayiş etdirir:
"Dünyanın inkişaf etmiş bir çox demokratik ölkələrində təbii fəlakətdən ziyan
çəkən vətəndaşlara dövlət hər hansı vəsait ödəmir. Cənab Prezident Şamaxıya
səfəri zamanı yeni mənzillə təmin olunmuş sakinin evində qonaq olarkən bu fikri
xüsusilə diqqətə çatdırdı. Həmin ölkələrdə dəymiş ziyan müvafiq sığorta
şirkətləri tərəfindən araşdırılır. Bu isə uzun müddət tələb edir. Nəticədə
sakinlər hardasa qalmağa məhkum olur, əziyyət çəkirlər. Amma Azərbaycanda
Prezident İlham Əliyevin rəhbərliyi ilə hər bir vətəndaşın probleminə
həssaslıqla yanaşılır. Hətta təbii fəlakətlər zamanı vətəndaşların sığortası,
qeydiyyatı, müvafiq sənədləri olmayan, amma fəlakətdən ziyan çəkən mülkləri də
dövlət tərəfindən təminat altına alınır. İndiyə qədər baş verən təbii
fəlakətlərdən ziyan çəkən vətəndaşlara dövlət tərəfindən verilən dəstək
deyilənlərə əyani sübutdur. Fəlakətdən dağılan, ciddi ziyan çəkən evlər yenidən
təmir olunub, yaxud yenisi tikilərək vətəndaşların istifadəsinə verilib. Bu,
bir daha onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyev, onun ən yaxın
silahdaşı Birinci vitse-prezident, eləcə də dövlət başçısının siyasətini həyata
keçirən müvafiq icra hakimiyyəti orqanları daim vətəndaşların yanındadırlar”.
Milli
Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü
Elman Məmmədov da Prezident İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycanda həyata keçirilən siyasi kursun mərkəzində vətəndaş amilinin
dayandığını söyləyib. Bildirib ki, bu mənada, onun regionlara səfəri vəzifəli
şəxslər üçün əsl nümunə, xalqa xidmət göstəricisidir: "Prezident İlham Əliyevin
artıq illərdir ki, ənənəvi şəkil almış regionlara səfəri, bu səfərlər zamanı
sadə vətəndaşlarla görüşü, heç bir seçim olmadan onlarla söhbəti, ünsiyyəti,
problemləri ilə maraqlanması, həmin problemlərin həlli istiqamətində yerindəcə
göstəriş verməsi, verilən tapşırıqların necə icra olunması ilə şəxsən
maraqlanması vəzifəli insanlar üçün nümunədir. Çünki ölkə başçısı tərəfindən atılan
addım digər vəzifəli şəxslərdə məsuliyyət yaradır. Onlar anlayır ki, dövlət
başçısı verdiyi tapşırıqların necə icra olunduğu ilə maraqlanacaq. Ötən gün
Prezident İlham Əliyevin Şamaxıya səfəri, orada vətəndaşlarla görüşü, onların
problemləri ilə maraqlanması, eləcə də müxtəlif açılışlarda iştirak etməsi dövlət
siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını deməyə əsas verir”.
Alpər
TURAN