AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Azərbaycan diasporu ilə birlikdə erməniləri üstələmişik”

“Azərbaycan diasporu ilə birlikdə erməniləri üstələmişik”

Müsahibə
10 İyun 2020, 10:45 1299
Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları qurumunun (YTB) rəhbəri Abdullah Eren müsahibəsində Azərbaycan və Türkiyə diaspor təşkilatlarının bərabər işləmə mexanizminin önəmindən və görülən işlər barədə danışıb.
 
- Abdullah bəy, son zamanlar ayrı-ayr ölkələrdə erməni diasporu Türkiyə və Azərbaycan diasporunun birliyindən rahatsız olduğunu açıq ifadə edir. Bundan sonra bu istiqamətdə hansı işlər görüləcək?
- Ermənilər özlərinin uydurduğu qondarma "soyqırımı”nın tandılıması üçün davamlı işlər görür. Amma Türkiyənin Avropada xeyli sayda diaspor təşkilatı var. Diaspor təşkilatı son zamanlar  Avropda milli şüur ideyasına xidmət edir. FETÖ ("Fətüllahçı terror təşkilatı”) ilə mübarizədə həm də ermənilərin  "qondarma soyqırımı”na qarşı mübarizədə təkcə Türkiyə deyil, eləcə də Azərbaycan diaspor təşkilatlarının da fəaliyyəti bizim üçün çox önəmlidir. "Bir millət, iki dövlət” anlamı hər iki ölkənin diasporu üçün də keçərli olmalıdır. Təsadüfi deyil ki, Berlində təşkil etdiyimiz aksiya zamanı həm Azərbaycan səfirliyi, həm Azərbaycan diaspor təşkilatlarının rəhbərləri iştirak etdilər. Bundan başqa, Avropa və ABŞ-da olan QHT-lərin biri-birini tanıması və yaxından əlaqə yaratması üçün bir sıra toplantılar təşkil etdik. Amma hələ ki, bu addımlar başlanğıcdır və bu işləri daha təkmilləşdirəcəyik. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmş torpaqlarının geri qaytarılması və Türkiyənin PKK-ya qarşı mübarizəsinin dünyaya çatdırılmasında, Avropadakı türk dərnəklərinin yalqız  buraxılmamasında hər iki ölkənin diaspor təşkilatları əlaqələri genişləndirməyə çalışır. Türkiyə toplumu Avropada xeyli sayda QHT-yə sahibdir. Biz Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradovla da qarşılıqlı iş birliyi və əlaqələrimizi genişləndirmək məqsədi ilə müqavilə bağlamışıq. Fuad Muradov diaspor işinə çox böyük mücadilə verir və bunun nəticələrini görürük. Və düşünürəm ki, bundan sonra əlaqələr daha da sıx inkişaf edəcək.
 
- Son illər Türkiyənin diaspor fəaliyyəti xeyli genişləndi. Azərbaycanın da bu fəaliyyət istiqamətinin genişlənməsindən də gözləntiləri böyükdür.  ABŞ hər zaman qondarma "soyqırımı” məsələsini müzakirəyə çıxaranda azərbaycanlılar etiraz etidiyi kimi, türklər də Qarabağ məsələsində eyni mövqeyi sərgiləyirlər. Daha nələr edilməlidir ki, hədəflərimizə çata bilək?
- Türkiyə diaspor təşkilatının daha çox olduğu ərazilər Qərbi Avropa ölkələri-Almaniya, Avstraliya, Belçika, Fransa və Hollandiya kimi ölkələrdir.  Azərbaycan diasporunun daha geniş yayıldığı ölkələr arasında isə Rusiya və ABŞ yer alır. Avropadakı problemlərə baxanda irqi ayrıseçkilik, islamafobiyanın şahidi oluruq. Xüsusilə, müsəlmanlara olan ayrıseçkiliyə qarşı Azərbaycan diaspor təşkilatı ilə zaman-zaman mübarizə aparmışıq. Erməni diasporunun Azərbaycan və Türkiyə diasporunu sıxışdırmaq üçün beynəlxalq səviyyədə istifadə etdiyi arqumentlərə qarşı həmişə akademik səviyyədə mübarizə aparmaq lazımdır. Avropada küçədə toplantı edib aksiya keçirmək də vacibdir, amma eyni zamanda səsimizi eşitdirmək üçün bələdiyyələrdə, həmin ölkələrin parlamentlərində ermənilərin törətdiyi əməlləri ictimaiyyətə və siyasətçilərə çatdırmaq lazımdır. Hesab edirəm ki, əsas məsələ dediyim kimi rəsmi qurumlarda, dövlət səviyyəsində etiraz etməkdir. Baxmayaraq ki, erməni diasporu yüz ildir fəaliyyətdədir, amma həm biz, həm də Azərbaycan diaspor təşkilatları artıq onlarla eyni və daha artıq səviyyədə işlər görə bilirik.
 
- Dünyada daha böyük güc sahibi olan diaspor təşkilatları var. Buna yəhudi, yunan və s. misal göstərmək olar. Onlarla necə işləyirsiniz?
- Bizim əsas məqsədlərimizdən biri də qonşu ölkələrlə barış səviyyəsində yaşamaqdır. Ermənilərə, eləcə də İspaniyadan qovulan yəhudilərə zamanında Osmanlı dövləti himayədarlıq edib. Yəni əvvəldən biz barış içərisində müxtəlif millətlərlə bərabər yaşamışıq. Əgər biz indi də öz aramızda birlik və sabitliyi qorumağı bacarsaq xaricdə də problem yaşamarıq.
 
- Abdullah bəy, pandemiyaya dövründə Azərbaycan və Türkiyənin diaspor təşkilatlarının fəaliyyətini necə qiymətləndirirsiniz? Bir millət, iki dövlət olaraq biri-birimizə dəstək ola bildikmi?
- Koronavirusla mübarizədə həm Türkiyə, həm də Azərbaycan çox yaxşı nümunə sərgilədi. Dünya ölkələrinə nisbətdə biz xəstəlikdən bu qədər müddət ərzində çox az itki ilə çıxmağı bacardıq. Ölkə xaricində olan virusa yoluxan vətəndaşlarımızın ölkəyə gətirilib  müalicə edilməsi məsələsinə Türkiyə bu dövr ərzində xüsusi həssaslıqla yanaşdı. Bütün dünyada yaşayan türklərə qucaq açdıq. Türkiyədə qalan azərbaycanlı tələbələrə yaxından dəstək göstərildi və bu dəstək daimi olaraq davam etdiriləcək.