• cümə axşamı, 28 mart, 18:16
  • Baku Bakı 13°C

Azərbaycan Cənub Qaz Dəhlizi çərçivəsində ixrac edəcəyi qazdan 100 milyard dollardan çox gəlir əldə edəcək

29.02.20 13:52 635
Azərbaycan Cənub Qaz Dəhlizi çərçivəsində ixrac edəcəyi qazdan 100 milyard dollardan çox gəlir əldə edəcək
Cənub Qaz Dəhlizi, eləcə də Azərbaycanın dəstəyi ilə reallaşan digər enerji layihələri regionun təhlükəsizliyinə, iqtisadi inkişafına dəstək olmaqla yanaşı, Azərbaycanın özünün iqtisadi inkişafının artırılması baxımından çox əhəmiyyətlidir.
Bunu Trend-ə iqtisadçı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Azərbaycan regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinin formalaşmasına töhfə verən ölkələrdən biridir.
V.Bayramov hesab edir ki, çoxtərəfli əməkdaşlıq formatını seçən və ona üstünlük verən, dayanıqlı inkişafı dəstəkləyən Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələrindən yalnız qonşu dövlət olan Gürcüstan və Türkiyə deyil, bir sıra Avropa ölkələri də faydalana bilirlər.
Cənub Qaz Dəhlizinin Azərbaycanın enerji sektoru üçün yeni parlaq bir mərhələ sayan V.Bayramov əlavə edib ki, 2020-ci ilin sonunda Azərbaycan artıq TAP kəməri vasitəsilə Avropaya öz qazını çıxara biləcək. Birinci mərhələdə Avropaya 10, ikinci mərhələdə isə 20 milyard kub metr mavi qazın nəql edilməsi nəzərdə tutulur.
İqtisadçının fikrincə, Cənub Qaz Dəhlizinin bütövlükdə ötürülmə qabiliyyəti 31, 5 milyard kub metr olacaq ki, bu da praktik olaraq, Avropa üçün yeni alternativ mənbə rolunu oynayacaq.
Mütəxəssis bu qənaətdədir ki, Cənub Qaz Dəhlizinin reallaşması Azərbaycanın dövlət büdcəsi gəlirlərinin daha da artması, ölkəyə valyutanın davamlı şəkildə daxil olması baxımından olduqca vacibdir.
Bu layihənin həm də strateji xarakter daşıdığını deyən V.Bayramov qeyd edib ki, Azərbaycan Cənub Qaz Dəhlizi çərçivəsində ixrac edəcəyi mavi qazdan 100 milyard dollardan artıq gəlir əldə edəcək.
Qeyd edək ki, fevralın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı keçirilib. İclasa 13 ölkədən rəsmilər qatılıb.
2019-cu il mayın 29-da Bakıda "Cənub Qaz Dəhlizi"nin birinci mərhələsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.
Cənub Qaz Dəhlizinə "Şahdəniz-2” qaz yatağı, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri daxildir. 1,2 trilyon təbii qaz ehtiyatına malik "Şahdəniz” Azərbaycanın ən iri qaz-kondensat yatağı və Cənub Qaz Dəhlizinin hasilat mənbəyidir. Cənubi Qafqaz Boru Kəmərinin uzunluğu 691 km-dir. Gürcüstan sərhədindəki Türkgözü kəndində TANAP-a birləşən boru xəttinin 443 km-i Azərbaycandan, 248 km-i Gürcüstandan keçir. Layihə çərçivəsində Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük gücü ildə 7 milyard kubmetrdən 23 milyard kubmetrə qaldırılıb.
Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.
banner

Oxşar Xəbərlər