Azad olunan ərazilərdəki infrastruktur layihələri yeni iş yerlərinin yaradılması baxımdan vacibdir
İşğaldan azad olunan ərazilərimizdə həyata keçirilən infrastruktur layihələri yeni iş yerlərinin yaradılması baxımdan vacib hesab olunur.
Kaspi.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, artıq Füzuli Beynəlxalq Hava Limanında çalışacaq işçilərin seçimi ilə bağlı vakansiya elan olunub. Hava limanının inşasında 500 Azərbaycan vətəndaşı çalışır. Füzuli, Cəbrayıl və Zəngilana səfər edən zaman digər infrastruktur layihələrinin də intensiv həyata keçirildiyini müşahidə etdik. Həmin layihələrdə çalışanların böyük əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Növbəti mərhələdə Azərbaycan iqtisadiyyatının drayverinə çevriləcək Qarabağ məşğulluğun təmin olunmasında da xüsusi rola malik olacaq. Məskunlaşma prosesi ilə yanaşı, yeni iş yerlərinin yaradılması da əsas prioritetlərdəndir. Artıq rayonlar üzrə müqayisəli üstünlüyə malik olan sektorların qiymətləndirilməsi aparılır.
"İşğaldan azad olunmuş ərazilərimizin bərpa və yenidənqurma mərhələsindən sonra Azərbaycan iqtisadiyyatın ən azı 8 faizini formalaşdırmaq potensialına malik olacaq. Bu, illik 5 milyard manatdan artıq yeni dəyərin formalaşması anlamına gəlir və yaxın illərdə Qarabağda 10 minlərlə yeni iş yerinin yaradılacağı deməkdir”, - deyə deputat qeyd edib.