Az ödəyib, çox oxumağın yolu - ƏDƏBİYYAT

Kitab
bazarında "icarə dəbi”nin təşəkkül tapması, əsasən, gəncləri, tələbələri daha
çox cəlb edir. Ekspertlər deyirlər ki, icarə kitab bazarının genişlənməsi kitab
satışına mənfi təsir etməyəcək.
Kitab işıq saçar bir günəş kimi,
Kitabdır arifin könül həmdəmi!
Bu məşhur
misraları yada saldıqca, kitabın, doğrudan da, insan taleyinə necə böyük işıq
saçdığını, yol açdığını və nəhayət ki, insanın gözlərini necə açdığını dərk
edirik. Kitab və mütaliə insan həyatının ayrılmaz hissəsi idi bir zamanlar.
Sonralar ölkəmizdə yaşanan qanlı-qadalı günlər, müharibə, keçid dövrü, eyni
zamanda da əlifbanın dəyişməsi, sanki adamları bir qədər mütaliədən
uzaqlaşdırdı. Amma ölkəmizin iqtisadi inkişafı ilə eyni zamanda kitab sektoru
da inkişaf etməyə başladı. Əlbəttə ki, bu, çox gözəldir. Hazırda Azərbaycanda
bir çox nəşriyyatlar, kitabxanalar, kitab evləri və son zamanlar bir xeyli dəbə
düşən kitab icarəsi mərkəzləri də var. Maraqlıdır, görəsən bu kitab icarəsi mərkəzləri
necə işləyir, onların fəaliyyəti kitabxana və kitab satışı dükanlarına necə təsir
edir?

"Hər dəfə
kitab almağa imkanımız olmurdu”
"Az
ödə, çox oxu!" sloqanı altında işləyən "Bookzone” kitab evinin müdiri
Günel Tağıyeva deyir ki, 2016-cı ildən bu işə başlayıblar: "Layihənin
yaradıcısı Seymur Tağıyevdir. Düşünüb-daşınıb bu işi öz gücümüz hesabına qurduq.
Ümumiyyətlə, özəl kitab icarəsinin bünövrəsini biz qoymuşuq. Bizdən sonra bu
sahədə yeni-yeni kitab evləri də açıldı, icarəyə kitab vermək dəbə düşdü.
Düşünürəm ki, bu, çox yaxşı haldır. Biz özümüz də gəncik. Hər dəfə kitab almağa
imkanımız olmurdu. Və onda az ödəyib, çox oxumağın yolunu fikirləşib tapdıq. Və
beləcə, kitabxanamızı qurmağa başladıq”.
Əlli qəpiyə bir kitab
Hazırda şəxsi
kitabxanalarında iki mindən çox kitab olduğunu bildirən Günel xanım deyir ki,
onlarda olan kitabların hamısı yeni nəşrlərdir: "Dövlət kitabxanalarında
kitabların əksəriyyəti köhnə nəşrlərdir, müasir deyil. Həm də gənclərin tələbatlarına
uyğun kitablar deyil. Əsasən, elmi kitablardır, klassikadır, hər hansı bir sahə
ilə bağlıdır. Gənclər isə yeni dövr ədəbiyyatı ilə daha çox
maraqlanırlar. Belə olduğu halda, ya gərək pul verib kitab alsınlar, ya
da ki, özəl kitabxanalara müraciət etsinlər. Müştərilərimizin də əksəriyyəti gənclərdir
– tələbələrdir. Və bir kitabın günlük icarəsi on qəpikdir. Əgər beş günə oxuyub
qaytaracaqsa, onun cəmi əlli qəpik xərci çıxacaq. Bu da, təbii ki, tələbələr
üçün çox sərfəlidir”.

İcarənin satışa xeyri
Müdir
xanım hesab edir ki, kitab icarəsinin satışa da xeyri var: "Belə ki, əksər
oxucuların evdə də şəxsi kitabxanaları var. Onlar ancaq sevdikləri kitabları
alıb o kolleksiyaya daxil edirlər. Bəzən də olur ki, gənclər öz aralarındakı
söhbətlərdə və ya sosial şəbəkələrdə bir kitabın tərifləndiyini eşidirlər,
maraqlı gəlir onlara. Gəlib icarəyə götürürlər, oxuyub bəyənəndən sonra həmin kitabı
alıb kitabxanalarına da daxil edirlər. Kitabxanada
həm də balaca kafe fəaliyyət göstərir. Oxucular həm də bizim öz məkanımızda, kitab
aurası olan bir yerdə sakit və gözəl bir mühitdə mütaliələrini edə bilirlər”.
Kitabsevərlər
Günel
xanım deyir ki, amalımız gənclərimizin daha çox kitab oxuması, dünyagörüşlü və
savadlı olmasıdır: "Bəzən bizə deyirlər ki, burda sizin qazancınız nədir? Deyirik
ki, bir işdə mənəvi bir dəyər olmadısa, nə qədər maddi xeyir gəlsə də, heç bir
mənası olmur. Bilirik ki, gördüyümüz bu işin dəyəri var. Gənc kollektivimiz
var, ətrafımız da hamısı kitabsevər gənclərdir. Bizim üçün bunun önəmi çoxdur”.

Qaytarılmayan
və ya yararsız qaytarılan kitablar
Artıq 6
ildir fəaliyyət göstərən və 9000-dən çox kitab çeşidi olan "Kitabal"
kitab dükanının təsisçisi və rəhbəri İlkin Tomar da fikirlərini bölüşdü: "Kitab
icarəyə verən mütləq kitab almalıdır. Yəni bunun satışa ziyanı yoxdur. Həm də
düşünürəm ki, bu iş satış kimi davalı deyil. Uzun müddət fəaliyyət göstərən,
kirayə verən kitab evləri çox azdır. Onların da özünə görə problemləri var. Məsələn,
olur ki, müştəri kitab götürür, yoxa çıxır, kitabı qaytarmır. Yaxud da ki, kitabı
qaytarır, amma olduqca bərbad bir vəziyyətdə. Müəyyən vaxtdan sonra həmin kitab
yararsız vəziyyətə düşür. Ona görə də, bu cür icarə kitab evlərinin kitab
satışına mənfi təsir etdiyini düşünmürəm”.
Uçurum
İlkin bəy
deyir ki, hazırda kitab bazarına mənfi təsir göstərən nəşriyyatlardır. Nəşriyyatlar
kitab dükanlarına çox ögey münasibət bəsləyir: "Halbuki nəşriyyatların əsas partnyorları
kitab dükanlarıdır. Amma nəşriyyatlar nə edir? Oxucuya da, dükana da eyni faizlə
kitab satır. Müştəri də düşünür ki, mağazadan alınca, elə nəşriyyatın özündən
bir qədər ucuz alaram da. Və bu da getdikcə kitab dükanlarının sıradan
çıxmasına gətirib çıxarır. Ümumiyyətlə, bu sahədə bir çox boşluqlar olduğundan,
nəşriyyatlar da istədiyi kimi davranır. Daha çox kitab almaq istəyəndə endirim etmirlər.
Amma kitab yarmarkası keçiriləndə daha yüksək endirim faizi ilə həmin kitabları
satışa qoyurlar. Bu da nəşriyyatlar və dükanlar arasında uçurum yaradır”.

Nəşriyyatların ögey münasibəti
"Bəzi
dükanlar alternativ yollara əl atırlar” deyir dükan rəhbəri. O, bildirir ki, bəzi
dükanlar pirat üsulu ilə kitab çap edib, daha ucuz satır: "Çox az sayda kitab
dükanları, o cümlədən də biz buna getmirik. Nəşriyyatlardan (istisnalar var, təbii
ki) narazı qalsaq da, bunu etmirik. Böyük nəşriyyatların da əksəriyyətinin ya
öz dükanları var, ya da işlədiyi dükanlar var ki, kitabları onlara ucuz, digərlərinə
isə baha verirlər, yəni ögey münasibət bəsləyirlər. Bu, təkcə bizim yox, mən
deyərdim ki, ümumi kitabçıların problemidir. Kitab dükanları üçün kitab icarəyə
verən məkanların mövcudluğu, nəşriyyatlardan daha az problem yaradır”.
Xanım Aydın
