“Ayrılıq” Azərbaycana necə gəldi?
Və ya Rəşid Behbudovun
Bakıda yoxa çıxan, Los-Ancelesdə tapılan lent yazısı
Hər dəfə dünya şöhrətli Rəşid
Behbudovu (1915-1989) xatırlayanda, istər-istəməz, onun Azərbaycanın dünyada tanıdılmasına xidmət edən
qastrolları yada düşür. Belə qastrollar say etibarilə nə qədər çox olsa da,
onun qonşu İrana səfəri xüsusilə seçilir. Elə bu gün –onun doğum günündə görkəmli
sənətkarı yada salmağımız da həmin səfərin başqalarından fərqlənməsi, ötən əsrin
doxsanıncı illərindən başlayaraq hər birimizin dilinin əzbəri olan "Ayrılıq”
mahnısının Azərbaycan ictimaiyyəti üçün "kəşf” olunması ilə bağlıdır. Sənətkarın İran səfərinin baş tutmasının tarixçəsi kifayət
qədər maraqlı olması, bizi xəyalən həmin illərə qayıtmağa məcbur edir...
1961-ci ilin 12 aprelindən sonra
xaricdən Kremlə ünvanlanan və dünyanın ilk kosmonavtı Yuri Qaqarini öz ölkələrinə
dəvət edən çoxsaylı məktublar arasında bir məktub diqqətçəkən idi. Tehrandan
göndərilən məktubda SSRİ Xalq artisti Rəşid Behbudovun İrana qastrola göndərilməsi
təkidlə xahiş olunurdu. Necə deyərlər, dünya Qaqarini, İran isə Behbudovu
arzulayırdı. Bu istəyin-dəvətin yaranması heç də təsadüfi deyildi. İkinci Dünya müharibəsindən sonra R.Behbudovun
simasında "Arşın mal alan”ın müxtəlif ölkələrə yayılan şöhrəti ilə yanaşı, müğənninin
Belçikadakı Ümumdünya sərgisində İraq, Sudan, Həbəşistan, Livan, Türkiyə və
Hindistandakı sənət uğurlarının sorağı İrana da çatmışdı. Odur ki, 1961-ci ilin
sonunda Milli Xor və Tehranın Gənclər Evi Rəşid Behbudovu İrana qastrola dəvət
edir.
Moskvanın ilkin
razılığından sonra bu xoş xəbər Bakıya – müğənniyə çatdırılır. O, İran dinləyiciləri
üçün xüsusi proqram hazırlayır. Çünki müğənni bu səfəri özü üçün böyük sənət
imtahanı hesab edirdi. Belə ki, bu dəfə o, zəngin musiqi ənənələri olan bir ölkəyə
gedəcəkdi. Düzdür, bu, onun İrana ilk gedişi deyildi. Müharibə illərində orada
sovet əsgərləri üçün konsertlər vermişdi. Amma fərq böyük idi. İyirmi il əvvəl əgər
İrana heç kimin tanımadığı gənc bir müğənni kimi getmişdisə, indi o, dünya şöhrətli
bir sənətkar idi. Rəşid Behbudov üçün bu, hər şeydən əvvəl, məsuliyyət idi...
Bu
qastrolun əvvəlcədən qısamüddətli olacağı nəzərdə tutulsa da, 1962-ci ilin
oktyabrında başlanan qastrol səfəri 1963-cü ilin mart ayınadək davam edir.
Qastrolun sonuna yaxın məlum olur ki, ölkədə keçirilən çoxsaylı konsertlərdən
külli miqdarda pul yığılıb. Onların taleyini həll etmək ixtiyarı isə müğənniyə
məxsus idi. Rəşid Behbudov isə başa düşür ki, bu qədər pulu SSRİ-yə aparsa,
onsuz da ondan nə özünə, nə də sənət dostlarına bir xeyir olacaq. Çünki o
vaxtlar kommunist ideologiyası ilə nəfəs almağa məhkum olmuş sənətçilərin
xarici ölkələrdəki çıxışlarına görə qonorar almaq səlahiyyəti SSRİ Mədəniyyət
Nazirliyinə məxsus idi. Odur ki, müğənni konsertlərdən toplanan pulun İranda
qalmasına üstünlük verir və səfər vaxtı yaranan bir arzusunu açıqlayır...
Bildirir ki, bu
pullara müasir tələblərə cavab verən bir konsert salonunun inşa olunmasını istəyir.
Onun bu fikri böyük razılıqla qarşılanır. Bundan sonra musiqişünas, bəstəkar,
Milli Xor və GənclərEevinin yaradıcısı və rəhbəri Qole Sorxi konsertlərin birində toplanan pullara
Tehranda Rəşid Behbudovun adını daşıyacaq salonun tikiləcəyini də elan edir. Lakin
araşdırmalardan məlum oldu ki, o vaxtlar toplanan vəsait ayrıca konsert
salonunun tikilməsinə azlıq etdiyi üçün, ondan Tehranda ucaldılan digər bir əzəmətli
mədəniyyət ocağının inşasında istifadə olunmuşdur. Rəşid Behbudov 1966-cı ildə
dördüncü dəfə İrana gələndə bu salon artıq fəaliyyət göstərirdi.
Müğənninin yeni
qastrol səfəri Təbrizdən başlanmışdı. Konsertlərin birindən sonra tanınmış bəstəkar
Əli Səlimi (1922-1997) onu evinə dəvət edir. Bir
müddət söhbətdən sonra o, Rəşid Behbudovu yeni yazdığı mahnılarından biri ilə -
"Sizə salam gətirmişəm” mahnısı ilə tanış edir. Rəşid ilk dəfə eşitdiyi bu
mahnını çox bəyənir və elə oradaca tezliklə ifa edəcəyinə söz verir. Çox qısa
bir zaman kəsiyindən sonra müğənninin
gözləmədiyi daha bir hadisə baş verir.
Əslində onun baş verməsinə
səbəbkar, bəstəkarın həyat yoldaşı olur. Belə ki, o, müğənninin ailə foto
albomuna baxmasından istifadə edərək, ərini yan otağa çağırır. Bir-iki dəqiqədən
sonra oradan bəstəkarın həyat yoldaşının
tarın müşayiəti ilə oxuduğu - Rəşid
Behbudova tanış olmayan mahnının sədaları eşidilir. Mahnının həzinliyindəki
ovsunlayıcı güc müğənniyə duyulası təsir göstərir və o, indiyə qədər eşitmədiyi
bu nəğməni onlarla birlikdə zümzümə etməyə başlayır. İfa başa çatdıqdan sonra Rəşid
Behbudov təbii olaraq mahnının kim tərəfindən
bəstələndiyini soruşur. Əli Səlimi onu yenicə, özü də Şəhriyarın (bəzi mənbələrdə
onun müəllifinin Fərhad İbrahimi olduğu bildirilir) yazdığı şeirə bəstələdiyini
söyləyir.
Müğənni bəstəkarı bu gözəl mahnı münasibətilə
təbrik etməklə, "Ayrılığ”ı ona təklif
etmədiyinə görə irad tutur. Sovet
rejiminin "dadı”na bələd olan Əli Səlimi isə SSRİ-dən gələn Rəşid Behbudova
bildirir ki, bu mahının ifa etməyi sənə icazə verməzlər. Odur ki, mənə görə sənə
təzyiqlər olmasını istəməzdim. Oralarda elə mənim "Sizə salam gətirmişəm”
mahnımı oxusan, mənə bəs edər. Sonralar "Hindistan kaseti” məsələsi ilə heç nədən
çəkinmədiyin sübut edən Rəşid Behbudov, otaqda yaranmış ani gərginliyi "Tezliklə
mənim ifamda hər iki mahnını eşidəcəksiniz!” sözləri ilə azaldır.
Deyilənə görə, o, bu
mahnıları elə İranda olarkən ifa da edib. Vətənə qayıtdıqdan sonra isə Moskvada
"Melodya” firmasında "Ayrılığ”ı vala da yazdırıb. Az sonra mahnı İranda da vala
yazılaraq yayılır. Bu mahnı Bakı radiosu üçün lentə alınsa da, 80-ci illərin
sonlarında həmin lent yazısı müəmmalı şəkildə yoxa çıxıb. Ötən müddətdə bu
mahnı digər müğənnilərin ifasında məşhurlaşsa da, dinləyicilər ilk ifanı – Rəşid
Behbudov oxusunu eşitməkdən məhrum olublar. Yalnız 1998-ci ildə bu ifanın izinə
düşmək mümkün olub. Belə ki, Türkiyənin "Kalanmuzik” şirkəti müğənninin ailəsinə
müraciət edərək İstanbulda Rəşid Behbudovun diskini buraxmağa icazə istəyib.
Müraciətə diskə yazılacaq mahnıların siyahısı da əlavə olunubmuş. Bu mahnıların
arasında "Ayrılıq” da vardı, elə diskin adı da "Ayrılıq” idi... Onların bu ifanı
haradan tapdıqları ilə maraqlananda, məlum olub ki, lent yazısı Los-Anceles şəhərindəki
"Pars-video” şirkətindən alınıb. Onlar da öz növbələrində İranda buraxılan
valdan istifadə ediblərmiş. Sonralar bir millətin ayrılığına ağı kimi səslənən
"Ayrılıq” mahnısı da daxil olan disk buraxıldı, amma "Kalanmuzik”də yox, "Raks”da....
Sonda qeyd edək ki,
İran qastrolları Rəşid Behbudovun yaradıcılığında önəmli yer tutur. Burada
çıxış etmək onun üçün həm asan, həm də çətin idi. Çünki başqa ölkələrdən fərqli
olaraq, İranda onu baş düşə və layiqincə qiymətləndirə biləcək insanlar daha
çox idi. İran poeziyanın beşiyi olduğu kimi, musiqidə də öncül idi. Rəşid
Behbudov 60-cı illərdə sənətdə, artıq öz sözünü demiş dünya şöhrətli müğənni
olsa da, bu səfəri özü üçün ciddi sənət sınağı sayırdı... İlk qastrol zamanı
İranın 12 mərkəzi şəhərində, o cümlədən Tehran, İsfahan, Xoy, Abadan, Şiraz və
başqa şəhərlərində, ikinci səfərində də digər yaşayış məntəqələrində çıxış edir. Hər şəhərdə də 3-4 konsert verir.
Özü də çoxsaylı tamaşaçı kütləsini razı
salmaq üçün bu konsertlər salonlarda yox, açıq havada – böyük meydanlarda
keçirilir. İranlılar Rəşid Behbudovu qastrol sonu geriyə "sovet incəsənətinin layiqli elçisi” statusu
ilə yola salmışdılar... Bu gün dünya şöhrətli Rəşid Behbudovun doğum günüdür.
Ziyadxan Əliyev