• cümə, 26 Aprel, 12:17
  • Baku Bakı 23°C

AXCP və Milli Şuranın növbəti mitinq şousu

16.01.19 17:42 843
AXCP və Milli Şuranın növbəti mitinq şousu
Azərbaycanda müxalifətin, xüsusən də bu düşərgədə yer alanların radikal qanadının elektoratı tamamilə tükənib, sosial bazası dağılıb. Məhz buna görədir ki, radikal müxalifət indiyə qədər ölkədə keçirilən bütün seçkilərdə biabırçı nəticə ilə məğlub olub. Hər dəfə seçkidən öncə özlərini öyüb, qara-qışqırıq salmalarına, hakimiyyətə gələcəkləri barədə yalan vədlər vermələrinə rəğmən, seçkidən sonra suyu qurumuş dəyirman kimi yoxa çıxıblar. Yaxud da məğlubiyyətin günahını özlərində deyil, başqalarında axtarmağa çalışıblar. Ötən ilki prezident seçkiləri öncəsi də radikalların düşərgəsində eyni mənzərənin şahidi olduq. Xalqın etimadını, etibarını çoxdan itirdiklərini yaxşı anlayan radikallar həqiqətlə uzlaşmayan, reallığı əks etdirməyən bəyanatlar səsləndirirdilər. Hətta seçkinin vaxtından 6 ay tez baş verməsini, namizədlərin təsdiqlənməsi üçün müəyyən edilən vaxtın azlığını bəhanə gətirərək, özlərinin gözlənən acı məğlubiyyətlərini bəri başdan sığortalamağa çalışırdılar. Ölkədə söz, fikir, mətbuat, sərbəst toplaşmaq azadlıqlarının olmaması barədə qərəzli bəyanatlar səsləndirən radikallar özlərinin nəzarəti altında olan media qurumları, sosial şəbəkələr vasitəsilə ağıllarına gələni ictimailəşdirir, yanlış ictimai rəy formalaşdırmağa cəhdlər edirdilər. Halbuki, söz-mətbuat, fikir, ifadə azadlığı olmayan bir ölkədə radikalların internet resurslarından, media vasitələrindən belə sərbəstliklə istifadəsi qeyri-mümkün olardı. Sərbəst toplaşmaq azadlığına gəlincə, bu sahədə də Azərbaycanda hər hansı problem müşahidə olunmur. Yeganə problem radikal müxalifətin özündə, gücsüzlüyündə idi. Məşhur bir fikirdə deyildiyi kimi, radikallar təşkil etdikləri mitinqlərə, aksiyalara bir sünnət toyuna toplaşan insan qədər tərəfdar toplaya bilmir, amma böyük iddialarla çıxış edirdilər.
Eyni mənzərə bu gün də müşahidə olunmaqdadır. Zaman sürətlə gedir, dünya qloballaşır, dəyişən dünyada ölkələr, cəmiyyətlər, insanlar inkişaf edir, elmi-texniki tərəqqi "göz çıxarır”, amma bizim radikallar yenə də öz amplualarında qalırlar. Yenə də köhnə hamam, köhnə tas. İdeya yeniliyi olmayan, çağdaş dövrlə, zamanla, cəmiyyətlə uzlaşmayan fəaliyyətini davam etdirən radikal müxalifət bu dəfə də Azərbaycan haqqında neqativ fon yaratmağa cəhd edir. İddia olunur ki, ölkədə demokratiya boğulur, sərbəst toplaşma azadlığı təmin olunmur və sair. Müxtəlif bəhanələrlə Azərbaycanı tərk edib xaricə sığınan, məskunlaşdıqları ölkədə yerlərini rahatlayan kimi internet üzərindən anti-Azərbaycan kampaniyaya start verən antimilli ünsürlər də radikalların bu sayaq sayıqlamalarını sevə-sevə ictimailəşdirirlər. Misal üçün, AXCP sədri Əli Kərimli Amerikanın qucağına sığınan jurnalist Sevinc Osmanqızına müsahibəsində yenə də Azərbaycan iqtidarı, hakimiyyəti ünvanına əsassız ittihamlar səsləndirib, həbsdəki "bloqer” Mehman Hüseynova dəstək üçün mitinq keçirmək istədiklərini, bununla bağlı müvafiq quruma müraciət etdiklərini dilə gətirərək, buna icazənin verilməyəcəyi barədə əvvəlcədən rəy formalaşdırmağa çalışıb. Sanki, Ə.Kərimli və 3-5 tərəfdarına mitinq icazəsi verilən kimi dağı dağ üzərinə qoyacaqlar.
Lakin AXCP sədri Ə.Kərimli və Milli Şura sədri Cəmil Həsənlinin söylədikləri yalanların əksinə olaraq, BakıŞəhər İcra Hakimiyyəti "Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun müddəalarına riayət olunmaqla yanvarın 19-da 15:00-dan 17:00-dəkBakışəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş ”Məhsul” stadionu) mitinqin keçirilməsinə razılıq verib.Toplantı təşkilatçılarından xahiş olunub ki, "Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əsasən, ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən və təhqiredici şüarlardan istifadə olunmamasına ciddi nəzarət etsinlər.
Göründüyü kimi, özlərini demokratik qüvvələr adlandıranların Milli Şurası və AXCP növbəti dəfə fakt qarşısında qalıb. Onlar elə ehtimal edirdilər ki, birgə mitinq keçirmək qərarına rəsmi qurumlar "yox” cavabı verəcək, radikallar da bundan yararlanaraq növbəti kampaniyaya start verəcək, beynəlxalq aləmdə Azərbaycan əleyhinə təbliğat aparmaq üçün "arqument” ortaya qoyacaq, bununla da həm gündəmə gələcək, həm də xarici dairələrdən böyük məbləğdə qrant alacaqlar. Yəni, radikallar bu dəfə də M.Hüseynov üzərindən oyun quraraq şəxsi maraqlarını təmin etməyə kökləniblər. Ancaq hər zaman olduğu kimi, bu dəfə də Bakı Şəhər İcra Hakimiyyəti AXCP və Milli Şuranın mitinq istəyinə "hə” dedi, onlara sərbəst toplaşmaq üçün şəhərin lap mərkəzində, "İnşaatçılar” metrostansiyasının on addımlığındakı stadionda yer verdi. Necə deyərlər bu meydan, bu da şeytan. Şübhə yoxdur ki, radikallar bu dəfə də verdikləri gurultulu vədlərin altında qalacaq, ətraflarına 3-5 nəfər adam toplamaqla "güclərini”, əsl mahiyyətlərini növbəti dəfə ortaya qoyacaqlar.

F.Qəhrəmanlı








banner

Oxşar Xəbərlər