Avropanın son dayanacağı olan “sevimli buxta” - Fotolar
Kutaisi üzərindən "Wizzair”lə Avropaya uçuşlar xeyli ucuz başa
gəldiyindən, demək olar ki, azərbaycanlılar artıq səyahət arzularını bu aşağı büdcəli
(Low cost) hava yolları ilə
reallaşdırmağa başlayıblar. Həmçinin Gürcüstanın hava yolları bazarına
daxil olan xidmət xaricilərin də diqqətini cəlb edir. Təyyarənin salonunda olan
əcnəbi sərnişinlərə əsasən bunu demək olar.
Əlbəttə, Kutaisidən Bakıya gedib-gəlməyin kifayət qədər vaxt almasına,
üstəlik, fiziki yorğunluğa baxmayaraq, qənaətcillilik baxımından
səyahətsevərlər Avropaya ucuz uçuş imkanı tapdıqlarına sevinirlər.
Bakı-Tbilisi-Kutaisi-Vyana-Lissabon-Madrid marşrutu üzrə uçuşum da bu
hava yolları ilə həyata keçdi.
Vyanada əvvəllər səfərdə olsam da, Lissabona – dəniz dövlətinin
paytaxtına ilk səfərim idi. Piriney yarımadasının incisi, adı "Sevimli buxta” mənasını verən şəhər, ilk
baxışdan maraqlı təsir bağışladı. Əlbəttə, burada qonaq olduğum 3 gün müddətində
şəhərin tarixi, mədəniyyəti, mətbəxi ilə tanış olacaq, insanlarının yaşam
standartlarına bələd olacaqdım. Ona qədər isə informasiya resurslarından səfər
müddətində də müşahidə etdiyim faktları əldə etmək maraqlı idi.
Portuqal dili, Fado,
tramvay...
Portuqaliyanın əsas əhalisi demək olar ki, paytaxt Lissabonla Portu şəhəri
arasında bölünüb. Lissabon təkcə paytaxt deyil, həm də ölkənin ən nəhəng şəhəridir. Şəhərin 2
milyondan çox əhalisi var.
Lissabon dünyanın ən qədim şəhərlərindən hesab olunur. Hətta London,
Paris kimi tarixi şəhərlərdən yaşı 100
il çoxdur. Paytaxt, dünyanın əlverişli şəhər həyatına malik ölkələrin
reytinqində 25-ci yeri tutub. Müşahidələrdən hiss olunmasa belə, qitədə ən
varlı şəhərlərin TOP-10-unda yer alıb. Şəhərdə bizim üçün Avropaya çıxış dili
olan ingilis dilini bilən təbəqə çox azdır. Bəlkə də bu onunla əlaqədardır ki,
Portuqaliya dili 9 ölkədə rəsmi dil sayılır və dünyada 232 milyon insan bu
dildə danışır.
Portuqalların Fado adlı öz musiqi stilləri var. Yüksək emosionallıqla
ifadə olunan, kədər və romantikanı ifadə edən musiqinin portuqal gitarasında
müşayiəti maraqlı təsir bağışlayır. Bu canlı musiqilərin səsləndiyi kafe və
restoranların qiyməti 70-80 avro arasıdır. Sevgi, qəlb və iztirab musiqisi
YUNESKO-nun ümumdünya bəşəri irs siyahısındadır. Küçələrdə də musiqini ifadə
edən dəstələri insan kütlələri əhatəyə alır.
Şəhərin küçələrini gəzdikcə qədim məbədlər, kilsələr, muzeylər,
qalalarla tanış olmaq mümkündür. "Qloriya” funikulyoru da insanları qədim
hissəyə aparır.
Lissabon bir sıra ilklərə imza atan paytaxtlar sırasındadır. Hər
şeydən əvvəl paytaxt müxtəlif dövrlərdə işğala məruz qalsa da, 1755-ci il zəlzələsində qədim hissəsi dağılsa
da, yenidən qurulub və əzəmətini qoruyub saxlayıb.
Şəhər Avropada ən uzun körpü sayılan Vasko da Qama körpüsü ilə
öyünür. Portuqal səyahətçi 1490-cı ildə Hindistana dəniz yolu açıb. Məhz buna
görə də, Avropada ən böyük körpü elə bu səyahətçinin adını daşıyır. Dünya
səyahətini ilk dəfə gerçəkləşdirən Ferdinand Magellan da bu ölkədəndir. Portuqal
Varfolomey Dias Afrikanın cənub hissəsinə çatan ilk dənizçi olub və həmin yeri
Xeyirxah Ümid Burnu adlandırıb. Ona görə, paytaxtda Dəniz Muzeyi fəaliyyət
göstərir.
Dünyada ən qədim kitab mağazası Lissabondadır. 1732-ci ildə açılan
mağazada portuqal, ispan, ingilis, fransız və alman dillərində istənilən əsəri
tapmaq mümkündür.
Şəhər turizmin inkişafı üçün bütün infrastrukturu qurub, nəqliyyatı
ideal səviyyədədir. Məsələn, hava limanından şəhərə getmək üçün avtobus, metro,
taksi xidmətləri və s. nəqliyyatlar var. Aeroportdan (1.40 avro) avtobusla,
Aerobus və ya Aeroshuttle (3.50 avro) vasitəsilə istənilən nöqtəyə rahat çatmaq
mümkündür. Marşrutda hərəkət etmək üçün sürücüyə yerində pul ödəmək də olur.
Amma qənaət etmək üçün "Viva Viagem” gündəlik, həftəlik və ya aylıq
kartlarından istifadə məsləhət görülür.
Tramvaylar paytaxtın simvolu sayılır. Xüsusən şəhərin qədim hissəsində
hərəkət edən 28 saylı sarı rəngli məşhur tramvaydan, paytaxta gələn hər bir
insan istifadə edir. Bu tramvayların görkəmini maksimum saxlamaqla
modernləşdiriblər. Tramvay şəhərdən axşama qədər turistləri və yerli sakinləri
orta əsərlərə aid Alfama məhəlləsinə daşıyır.
Küçələrdə hər addımda dünya ölkələrinin mətbəxlərinə rast gəlinir.
Çin, hind mətbəxləri üstünlük təşkil edir. Qiymətlər 6-50 avro arası dəyişir.
Okeanın çeşidli balıqları əksər mətbəxlərin menyusunu bəzəyir. Əlbəttə, dəniz
məhsulları yeməyə, dadlı portuqal şərabı dadmağa üstünlük verənlər fərqli
məbləğ ödəməli olurlar. Türk kafelərinin çörəkarası dönərini də 3.50 avro
ödəməklə dadmaq mümkündür.
"Çantanızdan ehtiyatlı olun”
Əvvəllər Lissabon Avropanın ən sakit şəhərlərindən hesab olunub. İndi
isə bu şəhərdə sakitliyi yalnız xəyal etmək olar. Nəqliyyatın, turistlərin və
immiqrantların səs-küyü şəhərdəki sakitliyi pozub. O baxımdan demək olmaz ki, bu
şəhərdə hər şey idealdır. Lissabon Atlantik okeanı vasitəsi ilə immiqrantların
ən çox üz tutduğu şəhərlərdəndir. Küçələrində evsiz-eşiksiz insanlar,
dilənənlər, qaraçılar da var. Xidmət sektorunda əsasən hindli, pakistanlı və
ərəb ölkələrindən gələnlərdir. Afrika ölkələrindən gəlib qeyri-leqal yaşayanlar
da kifayət qədərdir. Hər gələn immiqrantın da ölkəyə fərqli "töhfəsi” var.
Məsələn, küçələrdə narkotik satışını əsasən Afrika ölkələrindən gələnlər həyata
keçirir. Yoldan ötənlərə yaxınlaşıb "həşiş” deyə mallarını təklif edirlər. Ölkədə
narkotik satışı isə leqal deyil. Bir sıra küçələr də var ki, əməllicə narkotik
qoxusu ətrafa yayılır. Suvenir dükanlarında əsasən hindlilər işləyir.
"Ölkəmizdə iş yoxdur. Əhali çoxdur, ona görə, biz Avropaya gəlirik. Viza
problemi var. Amma biz məqsədimizə çatmaq üçün bütün çətinliklərə dözürük”-
deyə hind satıcılardan biri mənimlə söhbətində ürəyini açdı: "Əlbəttə,
yaşayışımız üçün hər işə qatlaşırıq. Çalışmasaq, heç kəs bizi dolandırmaz. Ona
görə də, gecə keçənə qədər işləyirik”. Kafedə rastlaşdığım qoca rus qadın isə
bu ölkədə yaşamağın digər Avropa ölkələrindən təhlükəsiz olduğunu dedi: "Oğlum
idmançıdır. Dünyanın çox ölkələrində yaşayıb. Burada özümüzü daha rahat hiss
edirik. Yaşayış xərcləri xeyli ucuz, qidalar isə təmizdir”.
Bununla belə, Lissabon turistlərə "çantanızdan ehtiyatlı olun”, "hava
qaralanda sakit küçələrdə tək dolaşmayın” xəbərdarlığının edildiyi
ölkələrdəndir. Ona görə, turistlərin, çantalarını möhkəm-möhkəm qucaqladıqlarını
müşahidə etmək mümkündür.
Portuqallar üçün hörmət etdikləri və bunu ölkələrinə gələnlərə də
riayət etməyə çağırdıqları yazılmayan qanunlar var. Məsələn, Lissabonda ictimai
yerlərdə əsnəmək, gərnəşmək, yerli sakinlərin ailə problemlərini müzakirə etmək
və uşaqlar haqqında onlarla danışmaq qəbuledilməzdir. Həmçinin ölkənin tarixi
qüdrətini şübhə altına almaq, onları qonşu ispanlarla müqayisə etmək yerli
əhali tərəfindən qeyri-etik sayılır.
Sintra-Kabo da Roca-Kaşkaiş
Ölkəyə gələn turistlər paytaxtla yanaşı yaxın şəhərlərə səyahətə də
üstünlük verirlər. Sintra-Kabo da Roca-Kaşkaiş marşrutu üzrə minlərlə turist
hərəkət edir. Paytaxtdan bir saatlıq
məsafədə yerləşən bu yerlərə baş çəkmək ucuz başa gəlir. Amma turistik
nöqtələri görmək üçün avtobusdan və ya qatardan düşən kimi turizm şirkətlərinin
nümayəndələri başının üstünü kəsdirir. Dağların başında, okeanın sərhədlərində
yerləşən məkanları görmək isə onlarsız mümkün olmur.
Bu əyalətlərin hər birinin öz füsunkarlığı var. Məsələn, Sintra şəhərinin
adı Avropanın 19 ağlagəlməz şəhərləri sırasındadır. Lissabondan qatarla 40 dəqiqəlik məsafədə
yerləşir. Şəhər meşələrlə və Atlantik okeanı ilə əhatələnib. Hər il 6 milyon
turist buralara səfər edir. Kral qəsrləri, dünya ulduzlarının dincəldiyi qədim
saray-otellər, təbiətin əsirgəmədiyi gözəllik, ideal turizm xidməti... bu dəniz
şəhərinin romantik ab-havasını və turizm imkanlarını sərgiləyir. Avropanın ən
qədim kral sarayı burdadır. XIII əsrə aid saraydan şəhər əl içi kimi görünür.
Kabo-da-Roca ölkənin ən qərb nöqtəsidir. Bura Atlantik okeanının
torpaqla kəsişdiyi, Avropanın son qurtaracaq yeridir. Yerin son sərhədlərini
görməyə dünya turistləri böyük maraq göstərir. Okeanın qəzəbli dalğaları və
güclü küləkləri insanlara landşaftın möcüzəsini görməyə mane ola bilmir...
Bələdçi Kaşkaiş haqqında da məlumat verərək turistlərin sevimli şəhəri
siyahısında olduğunu bildirir: "Burada gözəllik üçün hər şey var. Okean,
təbiət, dadlı mətbəx... İnsanlar pul xərcləyib buralara istirahətə və gəzməyə
gəlməkdən peşman olmurlar”.
Bu ölkənin hər yerində futbolu çox sevirlər. Futbol ulduzu Kriştiano
Ronaldonu uşaqdan böyüyə hamı tanıyır. Adını söyləyən kimi dodaqlara təbəssüm
qonur. Doğulduğu Funşalda büstünü də qoyublar. Suvenir mağazalarında isə idman
formaları satılır. Küçə aktyorları onun formasında insanlarla şəkil çəkdirib
pul da qazanırlar. Ronaldonun adı təkcə ölkəyə məşhurluq gətirməyib, həmçinin
insanların dolanışığına yol açıb.
Lissabon bütün millətlərin qarışığından ibarət əhalisi ilə normal
həyatını yaşayır. Ölkənin nəbzi isə elə paytaxtda döyünür: bir qədər səs-küylü,
bir qədər şən əhval-ruhiyyəli, bir qədər gənclərin bütün sərhədləri aşdığı
qanunlarla. Təbiətin bəxş etdiyi gözəllik, tarixin yadigar qoyduğu izlər də öz
yerində...
Təranə Məhərrəmova
Lissabon-Bakı