• cümə, 29 Mart, 03:08
  • Baku Bakı 7°C

Avropa ilə Aralıq dənizinin enerji bazarlarını birləşdirən kəmərin gətirəcəyi divident

08.10.19 17:32 624
Avropa ilə Aralıq dənizinin enerji bazarlarını birləşdirən  kəmərin gətirəcəyi divident
"TANAP qaz-boru kəməri tam gücü ilə işə düşdükdən sonra qazın nəql edilməsindən 1.45 milyard dollara qədər gəlir əldə ediləcək”. Bunu İstanbulda keçirdiyi mətbuat konfransında TANAP-ın baş direktoru Saltuk Düzyol deyib. Onun sözlərinə görə, bu məbləğin 58 faizi Azərbaycana düşəcək. S.Düzyol bildirib ki, Azərbaycan, eyni zamanda TANAP kəməri ilə daşınan öz təbii qazından da gəlir əldə edəcək: "Trans-Anadolu qaz boru kəmərinin (TANAP) işə salınması Azərbaycanla Türkiyə arasında qaz nəqli həcmlərini artıracaq. Nəticədə Türkiyənin Rusiyadan alınan qazdan asılılığını daha da azaldacaq".
Bəs görəsən açıqlanan gəlir payını məqbul hesab etmək olarmı? Ümumiyyətlə, gələcəkdə Azərbaycanın bu layihədən gələcək gəliri hansı istiqamətdə dəyişə bilər?
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirdi ki, TANAP işə düşdükdən sonra Azərbaycanın Xəzər dənizindəki qaz yataqlarında hasil olunan qaz həcmləri Avropa və Türkiyənin müştəri bazarlarına çıxarılacaq. Bu layihə Xəzər regionunda Avropa ilə Aralıq dənizinin enerji bazarlarını birləşdirən qaz kəməridir və layihə qaz hasilatı ilə bağlı əməkdaşlıq platformasıdır. Hal-hazırda Azərbaycanın təsdiq olunan qaz ehtiyatları təqribən 2,6 trilyon kubmetrə yaxındır. Bu yataqlardan hasil olunan qaz həcmlərinin real satış bazarı Türkiyə, Gürcüstan və Avropa bazarlarıdır. Qarşıdakı illərdə Avropanın qaza olan tələbatının artacağını nəzərə alsaq, Azərbaycan qazının Avropa bazarlarında özünə yer etməsi mühüm məqamdır. Keçən il Avropanın qaza olan ümumi tələbatı 543 milyard kubmetr təşkil edib. Təqribən, bunun 349 milyard kubmetrini Avropa ölkələri kənardan idxal edir. Təkcə bu fakt onu deməyə əsas verir ki, qarşıdakı illərdə Hollandiya, Danimarka kimi ölkələrin hasilat həcmləri getdikcə aşağı düşəcək. Yəni Avropada qaza olan tələbat kifayət qədər artacaq. Bu mənada Azərbaycanın indidən Cənub qaz dəhlizi vasitəsi ilə Avropada özünə bazar payı qazanması məqsədəuyğundur. Məsələ burasındadır ki, qarşıdakı illərdə qazın qiymətinin dünya bazarında neçəyə olacağı sual altındadır. Keçən ildən başlayaraq həm Asiya, həm Avropa bazarlarında tələbatdan artıq qaz həcmləri mövcuddur. 2014-cü ildə neftin qiymətindəki kəskin enmələr baş verdikdə, investorlar bu sahəyə investisiya yatırdılar. TANAP layihəsinin hələlik bir hissəsi fəaliyyət göstərir. Rusiyanın Trans-Baltik qaz kəməri fəaliyyətə başladı. Yəni Avropa bazarlarına yönələn kifayət qədər layihələr var, yeni zavodlar inşa olunmaqdadır. Bütün bu amillər dünya bazarlarında qazın qiymətinə neqativ təsir göstərir. Qarşıdakı illərdə ixrac həcmlərinə görə, gəlirlərimizi bazar özü müəyyən edəcək. İstənilən halda biz ixrac etdiyimiz qaz həcmlərindən böyük gəlirlər əldə edəcəyik. Amma nəzərə almaq lazımdır ki, neftin qiyməti qazın qiymətindən hər zaman baha olub. Yəni növbəti illərdə gəlirlər iqtisadi göstəricilərdən asılı olaraq müəyyənləşəcək. TANAP layihəsi son illərdə dünyanın ən bahalı layihələrindən biri sayılır. Kapital qoyuluşu 40 milyarddan çoxdur. Ümumilikdə götürdükdə, Azərbaycan bu layihədən böyük gəlir əldə edəcək. Bu gəlirlərin miqdarı isə bazardakı vəziyyətdən asılı olaraq dəyişəcək”.
İqtisadçı-ekspert Pərviz Heydərov vurğuladı ki, TANAP layihəsi region üçün "Əsrin müqaviləsi”ndən sonra ikinci ən möhtəşəm layihədir: "TANAP həm strateji, həm də iqtisadi səmərəliliyi baxımından Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Layihənin təşəbbüskarı bilavasitə Azərbaycan oldu. Ona görə də, əsas maliyyə yükü Azərbaycanın üzərinə düşür. Layihə hələ kağız üzərində ideya olduğu zaman, onun dəstəkləyənlərin sayı çox az idi. Hətta bunu qeyri-rentabelli layihə hesab edənlər də var idi. Buna görə də, TANAP-ın reallaşmasında Azərbaycan çox böyük prinsipiallıq nümayiş etdirdi. TANAP işə düşdükdən sonra yüksək rentabelli olduğu bir daha aydın olacaq. Layihə təkcə Azərbaycan qazının Avropa bazarına çıxarılması məqsədi ilə reallaşdırılmayıb. TANAP həm də ona görə strateji əhəmiyyət daşıyır ki, ABŞ başda olmaqla Qərb ölkələri üçün böyük tranzit imkanları yaradır. Əminliklə deyə bilərəm ki, biz bu platformadan böyük gəlirlər əldə edəcəyik. Qeyd olunan rəqəm, bu mənada hələlik məqbul hesab oluna bilər. Gələcəkdə bu göstəricinin daha da artacağı istisna edilmir. İndiyə qədər Azərbaycanın inkişafında Bakı-Tbilisi-Ceyhan boru kəmərinin oynadığı rolu bundan sonra TANAP da oynayacaq”.
İqtisad elmləri doktoru Fikrət Yusifov deyir ki, qeyd oluna göstəricilər əvvəlcədən proqnoz edilirdi: "TANAP layihəsi tam gücü ilə işə düşdükdən sonra Azərbaycan təşəbbüskar tərəf kimi böyük gəlirlər əldə edəcək. Layihənin işə düşməsi haqda son qərar verildiyi zaman, Azərbaycanın qaz ixracından əldə edəcəyi gəlirlər təqribən bəlli idi. Bütövlükdə götürdükdə, ölkənin maliyyə vəziyyətinin güclənməsi baxımdan indiki halda bu, bizim üçün çox vacibdir. Yaxşı olardı ki, layihədən gələn gəlirin böyük hissəsi qeyri-neft sektoruna sərmayə olaraq yatırılsın. Neft-qaz sektorundan gələn gəlirlərin iqtisadiyyatın qeyri-neft sektoruna yönəldilməsi çox vacibdir. Ümumilikdə, TANAP-ın perspektivləri çox böyükdür. Qonşu ölkələrin qaz ixracının bu boru vasitəsilə Avropa bazarlarına çıxarılması istiqamətində təkliflər var. Bu perspektiv əvvəlcədən nəzərə alınmışdı. İndi bu perspektivin reallaşmasına çox az qalıb. Siyasi müstəvidə müəyyən maneələr olmasa, Azərbaycan böyük gəlirlər əldə edə bilər”.
Şəbnəm Mehdizadə




banner

Oxşar Xəbərlər