• cümə, 26 Aprel, 15:54
  • Baku Bakı 23°C

Avrasiya İqtisadi İttifaqı problemlər məngənəsində

05.10.16 13:13 1249
Avrasiya İqtisadi İttifaqı problemlər məngənəsində
Bir vaxtlar bəh-bəhylə yaradılan Avrasiya İqtisadi İttifaqı ciddi problemlərin məngənəsində çabalayır. Quruma daxil olan ölkələr dünyanı bürüyən maliyyə böhranı şəraitində ciddi problemlərlə üzləşiblər. İttifaqın bel sütununu təşkil edən Belarus və Rusiyada problemlər daha qabarıq şəkildə özünü göstərir. Digər üzv Qazaxıstanda da vəziyyət qənaətbəxş deyil. Bundan əlavə, quruma üzv dövlətlər arasında narazılıq da durmadan artır. Belarus prezidenti Aleksandr Lukaşenko dəfələrlə Aİİ-nin perspektivsizliyi barədə bəyanatları ilə yadda qalıb. O, hətta Rusiya əleyhinə bəyanatlar səsləndirməkdən də çəkinmir. Artıq qurumun perspektivsizliyini görən Belarus prezidenti üzünü Qərbə tutmağa başlayıb. Bu ölkələrlə sıx əməkdaşlıq münasibətləri quran A.Lukaşenko ekspertlərin də ifadə etdiyi kimi, sözdə Rusiyanı, əməldə isə Avropa ölkələrini dəstəkləmək siyasəti yürüdür. Ötən gün isə Belarus lideri Çinə səfər edərək, bu ölkə ilə çoxmilyardlıq layihələrə imza atıb. Ermənistanda da ciddi narazılıq yaranıb. Erməni iqtisadçıları, müxalifəti artıq bu fonda fəaliyyətlərini gücləndiriblər. Bu ölkənin müxalif iqtisadçıları bəyan edirlər ki, Rusiya ilə həddən artıq yaxınlaşma, Qərbdən uzaqlaşmaq siyasəti ölkə iqtisadiyyatını ağır duruma salıb. Hətta parlamentdə keçən dinləmələrdə bəyan edilir ki, quruma üzvlüklə bağlı gözləntilər özünü doğrultmayıb. O ki qaldı Qazaxıstana - rəsmi Astana əvvəldən də çoxqütblü iqtisadi siyasət yürüdür. Həm Qərb ölkələri, həm də Rusiya ilə əməkdaşlığa üstünlük verir.
Beləliklə, Aİ-nin belə bir mürəkkəb durumunda Rusiya prezidentiVladimir Putin quruma daxil olan ölkələrə səfərə çıxmaq qərarına gəlib. Əvvəlcə yolunu Qazaxıstana salan V.Putin qazax lideri ilə mövcud problemləri müzakirə edib. Rəsmi məlumatlarda Astanada Rusiya və Qazaxıstanın XIII Regionlararası Əməkdaşlıq Forumunun keçirildiyi bildirilib. "Görüşdə liderlər ikitərəfli münasibətlər, Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiya sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Sonra dövlət başçıları Regionlararası Əməkdaşlıq Forumuna qatılıblar. Forumun əsas mövzusu Avrasiya məkanında nəqliyyat və loqistika potensialının inkişafıdır. Gündəliyə həmçinin, iki ölkə arasında ticarət məhdudiyyətlərinin aradan qaldırılması, turizm sahəsində əməkdaşlıq məsələləri daxildir. Plenar iclasın yekunlarına görə bir sıra ikitərəfli sənədlərin imzalanması da gözlənilir”, - deyə "Lenta.ru”nun yaydığı xəbərdə göstərilib.
Rusiya prezidenti Astanada bəyan edib ki, "Qazaxıstan Rusiyanın strateji tərəfdaşı və müttəfiqidir”. Onun sözlərinə görə, iki ölkənin çoxplanlı əməkdaşlığı bütün sahələr üzrə inkişaf edir. "Tək ötən il 150-dən artıq Rusiya biznesmenindən ibarət heyət Qazaxıstana səfər edib. Qazaxıstanda 9 milyard dollara yaxın Rusiya kapitalı var. Rusiyaya qoyulan qazax investisiyası isə 3 milyard dollardır. Təqribən altı minə yaxın birgə müəssisə fəaliyyət göstərir”, - deyə V.Putin vurğulayıb.
İki ölkə liderinin müzakirə etdiyi ən əhəmiyyətli məsələlərdən biri Qazaxıstan və Rusiyanın nəqliyyat -loqistik kompleksi sahəsindəki layihələridir. Ümumi dəyəri 25 mlrd. dollar olan bu layihə Rusiya və Qazaxıstan arasında ticarət baryerlərinin aradan qaldırılmasına xidmət edir. Bu komplekslər vasitəsilə Avrasiyanın magistral yolları keçəcək. Lakin Rusiya nəşrləri yazır ki, V.Putin və N.Nazarbayev tez-tez görüşsələr də, iki ölkə arasında həlli vacib olan məsələlər hələ də problem kimi qalır. Moskva Dövlət Universitetinin informasiya-analitik mərkəzinin baş direktoru Sergey Rekeda bildirib ki, iki ölkə liderinin görüşündə Rusiya və Qazaxıstanın Aİİ çərçivəsində problemli məsələlərinin müzakirəsi ən yüksək səviyyəyə çıxarılacaq. Ekspertin sözlərinə görə, iki ölkəni bürüyən iqtisadi problemlər də diqqət mərkəzindədir. Artıq iki ölkə arasında ticarət münasibətlərində ciddi enmələr müşahidə olunur. Məsələn, ötən ilin yekunlarına görə, Qazaxıstan və Rusiya arasında ticarət dövriyyəsi 14,6 mlrd. dollar təşkil edib. Bu da 2014-cü illə müqayisədə 28 faiz azdır. Qazaxıstandan ixrac isə 32 faiz azalaraq 4 mlrd. dollar təşkil edib. Ekspertlər bu tendensiyanın bu il də saxlanılacağını proqnoz edirlər. Səbəb də neftin qiymətinin aşağı düşməsi, Rusiya rublunun devalvasiyası göstərilir. Bundan əlavə, burada Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların da ciddi rolu olub. Rusiyalı ekspertlər qeyd edir ki, Belarus və Qazaxıstanın buna qarşı adekvat addım atmamaları isə Aİİ-nin baza prinsiplərini pozur. Artıq Qazaxıstanın işgüzar dairələrində daha çox Qərblə əməkdaşlıq aparılması çağırışları səslənir. Bu isə Aİİ-nin perspektivsizliyini ortaya qoymaqla yanaşı, Rusiyaya ciddi zərbə vurmuş olur.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər