• şənbə, 21 Dekabr, 21:05
  • Baku Bakı 9°C

“Atam bunu təhsillə istəyirdi, mən futbolla etdim...” - ÖRNƏK

06.07.24 03:23 5611
“Atam bunu təhsillə istəyirdi, mən futbolla etdim...” - ÖRNƏK

Ayşən Əhmədova: “Qadın futbolla məşğul olur, hamı qınayır. Onun fikrini anlamaq istəyən yoxdur. Hər insan necə xoşbəxtdirsə, elə yaşamalıdır. Kimisi üçün xoşbəxtlik bozbaş bişirmək, kimisi üçün ev qadını olmaq, kimisi üçün də futboldur”.

Futbolun nə olduğunu bilməyən, televizorda belə izləməyən 11 yaşlı qızcığaz məktəbin futbol komandasına seçilir. O qədər yaxşı oynayır ki, həmin il məktəblərarası yarışda çempion olurlar. Bundan sonra ailə qızları ilə bağlı fərqli arzulara sahib olsa da, bütün planlarını dəyişmək məcburiyyətində qalır. Övladlarını 11 yaşından sonra futbol meydançalarında, turnirlərdə, hətta ölkə xaricində dəstəkləyirlər. Onunla çempion olur, məğlubiyyəti yaşayırlar. Müsahibimiz Yunanıstanda və Türkiyədə təmsil etdiyi komanda ilə çempionluq yaşayan Azərbaycan millisinin futbolçusu Ayşən Əhmədovadır.

“Futbolu oynayaraq öyrəndim”

- Necə oldu ki, futbol haqqında məlumatın olmadığı halda məktəbin futbol komandasına seçildiniz?

- Evimizdə futbola baxan yoxdur, atamın belə, məndən öncə bu oyunla maraqlandığını görməmişəm. Bu səbəbdən futbol on yaşıma qədər həyatımda olmayıb. Ta ki, seçildiyim günə qədər... Bakıda 163 nömrəli məktəbin dördüncü sinfində oxuyurdum, məktəblərarası yarışlar keçirilirdi. Seçilən komandada oğlanlarla yanaşı, mütləq şəkildə bir qız da olmalı idi. Sırf boyum bir az hündür olduğuna görə məni seçdilər. Futbolu oynayaraq öyrəndim. Həmin il bizim məktəb bu yarışın çempionu oldu.

- Ulduzunuz o vaxt parıldamağa başladı...

- Bəli, maraqlı təsadüf idi. Hazırda milli komandada fəaliyyət göstərən məşqçilər o vaxt bu turnirlərdə qızların oyunlarını izləyirdilər. Məni final oyununda görüb, bəyəniblər. Bundan sonra “Təhsil” adlı kluba dəvət aldım. Məşqlərimiz intensiv idi, demək olar ki, hər gün futbolla məşğul olurdum. Bu da təhsilimə, qiymətlərimə ciddi şəkildə təsir edirdi. Bundan sonra atamın baryeri ilə mübarizəm başladı. Atam məni dərslərimi oxumadığım üçün futboldan uzaqlaşdırmağa çalışırdı. Çünki o, qızının oxumasını, təhsil almasını futboldan üstün tuturdu.

“Atam əslində məni qorumaq istəyirdi”

- Sizcə, o vaxt atanız haqlı idi?

- Əlbəttə, onun bu düşüncəsini anlayırdım və haqq verirdim. Ailəm əvvəl futbola məhəbbətimi uşaqlıq enerjisi, marağı kimi düşünürdü. Onlar bu fəaliyyətin peşəkarlığa çevriləcəyini gözləmirdilər. Azərbaycanda valideynlər çox dominantdır, uşaqlarını özləri idarə etməyi sevirlər. Hər bir azərbaycanlı ailə kimi bu, bizdə də belə idi. Atam əslində məni qorumaq istəyirdi. Onun mənimlə bağlı planları ali təhsil alıb, yaxşı yerdə işləməyim idi. Futbolun gələcəkdə nə gətirəcəyini bilmir, bu peşənin nə dərəcə davamlı olacağından əmin deyildi. Ona görə də qorxur, məni uzaqlaşdırmağa çalışır, “oxu, oxu, oxu” deyirdi. Valideynlərimi bu baxımdan haqlı bilir, anlayıram. Amma onlar da övladlarının daxilindəki qığılcımı kəşf etmələrinə imkan verməlidirlər.

- Futbol içinizdəki qığılcım idi, bəs təhsil sizin üçün nə ifadə edirdi? 

- Uşaq vaxtı futbola gedəndə içimdə qəribə həyəcan yaranırdı. Hansı ki, o həyəcanı uşaqlıqda heç vaxt hiss etməmişdim. Bu gün də mənim ən böyük həyəcanım odur. Düzü, heç bir dərsdən bu zövqü almırdım. Oyun oynayanda o qədər gözəl duyğular yaşayırdım ki... Həmin vaxt paralel olaraq hazırlıqlara da gedirdim, amma bu məcburi idi, məqsəd yaxşı qiymət almaq idi. Futbola isə istəyərək, can ataraq qaçırdım. Oxumağı yox, bunu seçmək istədim. O vaxt da mənim üçün vacib olan xoşbəxt olduğum yerdə olmaq idi, indi də...

“Günlərlə yemək yemədim”

- Bəs təhsil almağınız üçün sizinlə ciddi şəkildə mübarizə aparan atanıza necə qalib gəldiniz?

- Çox uzun mübarizələrdən sonra biz anlaşdıq və qərarımı dəstəklədilər. Məqsədimə çatmaq üçün günlərlə yemək yemədim. Evdə artıq mənə nə isə olacağını düşünür, narahat olurdular. Xüsusilə atam mənə qıymırdı, çox həssasdır. Sonra anamla danışdılar ki, belə olmaz, uşaq yemək yemir, nə istəyirsə, onu etsin. Ondan sonra peşəkar fəaliyyətim başladı. 

- Sizcə, yaxşı futbolçu olmaq üçün ancaq sevmək kifayətdir?

-  İlk növbədə sevgi, ikinci sırada isə çalışqanlıq dayanır. Böyük klublarda oynamış, çempionluq yaşamış biri kimi deyə bilərəm ki, futbol asan deyil və çox yorucudur. Hər gün davamlı məşqlər, hər həftə oyun.... Bəzən elə olurdu ki, bu gün təyyarədən Azərbaycana düşürdüm, sabah Türkiyəyə çağırırdılar. Ailəndən ayrısan və çox darıxırsan. Məsələn, ananın evdə gətirdiyi adi çayın belə həsrətini çəkirsən. Çünki içdiyin çay ana çayı deyil. Həvəsim olmasa və sevməsəydim, davam gətirə bilməzdim. Bəzən insanlar deyir ki, kefdəsiniz, ölkələri gəzirsiniz. Amma belə deyil. Biz milli komanda ilə hansısa ölkəyə getdikdə, çox stressli oluruq. O stressi, uduzanda insanların tənqidini qaldırmaq lazımdır. Xarakterin güclü olmalıdır ki, sən futbolda təməli qoya, istədiyin nəticəni ala biləsən.

“Öz ayaqlarımın üzərində durmağı bacarıram”

- Atanızın arzusu öz ayağının üzərində durmağı bacaran, heç kimə möhtac olmayan qız yetişdirmək idi.  Futbol onun bu arzusunu reallaşdırdımı?

- Atam bunu bizə o qədər təlqin etmişdi ki, uşaqlıqdan özüm də düşünürdüm ki, öz ayağımın üzərində durmağı bacarmalıyam. Atam bunu təhsillə istəyirdi, amma mən futbolla etdim. Hazırda futboldan ayaqlarının üzərində dura biləcək qədər pul qazanmaq mümkündür. Bu da bir peşədir, həm zövqlə işini görür, həm də qazanırsan. Məsələn, mən 18 yaşım olanda ilk dəfə legioner həyatı yaşadım. A milli ilə ilk dəfə Qazaxıstana getdim. Dizim əzildiyi üçün əməliyyat olundum. Bu, mənim səkkiz ayımı aldı. Sağaldıqdan sonra “ALG Türkiyə” klubuna getdim. Burada bir mövsüm keçirdik və üçüncü olduq. Mövsümün sonunda Rusiyaya -  “Rubin Kazan”a transfer oldum. Burada bir mövsüm keçirdikdən sonra Türkiyəyə qayıtdım və “Çaykur Rizespor”da oynamağa başladım. Sonra çempion olduğum “Fomget Gənclik ve Spor” klubuna transfer oldum. Daha sonra Yunanıstanın PAOK klubunda fəaliyyətimi davam etdirdim, indi də Rusiyaya getməyə hazırlaşıram.

- Peşələrin cinslərə bölünməsinə münasibətiniz necədir? Məsələn, futbolçu ölkəmizdə əksər insanlar tərəfindən kişi peşəsi kimi qəbul olunur. Futbol oynadığınız üçün qınanılmısınız?

- Çox qınanılmışam. Əslində, mən də qadın və kişinin eyni olması ilə razı deyiləm. Düşünürəm ki, bu həyatda kişinin və qadının vəzifələri, icra edə biləcəkləri fərqlidir. Amma futbolu buraya aid etmirəm. Biz qadın futbolunu oynayırıq, kişi futbolunu deyil. Kişi futbolundakı sərtlik qadın futbolunda yoxdur. Düzdür, sərt oynadığımız yerlər olur, amma futbolu kişi kimi oynayacağımızı düşünmürəm. Ümumiyyətlə, hər bir insan xoşbəxt olacağı işi görməlidir. Məsələn, mən bu gün qadın olduğum üçün futbolu atıb başqa bir işlə məşğul olsam, tükənərəm və işimi sevmərəm. Bizim problemimiz insanları dinləyib, fikirlərinə hörmət etməməkdir. Məsələn, qadın futbolla məşğul olur, hamı qınayır. Onun fikrini anlamaq istəyən yoxdur. Hər insan necə xoşbəxtdirsə, elə yaşamalıdır. Kimisi üçün xoşbəxtlik bozbaş bişirmək, kimisi üçün ev qadını olmaq, kimisi üçün də futboldur. Ətrafın fikriləri bizim üçün etalon olmamalıdır. 

“Kimsə istedadını içində boğursa...” 

- Xüsusilə, futbol sahəsində öz qığılcımını daxilində özləri söndürən qızlar çoxdur...

- Bəzən qızlarla müzakirələr edirik. Çox adam deyir ki, mən filan peşəni istəyirdim, ailəm icazə vermədi, ailəmin istəyi ilə filan peşəni seçdim. Bu, mənə inandırıcı gəlmir. Məncə, həqiqətən bir insan bir şeyi istəyirsə, ona kainat belə mane ola bilməz. “İstədim, ailəm qoymadı” sadəcə dildədir. Sən istəsən, ailəni də razı salarsan. Deməli, yetəri qədər istəməmisən. Hazırda 24 yaşım var və nəyi ürəkdən arzulamışamsa, reallaşıb. Bundan sonra da belə olacaq. Heç bir valideyn övladının pisliyini istəməz, sadəcə onu inandırmaq və nəyi niyə istədiyini göstərmək lazımdır. Kimsə bu istedadını içində boğursa, qığılcımını söndürürsə, bu onun öz günahıdır.

- Ailəniz indi futbola baxır?

- Bəli, ancaq mənim oyunlarıma baxırlar. Hətta oyunda sərt oynayanda, yaxud yıxılanda bibim məni danlayır ki, ehtiyatlı ol. İndi atam arxamdadır və ən böyük dayağım odur. 

Aygün Əziz

 

banner

Oxşar Xəbərlər