• cümə, 29 Mart, 03:03
  • Baku Bakı 7°C

Çarli Çaplinin salam göndərdiyi bəxtəvər bəstəkar

17.04.20 13:52 1508
Çarli Çaplinin salam göndərdiyi bəxtəvər bəstəkar
Onun romansları hansı qəlbləri titrətməyib ki...
O, milli musiqi sənəti salnaməsinə yeni səhifələr yazmış sənətkarlardan biri kimi xatırlanır. Azərbaycanın çoxəsrlik mədəni irsinin təbliğində Qəmbər Hüseynlinin xalq musiqisi zəminində bəstələdiyi və dərin lirizmi ilə səciyyələnən yaradıcılığının özünəməxsus yeri var.Hərçənd? deyirlər ki, Qəmbər Hüseynli heç nə yazmasaydı belə, musiqi tariximzdə "Çüçələrim” mahnısı ilə qalacaqdı. Ancaq o, musiqinin əksər janrlarında yazdı və böyük bir irs yadigar qoydu.
Üzeyir bəyin tövsiyəsi
Çoxlarını heyrətə salan, Gəncədə sadə bir dəmirçi ailəsində, incəsənətdən uzaq bir evdə dünyaya göz açan bu oğlanın qeyri-adi musiqi duyumu idi. Ətrafındakı həyat başqa idi. Səhərdən-axşamacan çörəkpulu, dolanışıq üçün çalışan valideynləri, rayon camaatının ağır həyatı... 6 yaşı olanda atasının qəfil vəfatı onun uşaq qəlbini yaraladı. Əmisi Xəlil kişi, böyük qardaşı Məmməd balaca Qəmbəri diqqətdən kənarda qoymadılar. Çalışdılar ki, atasının yoxluğunu hiss etməsin.
1925-ci ildə Gəncədəki birinci dərəcəli məktəbdə təhsil almağa başlayanda balaca Qəmbər artıq Seyid Əzim Şirvaninin, Abbas Səhhətin, Mirzə Ələkbər Sabirin bir çox şeirlərini əzbər bilirdi. Gəncənin musiqi mühiti, çal-çağır məclisləri, xüsusilə, el şənlikləri və konsertlərə dəvət olunan görkəmli xalq sənətkarlarından Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Bülbül, Malbəyli Həmid, Xan Şuşinski, Qurban Pirimov, Məşədi Cəmil Əmirov və başqalarının çıxışları balaca Qəmbərdə böyük maraq yaradırdı. O dövrdə Gəncədə tez-tez aşıq musiqisi gecələri də təşkil olunurdu. Aşıq İslam Yusifov, Aşıq Əsəd, Bozalqanlı Hüseyn, Aşıq Nağı, Teymur Hüseynov, Aşıq Qədir və başqa sənətkarların sazlı-sözlü dünyası balaca Qəmbərin musiqi sənətinə olan marağını daha da artırırdı.
1927-ci ildə orta məktəbdə oxuya-oxuya Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul olunur. 1929-cu ildə isə Gəncə Pedoqoji Texnikumuna daxil olur. Sonralar Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirov və tarzən Zərif Qayıbovdan dərs alır. "Rast”ı, "Şur”u, "Zabul segah”ı və başqa muğamları tarda məharətlə ifa edən gənc, hələ tələbə ikən aşıq və el havalarını toplayıb nota alırdı. Görkəmli musiqi xadimləri ilə ünsiyyəti, onlardan dərs alması, görüb-götürməsi Qəmbər Hüseynlinin görkəmli mahir bəstəkar kimi yetişməsində rol oynadı.
1932-ci ildə baş verən bir təsadüf gənc tarzənin musiqi istedadını üzə çıxardı. O zaman Moskvadan Gəncəyə qastrola gələn Şərq Simfonik Orkestrində bas tarı çalan musiqiçi konsert günü ağır xəstələnmişdi. Tamaşaçılarla görüşə isə çox az vaxt qalırdı. Orkestrin rəhbəri Musiqi Texnikumunun kollektivinə müraciət etdi. Hamının fikri bu oldu ki, bu işin öhdəsindən ancaq Qəmbər gələ bilər. Doğrudan da, bir neçə saat ərzində gənc tarzən orkestrdə bas tara aid olan partiyanı demək olar ki, mükəmməl öyrəndi və konsert zamanı bacarıqla ifa etdi. Orkestrin rəhbəri, yaradıcı heyətin üzvləri Qəmbərin musiqi təfəkkürünə heyran qaldılar.
1934-cü ildə texnikumun tar sinfini fərqlənmə diplomu ilə bitirən Qəmbər, pedoqoji kollektivin qərarı ilə təhsilini davam etdirmək üçün Bakıya göndərilir. Ona Bakı Musiqi Texnikumunun violonçel sinfində təhsil almaq təklif olunanda tərəddüd etmədən razılıq verir. İki il müddətində tanınmış musiqi pedaqoqu A.S.Şvartsın violonçel sinfində təhsil alır. Qərb ölkələrində geniş yayılan bu aləti öz fitri istedadı ilə "özününküləşdirməyi” bacarır.
Lakin Qəmbərin musiqi bəstələməyə olan hədsiz marağı onu bir an belə rahat buraxmır. Bu, o dövrdə texnikumda çalışan görkəmli musiqi pedaqoqlarının da diqqətindən yayınmır. Qəmbəri orta ixtisas məktəbinin bəstəkarlıq şöbəsinə keçirirlər. O, bu məktəbdə Q.Z.Buruşteynin sinfində təhsilini davam etdirir. Çox keçmir ki, Qəmbərin bəstəkarlıq üçün çox zəruri olan qabiliyyətləri özünü göstərir. O, görkəmli dramaturq Cəfər Cabbarlının sözlərinə "Tellər oynadı” romans-mahnısını bəstələyir. 50 ildən çox bir müddətdə ağızlardan düşməyən bu gözəl vokal əsəri ilə gənc Qəmbər istedadlı bir bəstəkar olacağına hamını inandıra bilir.
1939-cu ildə Qəmbər Hüseynli milli musiqimizin beşiyi olan Şuşada Musiqi Texnikumuna direktor vəzifəsinə təyinat alır. O, bu sənət ocağında cəmi bir il çalışsa da, əhəmiyyətli işlər görməyə müvəffəq olur.
Bir il sonra Qəmbər Hüseynlini yenidən Bakıya dəvət edirlər. O, filarmoniyanın nəzdində fəaliyyət göstərən Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində dirijor köməkçisi vəzifəsində çalışmaqla yanaşı, Üzeyir bəyin tövsiyəsi ilə həmin illərdə yaranan Sazçı Qızlar Ansamblının həm təşkilatçısı, həm də bədii rəhbəri işləyir.
Gənc bəstəkar 1951-ci ildə yenidən A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi məktəbinin bəstəkarlıq şöbəsinə daxil olaraq professor B.İ.Zeydmanın sinfində təhsilini davam etdirir. Üç ildən sonra tanınmış şair Mirmehdi Seyidzadənin librettosu əsasında diplom işi kimi "Qızıl quş” operasını yazaraq, 1954-cü ildə həmin məktəbi müvəffəqiyyətlə bitirir.
"Cücələrim”in şöhrəti
Qəmbər Hüseynlinin yaradıcılığında simli kvartet, fortepiano üçün pyeslər, dram tamaşalarına musiqiləri və s. mühüm yer tutur. Ancaq bəstəkarı daha çox tanıdıb sevdirən mahnı və romans janrıdır. "Ay işığında”, "Gecələr uzanaydı”, "İlk məhəbbət”, "Düşür yadıma”, "Gülə-gülə”, "Sən-sən” və s. romansları hansı qəlbləri titrətməyib ki... Bəstəkarın mahnı yaradıcılığının ən gözəl incisi isə "Cücələrim”dir. Bu mahnının sədası eşidilən kimi Qəmbər Hüseynli, bəstəkarın adı çəkilən kimi "Cücələrim” yada düşür.
«Cücələrim»in maraqlı taleyi olub. Mahnı yazılandan düz 10 il sonra məşhurlaşıb. 1949-cu ildə bəstəkar Qəmbər Hüseynli şair Tofiq Mütəllibova bir musiqi dinlədir və ondan xahiş edir ki, ona söz yazsın. O dönəmlər uşaq şeirləri yazan Tofiq Mütəllibov musiqiyə söz yazıb Qəmbər Hüseynliyə verir. Tofiq Mütəllibov xatirələrində yazır: "Bir gün Qəmbər Hüseynli mənə zəng edib evlərinə dəvət etdi. "Cücələrim" mahnısının melodiyasını çaldı. Dedi ki, bu musiqiyə mətn yaza bilərsənmi? Razılıq verdim. Bir neçə gündən sonra mətn hazır oldu. Onunla birlikdə mətndə bir sıra dəyişikliklər etdik. Beləliklə, məşhur "Cücələrim" meydana gəldi. O, həmişə deyərdi: "Mən əminəm ki, "Cücələrim"in səyahəti böyük olacaq". Görkəmli bəstəkar sözlərində yanılmamışdı. Əgər o, ömrü boyu "Cücələrim" mahnısından başqa heç bir əsər yazmasaydı, yenə də musiqi tarixində layiqli yer tutacaqdı. Bir əsərlə dünyada məşhurlaşmaq hər sənətkara nəsib olmur. Qəmbər Hüseynli "Cücələrim” mahnısı ilə sağlığında özünə abidə ucaltdı”.
Mahnının ilk ifaçısı Arif Qazıyev olur. Ancaq mahnının məşhurlaşması üçün 10 il vaxt lazım olur.
1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında «Cücələrim»i Suğra Bağırzadə oxuyur. Mahnı tezliklə dillər əzbərinə çevrilir, sovet məkanının sərhədlərini aşaraq bütün dünyaya yayılır. 100-dən çox dilə çevrilir. Hətta «Dünyanın ən yaxşı uşaq mahnıları» albomuna daxil edilir. Məşhur sovet cizgi filmi «Nu, poqodi!»nin bir bölümünə də salınır, hətta cizgi filmində mahnı Azərbaycan dilində səslənir!
Musiqişünaslar qeyd edirlər ki, dünyada "Cücələrim” qədər geniş yayılan, yüz milyonlarla uşaqların və böyüklərin - müxtəlif nəsillərdən olan adamların zövqünü oxşayan ikinci bir Azərbaycan mahnısı yoxdur. Sənətşünasların, sənət bilicilərinin yekdil rəyinə görə, indiyə kimi "Cücələrim" qədər öz müəllifini bütün dünyada tanıtdıran ikinci mahnı olmayıb. Mahnını Azərbaycanın "vizit vərəqi” kimi də dəyərləndiriblər.
1955-ci ilin payızında sovet nümayəndə heyəti İsveçrədə qarşılanarkən qonaqları bir qrup İsveçrə məktəblisi "Cücələrim” mahnısının ifası ilə salamlayır. Bu mahnıya aid maraqlı bir məlumat dünya şöhrətli Çarli Çaplinlə bağlıdır. Azərbaycan kino xadimləri Fransada olarkən, Çarli Çaplin gələnlərin Azərbaycandan olduğunu biləndə piano arxasına keçib «Cücələrim»i ifa edib və qonaqlara «Demək, siz bu melodiyanın vətənindənsiniz?! Məndən o bəxtəvər bəstəkara salam yetirin!”-deyib.
"Cücələrim” mahnı muzeyi
Unudulmaz bəstəkarımızdan bizəyadigar qalan mahnılar, romanslar və digər janrlarda sənət inciləri bədii-estetik dəyərinə görə bu gün də çox qiymətlidir. Bəstəkarın Dövlət Radiosunun "Qızıl fond»unda qorunub saxlanan və müxtəlif sənətkarlar tərəfindən ifa olunan əsərləri həmişə xüsusi şövqlə dinlənilir. Həmin əsərlər müxtəlif konsertlərdə, ədəbi-musiqili verilişlərdə tez-tez səsləndirilir. Qəmbər Hüseynli deyirmiş ki, bəstəkar hər hansı janrda yeni əsər yaradarkən, onun ünvanını - kimlər üçün yazdığını qabaqcadan nəzərə almasa, özünü dinləyici yerində təsəvvür edib, ona "yad" gözlə baxmasa, həmin əsərin müvəffəqiyyətinə tam əmin ola bilməz.
Qəmbər Hüseynli çox cavan - 45 yaşı olanda dünyasını dəyişib. Bəstəkarın məzarı Gəncə şəhərinin mərkəzində yerləşən məktəblilər bağındadır. Xatirə günlərində, eləcə də ayrı-ayrı vaxtlarda yüzlərlə məktəbli, yaradıcı ziyalılar bəstəkarı yad edirlər. Hazırda Gəncənin mərkəzi küçələrindən biri bəstəkarın adını daşıyır. Gəncə Məktəblilərinin Mərkəzi Yaradıcılıq Evindəki «Cücələrim» mahnı muzeyi də ziyarətgaha çevrilib. Muzeydə bəstəkarın əlyazmaları, əsərləri, şəkilləri və ona həsr olunmuş məqalə və kitabçalar toplanıb. Hər il bəstəkarın doğum günü (16 aprel) və xatirə günü (avqust) muzeydə insan əlindən tərpənmək olmur. Musiqisevərlər Azərbaycanın musiqi xəzinəsəinə dəyərli töhvələr verən bəstəkarı anmağa gəlirlər...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər