• bazar, 06 Iyul, 09:36
  • Baku Bakı 24°C

Arıqlamaq üçün möcüzəvi qida yoxdur

04.06.15 12:42 5561
Arıqlamaq üçün möcüzəvi qida yoxdur
Dietoloq Leyla Zülfüqarova: “Arıqlaya bilməyənlər kor-koranə proqramlarla buna can atanlardır”
Adətən yay aylarında arıqlamağa çalışanların sayı çoxalır. Xüsusilə də xanımlar arasında. Yayda toyların sayı artır, çimərlik mövsümü başlayır deyə, qışda çəki alan xanımlar arıqlamaq fikrinə düşürlər. Nəticədə bir çoxları əslində arıqlamaq yox, bir növ orqanizmə qəsd etmək xarakteri daşıyan metodları sınayırlar. Əvəzində isə ya heç arıqlamırlar, ya da elə arıqlayırlar ki, sağlamlıqları təhlükə qarşısında qalır. Lakin sağlam şəkildə, düzgün qidalanma rejimini pozmadan da arıqlamaq olar. Dietoloq Leyla Zülfüqarova ilə də məhz bu barədə söhbət apardıq.
- Havalar istiləşdikcə arıqlamaq istəyənlərin sayı da artır. Yəqin sizin də işiniz çoxalıb...

- Arıqlamaq yalnız gözəlləşmək istəyərkən yada düşməməlidir. Qış aylarında yığılan kiloqramlar nədənsə bəzi xanımların yadına yayda düşür. Yayda toylar çoxalır, qəşəng paltarlar geyinmək istəyirlər, çimərliyə gedəcəklər deyə, bu fəsildə kilolar daha çox gözə görünür. Amma bu, düzgün mövqe deyil. Kiloqramların arxasında böyük xəstəliklər yatır. Gözəlliklə yanaşı, insan öz sağlamlığını da düşünməlidir. Bu stereotiplər dəyişməlidir. Amma son vaxtlar bununla bağlı inkişaf gedir. Hətta orucluq ayında belə pasientlərim olur. Çünki hər mövsüm üçün insanın düzgün qidalanma proqramı olmalıdır. Bəlkə də hər bir fərd üçün özəl proqram hazırladığıma görə hansısa mövsümdə pasient azlığı hiss etmirəm. Amma müəyyən araşdırmalara görə, yayda arıqlamaq istəyənlərin sayı çoxalır.
- Arıqlamaq yox, düzgün qidalanma proqramı üçün müraciət edənlər olurmu?

- Düzgün qidalanma, kökəlmə, arıqlama, hamilə xanımların, uşaqların, yaşlı adamların bəslənməsi proqramları ayrıdır. Düzgün qidalanma proqramı hər kəsə lazımdır. Nə qədər fərdi orqanizm varsa, o qədər də proqram var. İnsan təkcə arıqlamaq üçün həkimə müraciət etməməlidir. Düzgün qidalanma üçün müraciət edənləri daha çox alqışlayıram. Çünki artıq çəkidən əziyyət çəkmədən sağlamlıqlarının qeydinə qalırlar. Bəzi insanlar normal parametrdə olsalar da, dəb xatirinə arıqlamaq istəyirlər.
- Arıqlamaq üçün internetdə müxtəlif vasitələr məşhurdur. Hansısa qidanı yeyirlər, həb içirlər və s.

- Yalnız arıqlamağın arxasınca qaçmaq olmaz. Düzgün qidalanma proqramında insanı arıqladan qida yoxdur. Hansısa həb içməklə də insan arıqlaya bilməz. Amma insanlarımız bunu arzulayırlar. Zaman-zaman sosial şəbəkələrdə hansısa vasitələr bir müddət dəb olur. İnsanlar bu vasitələri orqanizmlərində tətbiq etdikdən sonra fəsadlarını görürlər. Hansısa fəsadla üzləşəndən sonra müraciət edirlər ki, başıma belə iş gəlib. Mən o cür insanlarla işləyərkən daha çox əziyyət çəkirəm. Daha çox məlumat verir və zərər görmüş orqanizmi nəzərə alıram. Çünki korlanmış vəziyyət daha çox problemlərə yol aça bilir. Əvvəlcədən mütəxəssisə müraciət etmək olmazmı? Zəncəfil, limon, soda kimi vasitələrlə arıqlama metodları sosial şəbəkələrdə dəb olub. Hətta orta məktəb səviyyəsində biologiya və anatomiyadan müəyyən qədər məlumatı olan adam belə, bu vasitələrlə arıqlamağa nə dərəcədə ciddi baxa bilər? Çay sodası qidanın tərkibinə qatılır, amma müəyyən dozada. Qidaya müəyyən dozada qatılan sodanı daxilə yeridək ki, bu, yağları əridəcək. Bu, nə dərəcədə düzgündür? İnsan orqanizminə bu cür yanaşmaq olmaz. Arıqlamaq üçün möcüzəvi qida axtarmayın. Mətbəximizin içərisindəki qidalara özümüzün doğru münasibətimiz olarsa, möcüzəvi qidalarımız da onlar ola bilər.
- Bir nəfər üçün təyin edilən pəhriz proqramlarından dostlar, tanışlar da istifadə edirlər. Bu, hansı problemlərə səbəb ola bilər?

- Mənə müraciət edən şəxsin müəyyən diaqnostik nəticələrini əldə etdikdən sonra onun üçün proqram hazırlayıram. Bir nəfər üçün fərdi proqram hazırlayıb, pasientə təqdim etmək haradasa 3 saat vaxtımı aparır. 45 dəqiqə də o proqramı pasientə izah edirəm. Pasientin xəstəliklərini öyrənib, ona uyğun fərdi proqram təyin edirəm. İnsanların orqanizmləri, xəstəlikləri eyni olmadığı üçün proqramlar da fərqli olur. Bir neçə xəstəliyi olan insan üçün proqram təyin edərkən onun düzgün qidalanmasını təmin etməklə yanaşı, həm də arıqlamasına nail oluram. Bir proqramla iki funksiyanı idarə etmiş oluram. İnsanlar bunun necə çətin bir proses olduğunu düşünə bilərlər. İndiyə qədər deyirdilər ki, pəhriz saxlasan təzyiqin düşəcək, saçların töküləcək, dərin tez qocalacaq. Çünki o vaxt edilənlər pəhriz yox, insanların orqanizmlərinə etdiyi sui-qəsd idi. Pəhriz düzgün həyat tərzi və qidalanma deməkdir və bütün tibbin başında dayanır. Çünki biz pəhriz təyin edərkən orqanizmin tibbi olaraq bütün detallarını nəzərə alırıq.
- Həblərin də arıqlatmadığını dediniz. Amma bir çox insan həblərdən istifadə edir…

- Arıqlamaq üçün yaşından asılı olmayaraq, heç kim həblərdən istifadə etməməlidir. Arıqlamaq üçün yağı parçalayacaq həb yoxdur. Düzdür, aparatlar, idman və s. kimi metodlar arıqladır. Onu deyim ki, bu yaxınlarda Avropa Konqresində iştirak etdim. Avropada keçirilən konqresdə dünya şöhrətli alimlər sağlıqlı qidalanma proqramından başqa arıqlamaq üçün bütün metodların fəsadları olduğu qənaətinə gəldilər. Əməliyyatla artıq piylənmədən can qurtarmağa çalışsalar belə, bu zaman da insanın düzgün qidalanması lazımdır.
- Bayaq zəng vuran pasientiniz ana olmağa hazırlaşdığını bildirdi. Hamiləlik dövründə xanım arıqlama proqramından yararlana bilər?

- Həmin xanım həm də talassemiya xəstəsidir. Talassemiyalı xəstənin bəslənmə proqramı başqadır. Eyni zamanda, biz həmin xanımın arıqlamasını nəzərə alırıq. Həm də onun ana olmasına nail olduq. Hamilə qaldıqdan sonra isə ona hamilə xanımlar üçün düzgün bəslənmə proqramı təyin etdim.
- İstənilən çəki qrupunda olanları pəhriz ilə normal çəkiyə salmaq mümkündür? Bəzən cərrahi müdaxilə olmadan piylərdən qurtulmağın mümkün olmadığını deyirlər.

- Bariatrik cərrahiyyə dietologiyanın effekt vermədiyi məqamda işin içinə girə bilir. Amma bariatrik cərrahiyyənin effekt vermədiyi halda qidalanma önə keçə bilir. Hər bir sahədə birinci qidalanma öndədir. Elə ölkənin dietoloqu ola bilər ki, müəyyən çəki qrupları üçün proqram tərtib etsin, daha ağır çəkililərlə işləməsin. Yaxud ağır çəkililəri cərraha yönəltsin. Amma mənim pratikamda bu yoxdur və istənilən çəkidə pasientlə işləyirəm. Nəticəmiz də çox gözəl olur. Bizdə ən çox çəkili olanlar 200-220 kq arasında olur. Bunların içərisində rast gəldiyim elə ağır xəstələr olub ki, çox gözəl işimiz alınıb. Mən indiyə qədər heç bir pasientimi cərraha yönəltməmişəm. Amma cərrahların mənə yönəltdikləri kifayət qədərdir.
- Bəzən: “Nə etsəm də arıqlaya bilmirəm” - deyirlər. Sizcə, kimlər arıqlaya bilmir?

- Arıqlaya bilməyənlər kor-koranə proqramlarla buna can atanlardır. Düzgün proqramla istənilən şəxsin arıqlamasına nail olmuşuq. Özünün metodları ilə arıqlamağa can atıb, cəhdləri nəticəsiz qalanlar sonra mənim yanıma gəlirlər. Deyir ki, bir ildir arıqlamağa çalışıram, heç nə yoxdur. Amma indi bir həftəyə bu qədər arıqlamışam. Necə olur ki, arıqladım? Çünki onlar mütəxəssis deyillər. Dietologiya mürəkkəb sahədir. Heç kim yerindən durub dietoloq ola bilməz. Bu, tibbin sahəsidir və dietoloq olmaq üçün həkim təhsili olmalıdır. Ona görə də: “Necə oldu ki, arıqladım” - sualını vermək düzgün deyil. Mütəxəssisə müraciət edib arıqlamamaq kimi bir hal mənə görə yoxdur.
- Arıqlamaq istəyənlər bəzən çörəkdən tamamilə imtina edirlər. Bu, düzgün metod ola bilərmi?

- “Çörəyi, qara çayı rasiondan çıxar, yaşıl çay iç, arıqlayacaqsan” - deyirlər. Bəzən bütün bu metodları sınayırlar, heç nə alınmır. Mənim təqdim etdiyim proqramda kalorili qidalar olsa da, arıqlayırlar. Dietologiya çətin sahədir və kimyəvi reaksiyalardan ibarət bir elmdir. Mən çörəyi verərək arıqladıram, amma orada bir çox xırda detalları nəzarətdə saxlayıram. Bu, hamı üçün eyni ola bilməz və özəl yanaşma tələb edir. Təsəvvür edin ki, bir insanın ürəyində problem var və o, həkimdən deyil, dost-tanışlarından məsləhət istəyir. Bu cür müalicə mümkündür? Yox. Dietologiya da belədir. İndiyə qədər belə olub ki, çox insan arıqlamaq istəyərkən ətrafındakı insanlardan kömək alır və əksinə, kökəlir. Sonra da deyir ki, pəhriz saxladım, əksinə, kökəldim.
- Arıqlamaq üçün idmana gedənlər çox olur. Sizin proqramınızda idman varmı?

- Mən heç bir pasientimə idman təyin etmirəm. Hətta əvvəlcə idman etmədən arıqlayacaqlarına təəccüblənirlər. Mən idmanı inkar etmirəm, bu, sağlam həyat tərzi üçün çox lazımdır. İdman üçün kökəlmək lazım deyil. Arıq insan da idman etməlidir.
- Arıqlamaqla yanaşı, bir də kökəlmək dərdi olanlar var. Nə qədər istəsələr də, kökələ bilmirlər. O cür insanların bəzilərində problem olsa da, tamamilə sağlam olub, kökələ bilməyənləri də var. Bu, necə olur?

- Hər iki hal qəbulolunandır. Çünki kökəlmək istəmək arıqlamaqdan ciddi problemdir. Onun müəyyən əmsalı var. Həmin rəqəmlərə əsasən pasientin hansı dərəcədə arıq olduğunu müəyyənləşdiririk. Yəni o, xəstəlik səviyyəsindədir, yoxsa yox? Kökəlmək arzusunda olanlar arıqlamaq istəyənlərdən daha çox əziyyət çəkirlər. Cəmiyyətimizdə belə insanlar çoxdur. Kökəlmək istəyənlərin hətta bir qrupu psixoloji xəstəlik səviyyəsinə çatıb. Az çəkidə olmanın başlıca səbəbi az yemək, qidaları, orqanizmi sevməməkdir. Bütün bunlara vaxtında diqqət edilməsə, sonda ağır nəticəyə gətirib çıxarır. Belə xəstələrin vəziyyəti haqda analiz verərək, diaqnoz qoya bilirik. Arıqlığın xəstəlik fazasına girəcək dərəcədə ağır formaları var. Amma ən ağır növlərində belə, kökəlmək mümkündür. Ən ağır formada olan xəstələrim olub ki, gözəl nəticə əldə etmişik. Hətta onlardan bəziləri dünyanın bir çox ölkələrində kökəlməklə bağlı müalicələr alıblar, amma xeyri olmayıb. Xəstəliyin ən ağır forması olan anoreksiya ilə 3 kilo kökəlməyə nail olmuşuq. Anoreksiya ilə 3 kilo kökəlmək adi insanların 30 kilo kökəlməsi deməkdir.
- Bəs özünüz üçün formada qalmağa görə hər hansı proqram təyin etmisinizmi?

- Mən bütün günü işdə oluram. Bununla əlaqədar digər aktiv hərəkətlərə, idmana vaxtım olmur. Heç vaxt idmana getməmişəm, yaxud da insanlara təqdim etdiyim pəhrizləri öz orqanizmim üçün araşdırıb yazmağa da vaxtım yoxdur. Amma mən bir neçə il öncə özüm üçün bir qidalanma proqramı təyin etmişəm. Qidalanma proqramını əvvəldən düzgün qurmaq lazımdır ki, sonra niyə kökəlirəm deyə, əziyyət çəkməyək. Mən əsas yemək vaxtında qidalanıram. Bəzən işimlə əlaqədar qidalanmamla bağlı səhvlərim olur ki, bu zaman kilo ala bilərəm. Məsələn, axşamlar kalorili yeyə bilərəm. Amma burada qızıl qaydalar var ki, hansı qida ilə hansını yesəm, kökəlmə verməz və düzgün formada qala bilərəm. Bunlara riayət edirəm. Hətta işimlə əlaqəli stressdən də uzaq dura bilmirəm ki, bu, məndə kökəlmə yarada bilər. Amma düzgün qidalanmamla bunun da öhdəsindən gələ bilirəm.
Aygün Asimqızı

banner

Oxşar Xəbərlər