“Animasiya filmlərinin çəkilişi bərpa olunmalıdır”
Müsahibim Azərbaycanın tanınmış animasiya rejissoru, ssenari müəllifi,
kino rəssamı, rəssam assistenti, fazaçı rəssam, fon rəssamı və ən nəhayət, Azərbaycanın
əməkdar mədəniyyət işçisi Elçin Hami Axundovdur. O, balacaların sevərək izlədikləri
"Cırtdan”, "Cırtdan və div”, "Güzgü”, "Humayın yuxusu”, "Meşəyə insan gəlir”,
"Söhbət-ül-əsmar” və digər cizgi filmlərinin müəllifidir. Elçin müəllim
oxucularımıza Azərbaycanda animasiya filminin tarixi, eyni zamanda, ölkəmizdə
keçiriləcək II Animafilm festivalı haqqında məlumat verdi:
- Bu artıq ölkəmizdə keçiriləcək ikinci festivaldır. Birinci festival
keçən il təşkil olunmuşdu. Festivalın rəhbəri
Çexiyada kinematoqrafiya üzrə təhsil almış və animasiya filmlərinin çəkilişi ilə
məşğul olan Rəşid Ağamalıyevdir. Hal-hazırda Praqada yaşayır. Həmçinin İsveçrədə
kinoprodüsser ixtisası üzrə təhsil alıb. Qeyd edim ki, Rəşid Ağamalıyev
festival təşkil olunmamışdan əvvəl rus və Azərbaycan dillərində kitab nəşr
etdirib. Burada Azərbaycanın animasiya
filmi tarixini özündə əks etdirən fikirlər yer alıb. Rəşid müəllim daha sonra
belə bir qənaətə gəldi ki, Azərbaycanda animasiya film festivalı təşkil etsin. İlk
festivalın keçirilməsi ötən ilin oktyabr ayına təsadüf etdi. Festival yüksək səviyyədə
keçirilmişdi. Bir neçə ölkədən – Gürcüstan, İngiltərə, Çexiya, Polşa, İran və
digər dövlətlərdən nümayəndələr festivala qatılmışdılar. İranda Ərdəbil və Təbrizdə
də animasiya məktəbi fəaliyyət göstərir. Orada,
həmçinin bizim ötən illərdə çəkdiyimiz animasiya filmlərimiz də nümayiş olunur. Əfsuslar olsun ki, Azərbaycanda
animasiya filmləri az çəkilir, demək olar ki, heç çəkilmir. Keçən il animasiya
filmlərimiz festivalda yer almadı. Bu ilki festivalda isə təxminən 10-15 film
nümayiş olunacaq. Bu il keçiriləcək festivala təxminən 50 ölkədən 240 film göndərilib.
Artıq münsiflər heyətinin üzvləri də bəllidir.
- Festivalda uşaqlardan ibarət
münsiflər heyətinin yaradılması da nəzərdə tutulub. Onların seçiminə nə dərəcədə
güvənirsiniz?
- Təklif etdim ki, uşaqlar da münsiflər heyətinin üzvləri qismində
çıxış etsinlər. Bu ilki festivalın kiçik yaşlı uşaqlardan ibarət münsif heyəti
üçün 5 nəfər uşaq seçmişik və inşallah, mən özüm həmin uşaqlarla görüşüb bu barədə onlara təlimatlar
verəcəyəm. Animasiya filmləri çəkdiyim dövrlərdə hələ çəkilişləri bitirməmiş,
kiçik yaşlı uşaqları dəvət edirdim ki, həmin filmləri qiymətləndirsinlər və
onların iradları əsasında dəyişikliklər edirdim.
- Necə düşünürsünüz, bu
ilki festivaldan sonra animasiya filmləri
sahəsində inkişaf baş verəcəkmi?
- Mədəniyyət Nazirliyi bizə haradasa cizgi filmlərinin çəkilişləri
üçün xüsusi bina təşkil etsə, dövlətimiz
bu sahəyə maliyyə vəsaiti ayırsa, əlbəttə ki, bu sahədə xeyli irəliləyiş
olacaq. Çox istəyərdim ki, Azərbaycanda animasiya rəssamlığı kursları açılsın,
mən də həmin kurslarda tələbələrə dərs deyim. Orada yüksək ixtisaslaşmış, peşəkar
animatorlar hazırlansın və yerli animasiya filmləri çəkilsin.
- Uşaqları ekrana cəlb etmək
üçün daha çox hansı mövzularda animasiya filmləri çəkmək lazımdır?
- İndiki dövrümüzdə gərək silsilə animasiya filmləri, serial
formasında cizgi filmləri çəkilsin. Orada gərək fərqli qəhrəmanlar olsun ki,
uşaqları cəlb edə bilsin. Müasir olsun. Məsələn, uşaqlıq illərimizə nəzər yetirsək görərik ki,
biz «Cırtdan», «Tıq-tıq xanım» və bu səpkidə olan cizgi filmlərinə daha çox inanırdıq. Müasir
dövrümüzün uşaqlarını isə bu cür mövzularla məşğul etmək mümkün deyil.
- Əvvəllər cizgi filmləri qəhrəmanlarının
hər bir hərəkəti müxtəlif şəkillərlə canlandırılırdı. Çağdaş dövrümüzdə isə müasir
texnikalar bu işi asanlaşdırıb. Lakin buna baxmayaraq, cizgi filmləri o dövrdə
daha maraqlı idi, nəinki indi. Bunun səbəbini nədə görürsünüz?
- Ümumiyyətlə, bir film çəkiləndə saniyədə 24 kadr gedir. Bu da 24 ədəd şəkil
deməkdir. Animasiyanın ən önəmli
xüsusiyyətlərindən biri də budur. Animasiya bir-iki günə ərsəyə gəlmir. Məsələn,
biz 10 dəqiqəlik filmi 6-7 aya çəkirdik. Bu da cizgi filminin personajlarından,
zənginliyindən, texnikasından asılıdır. İndiki vaxtda müxtəlif kompyüter
proqramları var ki, bu proqramlar vasitəsi ilə cizgi filmi çəkilişlərini rahat
şəkildə həyata keçirmək mümkündür. Əvvəllər cizgi filmlərini qurama vasitəsi ilə,
gəlinciklərlə çəkirdik. İndi kukla personajlarından ibarət olan cizgi filmlərini
3D Maks və Main proqramları ilə çəkirlər. Qurama vasitəsi ilə çəkilən filmləri isə fləş karta köçürürlər. Cizgi filmlərinin çəkilişlərində,
həmçinin Premier və fotoşop proqramlarından da istifadə edirlər. Həmin
proqramlar filmin çəkilişlərini bir qədər sürətləndirir. Texnika nə qədər sürətlə
inkişaf etsə də, animator film çəkilişləri zamanı öz üzərinə düşən öhdəliyi
yerinə yetirir. Animator ilk növbədə cizgi filmini canlandıran şəxsdir. Müasir
dövrümüzdə çəkilən cizgi filmlərinin maraqsız olmasına gəlincə isə, qeyd etmək
istəyirəm ki, burada rejissor işi və mövzu böyük rol oynayır. Dünyaca məşhur
olan "Warner brothers”, "Disney” film studiyaları var ki, maraqlı cizgi filmləri
çəkirlər. Bununla yanaşı, digər animasiya studiyaları fəaliyyət göstərir ki,
onların bu sahədə işləmək səviyyəsi çox aşağıdır. Bəzi telekanallar isə bu studiyaların filmlərini
ucuz qiymətə alıb izləyicilərə nümayiş etdirirlər.
- Uşaqlıq çağlarımıza nəzər yetirəndə
görürük ki, indi nağıllar daha az yazılır. Müasir zəmanəmizin uşaqları da o
dövrdə yazılan nağıllarla böyüyürlər. Bu nağıllar da özündə müasirliyi əks
etdirmədiyinə görə uşaqlara maraqsız görünür. Bu məsələdə mövzu qıtlığımı var, yoxsa
burada başqa səbəblər axtarmaq lazımdır?
- Dünya miqyasında çəkilən cizgi filmlərinə nəzər yetirsək görərik ki,
"Disney” film studiyası dünyanın bütün xalqlarının nağılları əsasında cizgi
filmləri çəkib. Gərək indiki dövrün uşaqları üçün müasir nağıllar yazılsın və həmin
nağıllar əsasında cizgi filmləri çəkilsin. Azərbaycana gəlincə isə, qeyd etmək
istəyərdim ki, bizdə animasiya filmlərinin çəkilişi həddindən artıq zəifləyib və
demək olar ki, yox dərəcəsinə gəlib çıxıb. Vaxt var idi, studiyamda yeddi nəfər
rəssam fəaliyyət göstərirdi. İndi hərə bir tərəfə dağılıb.
- Müasir dövrün cizgi filmlərində
uşaqların təfəkkür tərzinə uyğun dəyişikliklər etmək lazımdırmı?
- Əlbəttə lazımdır. Cizgi filmləri gərək yaş həddinə uyğun olaraq çəkilsin.
6-7 yaş, 10-12 yaş arası və yeniyetmə yaş dövrünü əhatə edən cizgi filmləri.
Cizgi filmlərində gərək qəddarlıq, naxələflik, nanəcimlik kimi xüsusiyyətlər təbliğ
olunmasın. Xüsusən mentalitetimizə xas olan filmlər çəkilsin. Psixoloqlarımız
da bu işlə məşğul olsalar, yaxşı olar. Amma əfsuslar olsun ki, telekanallar istədikləri
cizgi filmini nümayiş etdirirlər. Azərbaycanda mütləq şəkildə animasiya cizgi
filmlərinin çəkilişlərini bərpa etməliyik. Bizdə animasiya filmləri çəkilmədiyinə
görə, uşaqlar xarici animasiya filmlərinə daha çox maraq göstərirlər. Bu da
onların tərbiyəsinə təsir edir. Ümumiyyətlə, animasiya filmləri uşaqlar üçün
bir tərbiyə mənbəyidir.
- Çəkdiyiniz cizgi filmlərindən gəlir
əldə edə bilminizmi?
- Hər kəsə məlumdur ki, film çəkilən vaxt bir smeta qurulur. Filmə nə qədər
pul xərclənəcəyi hesablanır. Bunu filmin direktoru həyata keçirir. Rejissora da
filmin quruluşuna görə ayrıca məbləğ ayrılır. Azərbaycanda Kinoroejissorlar Gildiyası fəaliyyət göstərir.
Həmin gildiyanın üzvləri olan kinorejissorlar müxtəlif telekanallarda çəkdikləri
flmi nümayiş etdirirlər. Kinorejissorlar
Gildiyası bunun müqabilində rejissorlara məbləğ ödəyir. Gildiya məbləğin 30
faizini özünə götürür, 70 faizini isə kinonun çəkiliş heyətinə ödəyir.
Fidan Salmanova