Ana dili - milli dəyərlərimizin anası

Dil millətin
ən əsas milli dəyəri və onun milliliyini təmin edən vacib atributudur. Çünki
milli varlığımızı mədəni təməllərə bağlayan dilimizdir. Bu dil millətimizin təsdiqini və milli özünüdərkini müəyyənləşdirən əsas
amillərdən biridir. Milli-mənəvi sərvətimizdən, mənəviyyatımızdan bəhs
olunanda, ilk növbədə, ana dilimiz yada düşür. Əgər bir xalqın ana dili
yoxdursa, demək, həmin xalqın özü də yoxdur. Bizim milli birlik və
həmrəyliyimizi təmin edən ana dilimizi qorumaq, inkişaf etdirmək və yaşatmaq
hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Çünki bir milləti yaşadan
milli dəyərlərin başında dil gəlir.
Böyük
mütəfəkkirlər dilimizə layiq olduğu dəyəri vermiş, hələ XI əsrdə Mahmud
Kaşğarlı dilimizin ərəbcədən, XV əsrdə Əlişir Nəvai farscadan daha zəngin,
gözəl, qüdrətli və şirin bir dil olduğunu isbat etmişdir. Qədim və orta əsrlərdə
ən ali məqamlarda yad dillərin hökmranlıq sürdüyü dönəmdə - XIII əsrdə İzzəddin
Həsənoğlu qəzəllərini o dövrün "hakim” dillərində deyil, məhz ana dilində
yazmağa üstünlük verdi. İmadəddin Nəsiminin fəlsəfi şeirləri, Qazi
Bürhanəddinin tuyuğları, Şah İsmayıl Xətainin divanı, ustad Füzulinin
"nəzmi-nazik” poetik inciləri məhz Azərbaycan dilində yazılıb, ana dilimizin
bütün gözəlliklərini, zəriflik və incəliklərini, insan ruhunu ovsunlayan
musiqili təsirini özündə əks etdirib. Ona görə ki, hər millətin mədəniyyətinin
böyüklüyü sözlüyündə olan kəlmə xəzinəsi, yəni lüğət tərkibinin zənginliyi ilə
ölçülür. Milli sərvətimiz olan dilimizi ağırlaşdırmamaq, yadlaşdırmamaq,
təmizliyini qorumaq, onu zənginləşdirmək, qayğısına qalmaq hər birimizin
vətəndaşlıq borcudur. Əvvəllər yazarkən, danışarkən ərəbcədən, farscadan nə
qədər çox istifadə etmək "bacarıq” sayılmışsa, dilimiz də bir o qədər öz
xüsusiyyətlərindən uzaqlaşmış, daha çox lüğət tərkibi yad, alınma sözlərlə
dolmuşdur. Ana dilimizin bu qədər dəyərli olmasına baxmayaraq, yuxarıda qeyd
etdiyimiz kimi, insanların öncələr Şərq dillərinə olan meyli indi Qərb
dillərinə yönəlməkdədir. Biz heç də XXI əsrdə xarici dil bilməyin əleyhinə
deyilik. Əksinə, bunu alqışlayırıq və zamanın ən böyük tələbi olduğunu təqdir
edirik. Bizi narahat edən öz dilimizdə
danışarkən başqa dillərdən qırıq-qırıq kəlmələr deməyi "müasirlik” kimi
dəyərləndirməkdir. Əslində isə bu, müasirləşmənin önündə duran ən böyük
əngəldir. Bu mənada ümummilli liderimiz Heydər Əliyevin dilimizlə bağlı çox zəruri
və aktual olan bir məsələyə münasibəti
hamımız üçün çox vacib bir vəzifə müəyyənləşdirir: "Xarici dil bilmək, əlbəttə ki,
lazımdır, vacibdir. ...gənclərimiz nə qədər çox dil bilsələr, bir o qədər
zəngin dünyagörüşünə malik olacaqlar. Bu, müasir dünyanın tələbləridir. Amma ən
əsası odur ki, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini, dövlət
dilini mükəmməl bilməlidir”.
Hər bir dilin
özünəməxsus gözəlliyi vardır. Amma milli dəyərlərimizin başında gələn ana
dilimiz daha anlaşıqlı, ahəngdar, zəngin və musiqili bir dildir. Sözdüzümü,
sabit qanunauyğunluqları və düzənliliyi ilə öncül bir dildir. Təəssüf ki,
dilimiz bütün bu xüsusiyyətlərinə baxmayaraq, bəzən gündəlik məişətimizdə işlətdiyimiz rus-Avropa
və b. mənşəli sözlərin önünə keçə bilmir. İnsanı bir sual düşündürür: Dilimizdə
asanlıqla anlaşılan, başa düşülən sözlərin yerinə yad sözləri işlətdikdə nə
qazanarıq? – Təəssüf ki, itirdiyimiz dəyərlər daha çox olar. Dilimizi başqa
dillərin kölgəsində qoysaq, ən gözəl milli varlığımızı – dilimizi əridərik.
Əgər düşünsək
ki, bu gün sahib olduğumuz bu böyük milli varlığın yaşı min illərlə ölçülür,
deməli, hər sözümüz, hər kəlməmiz bir tarix deməkdir. Kömür almaz olana, qızıl
qızıl olana qədər torpağın altında min illərlə bişir. Bizim hər sözümüz, hər
kəlməmiz də belədir; tarixlərin sınağından çıxmış, mədəniyyətimizin müxtəlif
qollarını yaratmış almaz düzümlü dilimiz milli ruhumuzun bərqərar olduğu milli
dəyərimizdir. Dil millətin varlığını təmin edirsə, onda üzərimizə düşən
məsuliyyətin böyüklüyü də aydın olur. Bu məsuliyyəti daşımağın şərəfi də
bizimdir. Bu da bizdən dilimizə laqeyd münasibət göstərənlərə qarşı mübarizədə
hamılıqla bir olmağı tələb edir. Böyük alman filosofu Hegelin dəyərli bir
kəlamını xatırlamaq yerinə düşər: "Hər bir millətin tarixi o millətin zaman
keçdikcə müxtəlif səviyyədə gerçəkləşən ruhudur. Bir millətin öz saflığına,
gücünə inanıb və ona sığınması möcüzələr yarada bilər”. Bu mənada, ana dili bir millətin ən böyük
milli dəyəri, onun mənəvi varlığı, sehri, sirri, mövcudluğudur. Deməli, dil
möcüzədir, möcüzə yaradandır.
Məşhur Azərbaycan ədibi, böyük pedaqoq, görkəmli
ziyalı Firudin bəy Köçərli ana dili haqqında deyirdi: "Hər millətin özünəməxsus
ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatının
mayəsi mənziləsindədir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də
ruhun qidasıdır. Hər kəs öz anasını və vətənini sevdiyi kimi, ana dilini də
sevir. Bu, Allah-taalanın gözəl nemətlərindən biridir, onu əziz və möhtərəm
tutmaq hər kəsə borcdur”. Hətta görkəmli ədibimiz məşhur rus ədibi və pedaqoqu
Uşinskidən də misal gətirirdi ki, bir millətin malını, dövlətini və hətta
vətənini əlindən alsan, ölüb-itməz, amma dilini alsan, fövt olar və ondan bir nişan
qalmaz. Bu baxımdan zaman-zaman ana dilimizə qarşı yad təsirlər olub, məhv
edilməyə, unutdurulmağa səy edilib. Bu deyilən problemlər bizim üçün bir
də sovet dövründə yaranıb. Belə ki, rus
imperiyasının siyasi-mənəvi varisi olan sovet imperiyası ucqarlarda ana dilini
və milli-mənəvi dəyərləri məhv etmək məqsədini güdürdü. Bu məqsəddən irəli
gələrək Azərbaycanda da bu xain, mənfur
siyasətin nəticəsində ana dilimiz
unutdurulmağa çalışılmış, adı dəfələrlə yad ünsürlərlə adlandırılaraq
dəyişdirilmiş, əlifbası tez-tez dəyişmələrə məruz qalmış və "rus dili ikinci
ana dilidir” təlqini ilə milli dilə qarşı məhvedici plan həyata keçirilmişdir. Lüğət tərkibinin məna çalarlarının zənginliyinə görə dünyanın ən mədəni
xalqlarının dil səviyyəsinə yüksəlmiş ana dilimizin mühafizəsi ilə əlaqədar
milli ruhlu ziyalılar əllərindən gələni əsirgəmədilər. Səməd Vurğun, Mirzə
İbrahimov, Bəxtiyar Vahabzadə, Əli Tudə, Anar, Xəlil Rza Ulutürk, Məmməd Araz
dillə bağlı möhtəşəm əsərlər yaratdılar. Ümummilli lider Heydər Əliyev hələ
sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq,
Azərbaycan dilinin ölkəmizdə dövlət dilinə çevrilməsində böyük xidmətlər
göstərdi. Dilin inkişafı ilə bağlı ulu öndərin müntəzəm olaraq verdiyi fərman
və sərəncamlarda, eləcə də tövsiyələrdə, çıxış və məruzələrdə vaxtaşırı bu
məsələdə ortaya çıxan ciddi problemlərin həlli vacib sayılırdı. O ziddiyyətli
dövrdə yenə də Azərbaycanın yazıçı və şairləri dilimizin keşikçisi olmaq
missiyasını ləyaqətlə yerinə yetirdilər. Onlar ana dilində yazıb-yaratdılar.
Bunun da nəticəsində dilin şirinliyi, təbiiliyi qorunub saxlandı. Əlbəttə,
bizim milli varlığımızın əks-sədası ana dilimizdir. Onun başının üstünü almış
təhlükəni də millətdən uzaqlaşdıran, dilin statusunu özünə qaytaran, ona yeni
həyat verən məhz ümummilli lider Heydər Əliyev oldu. Ədəbiyyat və mədəniyyət
xadimlərinin uzun illər sətiraltı mənalarda, bədii əsərlərdə, nitq və
çıxışlarında ifadə etdikləri arzuları yenə də ulu öndər reallaşdırdı.
Hər bir milli
dəyər, ələlxüsus da ana dili xalqın keçmişini, qədimliyini özündə nə qədər əxz etdirsə də, dövlət və
rəhbərlik qayğısı olmadan ikinci planda durur və məişət dili səddini keçə
bilmir, ali məqamlarda təmsil olunma iqtidarından məhrum olur. Milli
dəyərlərimizə fəaliyyəti boyu himayədarlıq edən böyük rəhbərimiz hakimiyyətə
gəldiyi elə ilk gündən ana dilimizə layiq olduğu statusu verdi və bunu bütün
fəaliyyəti boyu ən yüksək səviyyədə davam etdirdi.
Müstəqillik
illərində bu siyasət açıq, kompleks şəkildə, ardıcıl yürüdülməyə başladı. Əgər
nəzərə alsaq ki, bu gün planetimizdə yaşayan minlərlə millət və etnik qrup sayı
heç 200-ə çatmayan dövlətlərin bayrağı altında cəmləşib və bu dövlətlərin rəsmi dövlət dillərinin sayı
70-i keçmir, onda hər hansı bir millətin öz dilinin öz dövlətində dövlət dili
olmasının əhəmiyyətini dərk etmək o qədər də çətin olmaz. Bu mənada dilin
dövlət dili statusu qazanması həqiqətən də qürur doğuran tarixi hadisədir.
Azərbaycan dili bu tarixi hadisəni yaşayıb. Bu gün dilimizin dövlət statuslu
dillər arasında olmasına görə dilimizin mənəvi dirilik atributuna çevrilməsi
yolunda böyük fədakarlıqlar göstərmiş, "Dilimiz çox zəngin və ahəngdar dildir,
dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə
danışmağımla fəxr edirəm”, - deyən ümummilli lider Heydər Əliyevə
minnətdar olmalıyıq. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə
çevrilməsi ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş
siyasətinin nəticəsidir. Bu siyasətin əsası hələ 1970-ci ildə qoyulub. Heydər
Əliyev həmin il Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan
dilində çıxış edir. Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə yol açır
və kürsü dili səviyyəsinə qalxır. Azərbaycan SSR-in 1978-ci il
Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin
dövr üçün əhəmiyyətli hadisə idi. Müstəqil Azərbaycanın Konstitusiyasının 45-ci
maddəsi ilə hər kəsin ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə və
təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ təsbit olunur. Konstitusiyamıza
görə, heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz.
2001-ci il iyunun 18-də Prezident Heydər Əliyev "Dövlət dilinin tətbiqi
işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Bu sənəd ana dilimizin
inkişafı üçün böyük imkanlar yaratdı. Fərmanda deyilir: "İnkişaf etmiş zəngin
dil mədəniyyətinə malik xalq əyilməzdir, böyük gələcəyə malikdir. Ona görə də
xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir
Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu,
onun müqəddəs vətəndaşlıq borcudur”. Ana dilinin daha da inkişaf etdirilməsi,
işlənməsi və saflığının qorunması ilə əlaqədar müxtəlif illərdə dövlət başçısı
tərəfindən fərmanlar imzalanmış və Milli Məclis tərəfindən qanunlar qəbul
edilmişdir. 2002-ci il 30 sentyabr tarixdə
"Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının
Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun
tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan
dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində
daha bir addımdır. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun
dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Bu
ənənələri ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət
başçısının müxtəlif vaxtlarda imzaladığı "Azərbaycan dilində latın qrafikası
ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və "Azərbaycan Milli
ensiklopediyasının hazırlanması haqqında” sərəncamları və bu istiqamətdə
görülən işlər də milli ana dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Zülfİyyə İsmayıl
filologiya üzrə fəlsəfə doktoru, dosent
aMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi
Bu məqalə "Kaspi Geosiyasi Araşdırmalar Mərkəzi” İctimai Birliyinin AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Milli-mənəvi dəyərlərin, Azərbaycançılıq məfkurəsi və Azərbaycan dilinin qorunmasına dair təşəbbüslər” layihəsi çərçivəsində hazırlanıb.
