• cümə, 19 Aprel, 22:32
  • Baku Bakı 24°C

Amil Əlioğlu: “Film həm də silahdır”

18.09.19 10:00 1911
Amil Əlioğlu: “Film həm də silahdır”
İsgəndərov Amil Əlioğlu Gədəbəy rayonunun Şahdağ kəndində dünyaya göz açıb. M.Əsgərov adına tam orta məktəbi bitirib. Təhsil aldığı müddətdə həmin məktəbin bir sıra tədbirlərinin təşkilatçısı olub və beş il bu təhsil ocağında mədəni-təşkilatçı müdir vəzifəsində çalışıb. Daha sonra isə paytaxt Bakıya gəlib. Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq və aktyorluq fakültəsində təhsil alıb. Hazırda bu ixtisas üzrə Rusiyada təhsilini qiyabi olaraq davam etdirir. "Alioğlu Media Group”un təsisçisi olan A.Əlioğlu film, serial və digər çəkilişlər ilə məşğul olur.
- Bu yaxınlarda "Alioğlu Media Group” şirkətinin qorxu və psixotriller janrında yeni filmi işıq üzü görəcək. Azərbaycan tamaşaçısı üçün sizin ərsəyə gətirdiyiniz bu filmi izləmək nə dərəcədə maraqlı olacaq? Nəzərə alaq ki, yerli tamaşaçılar xarici ölkələrin istehsal etdiyi filmlərə daha çox maraq göstərirlər.
- Əvvəla, biz rejissor olaraq çalışmalıyıq ki, tamaşaçını ekrana cəlb edə bilək. Bizim elə yerli rejissorlarımız var ki, heç də xaricilərdən əskik iş görmürlər. Ola bilər ki, bu sahədə maddi çətinliklərimiz olsun. Mən inanıram ki, bu problemlərimiz zaman-zaman aradan götürülər. Bir şeyi də vurğulamaq istəyirəm. Müasir dövrümüzdə əvvəlki illərə nisbətən daha çox komediya janrında filmlər çəkilir. Sovet dövründə ərsəyə gələn əksər filmlərimizə nəzər yetirsək görərik ki, onlarda təhqiramiz ifadələr daha az yer alır, dərin yumor hisslərini özündə əks etdirən kadrlar üstünlük təşkil edir. Müasir dövrümüzdə komediya janrında çəkilən filmlərimiz isə insanları daha çox ifrat gülüşə səsləyir. İzləyicilər də artıq yumordan uzaqlaşmağa başlayıblar. Buna görə də çalışdım ki, fərqli janrda film ərsəyə gətirim. İnanıram ki, ekran qarşısında əyləşən tamaşaçılarımız bu filmi çox bəyənəcəklər.
- Film barəsində bir qədər məlumat verərdiniz. Necə oldu ki, belə janrda film çəkməyi qərara aldınız?
- Film qorxu və psixotriller janrında çəkilib. Çəkilişlərə ötən ilin noyabr ayında başlamışıq. Bu layihənin çəkilişləri Azərbaycanın dilbər guşələrindən olan Gədəbəy, Tovuz və İsmayıllı rayonlarında və paytaxt Bakıda baş tutub. Filmin ssenari müəllifləri mən və Sadiq Nəsirovdur. Quruluşçu rejissor və quruluşçu rəssam da özüməm. Filmin quruluşçu operatoru Mətləb Yaquboğlu, bəstəkarı və musiqi tərtibatçısı İffət Əskərov, baş prodüseri Bayram Murquzov, icraçı prodüser Habil Əlioğlu, qrim rəssamı Şəfa Cabbarova, montaj rejissoru Firdovsi A.Nəbiyevdir. Film qorxu janrında olsa da, burada iki maarifləndirici xətt var. Birinci xətt ondan ibarətdir ki, hər bir valideyn uşaqlarını yaşına aid olmayan şeylərdən çəkindirməyə çalışmalıdı. İkincisi isə, ailədaxili münaqişələrə son qoyulmalıdı. Bu zaman cəmiyyətimizə yararlı olan fərd yetişdirə bilərik. Bu çətin işin ərsəyə gəlməsində ilk növbədə valideynlərimə, bu filmdə əziyyəti olan bütün işçilərə, aktyor və aktrisa heyətinə, Gədəbəy rayon İcra Hakimiyyətinə, Mədəniyyət Nazirliyinə dərin təşəkkürümü bildirirəm.
- Yəqin ki, psixoloji vəziyyətiniz bu filmdə əsas rolu canlandırmağa imkan verib...
- Bir rejissor üçün, ümumiyyətlə, baş rolu canlandırmaq və filmə quruluş vermək çox çətindir. Hadisələri və obrazları beynimdə nə cür canlandırmışamsa, filmin ssenarisini də eyni ilə yazmışam. Bir neçə aktyorlar var ki, onları baş rolu ifa etməyə dəvət etdim, ancaq çox təəssüflər olsun ki, istədiyimi əldə edə bilmədim. Ona görə də qərara gəldim ki, əsas rolu özüm canlandırım. Ümumiyyətlə, hər hansı bir rolu ifa edib tamaşaçılara mükəmməl şəkildə təqdim etmək çox çətindir. İzləyiciləri inandırmaq üçün həqiqətən əsəbiləşmək, qışqırmaq lazımdır ki, içində olan o duyğuları büruzə verə biləsən. Hər bir aktyor və aktrisa da bu janrda filmə çəkilmək istəmir. Səbəb də odur ki, belə filmlər daha çox soyuq aylarda çəkilir. Bunun üçün də ilk növbədə soyuğa davamlı olmalısan. Bütün qarşına çıxan problemlərlə mübarizə aparmağı bacarmalısan. Psixoloji vəziyyətin yerində olmalıdı. Düşünürəm ki, sənətinə dərindən maraq göstərən hər kəs çətinliklərin öhdəsindən gəlməlidi. Əbəs yerə deməyiblər ki, incəsənət qurban tələb edir.
- Digər janrlarda da film çəkməyi necə, düşünürsünüz?
- Əlbəttə. Dram, dedektiv və romantik janrda film və seriallar çəkməyi düşünürəm. Elə filmlər var ki, bir müddət keçəndən sonra yaddaşlardan silinir. Bir rejissor olaraq elə filmlər ərsəyə gətirmək istəyirəm ki, uzun müddət yaddaşlardan silinməsin və Film Fondunda qorunub saxlanılsın. Bunun necə əziyyətli bir iş olduğunu sübut etmək üçün ilk filmimi qorxu janrında çəkdim və düşünürəm ki, öhdəsindən gələ bildim.
- Gənc rejissorlarımızdan daha çox kimlərin işini bəyənirsiniz?
- Bütün əziyyət çəkən rejissorlarımızın əziyyətini qiymətləndirir, hər kəsə işində uğurlar arzu edirəm.
- Dünyaca məşhur olan hansı kinematoqrafın işlərini izləyirsiniz və bu işlərdən özünüzə nümunə götürürsünüz?
- Stiven Spilberq, Ceyms Kameron kimi rejissorların işlərini daha çox bəyənirəm. Nümunə götürməyə gəlincə isə, mənim öz dəst-xəttim var. Düşünürəm ki, sırf özümə məxsus işlər hazırlayıb ərsəyə gətirməli və bu həyatda iz qoymalıyam.
- Bəzən tamaşaçılar düşünürlər ki, filmlərdə və ya serialda təcrübəli aktyor heyəti yer alarsa, layihələr daha çox uğur qazanar. Bu barədə nə deyə bilərsiniz?
- Bu fikirlə tamamilə razıyam. Aktyor və aktrisalar var ki, günümüzün çoxu onları öyrətməklə keçir. Amma təcrübəli aktyorlarla işləyəndə, siz bir fikri deyirsiz və həmin insan nə demək istədiyinizi o saat anlayır. Çox istərdim ki, tamaşaçılarımız məhz savadlı, bu sənətin incəliklərinə dərindən bələd olan aktyorların, rejissorların, ssenaristlərin yaradıcılığına dəyər versinlər. Onları nə qədər çox dəstəkləsələr, bir o qədər də uğurlu işlər meydana gələr. Adi bir şeyi ərsəyə gətirmək üçün nə qədər çətinliklər və problemlərlə üzləşirik. Tamaşaçılar bu incəliklərin fərqinə varsalar, yəqin ki, onlarda mənfi fikirlər bir qədər azalmağa doğru gedər.
- Kino sahəsinə maraq sizdə hardan yarandı? Ailənizdə bu sahə ilə məşğul olan varmı?
- Xeyr, ailəmizdə, ümumiyyətlə, heç kim yaradıcılıq sahəsi ilə məşğul olmur. Mən uşaq yaşlarımdan bu sahəyə maraq göstərmişəm. Hətta uşaq yaşlarımdan şeir, hekayə və nağıl yazmağa başlamışdım. "Ata ocağı”, "Kölgə”, "Son addım” seriallarında və "Bratli” filmində, eləcə də bir neçə qısametrajlı, tammetrajlı filmlərdə rol almışam. Əmim uşaq olarkən rejissor, aktyor olmaq arzusunda olub. Bu istedad mənə əmimdən keçib. O da uşaq vaxtı orta məktəbdə oxuyanda maraqlı səhnəciklər hazırlayarmış. O vaxt videokamera yox idi. Hər şeyi şəkillərlə düzəldirdilər. Həmin şəkillər hələ də qorunub saxlanılır. Orta məktəbdə bizə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən Nəbi müəllim də məndə bu sahəyə maraq oyatdı.
- Hər hansı rola aktyor və ya aktrisa seçimi edərkən daha çox hansı keyfiyyətlərə önəm verirsiniz?
- Mənim üçün ilk növbədə o insanın daxili və xarici keyfiyyətləri maraqlıdı. Daha sonra isə həmin aktyorun o rola uyğun olub-olmadığını müəyyən edirəm. Əlbəttə ki, aktyora xas olan xüsusiyyətlərdən biri də gözəl danışıq qabiliyyəti və xarici görünüşdür.
- Elə aktyorlarımız var ki, çəkilişlər hələ bitməmiş, müəyyən səbəbləri əsas gətirərək filmi tərk edirlər. Film çəkilişlərində belə hallarla rastlaşmısınız?
- İlk növbədə rejissor və aktyor bir-birini başa düşməlidir. Bir çox aktyorlar tanıyıram ki, bir kadra çəkilir, artıq ikinci dəfə çəkilmək istəmir. Ancaq onu düşünmür ki, filmin ssenarisində hansısa səbəblərdən müəyyən dəyişikliklər ola bilər. Bu sənətdə keyfiyyət önəmli yerlərdən birini tutur. Mən bir rejissor kimi, bu sahədə heç bir maddiyyat güdmürəm və istəyirəm ki, bəzi aktyorlarımız da bunu anlasın. Aktyor düşünməlidi ki, əgər mən rejissorun vaxtını alacamsa, bu filmdən pul qazanacamsa, rejissoru da başa düşməliyəm. Aktyor tanıyıram ki, bizimlə bir layihədə iştirak edib, aldığı məvacib onu qane etməyib və bu layihəni tərk edib.
- Bu sahədə yeni addımlarını atan gənclərimizə hansı məsləhətləri verərdiniz?
- Ədəbiyyatımızı mükəmməl şəkildə mənimsəsinlər. Sənətin sirlərinə ciddi şəkildə yiyələnsinlər və yeni-yeni fikirlərlə bu sənətə gəlsinlər. Belə olsa, daha yaxşı olar. Sənətimiz də inkişafa doğru gedər.
- Tamaşaçı qismində kinoteatrlara gedib, film izləyirsiniz? Daha çox hansı janrda filmə baxmağa üstünlük verirsiniz?
- Bütün janrlarda olan filmlərə baxmaq istəyərəm. Bir tamaşaçı kimi yox, məhz bir rejissor kimi. Amma, işlərdən dolayı vaxtım az olur. Digər tərəfdən, istəyərəm ki, o filmdə əziyyəti keçənlərə bir köməyim dəysin. Hərəmiz bir bilet alsaq, o filmi ərsəyə gətirənlərə nə qədər kömək etmiş olarıq. Və bu köməyimiz sayəsində film sahəsi daha da inkişaf edər.
- Kimsə sizi işinizə görə tənqid edəndə, bu tənqidlərdən nəticə çıxarırsınız? Belə insanlara reaksiyanız necə olur?
- Düzgün tənqid olarsa, əlbəttə... Təhqirə təhqirlə cavab vermək, tənqiddən isə düzgün nəticə çıxarmaq lazımdır.
- Bu gün ölkəmizdə çəkilən filmlər sizi qane edir?
- Hər ölkənin filmləri həm də onun silahıdır. Düzdür, son illər çox filmlər çəkilsə də, əksəriyyət onları yalnız qazanc əldə etmək naminə çəkir. Düşünürlər ki, bu filmi çəkim və pul qazanım. Bu yol da bizi uçuruma doğru aparır. Çox istəyərəm ki, milli qəhrəmanlarımız haqqında tarixi janrda filmlər daha çox çəkilsin. Tarixi filmlərin çəkilməsinə dövlətimiz də dəstək olur.
Fidan Salmanova
banner

Oxşar Xəbərlər