“Almaniyada xəstənin həkimə zəng vurmağa ehtiyacı yoxdur” - FOTOLAR

Şəlalə
Qasımova: "Sistem elə olmalıdır ki, həkim pulu fikirləşməməli, tibb sahəsində
hansı yeniliklər varsa, onların hamısını xəstəyə tətbiq etməlidir”
20 ildir
ki, həkim olaraq çalışır. Son 2 ildə Almaniyada fəaliyyət göstərir. Almaniyada
həkim işləməyin daha rahat olduğunu deyir. Səbəb olaraq gördüyü faktorlar
çoxdur. Onlardan əsas olanı həkimin xəstəyə lazım olan bütün xidməti göstərmə
imkanının olmasıdır.Müsahibimiz
Şəlalə Qasımova hazırda Almaniyanın Münxen şəhərində yerləşən "Inn Klinika,
Mühldorf a. Inn”də çalışır.
- Atanız sizin həkim olmağınızı istəyirmiş. Tibbi
atanızın istəyi, ya yönəltməsi ilə seçmisiniz?
- Hər
gün daha çox əmin oluram ki, bu dünyaya həkim olmaq üçün gəlmişəm. Həkim olmaq
deyəndə, təkcə tibb təhsili almağı nəzərdə tutmuram. İnsanları sevməli, xəstələri
doğman kimi görməli, əzizlərin kimi qayğıkeş yanaşmalısan. Çünki sən xəstə ilə
bir yerdə xəstəliyə qarşı mübarizə aparırsan. Bunları etmək üçün tibb təhsili
kifayət deyil. Xəstə xəstəliyi ilə mübarizədə həkimi öz yanında, yaxınında hiss
etməlidir. Düşünürəm ki, bu, məndə çox gözəl alınır. Hərdən mənə deyirlər ki,
niyə uşaqların həkim olmadı? Ancaq həkimlik yönəltmə ilə olmur. Bu işi sevərək
seçmək vacibdir. Bilməlisən ki, gecə-gündüz xəstələrin qulluğunda olmalı, daim
onların telefon zənglərinə, mesajlarına cavab verməli və bundan bezməməlisən.
Çünki söhbət insan həyatından, sağlamlığından gedir. Bunlar mənə xas xüsusiyyətlər
idi.Amma həkim
olmağa məni istiqamətləndirən atam oldu. Birinci sinifdə oxuyurdum, bir gün
atam işdən gələrkən Azərbaycanın
görkəmli alimi, tibb elmləri doktoru İbrahim Topçubaşovun cərrahiyə ilə
bağlı 3 qalın kitabını alıb gətirmişdi. Anam dedi ki, bu kitabları neynirsən?
Dedi ki, Şəlalə həkimlik oxuyacaq, ona lazım olacaq. O arzu mənim beynimdə alt
şüurda gizlənmişdi, atam onu aşkara çıxarmaqda mənə köməklik etdi. Yəni məni
yönləndirdi. Həqiqətən də, o kitablar universitetdə oxuyanda, mənə çox kömək
oldu.

- Bəlkə də, atanız sizdə həkimliyə hansısa marağı,
meyli hiss edib.
-
Birinci sinifdə oxuyanda, məni məktəbdə birinci siniflər üzrə tibb işçisi nümayəndəsi
seçmişdilər. O vaxt məktəblərdə belə bir bölgü olurdu. Bu şagird sinifdə kimdəsə
kiçik yaralanmalar olsa, ona ilk yardım etməli idi. Anam da mənə ilkin yardım
üçün tibb çantası hazırlamışdı. Göstərdiyim ilk yardım paralel sinifdə oxuyan
oğlan idi. Oğlan yıxılıb alnı sıyrılmışdı. Həvəslə onun yarasının ətrafını
yodla, pambıqla təmizlədim, bint qoydum, sarıdım. Yardım etdiyim üçün özümü çox
xoşbəxt hiss edirdim. 20 ildən çoxdur ki, həkimlik fəaliyyəti ilə məşğulam.
Amma göstərdiyim o ilk yardımı heç vaxt unutmaram. Yəqin ki atam da bunları
hiss etdiyi üçün o kitabları almışdı...
- Uşaq vaxtı həkim olmağı arzulayanların çoxu
yuxarı siniflərə getdikcə fikir dəyişikliyi edirlər. Bəziləri lazım olan balı
yığmayacağını düşünərək, bəziləri işin məsuliyyətini dərk edərək.
-
Birinci sinifdə o kitablar evə girəndən məqsədim həkim olmaq idi. Hər gün ona
doğru gedirdim. Yaxşı oxuyurdum, əlaçı olurdum, şəklim həmişə şərəf lövhəsində
olurdu. Orta təhsilimi 1985-94-cü illərdə almışam. Çox çətin zamanlar idi. Hətta
həmişə əlaçı olduğum üçün 1992-ci ildə mənə məktəb üzrə yalnız bir nəfərə verilən
Nizami Gəncəvi adına təqaüd ayırmışdılar. Təqaüdün məbləği o vaxtın pulu ilə
500 manat (Bir Nizami) idi. O qədər böyük məbləğ deyildi, amma mən onu özümə
götürmürdüm. Qarabağ müharibəsində şəhid olanların ailələrinə dəstək fonduna
keçirirdim. Sözü ona gətirirəm ki, həkimliyə doğru gedirdim. Uşaq gücümlə
mümkün olan yardımı etməyə çalışırdım. Təbii ki böyüdükcə çətinliyini, məsuliyyətini
daha çox dərk edirdim, amma başqa ixtisas seçmək haqqında düşünmürdüm. Yüksək
balla müalicə işinə ödənişsiz əsaslarla qəbul oldum.

- Universiteti bitirəndən sonra ilk işiniz hansı
oldu?
- Universiteti
bitəndən sonrakı ilk bir ili təcili tibbi yardımda işlədim. Təcili yardım elədir
ki, sən xəstəni ən ağır halında görürsən. Burda xəstəyə ilkin ixtisaslı tibbi
yardım göstərilməlidir. Təcili tibbi yardım həkiminin gördüyü iki əsas iş var,
xəstənin tənəffüsünü bərpa etmək və ürək-damarın ritmini normallaşdırmaq. Ancaq
mənim üçün həm mənəvi, psixoloji, həm də iş cəhətdən böyük təcrübə oldu.
- 20 ildir artıq həkim kimi çalışırsınız. Son 2
ildir ki, Almaniyadasınız. 18 il sonra getməyinizin səbəbi nə oldu?
- Azərbaycanda
2001-ci ildən həkimlik fəaliyyətinə başlamışam. Bu dövrlər ərzində bir il
Türkiyədə Antalyada universitet xəstəxanasında işləmişəm. Təkmilləşmə kursu
kimi idi. Bundan başqa bir neçə dəfə bir və ya bir neçə aylıq təkmilləşmə
kursları üçün ölkə xaricinə getmişəm. Son iki ildir ki, Almaniyadayam. Avropa
tibbini daha çox kitabdan, internetdən öyrənmişdim. Amma düşündüm ki, burda
çalışaraq özümü bir az da təkmilləşdirə bilərəm. Ona görə gəldim.
- Müəyyən müddət sonra qayıtmaq fikriniz var?
- Almaniyada
mütəxəssis həkim olana qədər qalacam. Mütəxəssis həkim olmaq üçün bir
imtahandan keçmişəm, növbəti imtahana hazırlaşıram. Bunun üçün də bəlli bir
müddətdə Almaniya klinikalarında çalışmalıyam. Hazırda mən təhsil
proqramındayam, onu bitirib həkim-mütəxəssis adı almalıyam.

- 18 illik təcrübəli həkim kimi Almaniyada sizin
üçün yeni olan hansı təcrübə ilə qarşılaşdınız?
- Təcrübə
üçün Almaniyaya gəlib-getmişdim, bir çox şeylə bağlı məlumatım var idi. İş cəhətdən
danışsaq, buranın səhiyyə, tibb, sığorta sisteminin strukturuna valeh oldum. Azərbaycanda
da adlı-sanlı klinikada işləmişəm, bir şöbənin rəhbərliyində olmuşam. Amma
burdakı struktur, nizam-intizam, qayda-qanun, heç kimin heç kimdən asılı
olmaması çox xoşuma gəldi. Heç kim heç kimə göstəriş vermir, sistem gözəl
qurulub, hər kəs öz işini, vəzifəsini bilir. Həkim sadəcə, xəstənin xəstəliyi
ilə maraqlanır. Düzdür, Azərbaycanda da sığorta sistemi tətbiq olunmağa
başlayıb, amma bu cür deyil. Bu sığorta sistemindən Almaniyada həkimlər də, xəstələr
də razıdır. Azərbaycanda belə sistem qurulsa, hər iki tərəf üçün çox yaxşı
olar.
- Qeyd etdiniz ki, daim xəstələrin zənglərinə,
mesajlarına cavab vermək önəmlidir. Azərbaycanda həkimin nömrəsi çox hallarda
pasientdə olur, amma Almaniyada bu sistem yoxdur. Burda o sistemlə işləmisiniz,
indi Almaniyada buna ehtiyac hiss edirsiniz?
- Azərbaycan
və Almaniyada səhiyyənin strukturu tamam fərqlidir. Azərbaycanda nömrəm bütün xəstələrimdə
var idi. Mən onlara təcili məqam olanda, istədikləri vaxt zəng vura biləcəklərini
deyirdim. Gecə 3-də də zəng vururdular, 5-də də. Bəzən yorğun olub zəngə
oyanmayanda, yoldaşım tez oyadırdı ki, cavab ver, bəlkə kiməsə nəsə olub. Daha
çox zəng vuranlar regionlarda yaşayanlar olur. O adamlar bilirlər ki, gecə
vaxtı halı pisləşəndə, ona yaxın yerdə lazım olan yardımı göstərəcək inandığı
tibb məntəqəsi, yaxud həkim yoxdur. Güvəndiyi həkimə zəng vurur, ondan yardım
istəyir. Əmindir ki, onun xəstəliyini, dərdini bu an ancaq bu həkim biləcək.
Almaniyada ən ucqar kənddə belə çox müasir tibbi avadanlıqlarla təmin olunmuş xəstəxanalar
var. Məsələ tək avadanlıqlarda da deyil, həm də ixtisaslaşmış həkim, tibbi
personal var. Almaniyada pasient həkimə zəng vurmur, çünki buna ehtiyacı
yoxdur. Xəstənin xəstəlik tarixçəsi elektron sistemdə var. Acil vəziyyətdə
hansı xəstəxanaya müraciət etsə, onu qəbul edən həkim çətinlik çəkmir. Xəstənin
bütün xəstəlikləri, aldığı müalicələr qarşısında olur. O həkim xəstənin öz həkimindən
nə savad, nə də digər məsələlərdə geri qalmır. Ona görə Almaniyada xəstənin həkimə
zəng vurmağa ehtiyacı yoxdur.

- Həyat yoldaşınızın gecə sizi oyatmasını
vurğuladınız. Tibb işçisinin həyat yoldaşı olan şəxs də həkim qədər xəstələr
üçün narahatlıq keçirir.
- Yaxşı
həkim kimi formalaşmağımda həyat yoldaşımın böyük rolu olub. Mən bir il Türkiyədə
qalıb işlədim. Həyat yoldaşım, uşaqlarım Azərbaycanda idi. Almaniyaya bir dəfə
2 aylıq, bir dəfə 3 aylıq gəldim, onda da ailəm Azərbaycanda idi. Mən həmişə
ağır xəstələrlə işləmişəm. Xəstəni tam stabilləşdirməmiş evə gedə bilmirdim. Bəzən
evə çox gec gəlirdim. Elə olub ki, 2 gün ard-arda xəstəxanada qalmışam. Bunu həyat
yoldaşım həmişə başa düşüb. Yoldaşım nəinki mane olmayıb, həmişə deyir ki, həkimsən,
üzərində işlə, özünü inkişaf etdir.
- Azərbaycanda klinikada reanimasiya şöbəsində
çalışmısınız. Klinikada ağır şöbələrdəndir. Yəqin ki gərginlik olur. Bu gərginlik
evə gedəndə də davam edirdimi?
-
Reanimasiyada ən ağır xəstələr yatırlar. Ən ağır xəstəliklərlə mübarizə
aparanlar, ölümlə həyat arasında qalan xəstələrlə işləyirdim. Uzun müddət tənəffüs
aparatında olan, komada qalan, cihazlara bağlı olan xəstələrdən söhbət gedir. Həyata
qayıtmasında mənim rolum olan çox xəstəm olub. İndiyə qədər də sağalan həmin xəstələr,
yaxınları özəl günlərdə zəng vururlar, təbrik edirlər. Uşaq xəstələrim də olub,
onlar böyüdükcə valideynləri şəkillərini göndərirlər, uşağı həyatda qaldığı
üçün mənə təşəkkür edirlər. Bu, həkim üçün çox böyük xoşbəxtlikdir. Ancaq
reanimasiyada işləyəndə, gərginlik olurdu. Evə gedirdim, amma xəstəni
düşünürdüm. Görəsən, necə oldu? Azərbaycanda xüsusilə narahatlıq olur. Çünki struktur
başqadır. Xəstənin tək sağlamlıq deyil, həm də maddi problemini düşünməli
olursan. Azərbaycanda uzun müddət reanimasiyada yatan xəstəyə maddi dəstək
olmalıdır. Almaniyada xəstə nə qədər yatsa da, ailə maddi sıxıntı çəkmir, bunu
sığorta qarşılayır. Azərbaycanda isə xəstələr, yaxınları qarşılayırlar. Bu, həm
xəstə yaxınları, həm də həkimlər üçün asan deyil.Reanimasiya
elədir ki, həkim iş cəhətdən daha çox təkmilləşir, peşəkarlaşır. Ancaq psixi gərginlik
həmişə olur.
- Azərbaycanda xəstə yaxınlarını ən çox narahat edən
məqam elə maliyyədir. Bu, həkim olaraq sizi də narahat edirdi?
- Azərbaycanda
həmişə özəl xəstəxanada çalışmışam. Özəl klinikada xəstə klinikaya daxil olmaq
üçün pul ödəyir. Xəstəyə yeni cihazların tətbiqi, yeni laborator analizləri
edilməsi, dərmanların alınması çox baha başa gəlir. Xəstə yaxınları ödəyirlər,
düşünürlər ki, bu qədər pul getdi. Almaniyada o məbləğin 5-10 dəfə artığı
gedir. Sadəcə, Almaniyada bunu sığorta qarşılayır. Azərbaycanda xəstə yaxınları
özləri ödəyirlər. Maddi sıxıntı olanda, həkim xəstəyə istədiyi tibbi xidməti
göstərə bilmir. Xəstəni hansısa aparata qoşmaq lazımdır, bunun üçün onun
yaxınları pul ödəməlidir. Maddi sıxıntı olanda, həkim bunları edə bilmir.
Əslində, sistem elə olmalıdır ki, həkim pulu fikirləşməməli, tibb sahəsində
hansı yeniliklər varsa, onların hamısını xəstəyə tətbiq etməlidir. Pul
sıxıntısı olanda, hər bir xidməti tətbiq edə bilməyəndə, keyfiyyətsiz tibb xidmət
olur. Amma Almaniyada bu yoxdur, çünki sistem belə qurulub. Ona görə Almaniyada
həkim işləmək daha rahatdır. Azərbaycanda işləyəndə bu məsələlərdən dolayı çox
pis olurdum. Mən sıravi həkim idim, hamıya o köməyi etmək imkanım olmurdu. Belə
məqamlar həkim olaraq mənə ağır gəlirdi.
- Almaniyada da reanimasiya şöbəsində çalışırsınız?
-
Hazırda daxili xəstəliklər şöbəsindəyəm. Gələn ildən reanimasiya və intensiv
terapiya şöbəsinə keçəcəyəm.
Aygün
Asimqızı
