• cümə, 26 Aprel, 13:53
  • Baku Bakı 23°C

Alban kilsələrində erməni vandalizminin izləri

19.06.21 10:30 1657
Alban kilsələrində erməni vandalizminin izləri
Daşlardakı izləri silməyə çalışsalar da, tarixi silə bilməzlər
Alban mədəni irsi Azərbaycanda çox zəngindir. Ölkəmizin, demək olar bütün bölgələrində bu mədəni irsin nümunələri var. Azərbaycanda xristianlığın tarixi də, demək olar ki, Alban kilsələrindən başlayır. Təəssüf ki, ermənilər işğal altında saxladıqları ərazilərimizdə 700-dən çox Qafqaz Albaniyası memarlığına aid tarix və mədəniyyət abidələrinin divar yazılarını ya dəyişdirib, ya da uçurublar. Məsələn, Xocavənd rayonunun Tuğ kəndində qədim monastır erməni vəhşiliyi ilə üz-üzə qalıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Alban-udi xristian dini icmasının işğaldan azad edilən Xocavənd rayonunun Tuğ kəndinə səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib ki, ermənilər digər abidələr kimi bu abidəni də mənimsəməyə çalışıblar: "Burda erməni dilində yazılmış daşlar qoyulub. Daşlara baxanda isə yeni olduğu aşkar bilinir. Tarixi həqiqəti saxtalaşdırmaq asan deyil. Məhz bu irsin azərbaycanlılara aid olması hər kəs tərəfindən etiraf olunur. Eyni zamanda, bu gün Alban Həvari Kilsəsinin yeganə daşıyıcısı olan udilər də əsrlər boyu öz inanclarını, tarixi ənənələrini unutmayıblar. Onlar bunu tolerant və multikultural Azərbaycan cəmiyyətində sərbəst şəkildə yaşada bilirlər”. R.Həsənov qeyd edib ki, məbəddə bərpa işləri aparılacaq və bu irsin varislərinə geri qaytarılacaq: "Çünki bu, bizim dövlət siyasətimizdir”.
Ermənilərin işğalına məruz qalan kilsələr içərisində Kəlbəcər rayonundakı Gəncəsər monastırı da var. Abidə işğal edildiyi dövrdə bir sıra dəyişikliklərə məruz qalıb. 2000-ci ildən bəri təmir adı altında abidənin memarlıq quruluşuna ciddi zərər yetirilib. Tikilinin interyerinə və fasadlarına müxtəlif heyvan fiqurları və erməni dilində yazılar yerləşdirilib. Monastırın həyətinə və abidəyə aid olan qəbiristanlığa 2000-2009-cu illərdə 15-dən çox qəbir və xaçdaşları quraşdırılıb. Ermənilər abidənin daxili interyerində dəyişiklik ediblər. Belə ki, daxili divarların üzərindəki yazılar və bədii nümunələri silərək qırmızı və qara rənglərlə bütün divarlar boyu erməni dilində yazılarla bəzəyiblər. Bununla da abidəyə əsaslı surətdə zərər yetiriblər. Kompleksin daxilindəki knyaz Həsən Cəlal Dövlənin qəbri üzərindəki sinə daşını sındıraraq bədii ornamentlərin bir çoxunu məhv ediblər. Kompleksdə aparılan təmir-tikinti işləri zamanı divarların böyük bir hissəsi mərmər daşlarla örtülüb”.

Xocavənd rayonunun Sos kəndindəki monastır da Qafqaz Albaniyasında erkən xristianlıq dövründən, Alban Həvari Kilsəsinin ləğv edilməsinə qədər ziyarət edilmiş ən müqəddəs məbədlərdən sayılır. Bu monastırın özəlliyi, yerləşdiyi ərazinin həm xristian, həm də müsəlman əhalisi tərəfindən müqəddəs hesab edilməsi ilə bağlı olub. 1992-ci ildən Ermənistanın işğalı altında qalan bu abidənin, ermənilər təmir etmək bəhanəsi ilə memarlıq quruluşunda dəyişiklik ediblər.

Həmçinin Ağdərə rayonunun ərazisindəki "Xotavəng monastırı” - "Xudavəng monastır kompleksi” eyni taleyi yaşayıb. Bu abidə Kəlbəcər rayonunun 29 kilometrliyində yerləşən qədim alban monastır kompleksidir. Binanın divarlarında yağlı boya ilə çəkilmiş çoxlu şəkillər və yazılar var idi. "Ağdərədən və Basarkeçərdən gələn ermənilər həmin xaç və yazıların bir hissəsini balta ilə çaparaq məhv ediblər. Alban xaçlarının və rəsmlərin yerinə erməni xaçları qoyub, divarlara erməni rəsmləri çəkiblər. Faktiki olaraq ermənilər bu monastırın da formasının dəyişdirilməsi işlərini həyata keçiriblər. Belə ki, monastırın giriş qapısı əzəli görkəmindən məhrum edilib, divarları və xarici interyeri qismən dəyişdirilib. Monastır VI-VII əsrlərdə Alban knyazı tərəfindən tikilib. XV əsrlərdə bu abidə Alban knyazlığının dini məbədi olub. Sonralar məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub və nəhayət, Alban hökmdarı Həsən Cəlal tərəfindən əsaslı bərpa edilib”, - deyə Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədriFaiq İsmayılovbildirir.

Tarixi mənbələr göstərir ki, Həsən Cəlalın arvadı Minə Xatun burada dəfn olunub, anası Arzu Xatun və dövrün görkəmli ziyalısı Mxitar Qoş bu məbəddə olmuş və xatirə üçün nişan daşları qoymuşlar.

F.İsmayılov bildirir ki, işğal altındakı abidələr üzərində təmir, bərpa və ya konservasiya işlərinin aparılması Beynəlxalq qanunlara görə yolverilməz olsa da, ermənilər bu vandalizmi həyata keçiriblər.


Alban-Udi Xristian dini icmasının sədri, Bakı Dövlət Universitetinin baş elmi işçisi Robert Mobili işğaldan azad olunan torpaqlarda çoxlu alban məbədlərinin olduğunu bildirir: "Təkcə Kəlbəcərdə onların sayı 35-dən çoxdur. Bizim üçün də çox sevindiricidir ki, Qarabağ işğaldan azad oldu və o ərazilərdə olan qədim alban məbədləri də əsirlikdən çıxdı. Bu məbədlər də əsirlikdə idi. Bir tərəfdən həmin alban məbədləri erməniləşdirilmiş və saxtalaşdırılmış, eyni zamanda bütün simvolları və elementləri dəyişdirilmişdi. Ermənilər bu abidələri dünyaya öz məbədləri kimi təqdim ediblər. İslamla bağlı bütün abidələri isə ermənilər dağıdıblar. Bütün bunlar erməni vandalizminə sübutdur. Əsas məqam odur ki, ərazi işğaldan azad oldu və tarixi həqiqət bərpa olundu”. İcma rəhbərinin sözlərinə görə, ermənilər, hətta indi də kilsəni əldən buraxmaq istəmirlər: "Hətta Xudavəngə birinci dəfə gedəndə bizi buraxmaq istəmirdilər. Bu, çox ciddi məsələdir. Müharibəni coğrafi, sərhəd baxımdan uduzsalar da, kilsələrin öz qanunları var. Hər kilsənin öz kanonik ərazisi mövcuddur. İstəyirlər ki, müharibəni uduzsalar da, Qarabağda olan kilsələrin kanonik ərazisi kimi qalsın. Buna yol vermək olmaz. Bu kilsənin varisləri var. Bu kilsə - Alban Apostol Kilsəsi Qafqaz Albaniyasında mövcud olan qədim Apostol kilsəsidir. Azərbaycan Qafqaz Albaniyasının varisidir. Bu baxımdan, o ərazilərdə olan mədəni irsin birbaşa varisidir. Bu mədəni irsin icma kimi dini varisləri udilərdir. Əsas odur ki, kanonik ərazini ermənilərdən alaq. Müharibəni udmuşuq, amma kanonik ərazi hələ ermənilərin əlindədir. Gələcəkdə kilsələri bərpa etməklə kanonik ərazini də alacaq və Alban kilsələri Azərbaycanın nəzarətində olacaq. Bunun üçün bariz nümunələr var. Məsələn, Türkiyədə "Konstantinopol” sözünü işlədə bilmirlər, amma kilsəsi var. Abidənin kanonik ərazisinə Türkiyə sahibdir. Ölkədəki xristian mədəni irsinə Ermənistan, Yunanıstan, Suriya kimi ölkələr heç bir söz deyə bilmir. Türkiyə bunun bir tarix olduğunu söyləyir. Azərbaycan müsəlman ölkəsi olsa da, bu mədəni irs bizimdir. Azərbaycan bütün abidələrə, dini irsimizə birmənalı yanaşır və bu irsin varisi kimi bərpa edir. Bu isə Azərbaycanda multikulturalizmin hansı səviyyədə olduğunun bir göstəricisidi”.
R.Mobili Laçın rayonundakı "Ağoğlan” məbədinin də dəyişikliklərə məruz qaldığını deyir: "Alban xristian məbədləri məhz qədim inanc yerlərinin əsasında ibadətgahların yerində qurulub. "Ağoğlan” məbədi də belə inanc yerlərindən biridir. Baxmayaraq ki, burada kilsə ucaldılıb, lakin İslam dininə bağlı insanlar da hər zaman bura ziyarətə gəliblər. Bu məbədə daxil olanda, bir daha erməni saxtakarlığının şahidi oluruq. Orta əsrlərdən kilsə kimi fəaliyyət göstərən tikilinin bugünkü görkəmi ermənilər tərəfindən dəyişdirilib. Daşların üzərinə erməni xaçları çəkilib. Bu fakta, vaxtilə işğal altında olan digər Alban məbədlərində də rast gəlirik. Nəhayət ki, torpaqlarımız azad edildi və qədim Alban məbədləri də öz varislərinə qaytarıldı. Bunlar bizim tarixi irsimizdir. Azərbaycan, vaxtilə imkan verdi ki, ermənilər bu məbədlərdə də ibadət etsinlər. Lakin gördük ki, ermənilər bu məbədləri saxtalaşdırmağa, öz adlarına çıxarmağa başladılar. Bu, onların xislətlərində var. Ermənilər daşlardakı izləri silməyə çalışsalar da, tarixi silə bilməzlər. İşğaldan azad edilən ərazilərimizdə nə qədər belə abidələrimiz var”. İcma rəhbəri bildirir ki, bu abidələri bərpa etməyə maliyyə və vaxt tələb olunur: "Prezident İlham Əliyev də qeyd etdi ki, gələcəkdə ərazidəki bütün abidələr bərpa olunacaq. İnanıram ki, tədricən bu işlər baş tutacaq və işğal olunmuş ərazilərdəki bütün abidələr və məbədlər bərpa olunacaq”.R.Mobili kilsələrin bərpa işlərinə Azərbaycanda ən qədim - təxminən 12-ci əsrdə tikilmiş "Müqəddəs Məryəm Ana” Alban kilsəsini nümunə göstərir. Kilsə Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində bərpa olunub: "Müqəddəs Məryəm Ana” Alban kilsəsinin bərpasında çox peşəkar mütəxəssislər çalışdılar. Təxminən 8 ay ərzində bərpa işləri davam etdi. Bu tarixi irsin yenidən bərpası Azərbaycanda multikultural dəyərlərə verilən önəmin göstəricisidir. Maraqlı məqam odur ki, bərpa işlərində 7-8 xalqın nümayəndələri iştirak edirdilər. Həm pandemiya, həm müharibə zamanı bərpa işlərini aparmaq asan deyildi. Şuşanın azad edildiyi gün, məbədin bərpadan sonra açılışı oldu. Azərbaycan çətin bir vaxtda, məhz məscid yox, xristian məbədini bərpa etdi. Bu onu göstərir ki, tarixi-dini abidələrimizin, o cümlədən məscid, kilsə, sinaqoqların bərpası və yenidən qurulması, yeni ibadət evlərinin inşası Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasətin tərkib hissəsidir”.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər