“Aktyorluq uşaqlıqdan içimdə böyüyən bir xəyal idi” - Fotolar
Kino sənayesində yeni bir nəsil yetişir, o nəsil
ki, komediya seriallarına baxır, tanınmaq üçün özlərini bu sferanın içində
görür, can atır, çalışır, çabalayır. Bu aləmdə özlərini görməyən gənc aktyorlarımız
isə onlara baxıb, hədəflərinin bu olmadığını gördükdə, məyusluğa düçar olurlar.
Ancaq onlar arasında qarşısına məqsəd qoyub, ona doğru pillə-pillə irəliləməkdən
qorxmayan gənclərimiz də az deyil. Müsahibim Nəsiman Rüstəmzadə də onlardan
biridir.
Nəsiman 1994-cü il aprelin 23-də Naxçıvan şəhərinin
Şahbuz rayonunda anadan olub. Naxçıvan Universitetinin "Beynəlxalq münasibətlər
və xarici dillər” fakültəsini bitirib. Universiteti bitirdikdən sonra İzmir Ege
Universitetində magistraturaya qəbul olunsa da, bundan imtina edib. Vətənə borcunu yerinə yetirmək üçün hərbi
xidmətə yollanıb. Hərbi xidməti kiçik çavuş rütbəsi ilə bitirib. Türkiyəyə gedəcəyi
gün bu ölkədə dövlət çevrilişinə cəhd olunduğu üçün ailəsi ona Türkiyədə magistr
təhsili almağaa icazə verməyib. Nəsiman Xəzər televiziyasında mühasibatlıq
bölümündə işə başlayıb. Arzularının başqa olduğunu anladıqda, yenə Türkiyəyə üz
tutub. Orada "Avlu”, "Çarpışma”, "Erkenci kuş” seriallarında epizodik rollara
çəkilib. İndi "Netflix” serialının çəkilişlərinə hazırlaşdığını deyir:
- Uşaqlıqdan həmişə içimdən gələn səs mənə bir gün aktyor
olacağımı deyirdi. Xəzər televiziyasında çalışarkən içimdəki bu hissə daha çox əmin
oldum və o səsin ardınca getdim. Ssenari yazmağa başladım, amma yazmağın texniki
tərəflərini mənə müəllimim Valeh Əhmədov öyrətdi. Həmin illər Xəzər televiziyasında
"Ata ocağı” serialı təzə çəkilməyə başlayırdı və serialın rejissoru Rüfət Şahbazovla
tanış oldum. Onun da mənə çox köməkliyi dəydi. "Ata ocağı” serialının çəkiliş proseslərini
izləyir və təcrübə toplamağa çalışırdım. Gördüm ki, mən mühasibatlıqda deyil, aktyor
sənətində daha xoşbəxt olaram. İçimdəki hissin arxasınca getdim. Bu hiss məni İstanbula
köçməyə vadar etdi. Təsəvvür edin, Türkiyəyə köçdüm, amma burada heç kimi tanımırdım.
Çox çətin günlər yaşadım. Bu gün o qərarı verdiyim üçün çox xoşbəxtəm. İstanbul
"Sinema televizyon atelyesi”ndə Polad Bilgindən təhsil addım və kursa davam edərək
seriallarda bölüm aktyoru olaraq çəkilməyə başladım. Artıq özümü aktyor kimi hiss
edirdim. Beləliklə, "Avlu” serialında polis, "Çarpışma” serialında taksi sürücüsünü
oynadım. Bundan əlavə, "Erkenci kuş” serialında şirkətin işçisi rolunu hələ də davam
etdirirəm. Hədəflərim ölkəmi, ailəmi, özümü ən gözəl şəkildə təmsil etmək, gələcək
üçün vətənimə, millətimə yararlı bir insan olmaqdır. Özümü doğrultmaq üçün məhz
Türkiyəyə üz tutdum. Hesab edirəm ki, həyatdakı ən gözəl şey insanın işini sevərək
görməsidir. Allahıma şükür edirəm ki, bu mənə nəsib oldu.
- Beynəlxalq münasibətlər
ixtisasını bitirdiyiniz halda, niyə incəsənətə meyl etdiniz?
- Çünki uşaqlıq illərimdən bu sənətə böyük marağım vardı.
Film izləməyi çox sevirdim. İzlədiyim film xarakterlərinin etdiyi hərəkətləri sonradan
özüm edirdim və bundan xoşbəxt olurdum. Aktyorluq uşaqlıqdan içimdə böyüyən bir
xəyal idi.
- Ssenari yazmağa
həvəsiniz olduğu halda, yenə də aktyorluğa doğru yol aldınız. Sizcə, ikinci dəfə
özünüzə haqsızlıq etmədinizmi?
- Məsələyə bu çərçivədən baxmıram. Çünki bu da mənim
başqa bir istedadımdır. Mən bu sahədə davam etməsəydim, məhz onda özümə haqsızlıq
edəcəyimi düşünürəm. Nəticə olaraq ssenari yazmaq mənə Allah tərəfindən verilən
bir istedaddır. Əgər özümdə aktyorluq kimi bir istedadı görməsəydim, kor olardım.
Aktyorluq sənətini davam etdirəcəm. Komediya janrında bir ssenari yazmışam. Uyğun
zamanın və şəraitin gəlməsini gözləyirəm. Zamanı gələndə bu ssenariyə film çəkəcəm
və filmdə özüm də rol alacam. Bundan başqa, filmdəki qəhrəman obrazını da Cem Yılmazdan
başqa heç kimə vermərəm. İnanıram ki, o gün gələcək və mən bu filmi çəkəcəm. Ssenari
yazmağın ən gözəl tərəfini əslində indi yaşayıram. Oynadığım hər xarakteri daha
yaxşı və rahat şəkildə analiz etməyimdə mənə kömək edir.
- Cem Yılmaz sizin
filmə çəkilərmi?
- Bir gün zamanı gələndə bunu onun özündən
soruşarıq. Ancaq buna inanıram. O səviyyəyə qədər qalxacağıma şübhəm yoxdur.
- Ssenari yazmaq iddiasında
olduğunuz halda, aktyorluğu tez bir zamanda məşhur olmaq üçünmü seçdiniz?
- Mən məşhur deyil, aktyor olmaq istəyirdim. Əgər tez
bir zamanda məşhur olmaq istəsəydim, Azərbaycanda televiziyalarda bunu rahatlıqla
əldə edərdim. Sənətimlə, oynadığım filmlərlə, yazdığım ssenarilərlə iz qoymaq istəyirəm.
Çünki mən artıq özümü digər insanlardan fərqli hiss edirəm. İnsanların həyatına
toxunan, onları xoşbəxt, kədərli, əsəbi və digər hallara sala biləcək digər xarakterləri
canlandıraraq onların həyatına toxunuram. Bu hiss tamamilə fərqli bir şeydir. İnsanların
gözündəki yaş, dodağındakı gülüş olmaq mükəmməl bir duyğudur.
- İki ölkədə serial
çəkilişi prosesində iştirak etmisiniz. Bu proseslərdə ən böyük fərq nədir?
- Sponsorların ayırdığı maliyyə. Mən Azərbaycanda çox
istedadlı ssenaristlərin, rejissorların və aktyorların olduğunu düşünürəm. Təəssüf
ki, filmlərə, seriallara ayrılan maliyyə o qədər də yüksək deyil. Azərbaycanda iki
işıq effektini bir qırıq bumla çəkən insanlar var. İstəmirəm ki, onların içindəki
sənət eşqini öldürsünlər. Mənim bu həyatda ən çox kədərləndiyim sənətdən küsən insanları
görməkdir. Çünki bizim işimiz könül, duyğu, ürək işidir.
- Sizcə, tək səbəb
maliyyədirmi?
- Mən elə düşünürəm. Çünki Azərbaycanda kino
industriyasında çalışan istedadlı adamlar var və onlar üzə çıxmırsa, tək səbəbi
maliyyədir. O insanlar sənətə həyatını verirlər. 18-20 saat çəkiliş prosesində
işləyirlər, ailəsindən, sevdiklərindən uzaqdadırlar. Ancaq ailələrinə götürdükləri
maddi qazanc çox az olur.
- Türkiyədə hər
bir aktyor prodakşınlarla əlaqə qurub, o sistemə düşə bilmir. Siz tez bir zamanda
buna necə nail ola bildiniz?
- Bir şeyi həqiqətən könüldən istəyəndə, o, baş verir.
Mən Türkiyəyə gələndə tanıdığım bir nəfər belə yox idi. Ancaq indi bir çox tanınmış
aktyorlar, rejissorlarla münasibətim var. Hansı ki, bir zamanlar ekran
arxasından izlədiyim aktyorlarla tərəf müqabiliyəm. Bu işə istəyərək və onu sevərək
başladım. Serial çəkilişlərinə başlayanda, normal qonorar belə almırdım. Amma bu
elə bir həvəs və sevgidir ki, maliyyə məsələləri arxa planda qalır, daha sonra onun
səmərəsini görməyə başlayırsan. Azərbaycandan bura gələnlər Türkiyədə məşhur olmaq
istəyir. Amma türk psixologiyası belə deyil, əvvəl istedadını göstərməlisən, xalq
səni sevərsə, qəbul edərsə, sən burada özünə bir yer tapacaqsan. Bu sənətə məşhurluq
səbəbi ilə deyil, xəyallarını gerçəkləşdirmək səbəbi ilə gələnlər daha çox uğur
qazanar.
- Hədəfləriniz nədir?
- Hədəfim burada öz aktyorluq qabiliyyətimi və bacarığımı
ortaya qoyaraq dünyaya açılmaqdır. Bir gün Hollivud filmlərində oynamaq, Amerikada
təhsilimi davam etdirmək, onların səviyyəsinə çatıb, sənətimə səviyyəli şəkildə
davam etməkdir.
- Azərbaycana geri
dönmək fikriniz varmı?
- Əlbəttə ki, var. Azərbaycan mənim vətənimdir. Orada
ailəm, dostlarım, millətim yaşayır. Azərbaycan mənim evimdir. Təbii ki, ora bir
gün geri dönəcəm, ancaq bu şəkildə yox. Sənət baxımından Azərbaycana o zaman dönəcəm
ki, orda mənim bir film layihəm olacaq. Bundan başqa, aktyorluğa marağı olan gənclərimizi
yönləndirmək üçün kurslar təşkil edib, onları uğurlu şəkildə ölkəni təmsil etməyə
hazır edəcəm. Bir iz qoyub, insanların həyatına toxunmaq istəyirəm. İnşallah, bunun
öhdəsindən gələcəm.
- Hazırda hansı
işləri görürsünüz?
- Yeni "Netflix” serialı üçün çalışırıq. İnşallah,
nəsib olsa, orada rol alacam. Artıq yay seriallarında rol almağa başlayıram.
- Azərbaycanda
normal bir işdə çalışarkən, istəklərinizin tam olaraq bu olmadığını görüb, ərizənizi
yazaraq işdən çıxdınız və xəyallarınızın ardınca getdiniz. Bu gün çalışdığı sahədə
xoşbəxt olmayan, ancaq o ərizəni yazmağa risk etməyən insanlara nə məsləhət görərdiniz?
- Qədirlərini bilsinlər, bu həyatda ikinci Nəsiman,
Əhməd və başqaları yoxdur. Biz dünyaya bir dəfə gəlirik və öz istəklərimizə uyğun
yaşamalıyıq. Bir şərtlə ki, başqalarına zərər verməyək. Kimsə işdən çıxmaqdan, aldığı
pulu itirməkdən qorxmasın. Onları qazana bilərlər, ancaq həyatlarındakı günləri
bir-bir itirdiklərini nəzərə alsınlar. Əgər insan öz qədrini bilməsə, heç kim ona
dəyər verməyəcək. Çalışdığı sahədə xoşbəxt olmayan insan ailəsini, qadınını və ətrafındakı
insanları xoşbəxt edə bilməz. Çünki psixoloji basqı onun həyatına hər şəkildə toxunacaq.
Mən belə insanları çox görürəm. Həyat davam edir, risk etməkdən qorxmayın.
Xəyalə Rəis