• cümə, 26 Aprel, 17:59
  • Baku Bakı 23°C

ABŞ və Çinin iqtisadi qarşıdurması: almanlar kimin tərəfindədir?

15.01.19 15:52 503
ABŞ və Çinin iqtisadi qarşıdurması: almanlar kimin tərəfindədir?
Almaniya Sənayeçiləri Federal Birliyi bu günlərdə "Tərəfdaş və sistemli rəqib. Dövlətin idarə etdiyi Çin iqtisadiyyatına münasibət” adlı hesabat hazırlayıb. Sənəddə Çindəki iqtisadi artımın Almaniyanın işgüzar dairələrində ehtiyatlılığı gücləndirməsi öz əksini tapıb. Burada artıq hər şeyi çoxdan öz adı ilə çağırırlar – ekspansiya!
ABŞ və Çinin iqtisadi qarşıdurması fonunda alman biznesi Trampın Çin mallarına qarşı proteksionist tədbirlər görülməsi çağırışına daha ciddi yanaşmağa başlayıb.
Almaniya və Avropa İttifaqının digər ölkələrinin hakimiyyətlərinə ünvanlanmış 54 tələbin yer aldığı 23 səhifəlik hesabat bu sözlərlə başlayır: "Uzun müddət belə təəssürat vardı ki, Çin öz iqtisadi sisteminin formalaşdırılması prosesində dünya iqtisadiyyatına inteqrasiya etməklə tədricən Qərbsayağı liberal və açıq bazar iqtisadiyyatı istiqamətində irəliləyəcək. Lakin bu cür konvergensiyanı gözləmək artıq lazım gəlmir”.
Alman sənayeçiləri və sahibkarların düşüncələrini öyrənən hesabat müəlliflərinin fikrincə, dövlətin iqtisadi proseslərə fəal müdaxiləsini, o cümlədən ayrı-ayrı müəssisələrə və bütöv sahələrə birbaşa və dolayı subsidiyaları nəzərdə tutan Çin iqtisadi modeli dünya bazarında təhrif olunmuş qiymətlərə və lazımsız əmtəə bolluğuna səbəb olur. Onların qənaətinə görə, Çin dövləti bazarda tənzimləyici deyil, əsas aktor qismində çıxış edir, korporativ və ayrı-ayrı sahələr üzrə qərarlar qəbul edir. Onlar, həmçinin Çini sərbəst ticarət və Qərbin açıq liberal iqtisadiyyatının üstünlüklərindən ardıcıl və məqsədyönlü şəkildə istifadə edərək dövlət tərəfindən idarə edilən öz bazarlarına girişi müxtəlif üsullarla məhdudlaşdırmaqda ittiham edirlər.
Alman sənayeçiləri və sahibkarları hesab edirlər ki, avropalılar yalnız birgə səylərlə Çin ekspansiyasına qarşı tədbirlər görə bilərlər. Sənəddə yer almış tələblərin əksəriyyəti Avropa İttifaqına ünvanlanıb. Onların əsas məqsədi isə Avropa biznesinin və Avropa sosial-iqtisadi modelinin rəqabət qabiliyyətini artırmaqdır.
Avropalıların bu məqsədlərə nə dərəcədə nail ola biləcəyini isə zaman göstərəcək.
banner

Oxşar Xəbərlər