• cümə axşamı, 02 may, 01:51
  • Baku Bakı 15°C

ABŞ-ın xarici siyasətində yeniliklər olacaq

12.11.16 12:17 1154
ABŞ-ın xarici siyasətində yeniliklər olacaq
Donald Trampın ABŞ prezidenti seçilməsi dünya gündəminin başlıca mövzularından biri olaraq qalır. Bütün proqnozları alt-üst edərək qalib gələn və yanvarın 20-də ABŞ prezidenti kürsüsünə əyləşəcək bu şəxsin gələcəkdə yürüdəcəyi siyasət diqqət mərkəzindədir. Hamını düşündürən budur ki, Tramp verdiyi vədləri yerinə yetirməyə çalışacaq, yoxsa dedikləri elə vəd olaraq da qalacaq. Ən çox da onun xarici siyasətdə nələri prioritet görəcəyi müzakirə olunmaqdadır. Bəlli olduğu kimi, postsovet məkanı, həllini tapmayan münaqişələr Birləşmiş Ştatların daim diqqət mərkəzində olan məsələlərdən olub. Faktiki olaraq ABŞ-ın iştirakı olmadan beynəlxalq münaqişələrlə bağlı hər hansı bir müzakirə, tədbir keçirilməyib. Rəsmi Vaşinqton Dağlıq Qarabağ, Dnestryanı bölgə, Ukrayna, Gürcüstan və s. münaqişələrin həllində nəticəsiz də olsa, aktiv iştirakı ilə seçilib. Bəs görəsən yeni prezidentin dövründə bu xətt davam edəcəkmi? Vaşinqton bu münaqişələrdə aktiv rol oynayan Rusiya ilə baş-başa gələcək, yoxsa güzəştə gedəcək?
Əsas diqqət mərkəzində olan məsələlərdən biri də Türkiyə ilə münasibətlərdir. Məsələn, Türkiyənin "Cümhuriyyət” nəşri yazır ki, "bəziləri hesab edir ki, Trampın qələbəsi Türkiyə üçün yaxşı nəticə deməkdir. Lakin əslində bu, başdan-ayağa fəlakətdir”. Müəllif yazır ki, bu gün Trampın qələbəsini yalnız Moskva, Tehran, Pekin, Tel-Əviv və Ankara bayram edir. G-20-nin üzvləri və onlarla Qərb ölkəsi narahatçılıq içindədir: "Türkiyə ilə bağlı Trampın əvvəlki bəyanatları maraqlı idi. 15 İyun çevrilişi zamanı prezident Ərdoğanın atdığı addımları tərifləyən Tramp qiyamdan sonra atılan addımları pisləyib”.
"Sabah” qəzetində dərc edilən başqa bir məqalədə müəllif bu qənaətə gəlir ki, yeni prezident təmsil etdiyi partiyanın Türkiyə ilə bağlı yürütdüyü siyasəti davam etdirəcək. Bu siyasət də sıx əməkdaşlığı nəzərdə tutur. Qəzet Trampın təhlükəsizlik və kəşfiyyat üzrə sözçüsü general-leytenant Maykl Flayn Türkiyə ilə əməkdaşlıq münasibətlərini bərpa etmək üçün xarici siyasətdə bəzi tənzimləmələrə ehtiyac olduğu barədə fikirlərini verib. Trampın quracağı yeni kabinetdə vəzifə alacağı iddia edilən Flayn Barak Obamanın Ankaranı kifayət qədər anlamadığını qeyd edib. O, Türkiyənin Amerikanın maraqları baxımından önəmli bir ölkə, eləcə də İraq və Suriyada İŞİD-lə mübarizədə ən güclü müttəfiq olduğunu bildirib. FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənlə bağlı məsələlərə də toxunan sözçü onu Bin Ladenə bənzədib: "Biz Fətullah Gülənə sığınacaq verməklə ən böyük müttəfiqimizi itiririk. 11 sentyabr hadisələrindən sonra Türkiyənin Üsamə Bin Ladenə sığınacaq verdiyini öyrənsəydik, nə edərdik? ABŞ terrorçuları Türkiyəyə verməlidir”.
Türkiyə ilə yanaşı, ABŞ-ın Rusiya ilə bağlı siyasətinin hansı prinsiplər üzərində qurulacağı da maraq doğurur. "Rusiyaya müttəfiq kimi yanaşacaq Donald Tramp Vladimir Putindən xoşlandığını gizlətməyəcək”. Bunu "Henry Jackson Society” analitik mərkəzinin nəzdindəki Rusiya Araşdırma Mərkəzinin rəhbəri Andrey Fokhall bildirib: "Hər iki siyasətçi ümumdünya konspirasiya nəzəriyyəsini dəstəkləyir. Həmin nəzəriyyəyə görə, Rusiya korrupsiyalaşmış və avtoritar dövlət olsa da, Qərb bundan heç də üstün vəziyyətdə deyil. Tramp Rusiyanın Ukraynaya müdaxilə etmədiyini, Demokrat Partiyanın Milli Komitəsinin elektron poçtunu sındıran hakerlərin Rusiya ilə əlaqəli olmadığını və NATO-nun gələcəyinin sual altında olduğunu deyib. Ətrafına rusiyapərəst məsləhətçilər toplamış Trampı Rusiya ilə yeni alyansın yaradılması ideyası daha da həvəsləndirir. Onun iddialarına görə, müxtəlif məsələlərdə - Suriyadan tutmuş silahlandırmaya nəzarət məsələsinə qədər irəliləyiş əldə etmək üçün hər iki ölkəyə münasibətlərində yeniliklər etmək lazımdır”.
Oksford Universitetinin Sent-Entoni kollecinin elmi əməkdaşı, siyasi elmlər doktoru Vladimir Pastuxov isə "Tramp Amerika xalqının Rusiya üçün seçdiyi ən yaxşı namizəddir” fikirləri ilə razılaşmır. V.Pastuxov "Mən düşünmürəm ki Trampa Putinlə asan olacaq. İlkin olaraq Tramp Putinə "Krım günahlarını” bağışlaya bilər və onu Yaxın Şərqdə birgə əməliyyatlar keçirmək ideyasına cəlb edə bilər. Putinin ayağı büdrəməyincə, hər şey yaxşı olacaq. Lakin Putin büdrədiyi anda Tramp fürsəti əldən verməyəcək və düşünmədən "müttəfiqini” uçuruma yuvarlayacaq”, - deyə Pastuxov fikirlərini yekunlaşdırıb. Dünya Təhlükəsizlik İnstitutunun Rusiya və Asiya proqramlarının direktoru Nikolay Zlobin isə hesab edir ki, Tramp nümayişkaranə addımlar ata bilər. Məsələn, o hansısa bəyanat verə və Putinlə görüşə bilər və ya hansısa nümayəndə heyətini Moskvaya səfərə göndərə bilər. Lakin Trampın gəmini bizim hiss edəcəyimiz və görəcəyimiz şəkildə real olaraq geri çevirəcəyinə şübhə ilə yanaşıram”.
Trampın İranla bağlı da yeridəcəyi siyasət də maraqlıdır. Artıq belə bir fikir səslənib ki, onun administrasiyası İranla imzalanmış nüvə razılaşmasını ləğv edə və ya ona yenidən baxa bilər. ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner bu qənaətdədir.
Qeyd edək ki, Tramp seçkiqabağı kampaniyası dövründə bu sazişə görə dəfələrlə Barak Obamanı tənqid edib və prezident seçiləcəyi təqdirdə sazişi ləğv edəcəyini vəd edib.
Beləliklə, söylənilənlər hələ ki, ehtimal və proqnozlardır. Hər halda, Trampın ənənəvi siyasəti davam etdirəcəyi, yoxsa inqilabi dəyişikliklər edəcəyini zaman göstərəcək.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər