• cümə, 26 Aprel, 14:31
  • Baku Bakı 23°C

ABŞ-ın məntiqdən uzaq və qaranlıq mövqeyi

30.10.13 09:58 1291
ABŞ-ın məntiqdən uzaq və qaranlıq mövqeyi
Dünyanın bir sıra regionlarında, xüsusilə də Yaxın Şərqdə, Əfqanıstanda terrorizmlə mübarizə istiqamətində ciddi addımlar atarkən ABŞ-a dünyanın digər dövlətləri ilə yanaşı, Azərbaycan da öz köməyini əsirgəməyib. Xüsusilə də Əfqanıstandakı antiterror koalisiyasının tərkibi öz genişliyi ilə seçilirdi. Hazırda da bir sıra ölkələr, o cümlədən Azərbaycan ABŞ-ın liderliyi ilə həyata keçirilən bu prosesdə fəal iştirak etməkdədir.
Azərbaycanın antiterror fəaliyyətinə açıq şəkildə öz töhfəsini verməsi təbiidir. Çünki terrorizmdən əziyyət çəkən bir dövlət olaraq ölkəmiz onun necə bir bəla olduğunu yaxşı dərk edir və hesab edir ki, terrorizmin və terroristin milliyyəti, dini yoxdur, ona qarşı mütərəqqi dünyanın münasibəti eyni olmalıdır.
Məhz məsələyə bu kontekstdən yanaşaraq Azərbaycan ABŞ-ın birbaşa milli maraqlarını təhdid edən «Əl-Qaidə» terror təşkilatına qarşı yaratdığı antiterror koalisiyasının işində fəal iştirak edərkən tezliklə terrorizm yuvası olan Dağlıq Qarabağ separatizminə də eyni münasibətin göstəriləcəyini umurdu. Lakin sonrakı proseslər bunun əksini sübut etdi.
Tezliklə aydın oldu ki, bu məsələdə də ABŞ bir çox məqamlarda istifadə etdiyi ikili standartlar mövqeyindən çıxış edir. Belə ki, Azərbaycan xalqına qarşı mütəmadi olaraq terror fəaliyyəti ilə məşğul olan, dünyanın bir sıra dövlətləri, beynəlxalq təşkilatları tərəfindən rəsmən tanınan soyqırımı həyata keçirən erməni terrorizminə münasibətdə ABŞ açıq şəkildə fərqli mövqe sərgilədi.
ABŞ nəinki erməni terrorizminə qarşı mübarizədə Azərbaycanın yanında olmadı, hətta daim onun çiçəklənməsinə öz dəstəyini göstərdi. Çox təəssüf ki, bu dəstək hazırda da davam edir.
20 ildən çoxdur ki, ABŞ «Azadlığa dəstək Aktı» çərçivəsində dövlət səviyyəsində terrorizmlə məşğul olan Ermənistana böyük miqdarda yardımlar göstərir. Halbuki, bir faktı qeyd etmək kifayətdir ki, Ermənistanın hazırkı hakimiyyəti öz siyasi rəqiblərini bütün dünyanın gözü qarşısında parlamentin iclas salonunda açıq şəkildə terror aktı ilə fiziki məhv etməkdən belə çəkinməyib.
Bundan başqa, Ermənistanın hazırkı prezidenti xarici mediaya müsahibəsində öz terrorçu fəaliyyətini gizlətməyərək Xocalıda törətdikləri vəhşiliklərə açıq-aşkar haqq qazandırıb. O, bütün dünyanın gözü qarşısında Avropa Şurasının ali tribunasından Qarabağdakı separatçı və terrorist fəaliyyətinə görə fəxr etdiyini bəyan edib. Terrorçu mahiyyətli prezidentin rəhbərlik etdiyi dövlətə münasibətdə loyallıq göstərən, hətta ona mütəmadi şəkildə yardım göstərərək terror fəaliyyətini stimullaşdıran ABŞ-ın mövqeyi, yumşaq deyilsə, başadüşülən deyil.
Onu da qeyd edək ki, ABŞ təkcə Ermənistana deyil, Azərbaycan ərazilərində fəaliyyət göstərən və terrorizm yuvası olan qondarma «Dağlıq Qrabağ»a da yardımlarını əsirgəmir. ABŞ administrasiyası Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimə maliyyə yardımını ötən illə müqayisədə 2 milyon dollar artıraraq 10 milyon dollara çatdırmağı təklif edib.
Ölkəmizin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş bölgəsində separatizmin dəstəklənməsi kimi qiymətləndirilə biləcək bu qərar Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq münasibətlərinin ruhuna və məntiqinə ziddir.
Bu addım işğalçı Ermənistana maddi və mənəvi dəstək kimi qəbul edilir. Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə bəyan etmiş Barak Obama Administrasiyasının separatçı qüvvələrə maddi yardım göstərməsi onun beynəlxalq terrorla apardığı mübarizəyə xələl gətirir.
Haqlı bir sual meydana çıxır: Görəsən ABŞ Administrasiyası xarici maliyyələşmə ilə bağlı təkliflər irəli sürərkən və ABŞ Konqresi müvafiq qərarlar qəbul edərkən beynəlxalq hüquq norma və prinsiplərini, BMT, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, İslam Konfransı Təşkilatının qərar və qətnamələrini niyə nəzərə almırlar?
Belə çıxır ki, həmin beynəlxalq qurumların qərarları, qətnamələri ABŞ üçün lazımsız kağız parçasından başqa bir şey deyil. Bununla da ABŞ sübut edir ki, o, əsasən özünün maraqları və mənafelərinə uyğun gələn məqamlarda beynəlxalq təşkilatların rəylərini əldə rəhbər tutur və onun vasitəsilə istədiyi dövlətə təzyiq göstərir.
Ancaq heç şübhəsiz ki, bu tip fəaliyyət isə ABŞ-ın beynəlxalq nüfuzuna və etibarına ciddi xələl gətirir.
Azərbaycan cəmiyyətində artıq belə bir fikir formalaşır ki, Dağlıq Qarabağ probleminin həllinə mane olan ən böyük amil dünyanın nüfuzlu dövlətlərinin münaqişəyə ikili standartlarla yanaşması, təcavüzkarın cəzasız qalması, törədilmiş cinayətlərə göz yumulması, işğalçı ilə işğalın qurbanının bərabər tutulmasıdır.
ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ-ın separatçılıq və işğalı dəstəkləməsi heç bir məntiqlə izah oluna bilməz.
Azərbaycanın ərazi bütövlüyünü tanıyan ABŞ Dağlıq Qarabağa ayrılan maliyyə vəsaitini Azərbaycana ayrılan yardımın tərkibinə niyə daxil etmir?
Maraqlıdır, Dağlıq Qarabağla heç bir əlaqəsi olmadığını bəyan edən ABŞ 10 milyon dolları separatçı rejimə necə, hansı yolla çatdıracaq?
Bir daha qeyd edək ki, ABŞ-ın bu cür məntiqdən uzaq və qaranlıq mövqeyi onun həm ümumilikdə dünyada, həm də konkret olaraq Azərbaycan cəmiyyətindəki imicinə ciddi şəkildə mənfi təsir göstərməkdədir. Artıq ABŞ-ın dünyada demokratiyanın dayağı olması ilə bağlı əfsanələrə inananların da sırası seyrəlməkdədir. Hətta iş o yerə çatıb ki, ABŞ-ın dünyada terrorizmlə mübarizədəki rolu da şübhə ilə qarşılanır. İnformasiya bolluğu şəraitində insanların istənilən dövlətin, o cümlədən ABŞ-ın xarici siyasətinin mahiyyəti, üzdə bir, altda isə başqa prinsiplərdən çıxış etməsi hər kəsə məlumdur. Xüsusilə də terroru dəstəkləyən bir dövlət olan Ermənistana dəstək verməsi ABŞ-ı Azərbaycan vətəndaşının gözündən salmaya bilməz.
Buna görə də əgər ABŞ regionun ən güclü dövlətinə sahib olan Azərbaycan xalqının etibarını və rəğbətini itirmək niyyətində deyillərsə, regional siyasətinə məsul olan qurumlar və şəxslər təcili surətdə mövqelərində korrektələr etməlidirlər. Əks təqdirdə sürətlə yayılan anti-ABŞ əhval-ruhiyyəsi qarşısı alınmaz bir prosesə çevrilə bilər.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər