AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Abituriyentə sağlamlıq haqqında arayış lazımdırmı?

Abituriyentə sağlamlıq haqqında arayış lazımdırmı?

Cəmiyyət
03 İyun 2020, 18:51 495
"Koronavirus bəyannaməsi” vətəndaşların təhsil almaq hüququnun pozulmasına səbəb olmamalıdır
 
"Hər imtahan binasının yanında həkimlər olacaq. Hər abituriyent imtahana gələrkən bəyannamə imzalayıb gətirəcək. Onlar bu bəyannamələri imtahana daxil olanda əməkdaşlara verməlidirlər. Bəyannamənin mətni açıqlanacaq. Sənəddə qeyd olunur ki, şagird və valideynlər bəyan edir ki, hazırda ailəsində koronavirus xəstəsi yoxdur və axırıncı 15 gündə bu cür xəstələrlə təmasda olmayıblar”. Bu fikirləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu həftə keçiriləcək IX və XI siniflər üzrə buraxılış imtahanlarına daxil olma qaydalarını açıqlayarkən deyib. Belə ki, imtahan iştirakçıları özləri ilə şəxsiyyəti təsdiq edən sənədlə yanaşı, "İmtahana buraxılış vərəqəsi” və "İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannaməni gətirməlidirlər.
Sağlamlıq haqqında bəyannamə buraxılış vərəqəsi ilə bir yerdə çap edilir və imzalanır. DİM sədri qeyd edib ki, bu məsələdə vətəndaş həmrəyliyini həm abituriyent, həm də valideyn göstərməlidir: "Buraxılış imtahanlarında bir ayda 200 mindən çox insan iştirak edəcək. 1000-ə yaxın binada imtahan keçiriləcək. Hər şəxs yaşadığı ərazidə imtahan verəcək. Bu, mürəkkəb prosesdir. Hansısa rayonda IX, hansısa rayonda həmin gün XI sinif imtahanı olacaq. Bu, logistika baxımından çox çətindir. Bu prosesdə bizimlə birgə 15 minə yaxın nəzarətçi müəllim iştirak edəcək. Zallarda 15 nəfərdən çox olmayan tərkib olacaq. Hamı qanuna əməl etsə, prosesi həyata keçirə bilərik”.
DİM sədrinin açıqlaması imtahan həyəcanı ilə yaşayan şagirdlərin və qarşıda qəbul imtahanlarına hazırlaşan abituriyentlərin və onların valideynlərinin narahatlığını daha da artırıb. Onlar DİM-in imtahan kampaniyası müddətində virusun yayılmasının qarşısını almaq məqsədilə imtahan binalarında bir sıra profilaktik tədbirlər həyata keçirməsini - binaların və otaqların dezinfeksiyası, havalandırılması, müvafiq yerlərdə əl dezinfektantları üçün dispenserlərin quraşdırılması, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə təmin olunması və onların təlimatlandırılmasını nə qədər dəstəkləyirlərsə, bu tələbdən bir o qədər narazı qalıblar.
DİM-un sektor müdiri Xanlar Xanlarzadənin sözlərinə görə, tibbi maska taxmayan, həmçinin qeyd olunan sənədlərdən biri olmayan və ya sənədləri arasında uyğunsuzluq olan abituriyent imtahana buraxılmayacaq: "Abituriyentlər bəyannaməni elektron qaydada əldə edəcəklər.  İmtahanda iştirak üçün "İmtahana buraxılış vərəqəsi”ni əldə edərkən bəyannaməni də çap edə  bilirlər. Bəyannamədə imtahan iştirakçısının adı, soyadı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi qeyd edilir. Abituriyent həmin bəyannamədə bildirəcək ki, son 15 gün ərzində onun özündə və ailə üzvləri arasında koronavirusa yoluxma halı qeydə alınmayıb, koronavirusa yoluxmuş heç bir şəxslə təmasda olmayıb, imtahana gələrkən bədən temperaturu 37 dərəcədən aşağı olub, tənəffüs yollarının kəskin infeksiyası simptomları mövcud olmayıb. İmtahan iştirakçısı bəyannamədəki məlumatların tam və düzgün göstərilməsinə görə Azərbaycan qanunvericiliyinə uyğun olaraq, məsuliyyət daşıyacaq”.
X.Xanlarzadə bildirir ki, bəyannamə imtahan iştirakçısı tərəfindən imzalanır və əgər abituriyentin özündə və ya ailə üzvlərində koronavirus olarsa və o, bu məlumatı qəsdən gizlədərsə, o zaman abituriyentin imtahan nəticələri ləğv edilə bilər. Bəyannamədə abituriyentə yanlış məlumatların verilməsinin imtahan nəticələrinin ləğvinə səbəb ola biləcəyi barədə məlumat verilir. Buna görə də abituriyent öz məsuliyyətini dərk edərək bəyannaməyə düzgün məlumatlar daxil etməlidir”.
Bəyannamə tələbinə fikirlər birmənalı deyil. Koronavirus təhdidi olsa belə, valideynlər və abituriyentlər bunu əlavə yük hesab edirlər. "Belə bir sənədə ehtiyac varmı?” deyən valideynlər buna imtahan iştirakçılarının hüquqlarının tapdanması kimi də yanaşırlar. "Oğlum həm buraxılış, həm də qəbul imtahanı verəcək. Valideyn və şagirdlər sağlamlıq haqqında bəyannaməni necə imzalayacaqlar? Onun doğruluğuna kim təminat verəcək? Və ya qısa müddətdə bu sənədi necə əldə etmək olacaq?” - deyə valideyn Elşən Abbasov narahatlığını gizlətmir: "Hesab edirəm ki, bu sənədin tələbinə ehtiyac yoxdur. Tutaq ki, abituriyentdə və ya ailə üzvlərində virus aşkarlanıb və onlar müalicə olunublarsa, onun imtahanda iştirak etmək hüququ yoxdur? Əgər belədirsə, bu onun hüququnu pozmaqdır”.
Maraqlıdır ki, DİM-in tələbinə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) heç bir reaksiyası yoxdur. Digər müəssisələrin fəaliyyətində tövsiyəsi əsas götürülən qurumun göstərişlərində bu məqam nədən yan keçib? TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva qəzetimizə açıqlamasında bu məsələ ilə bağlı heç bir fikir bildirə bilməyəcəklərini dedi: "Çünki TƏBİB-in hazırladığı metodiki göstərişlərdə bu arayışın hazırlanması ilə bağlı heç bir məqam yoxdur”.
Həkim-ekspert Adil Qeybulla tibbi nöqteyi-nəzərdən bu tələbə haqq qazandırır və bunu pandemiya dövrünün şərti adlandırır: "Əgər karantin dövrü olmasaydı, mən də sağlamlıq haqqında bəyannamə tələbini təəccüblə qarşılayardım. Ancaq indi biz gecə-gündüz virusdan danışdığımız halda, bu cür sənəd tələbi normaldır. Söhbət hava-damcı yolu ilə keçən təhlükəli infeksiyadan – COVİD-19-dan gedir. Bu virusa yoluxub-yoluxmamaqla bağlı abituriyentin əlində bir kağız olmalıdır. Yəqin ki, belə bir zərurət var. Çünki abituriyentlər istənilən halda auditoriyada oturacaqlar. Onlar imtahanı onlayn vermirlər, bir-birləri ilə təmasda olacaqlar». Professor hesab edir ki, ilk növbədə imtahan auditoriyalarının strukturunu dəyişmək lazımdır. Belə ki, abituriyentlərin arasındakı məsafə 2 metrdən az olmamalıdır: "İstənilən halda imtahan qapalı otaqda keçiriləcək. Bu da bir-birlərini yoluxdurmağa şərait yaradar. Hesab edirəm ki, imtahan otağına abituriyentin sağlam daxil olması mühüm amildir. Testdən keçdikdən sonra onun infeksiyaya yoluxmaması təsdiqlənir. Fikrimcə, burada hər hansı hüquq pozmadan söhbət gedə bilməz. Çünki karantin dövründə yaşayırıq və şərtlərə əməl etmək məcburiyyətindəyik».
Təhsil eksperti Kamran Əsədov isə, imtahana daxil olmaq istəyən abituriyentlərdən belə bir sənədin tələb olunmasını düzgün yanaşma hesab etmir: «Əvvəla, hər hansı bir sənəd tələb olunarkən mental xüsusiyyətlər də nəzərə alınmalıdır. Etiraf edək ki, bizdə valideynlər hətta karonavirusa yoluxsalar belə, övladlarına bununla bağlı məlumat vermirlər. Digər tərəfdən, DİM-in tələb etdiyi həmin bəyannamədə "15 gün ərzində hər hansı bir karonavirusa yoluxmuş şəxslə ünsiyyətdə olmusunuzmu?”- deyə soruşulur. Məsələn, mən özüm gün ərzində yolda, metroda və ya digər ictimai nəqliyyatda kifayət qədər insanla ünsiyyətdə oluram. Həmin insanların virusa yoluxub-yoluxmadığını necə müəyyənləşdirə bilərək? Bu, absurddur. Sənəddə, həmçinin «Ailə üzvlərinizdən karonavirusa yoluxan varmı?” - deyə soruşulur. Tutaq ki, var. Bu, mənim imtahanda iştirakımı məhdudlaşdıracaqmı? Əgər məhdudlaşdıracaqsa, bu, mənim təhsil alma hüququmun tapdanmasıdır. Digər bir səbəb isə imtahana gələrkən abituriyentin 37 dərəcə temperaturda olub-olmamasıdır. Bu gün ölkədəki ailələrin hansı biri uşağını çölə çıxararkən onun temperaturunu ölçür? Onsuz da ölkədə normal temperatur 37 dərəcənin üzərindədir. Digər tərəfdən, həyəcan, havanın temperaturu, stress abituriyentin temperaturunu 37 və ya ondan yuxarı dərəcəyə qaldıra bilər. Ancaq bu o demək deyil ki, mən koronavirusa yoluxmuşam. Onsuz da insanın normal temperaturu 36.5-36.6-ya yaxındır”.
Ekspertin fikrincə, bəyannamənin doğru və ya yanlış olması ilə bağlı məsuliyyət uşağın öz üzərinə düşür: "Təbii ki, DİM-in imtahanın keçirilməsi ilə bağlı narahatlığını başa düşürük. Yoluxmanın arealının qarşısının alınması üçün işlər görülür, bunu da başa düşürük. Amma əvvəlki illərdən fərqli olaraq indi imtahanda iştirak edənlərin sayı 12 nəfər olacaq. Eyni zamanda, hər kəs artıq öz məktəbində imtahan verir. İmtahan binalarının sayı çoxalıb. Uşaqları bu qədər stressə salmaq olmaz. Bəyannamənin doğru və ya yanlış olması ilə bağlı məsuliyyət isə abituriyentin öz üzərinə düşür. Məsələn, ailə üzvlərinin hamısı koronavirusa yoluxub, ancaq bəyannamədə: «Mən bilməmişəm, xəbərim yoxdur» - deyə qeyd edilə bilər. Burda məsuliyyət məsələsi var. Hesab edirəm ki, bəyannamənin imzalanıb-imzalanmamasından asılı olmayaraq, imtahan iştirakçılarının binaya daxil olması və imtahan verməsi məhdudlaşdırıla bilməz. Bu, təhsilalma və təhsilvermə hüququnun pozulmasıdır. DİM-in işi imtahanın təşkili və təhlilidir. Yoluxmanın olub-olmamasını müəyyənləşdirən Səhiyyə Nazirliyi, TƏBİB və digər aidiyyəti dövlət qurumlarıdır».
Göründüyü kimi, "Sağlamlıq haqqında arayış” tələbinə birmənalı olmayan yanaşmalar yalnız  tibbi və təhsil nöqteyi-nəzərindən fərqli deyil. Bu məsələ bilavasitə aidiyyatı qurum olan TƏBİB-in də metodiki göstərişlərindən kənar qalıb. Anlaşılmazlıq olan yerdə isə narazılıqların olması labüddür.
 
Təranə Məhərrəmova