cümə, 07 Oktyabr, 09:54

Baku Bakı 19°C

45 kilometrlik yolun sonundakı cənnət - REPORTAJ

icon 2210 icon 09 iyul 2022 | 05:00 45 kilometrlik yolun sonundakı cənnət - REPORTAJ

Heydər Əliyev Fondunun layihəsi olan Zirə Eko-Parkı 10 hektarlıq ərazidə xüsusi dizaynla layihələndirilib. Burada 50.000-dən çox müxtəlif növ dekorativ və meyvə ağacları, 100.000-dən artıq kol və 1.000.000-a yaxın gül əkilib. Parkdakı hər bir gülə xüsusi qulluq edilir. 

Şəhərin səs-küyündən, qaçhaqovundan başımızı götürüb getdik. Getdik Abşeronun ən gözəl və ən qədim kəndlərindən biri olan Zirəyə. Mərkəzdən ora düz 45 km yol qət etdik. Elə bir gözəl məkana gəlib çıxdıq ki, gəldiyimiz uzun yol gözümüzə görünmədi. Hara gəlmişik? Cənnətə – Heydər Əliyev Fondunun layihəsi olan Zirə Mədəniyyət Mərkəzi və Eko-Parkına. Burda bir gözəllik, bir hava var ki, gəl görəsən. Məlumat üçün deyim ki, 10 hektar ərazisi olan park xüsusi landşaft dizaynı ilə layihələndirilib. Burada 50.000-dən çox müxtəlif növ dekorativ və meyvə ağacları, 100.000-dən artıq kol və 1.000.000-a yaxın gül əkilib. Ərazidə konfrans zalı, furşet və banket zalı, kinoteatr, heyvanxana, piknik və idman üçün xüsusi yerlər olsa da, bu gün bizi bura bitkilərə olan maraq gətirib. Qalereyaya daxil olanda bura cənnət deməyimdə bir daha yanılmadığıma əmin oldum. Yaşıllıq və gözəl abı-hava gözlərimdən ruhuma hopdu dərhal. Burdakı bitkilərlə bağlı məlumatı bitki mütəxəssisi, 10 ilə yaxın bu sahədə çalışan, Hollandiyada təhsil alan Rufan Əmiraslanov verdi. Rufan bəy deyir ki, parkdakı bütün bitkilər tropik ölkələrdə bitənlərdir: “Sadəcə, bizim iqlimimizə uyğun olmadığına görə bitkiləri iki hissəyə – ev və çöl bitkilərinə bölürük. Bu cür güllər temperatur 18 dərəcədən aşağı düşəndə stress yaşayır. Onlar həmişəyaşıl ev bitkisi sayılır. Bəziləri gül açır, bəziləri isə sadəcə, yarpaqlı olur. Ümumiyyətlə, bitkilərin hamısının öz tarixçəsi, öz xüsusiyyətləri var. 

Bitkilərin ad tarixçəsi

Rufan bəy bitkilərin özəlliyindən də danışdı: “Spatifilium bitkisinə el arasında  “qadın xoşbəxtliyi” də deyirlər. Amma ağ kalaya bənzər gül açdığından çox adam ona kala deyir. Bir neçə növü var. Hamısı da gözəldir. Burda antiliyum adlı gül var. Çiçəkləri qırmızıdır. Ona isə “kişi xoşbəxtliyi” deyirlər. Parkımızda Stralitsa nikola və stralitsa regina adlı güllər də var. Çox gözəl gül açır və cənnət quşuna bənzəyir. Bizim qalereyada hamısı özünə uyğun şəraitdə saxlanılır. Elmi adı mussa olan ağac banan ağacıdır. Tez formalaşan və 4 ilə meyvə verən bitkidir. Abşeron iqliminə bir çox bitkilər kimi, banan da davam gətirə bilmədiyindən onu qapalı şəraitdə saxlayırıq. Qeyd etdiyim kimi, bitkilərin tarixçəsi var. Məsələn, Fikus Benjamenin adı deyilənlərə görə Benjamen Franklinin adı ilə bağlıdır. Bitkinin özəlliyi ondan ibarətdir ki, oksigeni bol verir. Xırda, gözə görünməyən tozları canına çəkir. Əvvəl adı Fikus Binnendiyka, sonradan Fikus Ali olan ağacın adı boksçu Məhəmməd Əliylə bağlıdır. Fikusların ümumiyyətlə çox növü var”.

Bitkini yandıran azot

Mütəxəssis deyir ki, 18 dərəcədə bütün bitkilər özünü gümrah hiss edir: “Bitkilər dibi quruyanda sulanmalı, ayda bir dəfə xüsusi vitaminlər verilməlidir.  Təbiətdə yağış suyu, qrunt suları minerallarla zəngin olduğundan bitkilər onu təbiətdən alır. Amma Abşeronda və xüsusən də qapalı şəraitdə olanları süni – kimyəvi və ya bioloji qidalandırmaq lazımdır. Bioloji qidalar, əsasən, peyin qurusu, soxulcan gübrəsidir ki, onlar da insanlar üçün iy diskomfortu yaradır. Buna görə kimyəvi üsula üstünlük verilir. Bəzən insanları aldadır, gübrə adıyla azot satırlar. Azotu da bitkiyə birbaşa verəndə bitki yanır. Ümumiyyətlə, təbiətdə hər bir şeyin çoxluğu insana da, bitkiyə də ziyandır”.

İnandığımız o olur

Bütün bitkilərin latınca elmi adı olsa da, bir çox güllərə el arasında adlar qoyulub, deyir mütəxəssis: “Məsələn, nəzər, pul, dollar gülü, xoşbəxtlik ağacı və s. Bütün bunlar əfsanə və inanclarla bağlıdır. Deyilənlərə görə, xoşbəxtlik, bədbəxtlik, təklik, ayrılıq gətirən bitkilər var. İnsan nəyə inanırsa, o da olur. Psixologiyamız elədir ki, güllər bizə müsbət enerji verir. Götürək Şamaxı yolunu. Yol boyu gedirsən, hər iki tərəfdə ağaclar yola gözəllik verir. İnsanın dərhal əhvalı düzəlir, rahatlıq tapır. Karnegi deyib ki, insan 70 faiz müsbət enerjini bitkilərdən alır. Niyə? Ona görə ki, biz təbiətdən yaranmışıq və təbiətin bir parçasıyıq”.

Bitkilərlə eksperiment

Rufan bəy aparılan eksperimentlərdən də danışdı: “Deyir bitkilər müsbət enerji ötürdükləri kimi özləri də xoş rəftar sevir. Eyni bitkini ayrı-ayrı, amma eyni şəraitli, eyni temperaturlu, eyni rütubətliliyi olan otaqlarda saxladıq. Birinə müsbət enerji ötürmüş, gözəl sözlər demişdik. O biri bitkini isə sadəcə, suyunu vermiş, qidalandırmışıq. Nəticədə nəvaziş göstərdiyimiz bitki çiçəkləmiş, o biri isə tələf olmuşdu. Bitki sevgi, qayğı görəndə özünü komfortlu hiss edəndə çiçəkləyir, yaxşı inkişaf edir”.

Yanlış qulluq və güllərin sirri

40-dan çox ölkədə kurslarda, festivallarda olan mütəxəssis çoxunun sosial şəbəkələrdə bitkilərə necə qulluq etmək lazım olduğunu öyrənib öz evindəki bitkiyə tətbiq etdiyini deyir: “Unutmaq olmaz ki, bizim iqlimimiz, suyumuz fərqlidir. Üstəlik bitkini harada yerləşdirmək məsələsi də var. Məsələn, Kaliforniyada bir adam səhləb çiçəyinə (orxideya) qulluğu başa salır. Hamı da o cür edir. Amma həmin effekti ala bilmir. Səbəb iqlimimizin başqa olmasıdır.  Bəzən çöl üçün ağaclar gətirilir, amma iqlim nəzərə alınmır. Nəticədə bir müddətdən sonra ağac iqlimə adaptasiya ola bilməyib, tələf olur”. Bizim “Zirə gülçülük” adlı instaqram səhifəmiz var. Orda dayanmadan təbliğat aparır, hansı gülə necə qulluq etmək lazım olduğunu izah edirik. Məsələn, soğansayağı bitkilər ildə bir dəfə gül açır. Amma bitkini aldadıb bunu iki dəfə etmək olar. Zanbağın çiçəyi solandan sonra soğanağını soyuducuya qoyurlar. 3 gün soyuğu yaşayan bitki, artıq qışı keçirdiyini düşünür. Sonradan əkirlər və o, yenidən formalaşır, çiçəkləyir. Hollandların çoxlu sirləri var. Əsas səbəb odur ki, onlar bitkiyə komfort verir və standart gübrə vermirlər. Bir dəfə kökünə, bir dəfə yarpağına, bir dəfə də gülünə uyğun gübrə verirlər. Ona görə də güllər orda daha yaxşı olur”.

Rufan bəy iki cür gülün olduğunu deyir: “Dibçək və kəsmə güllər. Kəsmə güllərdən qızılgül, dibçək güllərindən isə orxideyalar dəbdədir və onlara tələbat daha çoxdur. Səhləb çiçəyi yeganə bitkidir ki, bütün bitkilər fotosintezi yarpağından alırsa, o kökündən alır. Onlar ağaclardan sarmaşıq kimi yapışır və inkişaf edirlər”.

Xanım Aydın