• cümə, 26 Aprel, 20:08
  • Baku Bakı 22°C

“4 qardaş bu işi bir yerdə görürük” - Biznes

12.09.20 19:00 2583
“4 qardaş bu işi bir yerdə görürük” - Biznes
Osman Kazımov: "İndiyə kimi balı yoxlatdıran, testlərdən keçirən müştərilərimiz olub və bütün testlərdə uğurlu olmuşuq”
"Yay aylarında arıların gündüz oyanıb işə getdikləri zaman çıxardıqları səsin gözəlliyinin xüsusi zövqü var. Sizin üçün qoşun işləyirmiş kimi qürurverici bir səs olur”.
"Babam həmişə deyirdi ki, arı saxlamaq bir ailə saxlamaq qədər məsuliyyətli işdir. Düzdür, gəlirli sahədir, amma zəhmət, əziyyət çəkmək tələb edir”.

Bu fikirlərin sahibi "Şəfa balı” brendinin qurucusu Osman Kazımovdur. O.Kazımov ailələrinin arıçılıq təsərrüfatının məhsulunun satışını aparmaq üçün bu sahəni biznes halına gətirib. Hazırda bu işi genişləndirmək, brendi daha çox tanıtmaq üçün 4 qardaş bir yerdə çalışırlar.Qeyd edək ki, O.Kazımov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində geoloji kəşfiyyat üzrə bakalavr, Türkiyənin Doğu Akdeniz Universitetində isə MBA təhsili alıb. Hazırda geoloq-mühəndis olaraq çalışır.

- Arıçılıq sizdə ailə təsərrüfatıdır. Maraqlıdır, nə vaxtdan bu təsərrüfatda işləməyə başlamısınız?
- Babam Kazımov Mirzəxan 1940-cı ildən etibarən arıçılıqla məşğul olub. 2014-cü ildə rəhmətə getdi. 70 ildən çox arıçılıqla məşğul olub. Arıçılığın bütün sirlərinə bələd idi. Astara, Lənkəran və Masallı bölgələrində xeyli arıçı yetişdirmişdi. O, insanlara arıçılığı sevdirərək bu sahəyə marağı artırmışdı. Bunu necə etdiyini də deyim. Biz arıları mövsümü olaraq gəzdiririk. Məsələn, arıları hansısa sahəyə aparırıq. Həmin sahənin sahibi ilə danışırdı, maraq oyanırdısa, ona və arıçılıq sevən digər insanlara arı hədiyyə edirdi. Bu yolla da arıçılığı sevdirirdi. Eyni qaydanı bu gün biz də yaşadırıq. Bu da arıçılığın inkişafına gətirib çıxarır. Babamla atam bir yerdə bu işi edirdilər. Bunları gördüyüm üçün məndə də maraq yaranmışdı. O sevgini mənə də aşılamışdılar. 5-6 yaşımdan atama və babama kömək etməyə başladım. Atam İntiqam Kazımov hazırda Azərbaycanın ən böyük arıçılarından biridir. Üç yüzədək arı ailəsini səyyar qaydada saxlayırıq.


- Bal satışının ənənəvi forması var. Bəs bu işin biznesinə başlamaq fikri necə yarandı?
- Mən magistratura təhsilimi bitirib qayıdandan sonra geoloq-mühəndis olaraq işləyirəm. Bal biznesi barədə düşünmə səbəbim o oldu ki, atam artıq yaşlanmışdı və bal satışını əvvəlki kimi həyata keçirə bilmirdi. Bal sərgilərində də satış istədiyimiz kimi getmirdi. Mən marketinq və satış işləri cəhətdən özümə güvənirdim. Türkiyədə təhsil aldığım dövrdə Kipr və Türkiyədə həmin sahələrdə kurslara gedərək təcrübə toplamışdım. Azərbaycana gələndən sonra gördüm ki, balın satış işləri yaxşı getmir və qərara gəldim ki, bal satışını brend yaratmaqla həyata keçirək.

- Bu işi tək qurdunuz?
- Xeyr, biz 4 qardaşıq və hamımızın bu işin təşkilində öz rolu var. Qardaşım Zəfər rayonda atamıza arıçılıq təsərrüfatında kömək edir. Digər 3 qardaş – Kazım, Nüsrət və mən Bakıdayıq, satış, biznes işini aparırıq. Ancaq vaxt tapdıqca gedib balın süzümü, arıların mövsümü yerdəyişikliyi, dərmanlanması zamanı atamıza köməklik edirik.


- Bu işin biznesə çevrilməsinə atanızın reaksiyası necə oldu?
- Atam bu ideyanı əvvəl qəbul etmək istəməsə də, sonra xoşuna gəldi. Artıq özü satış işini aparmır. 4 qardaş bu işi bir yerdə görürük. Atamızın təsərrüfatının məhsulunu brend etmək üçün çalışırıq. Bu, atama da xoş oldu. Azərbaycanda bal brendləri çox olsa da, xaricdə tanınması halı azdır. Biz də indi çalışırıq ki, balımızı xaricdə markaya çevirək. Üç ildir ki, bu işi brend adı altında görürük və kifayət qədər uğurlu olduğumuzu düşünürük.

- Biznes formasına keçəndə, nəyi dəyişdiniz?
- Biz satışları ənənəvi yollarla, yəni bazarda və yarmarkalarda satış formasında edirdik. Biznesə keçəndə qeyri-adi bir şey etmədik. Sadəcə, satışı daha modern formaya salmış olduq. Yəni ki, biz məhsullarımızı həm öz brendimiz, həm də öz saytımız vasitəsilə sosial şəbəkələrdə də satmağa və reklam etməyə başladıq. Məsələn, tanınmış şəxslərlə görüşüb balımızı onlara tanıtdırıb təqdim edirdik. Həmçinin, videolar çəkib onları internet üzərindən reklama çalışırdıq.

- Satış ancaq xüsusi qablaşdırılmada aparılır?
- Bizdə həm xüsusi qablaşdırma ilə satış aparılır, həm də ənənəvi qaydada. Müştəri necə istəsə.


- Satışın modern forması satışı nə qədər artırdı?
- 3 ildir satışı biznes kimi aparırıq. Modernləşdirmə sayəsində artıq əvvəlkindən 2-3 dəfə daha artıq satış edirik. Böyük fərqdir. Bunu daha da inkişaf etdirməyə çalışırıq.

- Öz işinizlə bir yerdə bunu idarə etmək o biri işinizə mane olmur?
- Bu işə daha çox həftə sonları vaxt ayırıram. Bu, kifayət edir. Digər tərəfdən, bal satışı hər ay eyni tempdə olmur. İnsanlar qış tədarükü görmək üçün balı əsasən iyul, avqust, sentyabr və oktyabr aylarında alırlar. Həmin aylardan sonra satış azalır, demək olar ki, minimuma enir. Bu səbəbdən ikisini bir yerdə idarə etməklə bağlı problem yaşamıram.

- İnsanların böyük qismi hansısa brend adı altında bal alanda bir az tərəddüddə olurlar. Bu düşüncənin geniş yayıldığı dövrdə müştərini cəlb etmək, onun inamını qazanmaq üçün nə etdiniz?
- Bəli, ilk dəfə bal sifariş edən müştəri tərəddüddə olur, keyfiyyəti ilə bağlı narahatlıq keçirir. Bunu başa düşürük və müştərilərə yerindəcə balın dadına baxıb almaq imkanı da yaradırıq. Dadına baxandan, keyfiyyətinə əmin olandan sonra daha arxayın alırlar. Digər tərəfdən, müştərilərimizə təklif edirik ki, istəsələr, balı laboratoriya şəraitində yoxlatsınlar. Əgər hər hansı qatqı maddəsi aşkar edilsə, biz ödənilən məbləğin on qatını onlara geri qaytaracağıq. Balın keyfiyyətindən əmin olmasaq, bunu deyə bilmərik. Müştərilərimiz bu ideyanı bəyənir. İndiyə kimi balı yoxlatdıran, testlərdən keçirən müştərilərimiz olub və bütün testlərdə uğurlu olmuşuq. Narazı qalan müştərimiz olmayıb. Bizim brendin və təsərrüfatın ən böyük uğuru da məhz budur.Bizim üstünlüyümüz odur ki, həm arıçıyıq, həm də öz brendimizi yaratmışıq. Bəli, ilk illərdə çətinliklərimiz oldu. İlk vaxtlar brendi yaratmaq üçün xərclədiyimiz vəsaiti tam ala bilmirdik. Ancaq məhsulumuzun keyfiyyətli olması biznesimizin xeyrinə işlədi, müştəri müştəri gətirdi.


- Bal biznesi quranların sayı indi çoxdur. Üstəlik də hər qiymətə bal satıldığını görürük. Belə bazarda rəqabət aparmaq nə dərəcədə mümkündür?
- Burda iki istiqamətdə satış aparılır. Biri korporativ, digəri pərakəndə satışdır. Balın korporativ şəkildə satılması o deməkdir ki, müxtəlif şirkətlərə və otellərə satılır. Azərbaycanda bir çox bal şirkəti satışın əsas hissəsini bu şəkildə həyata keçirir. Korporativ satış daha çox tanışlıq hesabına həyata keçirilir. Şirkətlər illərlə işlədikləri, tanışlıq və münasibət qurduqları firmalara üstünlük verirlər. Bu, qiymət və ya keyfiyyətlə bağlı deyil. Brendləşmə nə qədər geniş olsa da, sizin balınız keyfiyyətli deyilsə, onu sata bilməyəcəksiniz. Amma bizim keyfiyyətimiz yaxşı olsa da, mən bəzi şirkətlərlə əməkdaşlığa cəhd etsəm də, alınmadı. Çünki onların əvvəldən işlədikləri, tanışlıqları olan başqa brendlər var.Pərakəndə satış isə birbaşa xalqa satışdır. Bu cəhətdən hər şirkətin öz müştərisi var. Brendləşdirilmiş bal satmağın əsas yaxşı tərəfi odur ki, əgər sənin balın keyfiyyətlidirsə və bu gün bir müştərin varsa, gələn il minimum iki müştərin olur. Səbəb budur ki, sizin müştəriniz də öz dostlarına və tanışlarına deməklə satışlarınızı artırırlar. Burda rəqabət var. Bu zaman isə keyfiyyət məsələsi önə keçir.

- Sizin məhsulu marketlərdə görməmişəm. Marketlərlə işləyirsiniz?
- Marketlərdə satış etmirik. Çünki insanlar marketdən bal almaq istəmirlər. Bu təcrübəmizdə yoxlanılıb və uğurlu olmayıb.

- Bazarda hər qiymətə, hətta çox ucuz qiymətə də bal görürük. Bu, satışınıza təsir edirmi?
- Hər bir sahədə olduğu kimi, bu sahədə də saxtakarlıqlar olur. Bəzi insanlar qiymətə, bəziləri isə keyfiyyətə önəm verir. Azərbaycanda balın ortalama satış qiyməti 20-30 manat arası dəyişir. Bu qiymətdən aşağı satsaq, ziyana işləmiş oluruq. Maya dəyəri aşağı olan ballar saxtadır. Hər qiymətə sata bilirlər. Bizim üçün maddiyyat ikinci plandadır. Biz əsas uğur qazanmağa yönəlmişik. Təbii ki, qazanc əldə etmək önəmlidir. Amma biz əsas işimizin uğurlu getməsinə diqqət yetiririk.

- Pandemiya dövrü satışınıza necə təsir etdi?
- İnsanların maddi durumu yaxşı olmadığı üçün təbii ki satışa mənfi təsir göstərdi. Xarici ölkələrə də bal satışı azaldı. Çünki Azərbaycana gələn turistlərə məhsullarımızı tanıdırdıq, bunun sayəsində xarici ölkələrə də satış aparırdıq. Pandemiya dövründə bu cəhətdən də problemlər yarandı.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər