• çərşənbə axşamı, 19 mart, 13:26
  • Baku Bakı 8°C

25 il gözləməyə dəyərdi... - Fotolar

18.05.19 09:15 2336
25 il gözləməyə dəyərdi... - Fotolar
Bir neçə həftə bundan öncə Azərbaycan Dövlət Pantomima Teatrının yaranmasının 25 illiyi münasibətilə ilə teatrın yaradıcısı, xalq artisti Bəxtiyar Xanızadə ilə müsahibəyə getmişdim. Adətən mimçilər öncədən görəcəkləri iş haqqında danışmağı sevmirlər.Bircə onu bilirdim ki, köhnə, hətta teatr yarananda onun yanında olan sənətkarlar Bəxtiyar Xanızadənin bir sözü ilə bu ocağa toplaşıblar. Düşündüm ki, onlar bu yubileydə sadəcə tamaşaçı qismində iştirak edəcəklər. Ancaq mimçilər mayın 16-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında baş tutan yubiley gecəsində bizi çox təəccübləndirdilər.
Sehrinə qapıldığımız "Sehrli xalat”
Vaxtilə bu teatrda "kirayə yaşayan” Pantomima Teatrının yaradıcı heyətinin "Sehrli xalat” tamaşa-şousu üçün bu teatra müraciət etməsi heç də əbəs deyildi. Yubileyin xüsusi hazırlanmış dəvətnamələrindən hiss olunurdu ki, təşkilati işlər çox həssaslıqla görülüb. Elə zənn etdiyimiz mənzərə ilə də rastlaşdıq. Teatr binasına daxil olduqda, foyedə tanınmış sənət nümayəndələrinin həzin musiqinin müşayiəti altında furşet masası ətrafında keçmiş günləri xatırladıqlarını gördük. Foyedəki Pantomima Teatrının bu günədək keçdiyi yolu əks etdirən şəkillər insanları darıxmağa qoymurdu. Və saat tam 19:00 göstərdikdə, zala daxil olduq.Ənənəyə uyğun olaraq mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək sənət ocağının keçdiyi yola nəzər saldı. Nazir 25 il ərzində teatrın yaradıcı heyətinin gördüyü işlərdən söz açaraq, hər zaman pantomimanın səhnəsində müasir və aktual mövzulara müraciət olunduğunu dedi. Pantomima Teatrının yaradılmasının müstəqilik illərimizə təsadüf etdiyini qeyd edən nazir, teatrın istedadlı insanlar tərəfindən təsis olunduğunu bildirdi.
Rəsmi hissədən sonra artıq özümüzü şouya baxmağa hazır hiss edirdik ki, pərdələr açıldı, nə açıldı. Bəxtiyar Xanızadə qoca çinarın ətrafında dövr edərək Pantomima Teatrını yaratmaq barədə düşünür. Düşünür və ağacın başına dövrə vurmağa başlayır, onu bu yolda tələbələri tək qoymur. Bu gün Azərbaycan mədəniyyətinə, incəsənətinə xidmət edən Rövşən İsax, Siyavuş Hüseynli, Əsəd İsmayılov vəElman Rəfiyev öz müəllimlərinə qoşulub, bu ağacın ətrafında dövrə vurmağa başlayırlar. Nəticədə Pantomima Teatrı yaradılır. Onlar bu teatrı yaradanda, Azərbaycanda pantomima deyə bir anlayış yox idi.
Bəxtiyar Xanızadə ilə son görüşümdə ona "bu 25 il ərzində keçdiyiniz yol çoxmu məşəqqətli olub?” - deyə bir sual ünvanlamışdım. Əslində o vaxt aldığım cavabda nəyinsə çatmadığını hiss edirdim. Tamaşaya baxdıqca mənə aydın olurdu ki, o zaman mən ona bu sualı ünvanladıqda, B.Xanızadə öz içində "sən hələ tamaşamıza baxmamısan, baxanda sənə aydın olacaq, bu sualları mənə niyə verirsən axı” deyib. Çünki tamaşa boyu rejissor bu 25 ilin heç də asan keçmədiyini göstərdi. O heç nədən bir komanda yaratdığını, yeri gələndə usta olub kanalizasiyanı təmir etdiyini, tamaşanın qızğın yerində işıqlar sönəndə elektrik, boru partlayanda santexnik olduğunu nümayiş etdirdi. 100 dəfə sual verməkdənsə, bir dəfə buna baxmaqla hər cavabı aldığımıza əmin olduq.
Səhnədə bir şou başlamışdı: rəngli geyimlər, mükəmməl xoreoqrafiya, möhtəşəm musiqi. Repertuarda nələr vardı, nələr. İnsanın ruhu dincəlirdi. Ancaq mənim fikrim Bəxtiyar Xanızadə ilə müsahibəmdə qalmışdı. Sanki verdiyim suallara indi bir-bir cavab alırdım.
Bəxtiyar Xanızadəyə mimçilərin nizam-intizamı ilə diqqətimizi çəkdiklərini və aktyorları ilə çox məşq etdiyini demişdim. Risk edib bu məşqlərin onları həddən ziyadə yorduğunu da bildirmişdim. Xalq artisti kənardan tələbələrini müşahidə etsə də, heç zaman onları tərifləmir, hər nə qədər tələbələr çalışsa da, "niyə işləmirsiniz?” deyib onları tənbeh edirdi. Məhz o tənbehin nəticəsində tələbələr daha yaradıcı, daha yenilikçi olmağa cəhd göstərirdilər. Əslində hazırlanan hər bir ssenaridə tamaşaçıya ötürülən bir mesaj vardı. Aktyorların dili ilə bu gün əsil sənəti satmamağın önəmini vurğuladılar, Meyerxold, Stanislavski kimi sənətkarlardan xəbəri olmayanların meydan suladığını, əsil sənətdən uzaq düşənləri nümunə göstərib onları ələ saldılar. Duzsuz zarafatlarla "böyük” görünən, hamının yanında daim öyünənlərə lağlağı etdilər.

Stanislavskinin Pantomima Teatrına göndərdiyi hədiyyə
Bəxtiyar müəllimlə yubileydən əvvəl görüşəndə, masasının üzərində böyük teatr məktəbinin banisi, SSRİ xalq artistiStanislavski ilə xalq artisti Ramiz Həsənoğlunun bir-birlərinə bənzəyən rəsmlərini görmüşdüm. Baxışlarımın şəklə zilləndiyini görəndə, "görürsən necə bənzəyirlər?” söyləyib, "bunu da səhnədə görəcəksiniz” demişdi. O gündən "Ramiz Həsənoğlu hara, Stansitavski hara?” - deyə düşünürdüm. Tamaşanın adı sən demə, elə burdan qaynaqlanıbmış. Belə ki, teatrın dostu, xalq artisti Ramiz Həsənoğlu Stanislavskinin rolunda səhnəyə çıxıb, Pantomima Teatrının 25 illiyi olduğunu dedi və hər kəsi təbrik etdi.
O, teatrın 25 yaşı olduğunu xəbərlərdə oxuduqdan sonra "bu kişi 25 ildir teatrla məşğuldursa, böyük adamdır” – deyərək, Pantomima Teatrına sehrli xalat göndərir. Hadisələr də ondan sonra cərəyan edir və şou başlayır. Bu şouda hər şey vardı - sevinc, kədər, sevgi, gülüş, rəqs, əyləncə, tarix, keçmiş, gələcək və daha nələr-nələr. Səhnədə monitor vasitəsi ilə Pantomima Teatrının bu illər ərzində keçdiyi yola işıq salındı. Qastrol səfərləri, festivallar, teatrın əldə etdiyi uğurlar əks olundu.
Keçmişdən gələcəyə...
Saatlar sürətlə axıb gedir... Və budur, şou bitir. Sonda tək ağacın başına dolanan Bəxtiyar Xanızadənin başına böyük bir komanda toplanır. Keçmiş və gələcək bu ağacın ətrafına yığışır. Bəxtiyar Xanızadə yaratdığı əsərə baxıb fəxr edir. Tamaşaçıların alqışı ilə bir addım önə çıxır və hiss edir ki, danışmasa, məclis dağılmayacaq: "Azərbaycan xalqı çox istedadlı xalqdır. Buna heç kimin şübhəsi yoxdur. Onlardan biri də mənəm (Zal gülüşə qərq olur - X.R). Mən Azərbaycanda olmayan ən qədim teatr növünü yaratdım. 25 il bu teatrı qoruyub saxladım. İstəyirik ki, bizimlə gələcək nəsillər fəxr etsin. Bunu onlara çatdırmaq lazımdır”.
Sonra göydən yerə şarlar tökülməyə başladı, pərdələr qapandı. Elə ikinci tamaşa da bundan sonra başladı. Tamaşaçılar zalı tərk etmirdi. Pərdələr qapandıqdan sonra pərdə arxasında bir "tamaşa” başladı. Az əvvəlki aktyorları bu dəfə gözlərində sevinc, kədər, göz yaşları ilə gördük. Kimisi onları təbrik edir, kimisi şəkil çəkdirirdi. Bəxtiyar Xanızadə bəlkə də ömründə bu qədər öpülməmişdi, özü də xanımlar tərəfindən.
Köhnə kollektiv yeni tamaşa istəyir
Keçmiş mimçilərə yaxınlaşdıq və onların təəssüratlarını öyrəndik. Pantomima Teatrı yaranandan Bəxtiyar Xanızadənin yanında olan, ilk addımlarını bu teatrda atan kinorejissor Rövşən İsax: "Bu gün bu səhnədə gözəl hisslər keçirdim. 15 il bundan əvvəl unutduğum hissləri yenidən yaşadım. 15 ildir evdən çıxarkən "teatra gedirəm” sözünü demək üçün darıxmış imişəm. İnsan zamanında əlində olanları qiymətləndirə bilmir. Mən Pantomima Teatrında işləyəndə 23-24 yaşım vardı. İndi 50 yaşın astanasındayam”.
Bu teatrın tələbəsi olan, aparıcı Azər Axşam da sənətkarların sırasında idi: "Yubiley tamaşasından sonra çox təriflər eşitdim. Ən çox sevdiyim tərif "25 il bundan qabaq necə oynayırdınsa, indi də elə oynadın” - sözü oldu. Pantomima mənim üçün doğmadır. Əgər o vaxt teatrdan getməsəydim, indi 25 illik yubileyə dəvət almazdım. Biz başqa sahədə çalışırıqsa, bu o demək deyil ki, teatrla əlaqəmizi kəsmişik, əsla. Boş vaxtlarımızda Pantomima Teatrına gedirik, məşqlərdə iştirak edirik. Azər Axşamın bir aktyor, insan kimi yetişməyində Pantomima Teatrının çox böyük rolu olub. Universitet illərimdən sonra peşəkar aktyor kimi yetişməyimdə Bəxtiyar Xanızadənin müstəsna xidmətləri var. Pantomima Teatrı mənə səviyyə və səviyyəsizliyi öyrədib. Ona görə də hər zaman çalışıram ki, daha keyfiyyətli işlər görüm. Çox arzu edərdim ki, bir gün köhnə kollektivin ifasında tamaşa hazırlansın və biz ora dəvət alaq”.
Əməkdar artist, rejissor Nicat Kazımov 25 il bundan öncəyə qayıtdığını, o illərə qiyabi də olsa səyahət etdiyini dedi: "Çox qəribə hisslər keçirirəm - həyəcan, sevinc, nostalji, bir az kövrəklik. Bütün hislərim bir-birinə qarışıb. Səhnədə o qədər həyəcanlandım ki, sanki ilk dəfə idi səhnəyə çıxırdım. Çox istəyərdim ki, köhnə kollektiv yığışıb, yeni bir tamaşa hazırlasın. Pantomima Teatrı mənim boya-başa çatdığım ata ocağımdır. Orada mənim ustadım var. Hər zaman fəxr etmişəm ki, mənim Bəxtiyar Xanızadə kimi bir müəllimim var. Pantomima Teatrına təmirli bina, gözəl səhnə və işləmək üçün hər cür imkanların olmasını arzulayıram. Bəxtiyar Xanızadəyə uzun ömür, cansağlığı və tükənməz enerji arzulayıram”.
Kulisdə hər kəs bir-birini təbrik edirdi. Ən çox təbriklər isə teatrın direktoru Elman Rəfiyevə ünvanlanırdı. O izdihamın içində teatrın direktoru ilə bir-iki kəlmə söhbət etməyə imkan tapdıq. E.Rəfiyev bu günü yaşamaq üçün 25 il gözləməyə dəydiyini dilə gətirdi: "25 il ərzində Pantomima Teatrında əməyi olan hər kəsi siz səhnədə gördünüz. Azərbaycanda olmayanların fotolarını gördünüz. Biz istədik ki, teatrımızda əməyi olan hər kəsi qiymətləndirək. Pantomima Teatrının yaşamasında media nümayəndələrinin də əməyi az olmayıb. Bu gün mənim sevincimin həddi-hüdudu yoxdur. Bəxtiyar Xanızadə sağ olsun ki, bu 25 il ərzində teatrda çalışmış və çalışan hər kəsi bir araya topladı”.
Açığı, çoxdandır teatra, tamaşaya duyduğum aclıq hissini o gün xeyli təmin etmiş oldum. Və düşündüm ki, dəliyə onsuz da hər gün bayramdır, ancaq bu "dəlilər”lə insan hər gün bayram keçirmək istəyər.Çox zaman xarici ölkələrdəki aktyorların hazırladıqları şoulara baxıb, "bəs o əjdahadan bizdə niyə yoxdur” - sualını veririk. Mayın 16-da haqqında danışdığım tədbirin iştirakçıları olan bizlər pantomimçilərin ifasında o əjdahanı gördük!
Xəyalə Rəis
Bu yazı "İntellekt Araşdırmalar Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Teatr mədəniyyətinin formalaşması istiqamətində TV və radio proqramların hazırlanması” layihəsi çərçivəsində hazırlanıb.

banner

Oxşar Xəbərlər