• cümə, 29 Mart, 00:19
  • Baku Bakı 7°C

25 il görməyən afrikalı qadının gözlərini açan həkim - Fotolar

31.07.19 10:30 24757
25 il görməyən afrikalı qadının gözlərini açan həkim - Fotolar
"Həyatın ən önəmli ehtiyaclarının - suyun, qidanın, tibbi yardımın çatışmadığı bir ölkədə yaşamağın nə qədər çətin olduğunu sözlə ifadə etmək mümkün deyil. Bəzən işimizin ağırlığından çox yorulsaq da, insanların ümid dolu baxışları, bizlərə olan inamı sayəsində əlimizdən gələni etməyə çalışdıq. Bu insanların duasını, bizə olan təşəkkürünü, sevincini, gözəl uşaqların bizə sevgisini heç bir zaman unutmayacağıq”.Bu sözlər 25 il dünya işığına həsrət qalan afrikalı qadına nur, Nigerdə xəstələrə ümid verən, bütün çətinliklərə baxmayaraq, bundan zövq alan azərbaycanlı həkim Mehriban Əlizadəyə məxsusdur. Onunla, karyerasından, Afrika - Niger xatirələrindən danışdıq.Müsahibimiz AMT klinikasının oftalmoloqu Mehriban Əlizadədir.Həmsöhbətimiz 1986-cı ildə Bakıda anadan olub. 2004-cü ildə Tibb Universitetinin pediatriya ixtisasına qəbul olunub. Universiteti bitirdikdən sonra 2010-2011-ci illərdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində internatura keçib. Bir il sonra Türkiyədə "Haydarpaşa Nümunə Elmi tədqiqat Xəstəxanası”nda göz uzmanlığını oxuyub və 2017-ci ildə uzman həkim adını alıb.

- Mehriban xanım, nə üçün göz həkimi?
- Uşaqlıqdan arzum cərrah olmaq idi. Universitetdə ixtisas bölünən vaxt neyrocərrah olmaq istəyirdim. Lakin mənə qismət olmadı. 4 ixtisas təklif etdilər, onlardan biri də göz idi. Əvvəllər göz həkimi olmaq kimi planım yox idi. İxtisası seçəndən sonra çox sevdim. İndi də Allaha şükür edirəm ki, mənə belə bir sahəni qismət etdi.


- 25 il görməyən afrikalının gözünü açan azərbaycanlı həkim kimi tanınırsınız. Ümumiyyətlə, o hadisəni, xəstənin reaksiyasını danışardınız.
- Elə hisslər var ki, onu sözlə ifadə etmək olmur, ancaq yaşayan bilər. Bu hadisənin də sözlə ifadəsi yoxdur. Hər bir insana öz peşəsində belə sevincli anlar yaşamasını arzu edirəm. 25 il görməyən afrikalıya gəldikdə isə o, xəstə uşağını müayinəyə gətirmişdi. Uşağının gözündə allergiya var idi. Onu müayinə edəndə gördüm ki, xanım normal baxmır və göz bəbəyi ağ rəngdədir. Razılığını aldıqdan sonra onu müayinə etdik, məlum oldu ki, iki gözü də uşaqlıqdan görmür. Qadının gözünü əməliyyat etdik. Lakin əməliyyatdan öncə şəkil çəkdirəndə, nə qədər israr etdiksə, xanım gülümsəmədi. Onun gülümsəməməyini problemli yaşam tərzinin çətinliyi ilə əlaqələndirir, anlayırdım. Əməliyyatı etdik, əməliyyatdan sonra gözünü açanda qadın özünü saxlaya bilmədi, ürəkdən qəhqəhə çəkdi. O qəhqəhə o qədər təsirli idi ki... Dünyanı, rəngləri görməmişdi, uşağının belə üzünü tanımırdı. Bu insan bu yaşa qədər sadəcə, işıq hiss edib. Mənə təşəkkür etdi. O xəstənin görməsi mənim üçün əvəzolunmaz hissdir. Ümumiyyətlə, hər bir insanın peşəsinin öz gözəlliyi var. Biz də insanlara çarə olmağa, nur verməyə çalışırıq. Keçən il orada 70-ə yaxın əməliyyatım oldu. Bu il isə təqribən 110-dur.

- Nə üçün Afrikaya getmək istədiniz? Özünüz də qeyd etdiniz ki, orada həyat şəraiti asan deyil.
- Afrikadakı vəziyyəti internetdə izləyirdim. Orada səhiyyə sisteminin olmamasını, insanların aclıq çəkməsini, səfaləti, uşaqların çarəsizliyini ürək ağrısı ilə müşahidə edirdim. Həmişə istəyirdim ki, mənim də kiməsə faydam olsun. Türkiyədə xəstəxanada işləyəndə bizdən bir həkim könüllülər dərnəyinə müraciət etdi və Afrikaya getdi. Bundan sonra mənə də bir yol açıldı. O dövrdə Könüllülər Dərnəyinin forumunu doldurdum və 2 il sonra Afrikaya getməyi mənə də təklif etdilər. O təklif gələndə o qədər sevinmişdim ki...


- Afrika macəranızdan danışardınız. Sizi təəccübləndirən nə oldu?
- Afrikaya endiyim gündən bütün gördüklərim mənə təəccüblü gəldi. Çünki heç tanımadığım yer, görmədiyim qitə, bilmədiyim insanlar, tam fərqli həyat tərzi ilə rastlaşdım. Elə bil ki, 2-3 əsr geriyə gedibsiniz. Afrikaya iki dəfə getmişəm. Hər dəfə də yuxu kimi gəlib. Qəribəsi odur ki, iş nə qədər çətin olsa da, bir müddət sonra ora üçün darıxırsan. Quraqlıq, ağacların azlığı, isti hava bizə çətin gəlsə də, sonradan öyrəşirsən. Samandan evlər maraqlı idi. Çox az daş ev görə bilərsən. O da mərkəz adlandırdıqları yerdə olur. Palçıqdan, kərpicdən ev düzəldirlər. Evin içində yataq yoxdur, həsirin üzərində yatırlar. Suları yoxdur deyə, təmizliklə məşğul olmurlar. Yeməkləri əlləri ilə yeyirlər. Demək olar ki çox insanın üzündə fərqli cizgilər var. Hər qəbilədə uşaq doğulanda özlərinə məxsus cizgiləri olur. O xətləri ülgüclə atırlar. Xətlər olmasa, uşağın hansı qəbiləyə məxsus olması məlum olmur və o uşaq kimsəsiz kimi oğurlana bilər. Üzündəki xətlər onları qoruyurmuş. Ən unutmadığım xatirə isə Afrikada 2018-ci ildə, iyulun 27-si ay tutulması idi. Bu hadisə 2011-ci ildən sonra ilk dəfə olurdu. Göyün üzünə baxdıq ki, ay qəribədir. Həmin anda onu izlədik. Ay əvvəlcə tündləşdi, sonra qırmızı oldu. Göyün üzündə üzük qaşı mənzərəsi yarandı. Möhtəşəm mənzərə idi. Orada demək olar ki, işıq olmur. Göy üzü çox aydın görünür. Sanki əlini uzadıb ulduzlara toxuna bilərsən.

- Mehriban xanım, son zamanlar göz zəifliyinin artmasının səbəbi nədir? Nə üçün gözümüzü qoruya bilmirik?
- Müxtəlif səbəblər var. İlk olaraq, kompüterlə çox işləyirik. Keçmişdə bu, yox idi. İkincisi, açıq havada çox az gəzirik. İnsan ən azı hər gün yarım saat açıq havada olmalıdır. Digər səbəb isə qidalanmanın zəifliyi, vitaminlərin düzgün qəbul edilməməsidir. Genetik faktorlar da çox rol oynayır. Kitab oxuyuruq, yazı yazırıq, kompüterdən istifadə ediriksə, yarım saatdan, 40 dəqiqədən bir ara verib dincəlmək, uzaq məsafəyə baxmaq lazımdır. Gecə ən az 7-8 saat yatmaq lazımdır. Bunları düzənli etsək, yeyib-içdiklərimizə fikir versək, gözümüzü qoruya bilərik.

- Bir çox hallarda kitab oxumayan insanlar gözlərinin zəifləməsindən ehtiyat etdiklərini bildirirlər. Həqiqətən kitab oxumaq gözü zəiflədirmi?
- Əgər bir insanın gözü sağlamdırsa, heç bir problem yoxdursa, o, düzgün həyat tərzi seçibsə, həm oxumağına, həm dincəlməyinə diqqət edirsə, oxumaq heç vaxt gözü zəiflətməz. Amma bir insanın gözündə problem varsa və durmadan bütün günü yaxına baxır, səhərdən axşama qədər işləyir, bəzən 12-13 saat dincəlmədən çalışırsa, bu zaman zəifləmə olacaq. Həm dincəlmək, həm oxumaq tarazlığını qoruya bilsək, oxumaq və kompüter gözü zəiflətməz.

- Uzun müddət zəif görən insana elə gəlir ki, hamı onun kimi görür. Amma görmənin zövqünü daddıqdan sonra qəribə reaksiyalar olur. Əməliyyatlardan sonra belə hallarla qarşılaşıbsınız?
- Bəli, demək olar ki, həkimlərin çoxu bu mənzərə ilə qarşılaşır. Əməliyyatdan sonra xəstələrin görmə qabiliyyəti artınca, insanların reaksiyaları qəribə olur. Görmələri yaxşı olduqda xoşbəxt üz ifadələri olur. Bəzən də uşaqlar müayinə üçün gəldikdə ağlayırlar, amma müayinədən sonra məni qucaqlayıb gedirlər. Hətta ilk dəfə eynək taxarkən görmələri artanda çox sevinirlər. Bütün günü eynəklə gəzirlər. İnsanlara faydalı olmaq gözəl hissdir.

- Ümumiyyətlə, həkimlik dövründə pasientinizlə bağlı sizi təsirləndirən, unutmadığınız hər hansı xatirənizi bizimlə bölüşə bilərsinizmi?
- Pasientlərlə bağlı xatirələrimiz çox olur. Mən Türkiyədən qayıdanda katarakta əməliyyatı etdiyim yaşlı kişi var idi. Həyat yoldaşı ilə gəlirdi. Xanımı da çox mehriban idi. Mənim vətənimə getdiyimi bilib sağollaşmağa gəlmişdilər. Xanım ağlayaraq məni qucaqladı və öpdü. Dedi qızım, sən getmə, sən bizə lazımsan. Onda mən də çox təsirlənmişdim. Bu il Afrikaya gedəndə başıma gələn hadisə isə daha kədərli idi. Gözündə şiş olan bir uşaq müayinəyə gəlmişdi. Şişdən dolayı gözü xaricə çıxmışdı. Üzün bir hissəsi, göz nahiyəsi xeyli önə gəlmişdi. Uşağın başına yayda qara örtük atmışdılar. Atası uşağı gətirdi, örtüyü götürdü. Orada müayinəyə gələn həmyaşıdları uşağı görəndə, qorxularından qışqırıb ağladılar. Uşaq utandı, başını aşağı saldı. Əslində 1 il ərzində həkimsizlikdən, baxımsızlıqdan uşağın gözü elə olmuşdu. O anda çox pis oldum. O qədər çarəsiz vəziyyət idi ki...

- "Facebookda” Nigerə getdiyinizi vurğulayıbsınız. O qədər sevinclə paylaşırsınız ki, belə postları... Həkim kimi sizi xoşbəxt edən nədir?
- Nigeri sevinclə paylaşdım. Düşünürəm ki, həkim olmasan belə, ora getmək insanlıq borcudur. Hər bir insan "mən dünyaya niyə gəldim”, " niyə yaşayıram”, " insanlıq üçün nə etdim” suallarına cavab tapmalıdır. Əgər mən bu gün bu suallara cavab tapa, bir insana zərrə qədər olsun fayda verə bilirəmsə, xoşbəxtəm. Bəzən kənardan adama çətin gəlir. Amma o insanların aclığını, çətinliyini, həyat şəraitini gördükdən sonra, o onları bu çarəsizliyin içində azca da olsa, gülümsədə biləndə sevinirəm. O insanların duası, gözlərindəki inamı heç nə ilə əvəz etmək olmaz. Mən bu hissləri Afrikada və Nigerdə doya-doya yaşadım. Oraya gedib-gəlmək çox çətindir. Hava istidir, malyariya xəstəliyinə tutulmaq riski var, amma yenə də səhərdən axşama qədər durmadan işləyirsən. Buna baxmayaraq, insanlara bir az da olsa faydan toxunursa, yorulmursan. Bəzən mənə sual verəndə, o hissləri sözlə ifadə edə bilmirəm. Sadəcə, "Allah hər kəsə qismət etsin” deyirəm.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər