2022-ci ilin avtomobilləri - ARAŞDIRMA
Ekspertlərin
fikrincə, mühərrik həcmi az olan, hibrid və elektrikli avtomobillərin ölkəyə gətirilməsi,
satışı üstünlük təşkil edəcək. Həmçinin onların infrastrukturunun yaradılması məsələsi
də aktual olacaq.
Bu ilin
noyabr ayında Azərbaycanın avtomobil bazarında oktyabr ayına nisbətən
satışlarda 10 faiz azalma olub. Qlobal avtomobil bazarı da digər sahələrdə
olduğu kimi pandemiyanın zərər vurduğu sahələrdəndir. "Fitch Ratings” beynəlxalq
reytinq agentliyinin analitikləri isə deyir ki, qlobal avtomobil bazarında vəziyyət
tələbin daha da bərpası və təchizat zənciri problemlərinin tədricən
yumşaldılması fonunda yaxşılaşa bilər. Qlobal avtomobil satışlarının gələn il
artacağı, lakin 2019-cu ildəki göstəricidən, təxminən 6 faiz aşağı qalacağı
proqnozlaşdırılır.Bəs
ekspertlər necə düşünür? 2022-ci il avtomobil bazarına nə vəd edir? Hansı
avtomobillərə tələbat olacaq?
"Dayanıqlı
vəziyyəti imkan yaradır ki...”
Nəqliyyat
üzrə ekspert Eldəniz Cəfərov deyir ki, Azərbaycana idxal olunan avtomobillərin sayında 2020-ci ilə
nisbətən artım müşahidə edilib: "Düzdür, ölkəmizə idxal edilən avtomobillərin əksəriyyəti
işlənmiş, ikinci əl avtomobillər olub, buna baxmayaraq, avtomobil idxalında
azalma müşahidə edilməyib. Azərbaycan iqtisadiyyatının bugünkü dayanıqlı vəziyyəti
imkan yaradır ki, avtomobil bazarı inkişaf etsin və artsın. 2021-ci ilin
problemləri və çətinlikləri oldu. Azərbaycana idxal olunan yeni avtomobillərin,
xüsusən də ekoloji təmiz avtomobillərin gətirilməsində bir az qıtlıq yaşandı. Hətta
dünyanın aparıcı avtomobil şirkətlərində istehsalda azalmalar baş verdiyindən,
dünya bazarına da avtomobillərin çatdırılmasında problemlər yaşandı. Həm
pandemiya səbəbindən qısa fasilələrlə də olsa, istehsal prosesi dayanmışdı, həm
də daşınma qiymətləri yüksəldi. Bu da avtomobillərin qiymətinə təsir elədi.
Avtomobillərin qiyməti Azərbaycanda da 5 faiz artdı”.
"Komfortlu
avtomobillərin qıtlığı olacaq”
Ekspert
deyir ki, 2022-ci ilin fevral, mart aylarında komfortlu avtomobillərin dünya
üzrə qıtlığı ola bilər. Buna səbəb isə "çip”lərin defisitidir: "Çünki avtomobil
istehsalında istifadə olunan yarımkeçiricilər dediyimiz "çip”lərin defisiti
yaşanır. İstehsal edən şirkətlər "çip”lərin az olduğunu bəyan ediblər. Bu səbəbdən
də 2022-ci ilin birinci kvartalında yenə də komfortlu avtomobillərin dünya üzrə
bir qədər defisiti yarana bilər. Lakin yaz aylarından sonra avtomobil sənayesi
öz qaydasına düşəcək. Üstəlik, bu sənaye getdikcə şaxələnir. Əvvəllər yalnız daxili
yanma mühərriki ilə daha çox avtomobil istehsal olunurdusa, indi sənayeçilər
bununla yanaşı, elektriklə, hidrogenlə çalışan avtomobillər də istehsal edirlər”.
Hansı avtomobillərə tələbat olacaq?
Ekspert
deyir ki, ölkəmizdə ekoloji təmiz avtomobillərin ƏDV-dən azad edilməsi onu düşünməyə
əsas verir ki, 2022-ci ildə vətəndaşlarımız daha çox hibrid və elektriklə
çalışan avtomobillərə diqqəti yönəldəcəklər: "Eyni zamanda 2022-ci ilin əsas trendi
"krossover”lər olacaq. "Krossover”lər "sedan” və yolsuzluq avtomobilinin orta
seqmentidir. Hibridlə çalısan "krossover”lər daha populyar olacaq”.
"Avtomobil
bazarı ajiotaj sevmir”
Nəqliyyat
üzrə ekspert Yasin Mustafayev deyir ki, avtomobil bazarı digər ticarət obyektləri kimi ajiotaj
sevmir: "Yəni hər hansı kampaniya, aksiya səbəbilə vətəndaşlar avtomobil alıb-satmırlar.
Bu proseslər avtomobil bazarına aid deyil. Amma ümumi götürdükdə, tətbiq olunan
qaydalar, qəbul olunan qərarlar, güzəştlər təsir edə bilir. Çünki burada artıq
maddi vəziyyətdən, həmçinin avtomobillərin qiymətinə təsir edən amillərdən söhbət
gedir. Bu amillərdən biri də hibrid və elektrikli avtomobillərə 2022-ci il yanvar
ayının 1-dən tətbiq ediləcək güzəştlərlə bağlıdır. Məlumdur ki, hibrid və
elektrikli avtomobillərin ölkəyə gətirilməsində və satılmasında tətbiq edilən əlavə
dəyər vergisi ləğv edilir. Bu, həmçinin mühərrik həcmi 2500 kub santimetrdən az
olan və istehsal ili 3 ildən az olan avtomobillərə də aiddir. Belə olan halda
avtomobil parkının yenilənməsi üçün də bu addımlar atılır. Həmçinin böyük mühərrikli
avtomobillərin ölkəyə gətirilməsinin qarşısı alınır. Dövlət daha qənaətli
avtomobilləri istifadəyə təşviq etmək üçün addımlar atır”.
"Hibrid və
elektrikli avtomobillər satılacaq”
Mütəxəssis
deyir ki, statistikaya görə son bir neçə ayda avtomobil bazarında alış-satışın
azaldığı bildirilsə də, buna şübhə ilə yanaşır: "Çünki bir məqam da var ki,
yanvar ayından alğı-satqı da bank vasitəsi, köçürmə yolu ilə həyata keçiriləcək.
Bunun vəsaitin həm təhlükəsiz şəkildə qarşı tərəfə verilməsində mühüm rolu
olacaq, həm də statistikaya nəzarət mexanizmi yaranacaq. Ümumi gözlənti budur
ki, 2022-ci ildə mühərrik həcmi az olan, hibrid və elektrikli avtomobillərin
ölkəyə gətirilməsi, satışı daha çox üstünlük təşkil edəcək. Həmçinin onların
infrastrukturunun yaradılması məsələsi gündəmə gəlir. 2022-ci ilin yanvarından
etibarən ölkəyə qənaətli avtomobillərin daha çox gətiriləcəyi və istifadə
olunacağı gözlənilir”.
Dünyada
avtomobil satışları...
Məlumat
üçün bildirək ki, "Fitch”in proqnozuna görə, Çinin 2021-ci ildə 21,8 mln.,
2022-ci ildə isə 23,3 mln. minik avtomobili satacağı gözlənilir. ABŞ-da gələn
il satışlar 2021-ci ildə gözlənilən 15,2 mln-dan 16,2 mln-a yüksələcək.
Avropada isə 2022-ci ilin sonuna 12,8 mln, 2021-ci ildə isə 11,6 mln. avtomobil
satılacaq.
Aygün ƏZİZ